Məhkəmə qərarları › İş №2-1(104)-750/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-750/2025

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-750/2025 08.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, “mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətin müsbət həllindən ##.##.2024-cü il tarixli, *-**-*-**/*-**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamı ilə 50 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmasına baxmayaraq, TEKUİS-də sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi kimi göstərilmişdir.

İşdə olan sənədlər:

2. Bərdə Rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, *** saylı sərəncamı ilə “xxxx” KFT-yə kənd təsərrüfatı məhsulları istehsalı üçün 50 ha torpaq sahəsi verilmiş, bu barədə JN-0090, KOD-******** nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmiş, qeydiyyat kitabında 725 nömrə ilə qeydiyyata alınmışdır.

3. Cavabdehn * saylı Bərdə Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: - Bərdə Rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, *** saylı sərəncamı ilə “xxxx” KFT-yə Torpağa mülkiyyət hüququna dair JN-**** saylı dövlət aktı ilə ayrılmış 50 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən, dövlət mülkiyyətinə aid torpaq sahəsidir. - Həmin torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən, kənd təsərrüfatı təyinatlı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli torpaq sahəsidir. - Həmin torpaq sahəsinin koordinatları ilə iddiaçının hal-hazırda istifadə etdiyi 78.70 ha torpaq sahəsinin 50 ha hissəsinin koordinatları üst-üstə düşür. - Həmin torpaq sahəsinin koordinatları elektron məlumat bazasına əsasən və naturada digər üçüncü şəxslərə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. - Həmin torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən, Bərdə rayonu Təhlə kəndi ərazisində yerləşir.

4. Bərdə Rayon İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli, *-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, *** saylı sərəncamı qüvvədədir.

5. Cavabdehn * saylı Bərdə Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubunda qeyd edilmişdir ki: - Torpaq sahəsinə dair rəy, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, torpaqların elektron kadastrı uçotu (TEKUİS) informasiya sisteminə əsasən hazırlanmışdır. Həmin məlumatlar, məlumat bazasında elektron formatda (AzCad və TEKUİS) mövcuddur. - İmtina bildirişi “Torpağa mülkiyyət hüququna dair” JN-**** saylı Dövlət Aktına əsasən verilmişdir. Dövlət aktının torpaq sahəsinin qaiməsi (sertifikatı) hissəsində torpaq sahəsi örüş qrafasında qeyd edilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-**** saylı dövlət aktı baza məlumatlarında mövcuddur.

6. Bərdə Rayon İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli, *-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 2020-ci ilə qədər olan sərəncamları (2020-ci il də daxil olmaqla) mühafizə olunması üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialına təhvil verilmişdir. Odur ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamı haqqında məlumatlar Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialından əldə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu, Təhlə kəndində yerləşən 50 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamı ilə Cəmiyyətə 50 ha torpaq sahəsi ayrılmışdır. DT və XK-nin Bərdə rayon şöbəsi tərəfindən ##.##.1997-ci il tarixdə verilmiş JN 0090 KOD ******** saylı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən ayrılmış torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. İddiaçı ##.##.1997-ci il tarixində Ədliyyə Nazirliyinin Hüquqi X3 üzrə X1 hüquqi şəxs olaraq dövlət qeydiyyatına alınmışdır. İddiaçı-nin ##.##.2024-cü il tarixli, ** nömrəli qərarı ilə Təsərrüfatın adı və təşkilatı-hüquqi forması dəyişərək İddiaçı MMC-yə çevrilmişdir. Hal-hazırda Cəmiyyətin mülkiyyətində olan Bərdə rayonu, Təhlə kəndində yerləşən 50 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli, **** saylı «Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında» Fərmanının 2.1-ci bəndinə əsasən 2025-ci il ######ın #-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcəkdir. Cəmiyyətə məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından Cəmiyyət dövlət tərəfindən təşkil olunan xüsusi imtiyazlardan və güzəştlərdən, həmçinin əşya hüququndan yararlana bilmir. JN 0090, KOD ******** saylı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı əsasında Cəmiyyətin mülkiyyət hüququnun qeydiyyata alınması barədə cavabdeh orqana ##.##.2024-cü il tarixində, 1824012236 qeydiyyat nömrəsi ilə müraciət edilmiş, qeyd olunan inzibati orqan tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin bildirişə əsasən Bərdə Rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamı ilə 50 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmasına baxmayaraq TEKUİS-də sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi kimi göstərilmişdir. İmtinanın yeganə əsası torpaq sahəsinin kateqoriyası ilə ayrılan torpaq sahəsinin məqsədli istifadə növünün uyğun gəlməməsidir. Bildirişdə qeyd olunan halın nə formal, nə də hüquqi məntiqi yoxdur. Belə ki, torpaq sahəsi yerli icra hakimiyyətinin sərəncamı ilə hüquqi varisi olduqları kəndli (fermer) təsərrüfatına ayrılmışdır. Bu səbəbdən də ayrılan torpaq sahəsi məhz kənd təsərrüfatlı torpaq sahəsi olmalıdr. Ayrılmış torpaq sahəsinin digər kateqoriyalara məxsus torpaq sahəsi olması da absurd olardı. Bildirişdə qeyd olunan hal "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15ci maddəsində hüquqların qeydiyyata alınmasından imtina edilməsi üçün əsaslar sırasına daxil edilməmişdir. Ümumiyyətlə, «xxxx” publik hüquqi şəxsinin ərazi idarələrinə qarşı çoxsaylı məhkəmə mübahisələri mövcuddur. Həmin məhkəmə mübahisələri artıq məhkəmə tərəfindən vahid yanaşılan təcrübə yaratmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1 və 4.2-ci maddələrinə əsasən 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır; Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırımasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə Rayon Torpaq şöbəsi tərəfindən ##.##.1997ci il tarixində verilmiş JN 0090, KOD ******** saylı «Torpağa mülkiyyət hüququna dair dövlət aktı» ilə torpaq sahəsi üzərində mülkiyyət hüququ artıq dövlət tərəfindən tanınmışdır. Cavabdeh orqanın isə Əsasnaməsi və Qanunla nəzərdə tutulan formada əvvəl yaranmış hüququ yeni növ daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəzləməsi onun vəzifəsidir. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2-1(102)- ***/**** nömrəli qərarında eyni mövqe əks etdirilmişdir. Qeyd olunanlara əsasən, cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınmasından imtina edilməsi zamanı inzibati icraat aparılarkən qanunvericilik normaları düzgün tətbiq edilməmiş və mövcud məhkəmə təcrübəsi öyrənilməmişdir.

9. İddiaçının vəkili (nümayəndəsi) tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bərdə rayonu, Təhlə kəndində yerləşən 50 hektar torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir.

10. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.Əliyev) iddia təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etdiyi dəlillər iddiaçının müraciətini təmin etməkdən imtinaya əsas ola bilməz. Belə ki, torpaq sahəsi səlahiyyətli orqan tərəfindən ayrılmışdır. Ayrılan zaman təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə olmuşdur. Hazırda torpaq sahəsinin TEKUİS məlumatlarında örüş sahəsi kimi qeyd olunması iddiaçının hüquqlarının pozulması ilə nəticələnə bilməz. Torpaq sahəsini ayıran inzibati orqanın qəbul etdiyi inzibati aktın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair cavabdehin hər hansı nəzarətedici səlahiyyətləri qanunla nəzərdə tutulmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Təqdim edilən sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, Bərdə rayon İcra Hakimiyyəti başçısının ## ####### 1997-ci il tarixli, *** saylı sərəncamı ilə "xxxx" X2 MMC-nə "Torpağa Mülkiyyət Hüququna Dair" JN**** saylı Dövlət Aktı ilə ayrılmış 50,00 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmasına baxmayaraq, “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı (örüş), dövlət mülkiyyətinə aid torpaq sahəsidir. TEKUİS məlumatlarına əsasən sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, kateqoriyası kənd təsərrüfatı təyinatlı, islahat uqodiyası örüş olduğu müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsi ilə bağlı Ərazi İdarəsi tərəfindən Gəncə Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı əsasında mütəxəssis rəyi hazırlanaraq məhkəməyə təqdim olunmuş, yuxarıda qeyd olunanlar rəydə öz əksini tapmış, lakin məhkəmə tərəfindən torpaq sahəsinin mülkiyyəti ilə bağlı qeydlər nəzərə alınmayaraq müvafiq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə və Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il # ###### tarixli *** nömrəli Fərmanına əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı təqdim edilmiş etirazın məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.

17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bərdə Ərazi İdarəsinin hüquq varisi kimi tanınması qərara alınmışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətininə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və iddiaçının vəkili apellyasiya şikayətininə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, üçüncü şəxsin nümayəndəsi isə apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etdilər.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştiraklarını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə uyğun olaraq inzibati işə qeyd edilən proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İşin halları ilə müəyyən olunur ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, *** saylı sərəncamı ilə “xxxx” KFT-yə kənd təsərrüfatı məhsulları istehsalı üçün 50 ha torpaq sahəsi verilmiş, bu barədə JN-0090, KOD-******** nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmiş, qeydiyyat kitabında 725 nömrə ilə qeydiyyata alınmışdır.

28. İddiaçı Cəmiyyət qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, müraciətin müsbət həllindən imtina edilərək mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmasına baxmayaraq, TEKUİS-də kateqoriyasının kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi kimi göstərilməsi ilə əsaslandırılmış, iddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il ####un #dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir.

30. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

31. Bərdə Rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, *** saylı sərəncamı ilə iddiaçı Cəmiyyətə kənd təsərrüfatı məhsulları istehsalı üçün 50 ha torpaq sahəsi verilməsi işin mübahisələndirilməyən halıdır. Eyni zamanda Bərdə Rayon İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli, *-**/*-***/**** nömrəli məktubu ilə müəyyən edilir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, *** saylı sərəncamı qüvvədədir.

32. Cavabdehin imtinası və hazırki halda apellyasiya şikayətinin dəlili mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmasına baxmayaraq, TEKUİS-də kateqoriyasının kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi kimi göstərilməsidir.

33. İş materialları ilə müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi ayrıldığı tarixdən iddiaçı Cəmiyyətin faktiki sahibliyində və istifadəsindədir, torpaq sahəsinin təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı üzrə olmaqla, Cəmiyyət tərəfindən hazırki vaxta kimi təyinatına uyğun olaraq istifadə edilir.

34. Həmçinin, hazırki qərarın 3-cü bəndində qeyd edilən mütəxəssis rəyindən görünür ki, sözügedən torpaq sahəsi Bərdə rayonu Təhlə kəndi ərazisində yerləşməklə, dövlət mülkiyyətinə aiddir, kənd təsərrüfatı təyinatlı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədlidir, iddiaçının hal-hazırda istifadə etdiyi 78.70 ha torpaq sahəsinin 50 ha hissəsinin koordinatları üst-üstə düşür, üçüncü şəxslərə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür.

35. Göründüyü kimi mübahisələndirilən torpaq sahəsi iddiaçı Cəmiyyətə səlahiyyətli orqan tərəfindən ayrılmış, həmin vaxt təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə olmuşdur. Bu da onu deməyə əsas verir ki, torpaq sahəsinin TEKUİS məlumatlarında örüş sahəsi kimi qeyd olunması iddiaçının hüquqlarının pozulması ilə nəticələnə bilməz. Torpaq sahəsini ayıran inzibati orqanın qəbul etdiyi inzibati aktın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair cavabdehin hər hansı nəzarətedici səlahiyyətləri qanunla nəzərdə tutulmamışdır.

36. Belə ki, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – yerli icra hakimiyyətinin sərəncamı əsasında ayrılmışdır və həmin sərəncam hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan sərəncama etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir.

37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə # ####### 2016-cı il tarixli Qərarı).

39. Göründüyü kimi qanunvericilikdə hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında və siyahısı qanunla müəyyən edilən sənədlərin təqdim olunması ilə aparılır və iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədləri inzibati orqana təqdim etmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il ## #### tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

42. Məhkəmə tərkibi hesab edir ki, mübahisəli torpaq sahəsi iddiaçı Cəmiyyətə həmin dövr üçün səlahiyyətli orqan olan Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən verildiyindən və torpaq sahəsinin ayrılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, həmin torpağın örüş sahəsi olması halı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz.

43. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.

44. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar