Məhkəmə qərarları › İş №2-1(104)-757/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-757/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-757/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(114)-2458/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1994-cü ildən 2019-cu il tarixədək ona verilməli olan müharibə iştirakçısı, yəni Qarabağ müharibəsi veteranı müavinətin, pulun alınaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2458/2023 saylı qərardadı ilə (hakim E.Axundov) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2458/2023 saylı qərardadın tamamilə ləğv edilməsini və iddiasının mümkün sayılması barədə yeni qərar çıxarılmasını və ya işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyərək, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, qərardaddan İddiaçı tərəfindən verilmiş şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Ona görə də apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin həmin normalar üzrə yoxlanılmasını ehtiva edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, apellyasiya şikayəti İPM-nin 85.1ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən, birinci instansiya məhkəməsinin qərardadından şikayət məhkəmə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsi ilə verilir. İş materiallarında olan reyestrdən görünür ki, birinci instansiya məhkəməsinin qərardadının surəti iddiaçıya xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Həmçinin iş materillarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, iddiaçı 11 may 2023-cü il tarixdə qərardadın surətini xəbərnaməyə imza etməklə almışdır. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından başlanır. Bu halda qərardaddan şikayət verilməsi üçün müəyyən olunmuş müddətin axımı da təqdim edildiyi xx.xx.2023-cü il tarixdən başlanmışdır. Lakin iddiaçı qərardaddan şikayəti müddət ötürməklə vermiş, şikayəti məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bu hal, yəni müddətin ötürülməsi, şikayətinin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardaddan verilmiş şikayəti mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Gəncə İnzibati Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2-1(114)-2458/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayəti qəbul etməkdən imtina olunsun. Qərardaddan 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar