Məhkəmə qərarları › İş №2-1(104)-76/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-76/2025

12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-76/2025 12.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1089/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1089/2022 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək vəziyyətinin ədalətli qiymətləndirilməsini və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasına ərizə təqdim edərək, iddia tələbinə dəqiqləşmə edərək onun İİ qrup əlillik dərəcəsinin müəyyən edilərək ona müddətsiz əlilliyin təyin edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2-1(104)-87/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı onun İİ qrup əlillik dərəcəsinin müəyyən edilərək ona müddətsiz əlilliyin təyin edilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-87/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: R.Z.Mamedov, hakimlər: A.V.İsgəndərova və A.V.Bayramov) apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1089/2022 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı 2021-ci ilin noyabr ayından müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-87/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-513/2024 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)- 87/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız sayılması, ona əmək qabiliyyətinin 80 faiz itirilməsinin müəyyən edilməsi və müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edərkən 06 avqust 1992-ci il tarixdə ağır güllə yarası almışdır. Güllə onun sifətini deşərək keçmiş və çənə sümüyünü sındırmışdır. Eyni zamanda xx.xx.1992-ci il tarixdə sağ diz nahiyyəsindən güllə yarası almağı nəticəsində əsəb damarları zədələnmiş, diz qapağının fəaliyyətini itirmişdir. 1992-ci ilin may ayından hal-hazıra qədər həm 2-ci, həm də 3-cü dərəcəli Qarabağ müharibəsi əlili kimi ona qrup təyin edilmişdir. 1992-cü ildə hər iki ayağından yaralanmışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilat tərəfindən ona əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. İmtina qərarını ona 19 yanvar 2022-ci il tarixdə verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, verilmiş diaqnoz əlillik dərəcəsi təyin etmir. Hesab edir ki, cavabdehin verdiyi imtina əsassız və qanunsuzdur, ona görə də imtina əsassız sayılmalı və cavabdehin üzərinə əlillik dərəcəsi verilməsi vəzifəsi qoyulmalı və əmək qabiliyətinin 80 faiz itirilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən müayinə olunarkən aşağıdakı diaqnoz qoyulmuşdur: Sol yanaqda çapıq, posttravmatik güllə yarasından sonra üst mərkəzi dişlər nahiyyəsində sol tərəfə alveolyar çıxıntı qüsuru, ikincili hissəvi adentiya ortopedik müalicədən sonrakı vəziyyət, samotik mənşəli asteno-nevrotik hal. Eyni zamanda Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs X1 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışda ona aşağıdakı diaqnoz qoyulmuşdur: VV32, S82, M 84.0, M 19.2, M 24,5, M 21.3, G 57, R 52.0, R 26.8. Həmin kodlar müddətsiz üçüncü dərəcəli əlillik təyin edilməsi üçün əsasdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edərkən 06 avqust 1992-ci il tarixdə ağır güllə yarası almışdır. Güllə onun sifətini deşərək keçmiş və çənə sümüyünü sındırmışdır. Eyni zamanda xx.xx.1992-ci il tarixdə sağ diz nahiyyəsindən güllə yarası almağı nəticəsində əsəb damarları zədələnmiş, diz qapağının fəaliyyətini itirmişdir. Daha sonra topuğundan güllə yarası alaraq ümumilikdə 3 dəfə ağır güllə yarası almışdır. Bunların hamsını sübut edən orginal nüsxə sənədləri mövcuddur. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilat tərəfindən ona əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. İmtina qərarı ona 19 yanvar 2022-ci il tarixdə verilmişdir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi həmin halları nəzərə almamılşdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, eləcə də kassasiya instansiyasının göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, həmin şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmışdır ki, 20 iyun 2022-ci il tarixli, T 244/2022 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan “Şəmkir rayon mərkəzi xəstəxanası” PHŞ-in 0346003AAQ9G nömrəli göndərişlə göndərilmiş 088 nömrəli qeyd edilən “yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyridüzgün bitişmiş sınığı, diz oynağının İİİ dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü konstrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin İV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funkiyası pozulması, digər ikincili artroz, baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sümük sınığının pis bitişməsi” diqanozu stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental və funksional diaqnostik müayinələrin nəticələri əsasında təyin edilmiş, xəstəliyin dinamikasına uyğun seçilmiş müalicə tədbirləri əsasında onların səmərəliliyi, klinik proqnozu qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyralarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan TSEK-də müayinə aktları çıxarışlarından görünür ki, iddiaçıya xx.xx.1993-cü il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” bir il müddətinə (xx.xx.1994-cü il tarixinədək) üçüncü dərəcə əlillik, xx.xx.2006-cı ildən xx.xx.2016-cı il tarixədək hər dəfə bir il müddətə artırılmaqla ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçının müraciətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Sağ diz oynağının güllə yaralanmasından sonra artrozu sağ incik siniri zədələnməsi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.12” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan cavabdeh orqanın imtina məktubundan görünür ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0346003AAQ9G saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => V01- X59 - Bədbəxt hadisələr => W00-X59 - Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət sağ qamış sümüyünün laterial bitişmiş oynaqdaxili sınığı sağ incik sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı diz oynağının İİİ dərəcəli deformasiyaedici artrozu sağ diz oynağınin bükücü kontrakturası Sağ incik sinirinin travmatik neyropatiyasi Sağ pəncənin sallanmasi Sol pəncənin İV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı ağrı sindromu yeriş funksiyası pozulması. Digər ikincili artroz. Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı,.Sümük sınığının pis bitişməsi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli, 1042 nömrəli ekspert rəyindən görünür ki, 1971-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəylərinə və iş materiallarına əsaslanaraq qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: vətəndaş İddiaçı “Şəmkir rayon Mərkəzi xəstəxanası”nda xx.xx.2021-ci il tarixdə müayinə zamanı “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çapılı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı, diz oynağının İİİ dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü kontrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin İV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funksiyası pozulması, digər ikincili artroz, baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sümük sınığının pis bitişməsi” müəyyən edilmişdir. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmətibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(104)-76/2025 saylı qərardadı əsasında əldə edilmiş, Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin T 551/2025 nömrəli ekspert rəyindən görünür ki, 1971-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi zamanı “X2: XX sinif-xəstələnmənin və ölümün xarici səbəbləri => V01- X59- bədbəxt hadisələr => W00-X59-əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyridüzgün bitişmiş sınığı, diz oynağının İİİ dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü kontrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin İV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funksiyasının pozulması, digər ikincili artroz, baldır sümüklərinin, aşıqbaldır oynağı da daxil olmaqla sınığı, sümük sınığının pis bitişməsi” kimi qeyd edilsə də, diaqnoz əlillik təyinatına əsas verməmişdir. xx.xx.2025-ci il tarixdə şəxsin əyani müayinəsi zamanı üst dodaq, sol yanaq, sağ baldırın yuxarı ‘A-də çapıqlar izlənilmiş, hərəkətləri sərbəst olmuş, sallanan pəncə, atrofıya, parez aşkar edilməmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nm hər- hansı bir bəndinə aid etmək mümkün olmadı. -Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmiş və xx.xx.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “XBT 10 üzrə kod: W33.4, Y36.2, S82, M17.1, M24.5, G57.0, R52.2, R26.8-Odlu silah yaralanması (Hərbi). Sağ qamış sümüyünün qeyri düzgün bitişmiş kondilus sınığı. Sağ incik sümüyünün başının qeyri düzgün bitişmiş sınığı. Sağ diz oynağının qonartrozu. Sağ diz oynağının kontrakturası (açma 165, bükmə 110°). Sağ aşağı ətrafın posttravmatik neyropatiyası. Sağ pəncənin sallanması. Sol pəncənin İV daraq sümüyünün qeyri- düzgün bitişmiş sınığı. Daimi ağrı sindromu. Yeriş funksiyasının pozulması” diaqnozu qoyulmuşdur. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə müalicəyə cəlb edilə bilər. İşin məhkəmə iclasında müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçıya xx.xx.1993-cü il tarixdən başlayaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” bir il müddətinə olmaqla xx.xx.2014-cü il tarixinədək üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə bir il müddətinə olmaqla ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra bir il müddətinə yenidən xx.xx.2016-cı il tarixinədək ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixli beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir. xx.xx.2021-ci il tarixdə isə “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyini əsas götürən kollegiya qeyd edir ki, TSEK-ə sonuncu xx.xx.2021-ci il tarixli göndəriş zamanı əsas diaqnoz – XBT 10 W33-yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı, diz oynağının İİİ dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü konstrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin İV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funkiyası pozulması”, Ağırlaşmaları: M19.2 “Digər ikincili artroz”, S82 “Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı”, M24.5 “Oynaqların kontrakturası, güllə yaralanmasından sonrakı vəziyyət sağ qamış sümüyünün laterial bitişmiş oynaqdaxili sınığı sağ incik sümüyünün başının qeyri düzgün bitişmiş sınığı diz oynağının İİİ dərəcəli deformasiya edici artrozu sağ diz oynağının bükücü kontrurakturası sağ incik sinirinin travmatik neyropatiyası sağ pəncənin sallanması sol pəncənin İV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funkiyası pozulması”, M84.0 “ Sümük sınığının pis bitişməsi”, M21.3 “Əlin və ya pəncənin sallanması (qazanılma), yanaşı xəstəliklər R52.0 “ Kəskin ağrı”, R26.8 “Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları”, G57 “Aşağı ətrafın mononevropatiyaları” qeyd edilmişdir. Kollegiya qeyd edir ki, “01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4-cü bəndində tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi halları göstərilmişdir. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Qeyd etmək lazımdır ki, işdə olan materiallardan iddiaçıya fasiləsiz olaraq 10 il ikinci dərəcə əlillik təyin edilməsi müəyyən edilmir. Sonuncu göndərişdə əksini tapan diaqnozların da (əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər) Əsasnamənin 2.4-cü bəndində ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi hallarına aid olmadığı görünür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Həmin Qanunun 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1 bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydaların 1.2 bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1 bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydaların 2.2 bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3 bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4 bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 2.9 bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Həmin Qaydaların 3.7 bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.1 bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Əsasnamənin 3.1 bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: Həmin Əsasnamənin 3.1.1 bəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; Həmin Əsasnamənin 3.1.2 bəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Həmin Əsasnamənin 3.1.3 bəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Əsasnamənin 3.2 bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.12-ci bəndinə əsasən, hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirmə meyarları üzrə – iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinin mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə kollegiya tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert rəyi ilə İddiaçı diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndinə aid etməyin mümkün olmadığı müəyyən edilmişdir. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1089/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar