Məhkəmə qərarları › İş №2-1(104)-751/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-751/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-751/2025 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2627/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mingəçevir PND-nin xx.xx.2024-cü il tarixli, İ00201864DHV nömrəli göndərişində İddiaçı qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) mənşəli şəxsiyyət pozuntusu. Ağırlaşma – F06.3. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı) affektiv pozuntu, depressiv epizodlarla. Yanaşı xəstəliklər – T90.5. Kəllədaxili travmaların nəticələri. Yanaşı xəstəliklər – G93.4. Dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefalopatiya. Yanaşı xəstəliklər – Y36.2. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hərbi əməliyyatlar nəticəsində travma.

2. Mingəçevir PND-nin xx.xx.2024-cü il tarixli, İ00201864DHV nömrəli göndərişindəki diaqnozlar üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik vəziyyəti xx.xx.2024-cü il tarixdə qiymətləndirilərək, “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozğuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı) affektiv pozuntu, depressiv epizolarla” diaqnozu üzrə əlillik əlaməti təyin etməməsi (Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir.

İşdə olan sənədlər:

3. Travma haqqında xx.xx.2023-cü il tarixli arayışa əsasən, kiçik çavuş İddiaçı xx.xx.2020-ci il tarixdə Ağ uçuq istiqamətində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində “Vegetativ damar davamsızlığı və asteno-nevrotik təzahürlərlə nəticələnmiş baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması. Sağ baldır nahiyyəsinin əzilmiş-sıyrılmış yarası'' diaqnozu ilə xəsarət almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) “döyüş tapşırığını” yerinə yetirərkən alınmışdır.

4. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 11737 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə İddiaçı diaqnozu: “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Sol gözün sadə hipermetropik astiqmatizmi, oxlarla Em və Hm 4,0 D nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,3 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla. Qaraciyərin sol payının kiçik ölçülü hemangioması. ikincili hissəvi adentiya (əngdə 26, çənədə 35, 46-cı dişlərin olmaması ilə). “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Soltərəfli qasıq yırtığına görə aparılmış herniotomiya, hernioplastika cərrahi əməliyyatından (1997) sonrakı bərkimiş dəri çapığı” “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.

5. Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən İddiaçı diaqnozu XBT-10 üzrə kod F 06.3, əsas xəstəlik: Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğudur.

6. Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 4870 nömrəli hərbi psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Diaqnoz: Üzvi ( İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlarla F06.3.

7. Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 1136 nömrəli hərbi psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu,xroniki sefalgik sindrom, depressiv epizodlar, anamnezində intihar cəhdləri F07.0.

8. Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 1877 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, İddiaçı (Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, davranış pozuntuları, depressiv daxilolmalar və intihar cəhdləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar – F07.0) müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona sənədlərə əsasən əlilliyin təyin olunması öhdəliyinin cavbdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusudur. 2014-2024-cü illər ərzində Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, İİ Qarabağ müharəbəsinin iştirakçsı və veteranıdır. Döyüş əməliyyatları zamanı partlayış nəticəsində qapalı kəllə-beyin travması almışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə və Baş Nazirin Sərəncamına əsasən “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. 07 noyabr 2023-cü il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi xidmətə yararlığı şəhadətləndirilmiş, həmin Poliklinikanın Hərbi-Həkim Komissiyanın qərarına əsasən, partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi emosilonal-labil pozuntu, partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”, sol gözün sadə hipermetropik astiqmatizmi, oxlarla Em və Hm 4.0 F əticəsində görmə itiliyinin 0,1-ə azalması, korreksiya ilə 0,3 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla, Qaraciyərin sol payının kiçik ölçülü hemengioması, ikinci hissəli adentiya (əngdə 26, çənədə 35, 46-cı dişlərin olmaması ilə) diaqnozu qoyularaq “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” rəyi verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən yaşadığı ərazi üzrə poliklinika tərəfindən cavabdeh orqana bütün lazımi sənədlər göndərilsə də, cavabdeh orqan əlilliyin təyin olunmasından imtina etmişdir. 20 dekabr 2024-cü il tarixində cavabdeh orqandan daxil olmuş imtina cavabında qeyd olunmuşdur ki, “Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Naziirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə diaqnoz əlillik əlaməti təyin etməməsi qərarı qəbul edilmişdir.

11. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etiraz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın, 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin normalarına istinad edilməklə əsaslandırılmışdır.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.

13. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin xx.xx.2024-cü il tarixli “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarının ləğv edilməsini və ona xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2627/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində qeyd edilən qiymətləndirmə halının iddiaçıda mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona ikinci dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2627/2025 nömrəli qərarını ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş “F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə; Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə; kobud davranış pozuntuları, yaddaşın enməsi ilə” həmin Əsasnamədə təsbit olunsa da, onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri iddiaçıda müəyyən edilməmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi “Qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60% - 2 il.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

25. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir.

27. İşin halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti cavabdeh orqan tərəfindən Mingəçevir PND-nin xx.xx.2024-cü il tarixli, İ00201864DHV nömrəli göndərişindəki diaqnozlar əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

28. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, tələb təmin edilmişdir.

29. Məhkəmə kollegiyası iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğvi, təyin ediləcək əlilliyin müddəti və “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 11737 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə İddiaçı diaqnozu: “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Sol gözün sadə hipermetropik astiqmatizmi, oxlarla Em və Hm 4,0 D nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,3 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla. Qaraciyərin sol payının kiçik ölçülü hemangioması. ikincili hissəvi adentiya (əngdə 26, çənədə 35, 46-cı dişlərin olmaması ilə). “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Soltərəfli qasıq yırtığına görə aparılmış herniotomiya, hernioplastika cərrahi əməliyyatından (1997) sonrakı bərkimiş dəri çapığı” “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.

30. Həmçinin, “Travma haqqında” xx.xx.2023-cü il tarixli arayışa əsasən, kiçik çavuş İddiaçı xx.xx.2020-ci il tarixdə Ağ uçuq istiqamətində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində “Vegetativ damar davamsızlığı və asteno-nevrotik təzahürlərlə nəticələnmiş baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması. Sağ baldır nahiyyəsinin əzilmiş-sıyrılmış yarası'' diaqnozu ilə xəsarət almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) “döyüş tapşırığını” yerinə yetirərkən alınmışdır.

31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 1877 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, İddiaçı (Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, davranış pozuntuları, depressiv daxilolmalar və intihar cəhdləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar – F07.0) müəyyən edilir.

32. Məhkəmə kollegiyası təyin ediləcək əlilliyin orqanizmin funksiyalarının pozulması aralığı ilə bağlı qeyd edir ki, iddiaçıda mövcud olan “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu XBT-10 kodu F07.0 olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2. bəndində öz əksini tapmışdır. Lakin, F07 kodlu xəstəlik əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi göstərilsə də, sadəcə diaqnozun iddiaçıda öz təsdiqini tapması əlilliyin təyininə əsas vermir. Əlilliyin təyini üçün həmin xəstəlik Meyarların ya 7.6.2.1, ya da 7.6.2.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir.

33. Belə ki, Meyarların 7.6.2.1-ci bəndə əsasən, F07 kodlu xəstəlik - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.6.2.2-ci bəndə əsasən məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda orqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır.

34. Mingəçevir PND-nin xx.xx.2024-cü il tarixli, İ00201864DHV nömrəli göndərişinin həkim müayinəsinin nəticəsi (anamnez) hissəsində (səh.82-83, 87-88) qeyd edilmişdir ki, F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Anamnez: Anamnezindən məlumdur ki, irsiyyəti ruhi əsəb xəstəlikləri ilə ağırlaşmayıb. İnkişafı adi olub. Uşaq yaşlarında xasiyyətcə sakit, mehriban, təmizkar, səliqəli olub. Məktəbə vaxtında gedib. Orta təhsillidir. Ailəlidir. Bir övladı var. Uçuq istiqamətində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində damar davamsızlığı və asteno-nevrotik təzahürlərlə nəticələnmiş baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması. Sağ baldır nahiyyəsinin əzilmiş sıyrığı yarası” xəsarətini almışdır (əsas:701 nömrəli hərbi hissənin təqdim etdiyi N nömrəli travma haqqında arayış). Aldığı xəsarətlə əlaqədar olaraq xx.xx.2020-xx.xx.2020ci il tarixədək KMRX-da “Kontuziya. Asteno-nevrotik vəziyyət” diaqnozu ilə stasionar müayinə olmuşdur (əsas: ******* nömrəli stasionar tibbi kartasından çıxarış). xx.xx.2020- Göygöl MRX-na köçürülmüş, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Göygöl MRX “Kontuziya. Asteno-nevrotik vəziyyət” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: stasionar tibbi kartasından çıxarış). Şikayətləri ilə əlaqədar olaraq hərbi hissə komandanlığı tərəfindən ixtisaslı müayinə və müalicə üçün MN BKH-ya göndərilmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək MN BKH-nın pulmonologiya “Kəskin obstruktiv bronxit. Sol gözün sadə hipermetropik astiqmatizimi refraksiy və Hm4.0 nəticəsinə görmə itiliyinin 0.05-ə qədər azalması, korreksiya ilə 0.2 gözün görmə itiliyi 1.0 olmaqla qaraciyər hemangioması, funksiyasının pozulma travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi. Sonrakı vegetativ damar davamsızlığı. İkincili hissəvi adentiya (əngdə 15,16, çəncı dişlərin olmaması ilə)” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. xx.xx.2020-xx.xx.2020 Kürdəmir MRX-da, 20xx.xx.2020 Göygöl MRX-da, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, 13.xx.xx.2023, xx.xx.2023xx.xx.2023 MN BKH-da, xx.xx.2023 MN MHP-da, 24.04194/24 nömrəli çıxarışla Mingəçevir RƏD, xx.xx.2024 akademik M.Ə.Mirqasımov Respublika Klinik Xəstəxanası, xx.xx.2024 Respublika Psixatriya Xəstəxanası Həkim Komissiyasının rəyi, xx.xx.2024xx.xx.2024 Respublika Psixatriya Xəstəxanasında müalicələrdə olub.

35. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 1877 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsində (səh. 104) qeyd edilmişdir ki, İddiaçı Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, davranış pozuntuları, depressiv daxilolmalar və intihar cəhdləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar - F07.0) müəyyən edilir. Bunu anmnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri (anamnestik məlumatlara görə 2016-cı ildən müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətdə olması, İİ Qarabağ döyüşləri zamanı əvvəl xx.xx.2020-ci il tarixdə döyüş mövqeyində düşmənin atdığı minatan mərmisinin partlaması nəticəsində barotravma alması, huşsuz vəziyyətdə neçə müddət qaldığını bilməməsi, vəziyyəti ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Kürdəmir RMX-də, sonra Göygöl RMX-də müalicədə olmasını, sonradan isə MN BHK təxliyyə edilərək orada müayinə və müalicədə olması, deməsinə görə tərxis edildikdən sonra aldığı kəllə-beyin travmasından sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusu, davranışında aqressivlik, intihara cəhd etməsi halları meydana gəldiyi üçün AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Üzvi (ll Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, depressiv epizodlarla” diaqnozu ilə müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun xx.xx.2024-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq onda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, depressiv epizodlarla F06.3” diaqnozunun müəyyən edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Üzvi (İl Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, xroniki sefalgik sindrom, depressiv epizodlar, anamnezində intihar cəhdləri” diaqnozu ilə müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq onda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, xroniki sefalgik sindrom, depressiv epizodlar, anamnezində intihar cəhdləri F07.0” diaqnozunun müəyyən edilməsi, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsi, psixi vəziyyətində əsəbilik, daxili gərginlik, baş ağrıları, qıcıqlara dözümsüzlük, yuxu və yaddaş pozuntusu, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsi, öz-özü ilə danışması, sümüklərinin sızıldaması, yuxuda müharibə səhnələrini görərək yuxudan oyanması, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olduğunu, həmçinin vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərməsi, özünü öldürmək fikrinə düşərək iki dəfə intihara cəhd etdiyini bildirməsi, həmçinin hazırki müayinə ünsiyyətə bir qədər həvəssiz daxil olması, verilən suallara əsasən ləng cavablar verməsi, təfəkkürüdə zəif ifadə olunmuş torpidlik əlamətləri müəyyən edilməsi, şikayətləri barəsində soruşduqda əsəbilik, daxili gərginlik, baş ağrıları, qıcıqlara dözümsüzlük, yuxu və yaddaş pozuntusu, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəldiyi, öz-özü ilə danışması, sümüklərinin sızıldaması, yuxuda müharibə səhnələrini görərək yuxudan oyanması, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, həmçinin vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərməsi, özünü öldürmək fikrinə düşərək iki dəfə intihara cəhd etdiyini bildirməsi, sorğu-sual gedişatında emosional gərginliyinin artması, gələcək aqibətinə qarşı pessimist fikirlər söyləməsi aşkar biruzə verməsi və s.) sübut edir.

36. Göründüyü kimi “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu iddiaçının qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin müəyyən edilməsinə əsas verir. Belə ki, həm tibbi göndərişdə (forma 88), həm də ekspert rəyində qeyd olunan anamnestik xüsusiyyətlər Meyarların 7.6.2.1-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə olunur.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.

38. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edilərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

39. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

40. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsdə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsdə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

41. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

42. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2627/2025 nömrəli qərarı “İddiaçı orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. İddiaçı orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə əlillik müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2627/2025 nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar