Məhkəmə qərarları › İş №2-1(104)-757/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-757/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-757/2025 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1231/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X2 xx.xx.2024-cü il tarixli, E00231875RCG nömrəli göndərişində İddiaçı qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F06.3. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi affektiv (depressiv) pozuntu. Yanaşı xəstəliklər – S06.0. Baş beynin silkələnməsi, Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş kəllə beyin travması, baş beynin silkələnməsi. Yanaşı xəstəliklər – F33.3. Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Yanaşı xəstəliklər – F43.1. Posttravmatik stress pozuntusu, Uzunmüddətli posttravmatik stress pozuntusu. Yanaşı xəstəliklər – H52.2. Astiqmatizm. Sağ gözün hipermetropiyası.

2. X2 xx.xx.2024-cü il tarixli, E00231875RCG nömrəli göndərişindəki diaqnozlar üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik vəziyyəti xx.xx.2024-cü il tarixdə qiymətləndirilərək, “Üzvi affektiv (depressiv) pozuntu. Uzunmüddətli posttravmatik stress pozuntusu. Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Astiqmatizm, Sağ gözün hipermetropiyası” diaqnozu ilə diaqnozun əlillik əlaməti təyin etməməsi (Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlillik təyin edilməmişdir.

İşdə olan sənədlər:

3. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 10012 nömrəli xəstəlik haqqında şəhadətnaməsində qeyd edilmişdir ki, İddiaçı “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu. Kəskin (ağır)) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv-psixotik daxilolmalarla və intihar cəhdləri ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə olan nəticəsi. Sağ saidin aşağı 1/3-nin, sağ əlin ön və arxa səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapığı” diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur.

4. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 2394 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, Mehdiyev X3 tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlarla F07.0.

5. X2 xx.xx.2024-cü il tarixli, E00231875RCG nömrəli göndərişində qeyd olunanlara əsasən İddiaçı: Xəstəliyə görə ambulator müraciətləri - F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu müraciət tarixi xx.xx.2024 - F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu müraciət tarixi xx.xx.2024 - F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu müraciət tarixi xx.xx.2024 - F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu müraciət tarixi xx.xx.2024 Stasionar müalicə aldığı müəssisələr - Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu - Gəncə Psixiatrik xəstəxanası – daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu - Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu - X5 adına 1 nömrəli şəhər xəstəxanası – daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya Həkim müayinəsinin nəticəsi - F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, F06.3 - F43.1 - F33.3 (depressiv) pozuntu. Uzunmüddətli posttravmatik stress pozuntusu. depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcə epizod (müayinə tarixi xx.xx.2024)

6. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2025-ci il tarixdə “X.S.Mehdiyev üçün verilmiş xx.xx.2024-cü il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 1492 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: - İddiaçı canlı müayinəsində onda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlarla 10-cu baxış X1 (XBT-10) əsasən F 06.3 koduna uygun gələn patologiya aşkar olunmuşdur. - İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün X2 verdiyi xx.xx.2024-cü il tarixli göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmə tərəfindən əlilliyin müəyyən edilməsi və cavabdeh orqanın verdiyi son qərarın ləğv edilərək, əlilliyin faizlə təyin olunaraq rəyin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında iştirak etmiş, ağır bədən xəsarətləri almış, səhhətində ciddi problemlər yaranmış və bununla bağlı ona aidiyyəti orqanlar tərəfindən müvafiq sənədlər verilmiş, Tibbi-Sosial Ekspert Komissiyasında olarkən heç bir araşdırma aparılmadan onunla qısa söhbət edilmiş və əlillik təyin edilməsi üçün heç bir əsasın olmadığı bildirilmişdir. Cavabdehin verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubundan bəlli olur ki, təqdim edilmiş sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən göndərişdə qeyd edilən diaqnozlar əlillik təyininə əsas vermədiyindən barəsində diaqnoz öz təsdiqini tapmamışdır. Agentlik tərəfindən əlilliyin təyinindən imtina edilməsi qanuni və əsaslı deyildir.

10. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etiraz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın, 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin normalarına istinad edilməklə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ikinci Qarabağ müharibəsi dövründə ağır bədən xəsarətləri almışdır. Lakin o, xx.xx.2021-ci il tarixli, 0278003AAJ7E nömrəli göndəriş əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Diaqnozun mətni: “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş kəllə-beyin travması, baş-beynin silkələnməsi. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi affektiv (depressiv) pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Uzunmüddətli posttravmatik stress pozuntusu. Sağ gözün hipermetropiyası. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Vətəndaşla əlaqə saxlanılaraq komissiyaya dəvət edilmiş, lakin vətəndaş komissiyaya gəlməkdən imtina etmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1231/2025 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.5-ci yarımbəndində nevrotik, streslə əlaqədar və somatoform pozuntular, 7.5.1-ci yarımbəndində posttravmatik stres pozuntusu - F43.1 meyarı nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35- 60% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.5.1.1-ci yarımbənd).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1231/2025 nömrəli qərarını ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədlərə və müvafiq ekspert rəyinə əsaslanmaqla cavabdehin gəldiyi nəticəyə məhəl qoymamışdır. Bundan başqa, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olunmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Həmçinin, göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi “Qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.4.2. rekurrent depresiv pozuntu – F33 7.5.1. posttravmatik stres pozuntusu – F43.1 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular – F06 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60% - 2 il; 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti – 65-80% - 2 il.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

23. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

25. İşin halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti cavabdeh orqan tərəfindən X2 xx.xx.2024-cü il tarixli, E00231875RCG nömrəli göndərişindəki diaqnozlar əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

26. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarının ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, tələb təmin edilmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 10012 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, iddiaçının “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu. Kəskin (ağır)) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv-psixotik daxilolmalarla və intihar cəhdləri ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə olan nəticəsi. Sağ saidin aşağı 1/3-nin, sağ əlin ön və arxa səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapığı” diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur.

28. Lakin “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.5.1-ci bəndində qeyd olunan “F43.1. Posttravmatik stres pozuntusu” diaqnozu əsasında (7.5.1.1-ci yarımbəndə uyğun olaraq qiymətləndirilməklə) əlilliyin təyin edilməsi hissəsi işin faktiki və hüquqi hallarına uyğun deyildir.

29. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırır ki, iddiaçı əhvalın üzvi mənşəli pozğunluğu, üzvi mənşəli şəxsiyyət pozğunluğu, posttravmatik stress pozğunluğu xəstəlikləri üzrə son bir il ərzində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və stasionar müalicə almış, lakin iddiaçıya tibbi göndəriş üzrə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda hazırda qüvvədə olan F43.1 diaqnozu (yanaşı xəstəlik) qoyulmuşdur. Göstərilən xəstəliklər eyni xarakterli olmaqla psixi və davranış pozuntuları ilə əlaqədardır. Ona görə də həmin xəstəliklər üzrə ümumi müalicə müddəti F43.1 meyarı üzrə müalicə müddətinə daxil edilə bilər. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 1492 saylı ekspert rəyinə əsasən, İddiaçı canlı müayinəsində onda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlarla 10-cu baxış X1 (XBT-10) əsasən F 06.3 koduna uygun gələn patologiya aşkar olunmuşdur. X4 xəstəxanası tərəfindən verilən xx.xx.2024cü il tarixli tibbi göndərişdə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda hazırda qüvvədə olan F43.1 diaqnozu (yanaşı xəstəlik) qoyulmuşdur. Ona görə də iddiaçıya F43.1 meyarı üzrə əlillik təyin edilməlidir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, X2 xx.xx.2024-cü il tarixli, E00231875RCG nömrəli göndərişində iddiaçı barəsində qeyd olunan diaqnozlardan “Əsas diaqnoz – F06.3. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi affektiv (depressiv) pozuntu”, “Yanaşı xəstəliklər – F33.3. Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” və “Yanaşı xəstəliklər – F43.1. Posttravmatik stress pozuntusu” kimi qeyd edilmiş, məhkəmə əlliyin müəyyən olunması zamanı əsas dioqnoz deyil, yanaşı xəstəliklə bağlı qiymətləndirilməni aparmışdır.

31. Başqa sözlə birinci instansiya məhkəməsi iddiaçı barəsində rəsmiləşdirilmiş göndərişdə (forma 88) əsas diaqnoz kimi “F06.3. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi affektiv (depressiv) pozuntu” qeyd olunmasını nəzərə almamış, şəxsə yanaşı xəstəlik olan “F43.1. Posttravmatik stress pozuntusu, Uzunmüddətli posttravmatik stress pozuntusu” diaqnozu ilə əlillik təyin edilməli olması kimi səhv nəticəyə gəlmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda mövcud olan “F06.3. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi affektiv (depressiv) pozuntu” diaqnozu XBT-10 kodu F06 (F06.3) olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2-ci bəndində öz əksini tapmışdır. Lakin, F06 kodlu xəstəlik əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi göstərilsə də, sadəcə diaqnozun iddiaçıda öz təsdiqini tapması əlilliyin təyininə əsas vermir. Əlilliyin təyini üçün həmin xəstəlik Meyarların ya 7.6.2.1, ya da 7.6.2.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir.

33. Belə ki, Meyarların 7.6.2.1-ci bəndə əsasən, F06 kodlu xəstəlik - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.6.2.2-ci bəndə əsasən məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda orqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır.

34. X2 xx.xx.2024-cü il tarixli, E00231875RCG nömrəli göndərişinin həyat fəaliyyəti kateqoriyasının məhdudlaşma dərəcəsi hissəsində (səh. 95) qeyd edilmişdir ki, mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq və ünsiyyət qurmaq bacarığı, davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması, əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı müşahidə olunur.

35. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 1492 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı canlı müayinəsində onda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlarla 10-cu baxış X1 (XBT-10) əsasən F 06.3 koduna uygun gələn patologiya aşkar olunmuşdur. İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün X2 verdiyi xx.xx.2024-cü il tarixli göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır.

36. Göründüyü kimi “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi affektiv (depressiv) pozuntu” diaqnozu iddiaçının qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin müəyyən edilməsinə əsas verir. Belə ki, tibbi göndərişdə (forma 88) qeyd olunan anamnestik xüsusiyyətlər Meyarların 7.6.2.1-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə olunur.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.

38. Bundan başqa cavabdeh inzibati icraat aparmamış, iddiaçıya əlilliyin müəyyən olunmasını istisna edən halları təsdiq edəcək heç bir sübutu (sənədi) istər etiraz ərizəsinə, istərsə apellyasiya şikayətinə əlavə etməmişdir. Halbuki inzibati orqanın icraat zamanı daha dolcun araşdırma aparılması ilə bağlı imkanları mövcuddur.

39. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edilərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

40. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

41. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsdə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsdə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

42. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

43. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1231/2025 nömrəli qərarı “İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci yarımbəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1231/2025 nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar