Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-755/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, üçüncü şəxs Gəncə şəhər Nizami Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-637/2024 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışa düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3- 21-3/33-12-Q-00xx-xx/2024 saylı imtina aktının ləğv edilməsini, xx.xx.2021-ci il tarixli inzibati aktın ləğvi və mübahisələndirilən xx.xx.2021-ci il tarixli çıxarışın və xx.xx.2021-ci il tarixli 51192 nömrəli texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-637/2024 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur və xx.xx.2021-ci il tarixdə həmin fərdi yaşayış evinə dair onun adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Ona məxsus fərdi yaşayış evinin qarşısında isə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X7 məxsus Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evi var. Lakin sənədləşmə zamanı Əsəd Məmmədova məxsus 37 saylı evin giriş qapısı talvar, əlavə qapısı isə əsas qapı kimi səhvən göstərilmişdir. Həmçinin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Əsəd Məmmədovun atası mərhum X2 adına verilmiş xx.xx.2007-ci il tarixlı 15078567 qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin ölçüsü 0.01 ha, xx.xx.2021-ci il tarixli Əsəd Məmmədovun adına verilmiş çıxarışda həmin torpaq sahəsinin ölçüsü 0.14 ha olmaqla bütövlükdə mərhum Aqil Məmmədovun adına 68.7 kv.m tikili isə bütövlükdə X4 adına göstərilmiş, Əsəd Məmmədovun adına yenidən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda isə torpaq sahəsinin ölçüsü 0.14 ha qeyd edilmişdir. Göründüyü kimi ünvan 4 ünvanına dair bir neçə müxtəlif tarixlərdə sənədlər tərtib edilmişdir. Həmçinin bir ay fərqlə verilmiş çıxarışların birində daşınmaz əmlak torpaqsız X4 adına qeyd edilsə də, xx.xx.2021-ci il tarixli çıxarışda artıq tikili Əsəd Məmmədovun adına, torpaq sahəsi isə mərhum Aqil Məmmədovun adına göstərilmişdir. Bundan başqa Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37 ünvanınında yerləşən fərdi yaşayış evinə dair cavabdeh orqan tərəfindən verilmiş texniki pasportda evin əsas giriş qapısı talvar kimi, əlavə qapısı isə səhvən əsas qapı kimi qeyd edilmişdir. Bu səbəblərdən onun mülkiyyət hüquqları pozulduğundan Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37 ünvanınında yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışa düzəliş edilməsi ilə əlaqədar ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətinin icrasından imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4345/2023 nömrəli qərardadı ilə iş üzrə X8 üçüncü şəxs qismində cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-637/2024 nömrəli qərardadı ilə iş üzrə Gəncə şəhər Nizami Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-637/2024 saylı qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkünsüz sayılmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iş üzrə üçüncü şəxs X4 xüsusi mülkiyyətində olan daşınmaz əmlaka dair aparılmış qeydin ləğv edilməsini tələb etdiyindən əvvəlcə özünün həmin əmlaka hüququnun olması, yəni hazırkı tələblə iddianı qaldırmaq üçün özünün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. Lakin, göründüyü kimi iddiaçı hazırkı iddia üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbini irəli sürsə də, bununla bağlı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi çıxarış üzrə torpaq sahəsinə onun heç bir hüququ aidiyyəti olmadığından və hər hansı hüququnu pozmadığından həmin torpaq sahəsini və çıxarışı mübahisələndirməkdə subyektiv hüququ olmamışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi çıxarış üzrə torpaq sahəsinə onun heç bir hüququ aidiyyəti olmadığından və hər hansı hüququnu pozmadığından həmin torpaq sahəsini və çıxarışı mübahisələndirməkdə subyektiv hüququ olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-133/2022 nömrəli qətnaməsi ilə X4 xüsusi mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa edilmiş özbaşına tikililərin İddiaçı hesabına sökülməsi və ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısının əvvəlki vəziyyətə gətirilməsi cavabdeh İddiaçı həvalə edilməsi qət edilmişdir. Halbuki həmin qərar hüquqi qüvvəyə minməmişdir, İddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir və iş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-60/2024 saylı iş üzrə icraatındadır, həmçinin həmin iş üzrə icraat dayandırılmışdır, yekun qərar qəbul edilməmişdir. Gəncə İnzibati Məhkəməsi iddia ərizəsini mümkün hesab etməyərək, iddiaçının subyektiv hüququnu pozmuşdur, belə ki, hazırkı iş üzrə yekun qərar Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan işin nəticələrinə birbaşa təsir edir. Belə ki, X6 məxsus ünvan 6 ünvanda yerləşən tikiliyə və bələdiyyə torpağına mülkiyyət hüququnun tanınmasına dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışların, xx.xx.2008-ci il tarixli 446-114 saylı və xx.xx.2021ci il tarixli 51192 saylı texniki pasportların qanunsuz hesab edilməsi o deməkdir ki, digər mübahisə üzrə (2(104)-60/2024 saylıiş üzrə) İddiaçı qarşı həmin tələb əsassızdır, həmin mübahisəli əraziyə X5 mülkiyyət hüququ yoxdur. Bu səbəbdən İddiaçı öz mülkiyyət hüquqlarını müdafiə etmək üçün hazırkı mübahisə üzrə iddia tələbinin verilməsində onun subyektiv hüququ var, onun qanunla qorunan mənafeyinə birbaşa təsir edir. Belə ki, məhkəmə özü də qərarında qeyd etmişdir ki, “Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı məxsus 69 saylı yaşayış evinin pilləkən marşları üçüncü şəxs X4 xüsusi mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında quraşdırılmışdır ki, bu da ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərəfdən olan keçid yolunun qarşısının alınmasına səbəb olmuşdur.” Halbuki, məhkəmə üçüncü şəxsin fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərəfdən olan keçid yolunun qarşısının alınmasına səbəb olan pilləkən marşlarını qurmaları barədə qeyd etməklə faktiki olaraq təsdiq etmişir ki, hüquq və mənafelərin toqquşması vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyi və şikayətin təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmiş əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixli çıxarışda qeyd olunan, üzərində üçüncü şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə onun heç bir bağlılığı mövcud deyil. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Gəncə şəhər Nizami Bələdiyyəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və səbəblərin bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Kollegiya qeyd edir ki, iddianı fərdiləşdirən iki element vardır - iddianın predmeti və onun əsası. Göstərilən elementlər iddianı konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. İddianın predmeti iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Hazırkı iş üzrə İddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3-21-3/33-12-Q-00xxxx/2024 saylı imtina aktının, xx.xx.2021-ci il tarixli inzibati aktın və mübahisələndirilən xx.xx.2021-ci il tarixli çıxarışın və xx.xx.2021-ci il tarixli 51192 nömrəli texniki pasportun ləğv edilməsini tələb edir. İş materiallarında olan **********186-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 8 ünvanda yerləşən 0.14 ha torpaq sahəsi üzərində üçüncü şəxs X2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa surəti iş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş iddiaçı X4 cavabeh İddiaçı qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə əldə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, cavabdeh İddiaçı tərəfindən inşa edilmiş 129.80 kv.m tikilinin 117.30 kv.m hissəsi **********58 reyestr nömrəli Çıxarışa əsasən cavabdehin öz mülkiyyətində, 12.50 kv.m hissəsinin isə cavabdehin öz mülkiyyətindən kənar torpaq sahəsində inşa edildiyi aşkarlandı. Cavabdeh tərəfindən, öz mülkiyyətindən kənar torpaq sahəsində 12.50 kv.m inşa etdiyi mübahisəli tikili, iddiaçı X4 **********86 reyestr nömrəli Çıxarışına əsasən, mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinə giriş-çıxış üçün istifadə olunan yolun 12.50 kv.m hissəsində tikildiyi müəyyən edildi. Yuxarıda qeyd olunan mütəxəssis rəyindən də göründüyü kimi, iddiaçıya məxsus tikilinin 117.30 kv.m hissəsi **********58 reyestr nömrəli Çıxarışa əsasən onun öz mülkiyyətində 12.50 kv.m hissəsi isə onun mülkiyyətindən kənarda yerləşir və həmin tikili **********86 reyestr nömrəli Çıxarışına əsasən hazırkı iş üzrə üçüncü şəxs X4 mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinə giriş-çıxış üçün istifadə olunan yolun üzərində inşa edilmişdir. Həmin mütəxəssis rəyi bunu deməyə əsas verir ki, iddiaçının və üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilmir. Bundan başqa iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında özüdə bildirmişdir ki, xx.xx.2021-ci il tarixli çıxarışda qeyd olunan, üzərində üçüncü şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə onun heç bir bağlılığı mövcud deyil. Digər tərəfdən iddiaçının mübahisə predmeti olan əmlaka subyektiv hüququnun olmasını təsdiq edən hər-hansı hüquqmüəyyənedici sənədin, yəni daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə, vərəsəlik hüququ haqqında, yaşayış evlərinin, torpağın mülkiyyətə dair şəhadətnamə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və s. sənədlərin olması iş materialları ilə müəyyən edilmir və iddiaçı tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Yəni bir növ iddiaçı əmlaka dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-637/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-755/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-755/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver