Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-753/2023 25.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, “işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1981/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli **********0 nömrəli qərarına əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətinə baxılaraq, təmin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbləri onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlər əsasında faktiki iş stajı 16 il 2 ay 5 gün müəyyən edildi. xx.xx.1992-xx.xx.2000-ci illərin iş stajı əmək kitabçasının doldurulma qaydasına riayət edilmədiyi (işdən azad olunması ilə bağlı əmrin olmaması səbəbindən) üçün nəzərə alınmadı. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və sığorta stajı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır.
2. İddiaçı məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasına əsasən o xx.xx.1974- cü il tarixli 85 №-li əmrlə xx.xx.1974-cü il tarixdən “Bolqarıstan” üzümçülük sovxozuna 8 №-li briqadaya fəhlə işinə qəbul edilmiş, xx.xx.1976-cı il tarixli 66 №-li əmrlə ordu sıralarına getdiyi üçün həmin tarixdən işdən azad edilmiş (2 il 2 ay 3 gün), xx.xx.1979-cu il tarixli 3 №-li əmrlə həmin tarixdən “Bolqarıstan” üzümçülük sovxozuna 4-cü dərəcə ilə çilingər qəbul edilmiş, xx.xx.1983-cü il tarixli 88 №-li əmrlə həmin tarixdən 5-ci dərəcə yem bişirmə sexinə çilingər keçirilmiş, xx.xx.1988-ci il tarixli 77 №-li əmrlə xx.xx.1988-ci il tarixdən C/3 partiya komitəsinə katib seçildiyi üçün işdən azad edilmiş (9 il 9 ay 1 gün), xx.xx.1988-ci il tarixli protokol ilə xx.xx.1988-ci il tarixdən Azərbaycan Kommunist Partiyasının Xanlar rayon komitəsinə katib seçilmiş, xx.xx.1989-cu il tarixli 23 №-li protokol ilə xx.xx.1989-cu ildən tutduğu vəzifədən azad edilmiş (1 il 1 ay 22 gün), xx.xx.1989-cu il tarixli 97 №-li əmrlə xx.xx.1989-cu il tarixdən “Bolqarıstan” üzümçülük sovxozuna yanğına qarşı mühafizə inspektoru qəbul edilmiş, xx.xx.1992-ci il tarixli 65 №-li əmrlə həmin tarixdən öz ərizəsinə əsasən işdən azad edilmiş (2 il 9 ay), xx.xx.1992-ci il tarixli 44 №-li əmrlə həmin tarixdən 16 №-li Texniki Peşə Məktəbinə çağırışa qədər hazırlıq üzrə rəhbər vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixdən (işdən azad edilmə barədə əmrin tarixi və nömrəsi qeyd edilməmişdir) Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən filial ləğv edildiyinə görə tutduğu vəzifədən azad edilmişdir (8 il).
3. 1 №-li X8 xx.xx.2000-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, lisey tərəfindən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 105 nömrəli qərarının icrası ilə əlaqədar olaraq Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli 755 №-li əmrinə əsasən X8 Samux filialı xx.xx.2000-ci il tarixdən ləğv edildiyi bildirilərək, Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifənin ixtisar olunması barədə 2 ay əvvəl xəbərdarlıq edilmişdir.
4. 16 saylı Texniki Peşə Məktəbinin xx.xx.1992-ci il tarixli 44 saylı əmrinə əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən etibarən məktəbə çağırışa hazırlıq üzrə rəhbər təyin edilmişdir.
5. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 və Texnologiyalar üzrə X11 Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli 160 nömrəli arxiv arayışına və məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 67 nömrəli cavab məktubuna əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 105 nömrəli qərarının icrası ilə əlaqədar olaraq Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli 755 №-li əmrinə əsasən X8 Samux filialı xx.xx.2000-ci il tarixdən ləğv edildiyinə görə sənədlər 1 №-li X9 təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli 405 №-li qərarına və Azərbaycan Respublikası Təhsil nazirinin 18 dekabr 2020-ci il tarili F-546 nömrəli əmrinə əsasən 1 №-li X12 və 3 №-li Gəncə Peşə Məktəbi birləşdirilərək onların bazasında “Sənaye və Texnologiyalar üzrə X11 Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradıldığından arxiv həmin mərkəzə təhvil verilmişdir.
6. Samux Rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 127 nömrəli əmək haqqı və başqa gəlirlər barədə arayışına əsasən İddiaçı Nizami adınaüzümçülük sovxozunda işlədiyi müddətdə 1990-cı ilin 12 ayı, 1991-ci ilin 12 ayı və 1992-ci ilin ilk 9 ayı əmək haqqı almışdır.
7. Samux Rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 331 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1992-ci il tarixli 44 saylı əmrlə xx.xx.1992-ci il tarixdən etibarən 16 saylı Texniki Peşə Məktəbinə çağırışa hazırlıq üzrə rəhbər təyin edilmişdir. 16 saylı Texniki Peşə Məktəbinin 2000-ci il tarixli əmr və əmək haqqı sənədləri mühafizə olunmaq üçün Samux Rayon Dövlət arxivinə təhvil verilməmişdir.
8. Samux Rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli, 332 nömrəli əmək haqqı və başqa gəlirlər barədə arayışına əsasən İddiaçı Samux rayon Peşə Məktəbində işlədiyi müddətdə 1992-ci ilin sentyabr və noyabr ayları, 1993-cü ilin noyabr ayı, 1995-ci ilin 12 ayı, 1996-cı ilin 12 ayı, 1997-ci ilin 12 ayı, 1998-ci ilin 12 ayı, 1999-cu ilin ilk 6 ayı əmək haqqı almışdır. Samux rayon Peşə Məktəbinin 2000-ci illərin əmək haqqı kitabları mühafizə olunmaq üçün Samux Rayon Dövlət arxivinə təhvil verilməmişdir.
9. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 və Texnologiyalar üzrə X11 Təhsil Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 75 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işləmişdir. Məhkəməyə göndərilən məktubda xx.xx.2000-ci il tarixi mexaniki səhv olaraq xx.xx.2000ci il kimi yazılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı maraqlı şəxs Sənaye və Texnologiyalar üzrə X11 Təhsil Mərkəzinə qarşı ərizə ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hüquqi əhəmiyyəti olan faktın - xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı X10 məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair ərizəsini təmin edərək qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci ildə Samux rayonunun Sərkar kəndində anadan olmuş, 1974-cü ildə orta təhsilə yiyələnmişdir. 1974- 76-cı illərdə keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1983-cü ildə Azərbaycan Texnologiya Universitetinin Yeyinti ixtisasının axşam şöbəsini bitirmişdir. 01 sentyabr 1992ci il tarixindən 09 sentyabr 2000-ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində çalışmışdır. 01 sentyabr 1992- ci ilədək müddətdə isə müxtəlif təşikatlarda, idarə və nüəssisələrdə, istehsalat sahələrində işləmişdir. Qüvvədə olan pensiya qanunvericiliyinin tələbini nəzərə alaraq məhkəməyə bəyan edir ki, xx.xx.1957-ci ildə anadan olduğuna görə xx.xx.2022-ci il tarixdə 65 yaşı, yəni pensiya yaşı tamam olub. O, bu səbəbdən də yaşa görə əmək pensiyasına çıxmağı üçün müvafiq hüquqverici sənədləri toplayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala təqdim etmişdir. Mərkəzi filialın bununla bağlı ona ünvanladığı 22 dekabr 2022-ci il tarixli **********6 nömrəli məktubu ilə müraciətindən imtina edilmişdir. Halbuki, pensiya kapitalının qeydə alınmadığı dövrdən əvvəl o 16 nömrəli Samux rayon Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində çalışmışdır. Peşə məktəbi sonrakı mərhələdə Gəncə regional Peşə Liseyinin filialına çevrilib və 2000-ci ilin 01 sentyabrında fəaliyyəti dayandırılıb. 2000- ci ilədək müddətdə, yəni texniki-peşə məktəbi fəaliyyətini dayandıranadək bu təlim-tərbiyə ocağında çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işləmişdir. Filialın ləğvi barədə əmək kitabçasında da kadrlar şöbəsi rəisinin qeydləri mövcuddur. Orada göstərilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən filial ləğv edildiyinə görə tutduğu vəzifədən azad edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli, 405 nömrəli qərarına və Azərbaycan Respublikasının Təhsil Nazirinin 18 dekabr 2020-ci il tarixli F- 546 nömrəli əmrinə əsasən 1 nömrəli X12, 2 nömrəli X12 və 3 nömrəli Səncə Peşə məktəbi birləşdirilərək onların bazasında "Sənaye və Texnologiyalar üzrə X13 Təhsili Mərkəzi" publik hüquqi şəxs yaradıldığından arxiv Mərkəzə verilmişdir.
12. İddiaçı dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Samux rayon Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işlədiyi müddətin sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.
13. Cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı əmək kitabçasına, arxiv arayışına və hərbi biletinin surətinə əsasən onun sığorta stajı 16 il 2 ay 5 gün olduğundan onun müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı mövcud deyildir. Həmçinin, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, sığorta stajı 16 il 2 ay 5 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. Beləliklə, xx.xx.1992- ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək kitabçasında işdən azad olunması barədə əmr olmadığı üçün həmin illər pensiya təyinatına imkan verməyən mübahisəli illərdir. Bununla yanaşı, 1992-ci ildə 2 ay, 1993-cü ildə 11 ay, 1999-cu ildə 6 ay və 2000-ci ildə 8 ay iddiaçıya əmək haqqı hesablanmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasını təyin edilməsi mümkün olmamışdır.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1981/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad edilmə əmri, əmək haqqı cədvəlləri və digər arxiv sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz, çünki sənədlərin arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və arxiv məlumatlarından, həmçinin əmək kitabçasında olan məlumatlardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əmək kitabçasına, arxiv arayışına və hərbi biletinin surətinə əsasən onun sığorta stajı 16 il 2 ay 5 gün olduğundan onun müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı mövcud deyildir. Həmçinin, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, sığorta stajı 16 il 2 ay 5 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. Beləliklə, xx.xx.1992- ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək kitabçasında işdən azad olunması barədə əmr olmadığı üçün həmin illər pensiya təyinatına imkan verməyən mübahisəli illərdir. Bununla yanaşı, 1992-ci ildə 2 ay, 1993-cü ildə 11 ay, 1999-cu ildə 6 ay və 2000-ci ildə 8 ay iddiaçıya əmək haqqı hesablanmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasını təyin edilməsi mümkün olmamışdır.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə etiraz ərizəsinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təçkil edir.
c)apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdi.
20. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri..nəzərə alınır.
24. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Cavabdeh inzibati orqanın imtina məktubunda və apellyasiya şikayətində qeyd olunur ki, iddiaçının xx.xx.1992-xx.xx.2000-ci illər arası 16 saylı X10 məktəbində işlədiyini iddia etdiyi illərlə bağlı işdən azad edilmə əmri, əmək haqqı cədvəlləri və digər arxiv sənədləri tapılmadığı üçün həmin illər sosial sığorta stajı kimi nəzərə alınmamış, mübahisəndirilməyən sosial sığorta stajı kimi 16 il 2 ay 5 gün hesablanmışdır.
28. Göründüyü kimi inzibati orqanın apellyasiya şikayətinin dəlilləri ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən iş stajı 25 ildən artıqdır və hazırda mübahisələndirilən illər iddiaçının xx.xx.1992-xx.xx.2000-ci illər arası 16 saylı X10 məktəbində işlədiyini dövrdür və məhz həmin illərin sosail sığorta staji kimi nəzərə alınmasının mümkünlüyü məhkəmə araşdarılmasının predmetini təşkil edir.
29. İnzibati orqanın yeganə dəlili iddiaçının işlədiyi illərinə dair əmək haqqı cədvəllərinin, arxiv sənədlərinin müvafiq sorğu əsasında arxivdə aşkar edilməməsi və əmək kitabçasının doldurulma qaydasına riayət edilmədiyidir (işdən azad olunması ilə bağlı əmrin olmaması səbəbindən).
30. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasında onun xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək “Bolqarıstan” üzümçülük sovxozunda (2 il 2 ay 3 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək “Bolqarıstan” üzümçülük sovxozunda (9 il 9 ay 1 gün), xx.xx.1988-ci il tarixdən xx.xx.1989cu il tarixədək Azərbaycan Kommunist Partiyasının Xanlar rayon komitəsində (1 il 1 ay 22 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək “Bolqarıstan” üzümçülük sovxozunda (2 il 9 ay), xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 №-li Texniki Peşə Məktəbində (8 il) işləməsi qeyd edilmişdir. Həmin dövr 23 il 9 ay 26 gün təşkil edir.
31. 16 saylı Texniki Peşə Məktəbinin xx.xx.1992-ci il tarixli 44 saylı əmrinə əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən etibarən məktəbə çağırışa hazırlıq üzrə rəhbər təyin edilmişdir.
32. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 və Texnologiyalar üzrə X11 Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli 160 nömrəli arxiv arayışına və məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 67 nömrəli cavab məktubuna əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 105 nömrəli qərarının icrası ilə əlaqədar olaraq Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli 755 №-li əmrinə əsasən X8 Samux filialı xx.xx.2000-ci il tarixdən ləğv edildiyinə görə sənədlər 1 №-li X9 təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli 405 №-li qərarına və Azərbaycan Respublikası Təhsil nazirinin 18 dekabr 2020-ci il tarili F- 546 nömrəli əmrinə əsasən 1 №-li X12 və 3 №-li Gəncə Peşə Məktəbi birləşdirilərək onların bazasında “Sənaye və Texnologiyalar üzrə X11 Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradıldığından arxiv həmin mərkəzə təhvil verilmişdir.
33. Samux rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 331 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1992-ci il tarixli 44 saylı əmrlə xx.xx.1992-ci il tarixdən etibarən 16 saylı Texniki Peşə Məktəbinə çağırışa hazırlıq üzrə rəhbər təyin edilmişdir. 16 saylı Texniki Peşə Məktəbinin 2000-ci il tarixli əmr və əmək haqqı sənədləri mühafizə olunmaq üçün Samux Rayon Dövlət arxivinə təhvil verilməmişdir.
34. Samux rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli 332 nömrəli əmək haqqı və başqa gəlirlər barədə arayışına əsasən İddiaçı Samux rayon Peşə Məktəbində işlədiyi müddətdə 1992-ci ilin sentyabr və noyabr ayları, 1993-cü ilin noyabr ayı, 1995-ci ilin 12 ayı, 1996-cı ilin 12 ayı, 1997-ci ilin 12 ayı, 1998-ci ilin 12 ayı, 1999-cu ilin ilk 6 ayı əmək haqqı almışdır. Samux rayon Peşə Məktəbinin 2000-ci illərin əmək haqqı kitabları mühafizə olunmaq üçün Samux Rayon Dövlət arxivinə təhvil verilməmişdir.
35. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 və Texnologiyalar üzrə X11 Təhsil Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 75 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000ci il tarixədək 16 saylı Texniki Peşə Məktəbində çağırışa hazırlıq üzrə hərbi rəhbər vəzifəsində işləmişdir. Məhkəməyə göndərilən məktubda xx.xx.2000-ci il tarixi mexaniki səhv olaraq xx.xx.2000-ci il kimi yazılmışdır.
36. Göründüyü kimi iddiaçının işlədiyini iddia etdiyi zaman kəsiyində işəgötürən müəssisənin mövcudluğunu istisna edən hal mövcud olmamışdır. Digər tərəfdən iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasında iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 16 №-li Texniki Peşə Məktəbində (8 il) işləməsi qeyd edilmişdir.
37. Belə olan halda məhkəmə kollegiyası əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir.
38. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1 -ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
39. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
40. İddiaçının işlədiyi dövrdə qüvvədə olan (xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
42. SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları’n 117-ci maddəsinin «a» bəndinə əsasən Əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.
43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmək haqqı cədvəllərinin müəyyən edilməməsi və ya düzgün tərtib olunmaması, Dövlət Arxivinə təhvil verilməməsi, həmçinin iddiaçının işdən azad edilmə barədə əmrin tarixi və nömrəsinin qeyd edilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı təhvil verilməyən və ya düzgün tərtib olunmayan sənədlərə görə iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan- sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar.
45. Bundan başqa, pensiya qanunvericiliyində əmək stajını təsdiq edən sənədlər üzrə əmək haqqı cədvəllərinin mütləq təqdim edilməsi ilə bağlı müddəa da nəzərdə tutulmamış, yalnız əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası və qeydləri təqdim edilmədiyi halda əlaqəli məlumat kimi əmək haqqı cədvəllərinin və s. sənədlərin nəzərə alınmasının mümkünlüyü müəyyən edilmişdir.
46. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işəgötürən müəssisənin sənədlərinin tərtibinin tamlığı və düzgünlüyü halının mübahisələndirilməsi işçinin yaranmış və gələcəkdə yaranacaq hər hansı hüquqlarının realizəsinin məhdudlaşdırılmasına əsas ola bilməz.
47. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
48. İşdə olan sənədlərdən görünür ki, iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 25 ildən artıqdır və iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla yaşa görə əmək pensiya hüququ yaranması üçün tələb olunan yaş həddinə çatmışdır. Buda hazırki mübahisə üzrə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan hər iki şərtin ödənilməsinə dair hüquqi nəticəyə gəlməyə əsas verir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1981/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov