Məhkəmə qərarları › İş №2-1(104)-758/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-758/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-758/2024 21.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-23/2024 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1951-ci il tarixdə Ermənistan, Basarkeçər rayonunda anadan olmuş, hazırda Göygöl şəhəri, H.Əliyev prospekti, 23 ünvanda qeydiyyatda olmaqla yaşayır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 189 nömrəli rəyə əsasən 38 nəfər vətəndaşa satılması nəzərdə tutulan torpaq sahəsi 1,52 hektar olmaqla, Xanlar bələdiyyəsinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi şəhər daxili ərazi olmaqla satılması qanunamüvafiqdir. Həmin torpaq sahəsi Xanlar rayonunun (şəhərinin) zona bölgüsündə İİ zonaya aiddir. İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə üçüncü şəxsin hesabına 180 manat ödənilmişdir. Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 saylı qərarına əsasən 38 nəfər vətəndaşa bələdiyyənin şəhər daxili ərazisindəki R.Nəsibov məhəlləsinin ətrafından 1,52 hektar ayrılıb hər birinə 0,04 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır (2-ci bəndi). Həmin 38 nəfərlik siyahıda (36-cı sırada) iddiaçının adı da qeyd olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin aparıcı məsləhətçisi E.Ş.Əliyev və mütəxəssis O.M.Məmmədov tərəfindən tərtib edilmiş 486 nömrəli arayışa əsasən torpaq sahəsi İ keyfiyyət qrupu olmaqla, bələdiyyə mülkiyyətinə aiddir. xx.xx.2007-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2007-ci il tarixdə 1123 nömrə ilə Xanlar rayon torpaq şöbəsində qeydiyyata alınmışdır. DTXK-nin Xanlar rayon şöbəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş 38 nəfərə ayrılacaq torpaq sahəsinin yerquruluşu planından çıxarış bələdiyyənin sədri tərəfindən təsdiq edilmişdir. Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 saylı qərarı əsasında iddiaçıya verilmiş (sənəd üzrə 0,04 ha) faktiki 0,0373 ha torpaq sahəsinin koordinatlı sxemi Göygöl rayonu Göygöl bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı Göygöl şəhərində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh qurumun mütəxəssisi tərəfindən tərtib edilmiş müayinə aktına əsasən iddia edilən torpaq sahəsi ünvan 3 ünvanda yerləşir, təyinatı və faktiki istifadəsi həyətyanıdır, hüquq müəyyənedici sənəd üzrə ölçüsü 0,04 ha, faktiki 0,0373 ha-dır. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir, fərdi yaşayış evi inşa edilmişdir. Torpaq sahəsi istifadəyə yararlıdır, Göygöl şəhərinin kompleks yerquruluşu xəritəsinə və DWG məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqlarına düşür. Qeyd kimi edilmişdir ki, faktiki torpaq sahəsinin 0,0373 ha olmasına iddiaçı etiraz etmir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********77 nömrəli bildirişində bildirmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmişdir, bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı ünvan 1 ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 saylı qərarı ilə ünvan 4 ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsində hələ islahat dövründən əvvəl yaşayış evi tikərək yaşayır. Ona görə də Aqrar islahat zamanı torpaq sahəsinə şəhadətnamə verilmişdir. İddiaçı hazırkı tələblə əvvəl cavabdehə müraciət etmiş, ancaq imtina cavabı almışdır. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********65 nömrəli etirazını təqdim etmiş və bildirmişdir ki, Göygöl (Xanlar) Bələdiyyə ərazisində 0,04 ha torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” akt tərtib olunmuş və xx.xx.2007-ci il tarixli, 189 nömrəli Göygöl (Xanlar) Bələdiyyəsinin rəyi əlavə edilmişdir. Təqdim olunan sənədlər əsasında qeydiyyata alınmalı olan torpaq sahəsinə müayinə baxışı keçirilmişdir. Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən, dövlət mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-23/2024 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, Göygöl (Xanlar) Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 saylı qərarı ilə verilmiş ünvan 4 ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat ekspertiza xərcinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X4, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 65 nömrəli qərarı məhz hüquqi akt olmaqla daşınmaz əmlakın qeydiyyata alınması üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, bələdiyyənin ona məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Cavabdehin imtina əsaslarına gəldikdə isə məhkəmə qeyd edir ki, bələdiyyə qərarı ilə torpaq sahəsi satılmış 38 nəfərin siyahısında məhkəmə sorğusu əsasında adı çəkilən bəzi şəxslərin həmin bələdiyyə qərarı ilə satılmış torpaq sahələri üzərində mülkiyyət hüquqları 2017, 2018 və 2021-ci illərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-7212/2023 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər). Həmin şəxslərin torpaq sahələrinin kateqoriyası, təyinatı və hüquqi rejimi ilə bağlı alınmış mütəxəssis rəyində qeyd edilmişdir ki, **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X1 xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin, **********28 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X7 xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin, **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X6 xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin, **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin yerləşdiyi ərazi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS və AzCad məlumatları) istinad edilmiş, TEKUİS və AzCad məlumatlarında həmin torpaq sahələrinin kateqoriyası – yaşayış məntəqələrinin torpaqları, alt uqodiyası – həyətyanı, mülkiyyəti – dövlət, islahat uqodiyası- təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar olaraq göstərilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən hüquqları qeydə alınmış yuxarıda qeyd edilmiş şəxslər Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 nömrəli qərarı ilə Xanlar Bələdiyyəsinin şəhər daxili ərazisindəki R.Nəsibov məhəlləsinin ətrafından 1.52 ha ayrılıb hər birinə 0.04 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı yolu ilə satılması qərara alınmış 38 nəfər şəxslərdəndirlər. Beləliklə, cavabdeh inzibati orqan eyni bələdiyyə qərarı ilə torpaq sahəsi almış şəxslərin mülkiyyət hüquqlarını qeydə alınaraq, torpaq sahəsinin təyinatını yaşayış məntəqələrinin torpaqları kimi göstərdiyi halda, iddiaçıya münasibətdə hüquqlarının qeydə alınmasından imtina etməsi “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-23/2024 saylı qərarının tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Göygöl (Xanlar) Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 saylı qərarı, Göygöl (Xanlar) Bələdiyyə ərazisində 0.04 ha torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” akt tərtib olunmuş və xx.xx.2007-ci il tarixli, 189 nömrəli Göygöl (Xanlar) Bələdiyyəsinin rəyi əlavə edilmişdir. Təqdim olunan sənədlər əsasında qeydiyyata alınmalı olan torpaq sahəsinə müayinə baxışı keçirilmişdir. Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən, dövlət mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmişdir. Lakin məhkəmə öz qərarında bu hala da münasibət bildirməmişdir. Dövlət mülkiyyətində olan torpaq sahələri alqı-satqı predmeti ola bilməz. Həmçinin məhkəmənin təşəbbüsü ilə mübahisənin həlli ilə əlaqədar Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi, həmçinin ekspert rəyi alınmış və həmin rəylər də iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, çoxmənzilli binaların ətrafında yerləşən, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial-ictimai məqsədlər üçün nəzərdə tutulmuş torpaq sahəsinə aid olmasına baxmayaraq, məhkəmə ekspert və mütəxəssis rəyilərini də nəzərə almamışdır. Məhkəmə göstərilən maddi hüquq normalarının tələblərini pozaraq nəzərə almamışdır ki, dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsi proseduruna riayət edilməmiş və bununla da qanunvericiliyin tələbi pozulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, hüquqların dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. İddiaçı ünvanlanmış “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə (imtina aktı) qeyd edilmiş məlumatlar Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə yaradılmış və tərtib edilmiş TEKUİS və AZCAD baza məlumatlarına əsasən verilmişdir. Lakin məhkəmə göstərilən fərmanı nəzərə almamışdır ki, bu isə qanunverciliyin pozulması kimi qiymətləndirilməli idi. Məhkəmə prosessual hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətidir. Lakin işə baxmış məhkəmə bu hala qiymət verməyərək, şəxsin qanunla qorunan maraqlarına toxunduğu halları nəzərə almadan xidməti vəzifəsinə uyğun olaraq Dövlət Xidmətini üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etməmişdir. Göründüyü kimi, hazırki iş üzrə məhkəmə ekspert rəyini nəzərə almamışdır. Məhkəmənin razılaşmaması iş üzrə qərarda əsaslandırılmamışdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. ... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. (28 noyabr 2008-ci il tarixədək olan redaksiya) “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya) ...

2. Müəyyən edilsin ki: ... 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materiallarından müəyyən edilir ki, Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə 38 nəfər vətəndaşa hər birinə 0.04 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı yolu ilə satılması məqsədəuyğun hesab edilmişdir. 04 iyul 2007-ci il tarixli “Torpaqların alğı-satqısına dair” aktı ilə Xanlar şəhəri ərazisindən Rövşən Nəsibov məhəlləsi adlanan ərazidən fərdi yaşayış evi tikdirmək üçün 0.04 ha torpaq sahəsi iddiaçıya ayrılmış, iddiaçı tərəfindən Xanlar Bələdiyyəsinin hesabına 180 manat haqq ödənilmişdir. Hazırda torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Cavabdeh orqan imtinanın əsası kimi göstərmişdir ki, torpaq sahəsinin dövlət mülkiyyətinə aid əraziyə düşməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “dövlət mülkiyyətində olan torpaq sahələrinin alqı-satqı predmeti ola bilməməsi” ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normaların mənasına və təfsirinə görə bələdiyyə orqanları tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu baxımdan iddiaçının hüquqi marağı Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 saylı qərarı əsasında ona satılmış torpaq sahəsinə hüququnun qeydə alınmasını tələb edir. Torpaq sahəsi üzərində iddiaçının hüququnu təsdiq edən həmin bələdiyyə qərarı hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən hazırkı iş üzrə cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya aid Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 saylı qərarın hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpağın Bələdiyyənin qeyd olunan qərarı öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Həmçinin kollegiya onu da bildirir ki, torpaq ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həmin dövrdə səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 189 nömrəli bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin alqı-satqısına dair rəyi verilmişdir. Qeyd etmək lazımdır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırkı iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-7212/2023 nömrəli məktuba əsasən Xanlar bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 65 saylı qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyi, bələdiyyənin aktı, torpaqların alqı-satqı aktı, Xanlar Bələdiyyəsinin arayışı, yerquruluşu planından çıxarış, ödəniş qəbzi, Xanlar şəhər ərazisinin sxematik planından çıxarış, koordinat sxemi əsasında aşağıdakı ünvanlar üzrə adları çəkilən şəxslərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır: xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən torpaq sahəsi üzərində X5 (siyahıdakı 32-ci sıradakı); xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən torpaq sahəsi üzərində X1 (siyahıdakı 9-cu sıradakı); xx.xx.2017-ci il tarixdə ünvan 7 ünvanda yerləşən torpaq sahəsi üzərində X3 (siyahıdakı 16-cı sıradakı); xx.xx.2018-ci il tarixdə ünvan 8 ünvanda yerləşən torpaq sahəsi üzərində X2 (siyahıdakı 21-ci sıradakı). Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində də hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilir. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi, hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində inzibati icraatda bərabərliyin təmin edilməsi üçün çox konkret meyarlar müəyyən edilmişdir. İnzibati orqanın eyni hallar üzrə müxtəlif qərarlar qəbul etməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən eyni statusda olan şəxslərə münasibətdə Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 65 saylı qərarı ilə bağlı fərqli yanaşmaya yol verildiyindən, cavabdehin bu hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələbinə uyğun olmamışdır. Belə olan halda qanunvericiliyin də tələbinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin imtinası əsassız olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-23/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar