Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-754/2023 14.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-3031/2023 saylı qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə elektron iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin **********700000 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Elektron iddia ərizəsi ilə yanaşı iddiaçı “iddia verilməsi üçün nəzərdə tutulan müddəti üzürlü hesab edilərək bərpa olunması barədə” ərizə ilə də məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzürlü səbəbdən ötürülmüşdür. Belə ki, cavabdehin **********700000 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surəti iddiaçıya rəsmi qaydada göndərilməmişdir. Həmçinin, həmin qərarla bağlı yaranmış borcun əsassız olduğundan silinməsi barədə cavabdeh orqana dəfələrlə müraciət edilmiş və cavabdeh orqan yaxın müddət ərzində həmin borcun silinəcəyini bildirsə də, heç bir müsbət nəticə olmamışdır. Məhz bu səbəblərdən qanunvericilikdə nəzərdə tutulan müddətdə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, **********707800 nömrəli məktubla münasibət bildirmişdir. Məktubda qeyd olunur ki, mübahisələndirmə haqqında iddianın predmeti cavabdeh inzibati orqanın öz səlahiyyətləri daxilində qəbul etdiyi inzibati aktdır. Hazırkı işdə iddiaçı tərəfindən mübahisələndirilən-yəni ləğvi istənilən inzibati akt cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli **********700000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərardır. Hesab edilir ki, inzibati prosessual hüquq normalarının tətbiqi baxımdan İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddianın mümkünlük şərtləri işə baxan məhkəmə tərəfindən yoxlanılmalıdır. "İnzibati məhkəmi icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, işə baxan məhkəmə tərəfindən qanunvericlikdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan xüsusi mümkünlük şərtlərinin (mübahisələndirmə haqqında iddia verildikdə prosessual müddətə əməl edilməsi, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.3-cü maddəsinə əsasən inzibati akta (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət "İnzibati icraat haqqında" Qanunun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətinin axımı aşağıdakı vaxtadək dayandırılır: müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün "İnzibati icraat haqqında" Qanunun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (verdiyi yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli **********700000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğvi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********700000 nömrəli nömrəli qərar xx.xx.2023-cü il tarixdə göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2023- cü il tarixdə saat 19:16:34-də qəbul edilmişdir. Beləliklə, iş üzrə iddiaçı olan İnternet Vergi İdarəsində ona aid olan elektron kabinetinə göndərilmiş qərarı qəbul etməklə həmin qərarın təqdim olunma tarixi xx.xx.2023-cü il tarixi olmuşdur (Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat əlavə olunur). Həmin qərarlar iddiaçı tərəfindən məhkəmə qaydasında qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməklə 24 may 2023-cü il tarixli iddia ərizəsi ilə mübahisələndirilmişdir. Həmin Məcəllənin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. "Elektron imza və elektron sənəd haqqında" Qanunun 28.2-ci maddəsinə əsasən elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "T.ldrisovun şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə, şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə- iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Həmin iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətlərinə əməl edilib-edilməməsinin yoxlanılmasıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-3031/2023 saylı qərardadı ilə (hakim Z.Quliyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********-00000 nömrəli qərarla ona 388,29 manat mənfəət vergisi hesablanmışdır. Həmin qərar barədə heç bir məlumatı olmamışdır. Belə ki, o, Kəlbəcər rayonunda olmuşdur. Kəlbəcər rayonunun o, olan yerində internet bağlantısı çox zəif olur. Bu səbəbdən qərar barədə məlumatı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa olunması ilə əlaqədar Gəncə İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Gəncə İnzibari Məhkəməsinin e-2-1(114)-3031/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin müddəti bərpa olunmamışdır. Məhkəmə həmin nəticəni onun qətnamənin surətini almasını araşdırmadan apellyasiya şikayəti vermə müddətinin üzürsüz səbəbdən buraxılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaətində səhvə yol verməsi, mülki işin materiallarında isə tərəflərə nə vaxt verildiyini təsdiq edən sübutların olmaması ilə əsaslandırmışdır. Bunula da məhkəmənin ədalətli, obyektiv məhkəmə araşdırmasından qaçmışdır. Bunula da onun qanunvericilikdə nəzərdə tutulan yuxarı məhkəməyə müraciət etmək hüquqlarını məhdudlaşdırmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinə dair məhkəməyə etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra o hərbi hissələri çörəklə təmin etmişdir. Həmin dövrdə o həqiqədən də başa düşməyib ki, mübahisələndirilən qərardan bir ay müddətində şikayət verilməlidir. Qərarı elektron poçt üzərindən səlahiyyətli başqa şəxs açıb oxumuşdur. Ona qərar barədə məlumat verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı məhkəməyə ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzürlü səbəbdən ötürülmüşdür. Belə ki, cavabdehin **********700000 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surəti iddiaçıya rəsmi qaydada göndərilməmişdir. Həmçinin, həmin qərarla bağlı yaranmış borcun əsassız olduğundan silinməsi barədə cavabdeh orqana dəfələrlə müraciət edilmiş və cavabdeh orqan yaxın müddət ərzində həmin borcun silinəcəyini bildirsə də, heç bir müsbət nəticə olmamışdır. Məhz bu səbəblərdən qanunvericilikdə nəzərdə tutulan müddətdə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməmişdir. İş materiallarında olan görünür ki, qərar cavabdeh tərəfindən elektron poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə saat 17:14:44-də göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 19:16:34-də həmin sənəd oxunmaqla qəbul edilmişdir. İşin hallarından görünür ki, iddiaçı qərarın poçt vasitəsilə göndərilmədiyini bildirsə də, mübahisələndirilən vergi orqanı tərəfindən elektron formada təqdim edilmiş və bu hal da iddiaçı tərəfindən mübahisələndirməmişdir. Əksinə iddiaçının nümayəndəsinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatından da, müəyyən edilir ki, qeyd olunan qərar elektron kabinetə yerləşdirildikdən sonra iddiaçı tərəf həmin qərarla məlumatlı olmuşdur. Odur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə elektron poçt vasitəsilə iddiaçı tərəfə təqdim edilən qərarı xx.xx.2023-cü il tarixdə, yəni 01 ay 28 gün sonra məhkəmədə mübahisələndirmiş və bununla da prosessual müddəti ötürmüşdür. Kollegiya hesab edir ki, qeyd olunan hallar artıq iddiaçının mübahisələndirilən qərar barədə xx.xx.2023-cü il tarixdən məlumatının olması və xx.xx.2023-cü il tarixdə məhkəmə müraciət etməklə qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməsini deməyə əsas verir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********700000 nömrəli qərar xx.xx.2023-cü il tarixdə vergi orqanı tərəfindən iddiaçının elektron kabinetnə yerləşdirilmiş xx.xx.2023-cü il tarixdə isə iddiaçı həmin qərarla tanış olmuşdur. Bununla da, iddiaçının həmin qərardan qanunvericiliklə nəzərdə tutulmuş 30 gün şikayət vermə müddətini ötürməsi öz təsdiqini tapmışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinin tələblərinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi, iddiaçı hazırda mübahisələndirilən qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-3031/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-754/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-754/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver