Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-753/2025 29.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4319/2025 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin xx.xx.2021-ci il tarixli qərarına əsasən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması -sağ diz oynağının qapalı travması(xx.xx.2020).Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası,Veber üsulu ilə osteosintezi cərrahi əməliyatından sonrakı vəziyət (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı .Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş İncik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri,funksiya pozğunluğu ilə.Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bud əzələlərinin atrofiyası.Digər oynaqların posttravmatik artrozu, Sağ diz oynağının patello-femoral artrozu” diaqnozu əsasında Meyarların 2.3.3 əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2) bəndi ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçının Reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi barədə cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-4/2-H-13198/2025 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Sizə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən üçüncü dərəcə 5 il müddətinə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq, Siz minik avtomobilinin təyinatına tibbi göstərişin müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmusunuz. Həm təqdim edilən tibbi sənədlər və həyata keçirilən araşdırmanın nəticəsi həm də göndərişdə qeyd edilən əsas diaqnoz (Partlayış travması - sağ diz oynağının qapalı travması. Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası. Veber üsulu ilə osteosintezi cərrahi əməliyyatından sonrakı vəziyyət, sümük defekti ilə qeyri-düzgün bitişmiş sınığı. Sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiya pozuntusu ilə. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ bud əzələlərinin atrofiyası. Digər oynaqların posttravmatik artrozu, sağ diz oynağının patello-femoral artrozu.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobilinin təyinatına əsas verməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli qərarının əsassız hesab edilməsi və ləğv edilməsi, ona minik avtomobilinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələbini onunla əsaslandırmışdır ki, o, İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almış və xx.xx.2021-ci il tarixdə ona 3-cü dərəcəli əlillik verilmişdir. Qeyd edilən əlillik müddəti xx.xx.2026-cı il tarixdə bitməli olduğu halda, xx.xx.2023-cü il tarixdə əlilliyi vaxtından əvvəl ləğv edilmiş, bununla bağlı Gəncə İnzibati Məhkəməsində iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(114)-3804/2023 tarixli qərarı ilə iddia təmin edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3766/2023 nömrəli qərarının ona əlillik təyin edilməsindən imtina edilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə qüvvədə saxlanılmışdır. Bu barədə məlumatları qeyd etməkdə məqsədi odur ki, cavabdeh orqan daima ona qarşı qərəzli olmuşdur. O, xx.xx.2022-ci il tarixdə minik avtomobilinin təyinatına tibbi göstərişin müəyyən edilməsi məqsədilə agentlikdə qəbulda olmuşdur. Məhkəmələrin qərarı qanuni qüvvəyə mindikdən sonra yenidən avtomobil verilməsi üçün müraciət etdikdə ona bildirdilər ki, ona xx.xx.2022-ci ildə imtina verilmişdir. Ona 22 may 2025-ci il tarixdə göndərilən məktubda göstərilmişdir ki, ona qoyulan əsas diaqnozun Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası"na əsasən minik avtomobilinin təyinatına əsas verməmişdir. Onu yenidən müayinədən keçirmədən imtina etdilər və yalnız bu verilən cavabla imtinanı bildirdilər. Lakin onda olan diaqnozun hansı əsasla avtomobil verilməməsi üçün əsas olması barədə dəqiq məlumat göstərilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4319/2025 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçıya 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, əlilliyin müəyyən olunma meyarı kimi əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi qeyd olunmuşdur. Cavabdeh imtina səbəbi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarını əsas götürərək minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyini bildirir. Məhkəmə hesab edir ki, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilən tibbi göstərişlər iddiaçıya qoyulan diaqnozu özündə əhatə etdiyindən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə 57-ci bəndində qeyd edilmişdir ki, minik avtomobilləri “aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” barəsində tibbi göstərişlər olduğu hallarda təyin edilir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 4319/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina məktubunda qeyd olunan dəlillərlə eynilik təşkil etmiş və əlavə olaraq bildirilmişdir ki, məhkəmə iş üzrə məhkəmə tibbi ekspertizası keçirmədən müvafiq nəticəyə gəlmişdir. Maddi hüquq normalarının tələbləri baxımından birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 30. Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi” Şərtləri və Qaydası
1. Ümumi müddəalar 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
3. Əlilliyi olan şəxslərin minik avtomobili və təkərli oturacaqla (mühərrikli və mexaniki) təmin edilməsi. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X2 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavə (20 iyun 2024-cü il tarixli redaksiyası)
6. Digər reabilitasiya vasitələri: 6.1. Minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: ...
3. bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi; ...
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İşin hallarından aydın olur ki, cavabdeh tərəfindən yeganə mübahisələndirilən hal iddiaçıda olan diaqnozun onu minik avtomobili ilə təmin edilməsi üçün əsas verməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iş materiallarında olan sənədlər və qanunvericiliyin müvafiq normaları iddiaçının iddia tələbinin əsaslı olduğuna dəlalət edir. Belə ki, iş materiallarında müəyyən olunur ki, iddiaçıya “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması-sağ diz oynağının qapalı travması (xx.xx.2020). Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyatından sonrakı vəziyət (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı. Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş İncik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiya pozğunluğu ilə. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bud əzələlərinin atrofiyası. Digər oynaqların posttravmatik artrozu, Sağ diz oynağının patello-femoral artrozu.” diaqnozu üzrə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3-cü bəndi üzrə - əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2)) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 illik müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin müəyyən olunma meyarı kimi əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin 6.1-ci bəndində qeyd edilmişdir ki, minik avtomobilləri “aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” olduğu hallarda təyin edilir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, iddiaçının əlilliyin müəyyən olunmasına əsas olan “Sol aşağı ətrafın dərin parezi” “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin 6.1-ci bəndində öz əksini tapmışdır. Odur ki, iddiaçının minik avtomobilinə tibbi göstərişin təyini barədə tələbi “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara uyğun olduğundan cavabdehin imtinası qanunsuz olmuşdur. Apellyasiya şikayətində həmçinin qeyd edilir ki, məhkəmə iş üzrə məhkəmə tibbi ekspertizası keçirmədən müvafiq nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edərək qeyd edir ki, cavabdeh orqan tərəfindən ekspertizanın keçirilməsini zəruri edən hallar konkret və əsaslandırılmış şəkildə irəli sürülməmişdir. Eyni zamanda, işə baxılması zamanı məhkəmə tərəfindən də xüsusi bilik tələb edən və ekspertiza yolu ilə müəyyən edilməli olan hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4319/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.