Məhkəmə qərarları › İş №2-1(104)-758/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-758/2025

07.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(104)-758/2025 07.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdeh Gəncə şəhər Kəpəz Bələdiyyəsinin nümayəndəsi X1 və üçüncü şəxs Üçüncü şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Gəncə şəhər Kəpəz Bələdiyyəsinə qarşı (üçüncü şəxs Üçüncü şəxs) “qərarın və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdehlər Gəncə şəhər Kəpəz Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, ** nömrəli məktəbin yanında yerləşən 225 kv.m torpaq sahəsinə (yeni qaydalarla Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Murad Mehdiyev küçəsi 13) mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, həmin qeydiyyat və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, X2 ilə nikahlarını ##.##.2008-ci il tarixdə rəsmi qeydə aldırmaqla ailə qurmuşlar. Nikah dövründə Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, ** nömrəli məktəbin yanında yerləşən 225 kv.m torpaq sahəsi almış və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişlər. Daha sonra həmin evin təmir bərpa işlərini həyata keçirmiş, tam təmir olunmuşdur. Onun keçmiş əri X2 təkidi ilə ayrılmışlar. Onun adına etibarnamə əsasında verilmiş evi onun xəbəri olmadan başqası ilə razılaşmış, torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğuna görə Gəncə şəhər Kəpəz rayon bələdiyyəsi ilə digər şəxs arasında alğı-satqı baş tutmuş, bununla da o konstitusiyada nəzərdə tutulmuş mülkiyyət hüquqlarından məhrum olmuşdur. Hazırda isə həmin evə dair onun xəbəri olmadan Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsi tərəfindən alğı-satqı olmuş, alğı-satqı müqaviləsinə əsasən Üçüncü şəxs adına ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bu da Ərazi Idarəsi tərəfindən verilmiş çıxarışın ləğvi üçün əsasdır. Onu evsiz qoymaqla onun tikdiyi evdən qazanc əldə edirlər. Hazırda yaşadığı, idarə etdiyi və sahiblik etdiyi mübahisə predmeti olan fərdi yaşayış evini X2 ilə birlikdə birgə vəsaitləri hesabına torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini tikmişlər və həmin evi tam olaraq təmir bərpa işləri apararaq əşyalarını həmin evə daşımışlar. Artıq uzun illərdir ki, onlar həmin evdə yaşayır. O, həmin evdə yaşaya-yaşaya DƏDKR phş-nin * saylı Gəncə Ərazi Idarəsinin əməkdaşları tərəfindən gəlmiş və ölçü işləri aparılmışdır. Onlar müəyyən etməmişlər ki, torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuşdur. Halbuki, onun qanunla qorunan mülkiyyət hüquqları pozulmuş inzibati orqan bununla bağlı çıxarış verilmişdir. O, hesab edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısı düzgün həyata keçirilməmişdir. Bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi Idarəsinin iddiaya qarşı yazılı etirazı ##.##.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır. Aparılmış araşdırma zamanı iddiaçının mübahisəli daşınmaz əmlaka dair nə Ərazi Idarəsinə, nə də məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etmədiyi məlum olmuşdur. Beləliklə mübahisəli əmlak iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı X2 ilə birgə nikah dövründə əldə etməmiş və ya bu hala dair heç bir möhtəbər sübut(lar) təqdim etmədən, bilavasitə subyektiv hüquqlara malik olmadan məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirilir ki, mübahisənin əsas predmentini təşkil edən daşınmaz əmlaka dair iddiaçı İddiaçı iddiasına dair mülki işə Gəncə Şəhər Məhkəməsində baxılmış və iddianın təmin edilməməsi barədə ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnamə qəbul edilmişdir. Bildirilir ki, * saylı Gəncə Ərazi Idarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair Üçüncü şəxs adına ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış * saylı Gəncə Ərazi Idarəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslı verilmiş və həmin çıxarışın verilməsi zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Yuxarıda qeyd oluan qanuni əsaslar nəzərə alınaraq iddiaçının müraciətinin icrası mümkün olmamış və iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli, ************ nömrəli cavab məktubu ünvanlanmışdır. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Gəncə şəhər Kəpəz Bələdiyyəsinin ## ###### 2023-cü il tarixli, ** nömrəli qərarının ləğv edilməsi öhdəliyinin cavabdeh Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzərinə, torpaq sahəsinə dair ## ####### 2023cü il tarixli, ********** qeydiyyat nömrəli və ## ###### 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli qeydiyyatların ləğv edilməsi öhdəliyinin isə Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi Idarəsinin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakim L.Əliyeva) iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 hüquq varisi kimi tanınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Gəncə şəhər Kəpəz Bələdiyyəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Iş materiallarında olan: -## ###### 2021-ci il tarixli aktın surətindən görünür ki, X2 şəhəri, Quşçuluq fabriki ərazisində yerləşən 225 kv/m torpaq sahəsini və orada tikiləcək evi etibarnamə ilə ünvan 3 ünvanında qeydiyyatda olan X6 22.000 manata satmışdır.19.000 manat vəsaiti X2 ödənilmiş, 3.000 manat isə torpaq sahəsi və evin boşaldılaraq təhvil verilməsindən sonra ödəniləcəyi ilə bağlı razılıq əldə olunmuşdur. -X6 tərəfindən Gəncə şəhər Kəpəz Bələdiyyəsinə ünvanlanan ##.##.2022-ci il tarixli ərizədən görünür ki, o, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən istifadəsində olan yaşayış evinin yerləşdiyi 0.025 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi üçün bələdiyyə tərəfindən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. -Reyestrdə 8I-9051 nömrə ilə qeyd edilmiş ##.##.2023-cü il tarixli, ************* nömrəli ərizədən görünür ki, X6 şəhəri, Cavadxan qəsəbəsi, Murad Mehdiyev küçəsi 13 ünvanında yerləşən 212 kv.m torpaq sahəsinin Üçüncü şəxs adına keçməsinə etiraz etmədiyini bildirmişdir. -##.##.2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0212 ha olan torpaq sahəsi Gəncə şəhəri Kəpəz Bələdiyyəsi (satıcı ) tərəfindən Üçüncü şəxs (alıcı) satmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2023-cü il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Yeni qaydalarla AZ 2005, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Murad Mehdiyev küçəsi 13 ünvanında yerləşən ümumi sahəsi 0,0212 ha olan torpaq sahəsi üzərində Üçüncü şəxs mülkiyyət hüquqları qeydə alınmışdır. -Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qiyabi qətnaməsi tamami ilə ləğv edilmiş, yeni qətnamə çıxarılmış, İddiaçı X2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə Üçüncü şəxs iddiası təmin edilərək, İddiaçı Üçüncü şəxs məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Murad Mehdiyev küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evindən çıxarılması qərara alınmışdır. -Gəncə Apellyasiya Məhəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Avropa Məhkəməsi “X8rşı” ## ###### 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3, 5.1, 6.1 və 6.2-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Göründüyü kimi, məhkəmələr iddianın mümkünlük şərtlərini yoxlayarkən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını müəyyən etməlidir. Iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Göygöl Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh X2 qarşı iddiası üzrə birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi üzərində tikinti aparmaq üçün xərclənmiş 26760 manat pulun ½ hissəsi, yəni 13380 manat pulun cavabdeh X2 alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra, ## ###### 2021-ci il tarixli akta əsasən, X2 şəhəri, Quşçuluq fabriki ərazisində yerləşən 225 kv/m torpaq sahəsini və orada tikiləcək evi etibarnamə ilə X6. X6 şəhər Kəpəz Bələdiyyəsinə müraciət edərək, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən istifadəsində olan yaşayış evinin yerləşdiyi 0.025 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi üçün bələdiyyə tərəfindən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, həmin torpaq sahəsi üzərində Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin mülkiyyət hüquqları qeydə alınaraq, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2023-cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Daha sonra, X6 notarial qaydada ərizə təqdim edərək, sözügedən torpaq sahəsinin Üçüncü şəxs adına keçməsinə etiraz etmədiyini bildirmişdir. Gəncə şəhər Kəpəz Bələdiyyəsinin ##.##.2023-cü il tarixli, ** saylı iclas protokolundan çıxarışa əsasən, qeyd olunan torpaq sahəsinin Üçüncü şəxs satılması qərara alınmış və ##.##.2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, 0,0212 ha olan torpaq sahəsi Üçüncü şəxs satmışdır. Bundan sonra, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Murad Mehdiyev küçəsi 13 ünvanında yerləşən ümumi sahəsi 0,0212 ha olan torpaq sahəsi üzərində Üçüncü şəxs mülkiyyət hüquqları qeydə alınaraq bununla bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2023-cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Həmçinin müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qiyabi qətnaməsinə əsasən, İddiaçı Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, ** nömrəli məktəbin yanında yerləşən 225 kv/m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilsə də, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə tamamilə ləğv edilmiş, yeni qətnamə çıxarılaraq İddiaçı X2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Digər tərəfdən, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə Üçüncü şəxs iddiası təmin edilərək, İddiaçı Üçüncü şəxs məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Murad Mehdiyev küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evindən çıxarılması qərara alınmış, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə təmin edilməyərək dəyişdirilmədən saxlanılmışıdır. Hazırki iddia tələbində iddiaçı sözügedən torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə əldə edildiyini bildirərək, həmin əmlakların qanunsuz yolla satıldığını və üçüncü şəxsin mülkiyyətinə verildiyini, bu səbəbdən də müvafiq bələdiyyə qərarının və reyestr qeydlərinin ləğv olunmasını tələb etmişdir. Əvvəla qeyd edilməlidir ki, Göygöl Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi üzərində tikinti aparmaq üçün xərclənmiş 26760 manat pulun ½ hissəsi, yəni 13380 manat pulun cavabdeh X2 alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətində iddiaçı həmin pulun keçmiş əri tərəfindən ona verilmədiyini bildirmiş, bu səbəbdən də onun əmlaka dair qanuni marağının davam etdiyini iddia etmişdir. Iddiaçının həmin mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsində qeyd olunan məbləğ məhz onun birgə nikah dövründə əldə olunan torpaq sahəsində inşa edilmiş tikiliyə çəkdiyi xərcin müqabilində müəyyən edilmişdir. Həmin məbləğin keçmiş əri tərəfindən iddiaçıya ödənilməməsi onun həmin əmlaka dair hər hansı formada hüququnun olmasını ehtiva etmir. Belə ki, X2 tərəfindən həmin məbləğin iddiaçıya verilməməsi halında iddiaçının icra orqanından Göygöl Rayon Məhkəməsinin həmin qətnaməsinin icra edilməsini tələb etmək hüququ var. Həmçinin qeyd edilməlidir ki, iddiaçı Gəncə Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qiyabi qətnaməsinə əsasən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsinin qət edildiyinə əsaslanaraq onun həmin əmlakla faktiki və hüquqi bağının olduğunu iddia etsə də, nəzərə almamışdır ki, həmin qətnamə yuxarı məhkəmə instansiyası tərəfindən ləğv edilərək, yekunda iddia tələbi təmin edilməmişdir. Bu da onun həmin qətnaməyə istinad edərək torpaq sahəsinin və fərdi yaşayış evinin qanunsuz yolla Üçüncü şəxs mülkiyyətinə verilməsi barədə arqumentlərinin əsaslı olmadığını təsdiq edir. Belə ki, qeyd edilən mülki mübahisə üzrə qəbul edilmiş yuxarı instansiya məhkəməsinin qətnamələri ilə də iddiaçının mübahisəli əmlakla bağlı hər hansı hüquqlarının olmadığı müəyyən edilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə dair üçüncü şəxsin adına aparılmış reyestr qeydini mübahisələndirmək üçün həmin torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkətləri nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Hazırki işdə isə iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Belə ki, hüquqmüəyyənedici sənəd dedikdə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. Həmin əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Məhz həmin sənədlərə malik şəxslər daşınmaz əmlaka hüquq sahibi sayıla bilərlər. Göründüyü kimi, hazırda mübahisə predmeti olan daşınmaz əmlaka dair iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı halda müvafiq iddianı qaldırmaqla bağlı subyektiv hüquqa malik olmamışdır. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli Qərarı). Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. Yəni, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin mümkünlük şərtləri yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar