Məhkəmə qərarları › İş №2-1(104)-751/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-751/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-751/2023 16.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X9 və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ilə, İddiaçı Cavabdehnə qarşı ata adının dəyişdirilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1520/2023 saylı qərarından İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2001-ci il tarixli, 14 nömrəli doğum haqqında akt qeydi və AZ-İ № 137464 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Bərdə rayonu Mollalı kəndində doğulmuşdur. X3, anası X1r. İddiaçı ata adının “Fariz”-dən “Elsevər”-ə dəyişdirilməsi barədə Cavabdehnə müraciəti etsə də, cavabehin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələbinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməsi bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2001-ci il tarixli AZ-İ 137464 nömrəli doğum haqqında şəhadətnamədə soyadının dəyişdirilməsinə, yəni İddiaçı kimi qeyd edilmiş, adının dəyişdirilərək İddiaçı Elsevər qızı kimi qeyd edilməsinə dair məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona atalıq qayğısını X7, analıq qayğısını isə həyat yoldaşı X5 göstərmişdir. xx.xx.2001-ci il tarixli AZ-İ 137464 nömrəli doğum haqqında şəhadətnamədə soyadının dəyişdirilməsi tələbinə, yəni İddiaçı kimi qeyd edilmiş adının dəyişdirilərək İddiaçı Elsevər qızı kimi qeyd edilməsinə ehtiyacı vardır. O, Cavabdehnə soyadın dəyişdirilməsi barədə müraciətinə həmin orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə imtina edilmişdir. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1520/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququ prizmasından qiymətləndirilməli olan konstitusion hüquq kimi baxılmalıdır. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, tətbiq olunan məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Qeyd olunanların hazırkı mübahisəyə münasibətdə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının ata adının dəyişdirilməsindən imtina qanunun birbaşa göstərişi əsasında qəbul edilmiş qaydalardan irəli gəlmiş, başqa sözlə, müdaxilə “qanunla nəzərdə tutulmuşdur”. Belə ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.4-cü bəndində ərizə verən şəxsin istəyi ilə ata adının onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilə bilməsi təsbit edilmişdir. İddiaçı da iddia ərizəsində həmin hala istinad etmiş, yəni ona atalıq qayğısını X4, analıq qayğısını isə həyat yoldaşı X2 göstərdiyini qeyd etmişdir. İddiaçının vəkil olan nümayəndəsi də bildirmişdir ki, iddiaçını uşaqlıqdan əmisi Elsevər saxlayıb böyütmüşdür. Hazırda da iddiaçı Rusiya Federasiyasında əmisinin yanında yaşayır, lakin əmisinə məxsus evə qeydiyyata düşə bilmir. İddiaçının ata adının dəyişdirilməsində məqsədi ona atalıq qayğısı göstərmiş əmisi Elsevərə məxsus evə qeydiyyata düşməkdən ibarətdir. İddiaçının əmisi X4 məhkəməyə tədim edilmiş ərizəsində o, iddiaçının ata adının dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. Lakin adıçəkilən Qaydaların 6.4-cü bəndində “onu tərbiyə etmiş şəxs” dedikdə, şəxsin anası ilə faktiki ailə münasibətlərində olaraq onun tərbiyəsini həyata keçirən şəxs (atalıq) başa düşülür. Yəni, şəxs onu tərbiyə etmiş atalığının adını ata adı kimi daşımaq arzusu olduğu halda, onun müraciəti həmin bəndin təsiri dairəsinə düşür. Hazırkı işdə isə iddiaçının ata adı kimi dəyişdirmək istədiyi şəxs onun əmisi olmaqla, iş materialları ilə onun həqiqətən də iddiaçını tərbiyə etmiş şəxs olması müəyyən edilmir. Hazırkı işin halları baxımından qiymətləndirilməli olan növbəti məsələlər müdaxilənin “legitim məqsədə” yönəlib-yönəlmədiyinin, eləcə də onun “demokratik cəmiyyətdə zəruri” olub-olmadığının müəyyənləşdirilməsi ilə bağlıdır. Hazırkı işdə iddiaçı Rusiya Federasiyasında əmisinin yanında yaşamasına baxmayaraq, əmisinə məxsus evə qeydiyyata düşə bilmədiyini, ata adının dəyişdirilməsində məqsədin ona atalıq qayğısı göstərmiş əmisi Elsevərə məxsus evə qeydiyyata düşməkdən ibarət olduğunu göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ata adının dəyişdirilməsi ilə bağlı istəyini ifadə etdiyi hallar kifayət qədər ağlabatan və tutarlı səbəblər kimi qəbul edilmədiyindən cavabdeh orqanın bundan imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının vəkil olan nümayəndəsi iddiaçının hazırkı ata adı ilə Rusiya Federasiyasında əmisinə məxsus evə qeydiyyata alınmasından imtina edilməsi ilə bağlı və ya şəxsin evinə yalnız onun ailə üzvlərinin qeydiyyata alınmasının mümkünlüyü ilə bağlı Rusiya Federasiyasının qanunvericiliyində təsbit edilmiş müddəaların mövcudluğu ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçının xx.xx.2001-ci il tarixli AZ-İ 137464 nömrəli doğum haqqında şəhadətnamədə ata adının dəyişdirilməsinə, yəni İddiaçı kimi qeyd edilmiş adının (yəni ata adının “Fariz”-dən “Elsevər”-ə) dəyişdirilərək İddiaçı Elsevət qızı kimi qeyd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xx.xx.2001-ci il təvəllüdlü, Bərdə rayon Mollalı kənd sakinidir. Ata adının dəyişdirilməsi üçün Cavabdehnə müraciət etmiş, Qeydiyyat Şöbəsi müraciətinə 759-05 /15 sayl 26,12.2022 ci il tarıxli məktubla cavab verərək ata adının dəyişdirilməsindən imtina etmiş ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Belə ki, iddiaçı özünü dərk edəndən ona atalıq qayğısını X7, analıq qayğısını isə onun həyat yoldaşı X6 gistərmişdir. Onun doğum haqqında şəhadətnaməsində ata adının dəyişdirilərək Elsevər kimi qeyd edilməsi uzun illər arzusu olmuşdur. Artıq-nəhayət yetkinlik yaşına çatmış, müstəqil olaraq arzusunun həyata keçməsinə real şərait yaranmışdır. Odur ki, xx.xx.2001-ci il tarixli AZ-1 137464 nömrəli doğum haqqında şəhadətnamədə ata adının dəyişdirilməsinə, yəni İddiaçı qızi kimi qeyd edilmiş adının (yəni ata adımın Fariz-dən Elsevərə) dəvişdirilərək İddiaçı Elsevər qızı kimi qeyd edilməsinə dair məhkəmə aktı qəbul edilməsi üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə iddia ərizəsi 2023-cü ilin yanvar ayında daxil olmuş, aylarla əsassız məhkəmə çəkişmələri aparılmış, nəhayət 7(yeddi) aydan sonra məhkəmə yekun Qərarını vermişdir. Hətta məhkəmə ata adının Farizdən Elsevərə dəyişdirilməsi üçün onların razılıq ərizələrin tələb etmiş, hər iki şəxsin notarial qaydada təsdiq edilmiş ərizələrinin məhkəməyə verilməsi tərəfindən təmin edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək şikayətin təmin edilməsini xahiş etdi. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri baradə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Repsublikası Ailə Məcəlləsi: Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması: ... 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. ...

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir.

6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. 6.5. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. 6.7. Ərizə iki nüsxədə təqdim olunur. Nüsxələrdən birinin üzərində ərizənin qəbul edilməsinə dair qeyd aparılır və o, ərizə verən şəxsə qaytarılır. 6.8. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə aşağıdakı məlumatlar göstərilməlidir: 6.8.1. ərizə verən şəxsin soyadı, adı, atasının adı; 6.8.2. adını, ata adını və ya soyadını dəyişdirmək istəyi; 6.8.3. daşımaq istədiyi ad, ata adı və soyad; 6.8.4. doğulduğu tarix və yer; 6.8.5. milliyyəti və vətəndaşlığı; 6.8.6. yaşayış və iş yeri, vəzifəsi; 6.8.7. hərbi qeydiyyat yeri; 6.8.8. əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada; 6.8.9. ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumat (kimlə nikah bağlanıb və ya pozulub, nə vaxt və harada); 6.8.10. övladları (soyadı, adı, atasının adı, doğulduğu tarix və yer); 6.8.11. xarici ölkələrdən deportasiya olunmuşdursa, hansı ölkədən, nə vaxt; 6.8.12. şəxsiyyətini təsdiq edən sənəd (seriyası, nömrəsi və verilmə tarixi). 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı ata adının dair müraciətinə Cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələbinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də, hazırda iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının ata adının dəyişdirilməsi ilə bağlı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində göstərilmiş dəlillərini əsaslı hesab etmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda əks olunmuş qanunvericilik normaları ilə ata adının dəyişdirilməsinin konkret olaraq hansı hallarda yol verilən olması təsbit edilmişdir. Həmin hallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarında göstərilmişdir. İddiaçının ata adını dəyişmək səbəbi onunla bağlıdır ki, o, əmisi tərəfindən tərbiyə edilməklə böyüdüldüyünü bildirir və buna görə də, doğum haqqında şəhadətnamənin müvafiq bölmələrində onun adının qeyd edilməsini istəyir. Qanunvericiliyin yuxarıda sadalanmış müvafiq normalarından göründüyü kimi ata adının sonradan dəyişdirilməsi iki halla bağlı ola bilər – 1) atanın öz adının dəyişməsi ilə bağlı və 2) iddiaçının istəyi ilə, lakin ata adı verilmək istənilən iddiaçını tərbiyə etmiş şəxsin razılığı ilə bağlı. İddiaçının vəziyyəti ikinci halla bağlıdır. İddiaçının əmisi X7 məhkəməyə ərizə təqdim edərək iddiaçının ata adının dəyişdirilməsinə etiraz etmədiyini bildirsə də, həmin ərizə iddianın təmin edilməsi üçün əsas sayıla bilməz. İddiaçı ata adı kimi əmisinin adının yazılmasını istədiyi üçün o, faktiki olaraq əmisi tərəfindən tərbiyə edildiyinə dair sübutları təqdim etməli idi. Lakin belə sübutlar onun tərəfindən təqdim olunmamışdır. Beləliklə, iddiaçının müraciətinin təmin edilməsindən imtina qanuni olmuşdur. Bundan başqa, qanunda göstərilmiş məhdudiyyət legitim məqsədlərə xidmət edir. Ata kimi qeyd edilmək istənilən şəxsin özünün razılığı olmalıdır və həmin şəxs iddiaçını tərbiyə edən şəxs olmalıdır. Bu tələblər dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təmin etmək zərurətindən irəli gəlir. Digər tərəfdən isə gətirilmiş məhdudiyyətlər ümumi və fərdi maraqlar arasında ədalətli tarazılıqla bağlı tələblərə də cavab verir. Çünki əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (ata adanı və soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (ata adı və soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, iddiaçının ata adının dəyişdirilməsindən imtina ilə bağlı cavabdeh inzibati orqanın imstinası qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1520/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar