Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-760/2025 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3343/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:
1. İddiaçı MMC 2023-cü ilin 2- ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarında 902-ci “Gəlirlər" sətirinin 1-ci ayı üzrə göstərilmiş 12.843,37 manat əmək haqqı məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 54 nəfər işçi üzrə 23.708,00 manat əmək haqqı məbləğindən 10.864,63 manat az, 2-ci ayı üzrə göstərilmiş 6.426,76 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 27 nəfər işçi üzrə 13.458,00 manat əmək haqqı məbləğindən 7.031,24 manat az və 3-cü ayı üzrə göstərilmiş 5.648,34 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 21 nəfər işçi üzrə 11.058,00 manat əmək haqqı məbləğindən 5.409,66 manat az əks etdirildiyi müəyyən edilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərarı əsasında İddiaçı MMC-yə 2023-cü ilin 2-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi üzrə 6.991,63 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır.
İşdə olan sənədlər:
3. İddiaçı MMC-yə xx.xx.2010-cu il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır.
4. İddiaçı MMC-nin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 164 kv.m olan "Restoran" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-15001), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 3530.2 kv.m. olan "X6 Kompleksi" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********- 36001), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 21703 kv.m olan "Aqroparka Yeməkxana" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********- 36002) və ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 70 kv.m olan "Aqromarket" adlı təsərrüfal subyektinin (obyektinin) (obyektin kodu: **********-36003) uçotda olduğu müəyyən edilmişdir.
5. “X6 Kompleksi" MMC tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, **********883800 nömrəli uyğunsuzluq məktubuna əsasən 2023-cü ilin İİ rübü üzrə tərəflərindən təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamədə Əmək və Əhalinin Sosial Sosial Müdafiəsi Nazirliyinin bazasında olan əmək müqaviləsi bildirişləri üzrə qeyd olunan məbləğlərlə müqayisədə kənarlaşma olduğu qeyd edilmişdir. Uyğunsuzluq məktubunda qeyd etdikləri kənarlaşmanın əsas səbəbi müəssisənin fəaliyyətinin məhdudluğu ilə bağlı işçilərin faktiki iş günlərinin az olması və bu səbəbdən onlara hesablanmış əmək haqqı məbləğlərinin də aşağı olması ilə bağlıdır. Misal olaraq əmək müqaviləsi ilə işə qəbul olunmuş Fasih Gholamrezanın əmək müqaviləsi bugünədək aktiv qalsa da, onun iş icazəsi 2021-ci ilin sonundan bitdiyi üçün ona heç bir əmək haqqı və əmək haqqından olan sosial ayırmalar hesablanmır. Tərəflərindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş bəyannamədə qeyd olunan işçi sayı və əmək haqqı məbləği müəssisənin faktiki fəaliyyəti üzrə göstəriciləridir.
6. “X6 Kompleksi" MMC tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 2024-cü ilin 3-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamədə aşkarlanmış uyğunsuzluqla bağlı ünvanlanmış 3-21-2-20/2-34578/2024 saylı müraciətlərinə cavab olaraq bildirilir ki, tərəflərindən təqdim edilmiş bəyannamədə dövr ərzində işə qəbul olunmuş işçilər və onların işləmədiyi iş günlərinin səbəbləri barədə məlumatlar tam şəkildə qeyd olunmuşdur. Kəlbəcər-İstisu yolunun çəkilişində iştirak məqsədi ilə cəmiyyətləri ilə bağlanmış icarə müqaviləsi əsasında texnikaların icarəyə verilməsi nəzərdə tutulmuşdur. Ancaq işğaldan azad olunmuş ərazilərə giriş-çıxışın məhdudluğu səbəbindən işçilərin iş yerinə getməsi üçün icazənin alınması tələb olunurdu. İcazənin alınması üçün isə ilk öncə işçilərlə əmək müqaviləsi bağlanmalı idi. Bu səbəbdən həmin ərazidə işə cəlb olunacaq işçilərlə vaxtamuzd şəkildə əmək müqaviləsi bağlanmış və icazənin alınması üçün müvafiq quruma sənədlər göndərilmişdir. Uzun sürən prosesdən sonra buraxılış icazəsinin alına bilmədiyi üçün işçilərlə bağlanmış əmək müqavilələri də xitam olunmuşdur. İşçilərlə bağlanmış əmək müqaviləsinə nəzər yetirilsə faktiki iş ünvanının "Kəlbəcər rayonu" olduğu bir daha məlum olacaqdır. Eyni zamanda müvafiq icazələr alınmadığı üçün həmin işçilər üçün əmək haqqı hesablarının açılması üçün banklara müraciət edilməmiş və hər hansı bir ödəniş aparılmamışdır. Bundan əlavə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış işçilər üzrə portal tərəfindən 1 ay üçün əmək haqqı məbləği hesablanır və ya ay ortası işə qəbul olmuş və ya xitam olmuş işçilərə də portalda olan aylıq əmək haqqı məbləğinin tam şəkildə hesablanması kənarlaşma məbləğinin süni şəkildə artımına gətirib çıxarır. Eyni zamanda müəssisənin istehsal sahəsinə tələb olunan mühəndis heyətinin ölkədə olmadığını nəzərə alaraq xaricdən cəlb edəyəci mütəxəssisə isə iş icazəsi və yaşamaq üçün icazənin verilməsinə imtina edildiyindən cəmiyyətin istehsal sahəsi də fəaliyyətsiz qalmışdır. Ümumiyyətlə, qeyd olunan dövrdə 2 nəfər işçi işə cəlb olunmuş və bu da təqdim edilmiş bəyannamədə öz əksini tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq 2024-cü ilin 3-cü rübü üzrə 18 noyabr 2024-cü il tarixdə təqdim edilmiş dəqiqləşmiş bəyannaməsinin nəzərə alınmasını xahiş etmişdir.
7. 14 saylı Ərazi Vergilər İdarəsinin “Təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-34578/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə təqdim etdiyi bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması aşağıda göstərilən səbəbdən (səbəblərdən) mümkün olmamışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 1-ci ayı üzrə göstərilmiş ******* manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 5200.00 manat gəlir məbləğindən 3800.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 2-ci ayı üzrə göstərilmiş 1400.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 8700.00 manat gəlir məbləğindən 7300.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 3-cü ayı üzrə göstərilmiş 1400.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 3450.00 manat gəlir məbləğindən 2050.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 1-ci ayı üzrə göstərilmiş 1400.00 manat gəlirin məbləği, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 5200.00 manat gəlir məbləğindən 3800.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)nda” 902-ci “Gəlirlər” sətrinin 2-ci ayı üzrə göstərilmiş 1400.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 8700.00 manat gəlir məbləğindən 7300.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, isşizlikdən sığorta bə icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 3-cü ayı üzrə göstərilmiş 1400.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 3450.00 manat gəlir məbləğindən 2050.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyi tələb olunur. Həmin dövr üçün dəqiqləşdirilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat) bəyannaməsi. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məəlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83- cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərini yenidən hesablamaq hüququ vardır.
8. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-O-xxxx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil oldugu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil oldugu tarixdən 30 iş günü müddətində keçirilir. Bununla əlaqədar olaraq, təqdim edilmiş müvafiq bəyannamədə qeyd edilən müddət ərzində kameral vergi yoxlaması keçiriləcək və kameral vergi yoxlamasının nəticəsi üzrə Vergi Məcəlləsinin tələblərinə uyğun qanunamüvafiq tədbirlər görüləcəkdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər.
Birinci instansiya məhkəməsində birinci icraat:
9. İddiaçı MMC cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” xx.xx.2023-cü il tarixli, **********954600 nömrəli qərarın ləğv edilməsi və onun vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli İddiaçı MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” xx.xx.2023-cü il tarixli, **********954600 nömrəli qərar qəbul etmişdir. Qərara əsasən 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən aparılan kameral yoxlama nəticəsində müəssisənin Vergi Xidmətinə təqdim etdiyi bəyannamə üzrə hesablanmış 7.475,57 manat sosial sığorta və işsizlik sığortası əvəzinə, Vergi Xidməti 14.467,2 manat, yəni 6.991,63 manat əlavə hesablama etmişdir. İddiaçı tərəfindən dəfələrlə müraciət edilməyinə baxmayaraq hər hansı bir əsas olmadan hesablanmış artıq 6.991,63 manatın ləğv edilməsi həyata keçirilməmişdir. Vergi orqanının sistemdə olan işçiləri əsas götürərək sistemdən çıxarış əsasında hamıya hesablama aparması tamamilə yanlışdır. Sistemdə muzdlu müqavilə olsa da, 2-ci rübdən bir çox işçi öz hesabına məzuniyyətdə olub. Bir qisim işçi isə xəstəliyə görə hətta oktyabr ayına kimi müalicədə olduğundan nə işə gəlməyi, nə də tibb arayışı təqdim etmədiyinə görə heç bir hesablama aparılmayıb. Nəticədə həmin işçilər tutduğu vəzifəsindən azad edilərək əmək müqavilələrinə xitam verilib. Buna görə də, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən hesablama hərəkətləri qanunsuz hesab edilərək, tərtib edilmiş xx.xx.2023-cü il tarixli, **********954600 saylı qərar ləğv edilməli, artıq hesablanmış 6.991,63 manat şəxsi hesab vərəqəsindən silinməlidir.
11. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2024-cü il tarixli, **********732700 nömrəli etiraz onunla əsaslandırılmışdır ki, “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 20 sentyabr 2023-cü il tarixli, **********954600 nömrəli qərar iddiaçının elektron qutusuna göndərilmiş, elektron qutuda isə müvafiq olaraq 21 sentyabr 2023-cü il tarixdə, saat 15:11-də oxunmuş və qərardan şikayət vermə müddətini ötürmüşdür. İddiaçı 2023-cü ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarında 902-ci “Gəlirlər" sətirinin 1-ci ayı üzrə göstərilmiş 12.843,37 manat əmək haqqı məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 54 nəfər işçi üzrə 23.708,00 manat əmək haqqı məbləğindən 10.864,63 manat az, 2-ci ayı üzrə göstərilmiş 6.426,76 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 27 nəfər işçi üzrə 13.458,00 manat əmək haqqı məbləğindən 7.031,24 manat az və 3-cü ayı üzrə göstərilmiş 5.648,34 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 21 nəfər işçi üzrə 11.058,00 manat əmək haqqı məbləğindən 5.409,66 manat az əks etdirildiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar İddiaçı MMC-yə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********719300 saylı məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən kənarlaşmaların səbəbi barədə müvafiq izahat, uyğunsuzluq məktubunda qeyd olunan sənədlər və dəqiqləşdirilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməsi müəyyən edilmiş müddətdə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin 2-ci rübü üzrə ümumilikdə 6.991,63 manat əlavə MDSS, işsizlik və İTS məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********954600 saylı qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1099/2024 nömrəli qərardadı (hakim G.Əliyeva) ilə iddia mümkün sayılmamışdır.
13. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli, **********954600 nömrəli qərar iddiaçı ilə vergi orqanı arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” müqaviləyə uyğun olaraq xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 15:11-də oxunmuşdur. İddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüş və ötürmədiyini iddia edərək, müddətin bərpasına dair ərizə verməmişdir.
14. İddiaçı tərəf qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1099/2024 nömrəli qərardadının ləğv olunaraq iddia tələbinin mümkün hesab olunmaqla mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-410/2024 nömrəli qərardadı (Hakimlər A.Bayramov (sədrlik edən və məruzəçi), R.Mamedov və A.İsgəndərova) ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1099/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. İddiaçı tərəf qərardadın dəlilləri ilə razılaşmayaraq kassasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1099/2024 nömrəli qərardadının ləğv olunaraq iddia tələbinin mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat:
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(102)-2548/2024 nömrəli qərarı (Hakimlər Z.Quliyev (məruzəçi), N.Rəsulbəyova və K.Bədəlov) ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-410/2024 nömrəli qərardadı ləğv edilərək işə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(104)-140/2025 nömrəli qərardadı (Hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və R.Məcidov) ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1099/2024 nömrəli qərardadı ləğv edilmiş və iş materiallarının mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində ikinci icraat:
19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3343/2025 nömrəli qərarı (hakim G.Əliyeva) ilə iddia təmin edilmişdir.
20. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddəsinə görə, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edildiyinə görə ödənilməyən əmək haqqına görə məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının hesablanması əsassız sayılmalıdır. Digər tərəfdən, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına görə, cavabdeh vergi orqanı iddiaçı Cəmiyyət tərəfindən təqdim edilmiş 2023-cü ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarını deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş məlumatları əsas götürmüş, yəni iddiaçının istinad etdiyi halları – faktiki işə cəlb olunan işçilərə cəlb olunduqları günlərə görə ödənilmiş əmək haqqına münasibətdə hesablanmış MDSS, İTS və işsizlikdən sığorta haqlarının məbləği ilə razılaşmamışdır. Lakin eyni hal üzrə iddiaçı Cəmiyyətin təqdim etdiyi 2023-cü ilin 4-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarını qəbul etmişdir. Cavabdeh vergi orqanı tərəfindən eyni mühüm faktiki hallara dair rüblər üzrə müxtəlif qərarlar qəbul edilmiş və fərqli yanaşmanın səbəbləri əsaslandırılmamış, o cümlədən “ağlabat mütənasiblik” meyarına uyğunluğuna dair dəlillər gətirilməmişdir ki, bu da inzibati icraat haqqında qanunvericiliyin tələblərinə ziddir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
21. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3343/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, mübahisələndirilən qərar elektron sistemdə görünsə də, elektron imza ilə imzalanmamışdır və həmin sənəd elektron sənəd hesab edilməməlidir. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisələndirilən qərar elektron sistemdə “Gələnlər” qutusunda mövcud olmuş, həmin sənəd iddiaçı tərəfindən oxunmuşdur.
Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
27. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.5. Gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. 22.1. Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir. 22.2. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. 22.3. Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur. 24.4. Eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin hər biri müstəqildir və bərabər hüquqi qüvvəyə malikdir. Bu halda kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayılmır.
28. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtləri (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
31. Hazırda iddiaçı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” xx.xx.2023-cü il tarixli, **********954600 nömrəli qərarının ləğv olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən tələb “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddəsinə istinad olunmaqla, həmçinin cavabdeh vergi orqanı tərəfindən iddiaçı cəmiyyətin təqdim etdiyi 2023-cü ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatları deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş məlumatların əsas götürülməklə MDSS, İTS və işsizlikdən sığorta haqları hesablanmasının əsassız olması səbəbi ilə təmin edilmiş, apellyasiya şikayətində iddia tələbinin rədd edilməsi xahiş olunmuş, mümkünlük şərtləri mübahisələndirilmişdir.
32. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
33. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, tərəflər arasındakı mübahisənin publik hüquq münasibətlərindən irəli gələn mübahisə olması kimi ümumi mümkünlük şərtləri ilə yanaşı iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə də riayət edilib-edilməməsi yoxlanılmalıdır. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (Qərarın 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri).
35. Hazırki qərarın 25-ci bəndində qeyd olunanlardan göründüyü kimi, qanunvericilik inzibati akt barədə məlumat verilməsinin təqdim edilməsinin bir üsulu kimi elektron üsulu təsbit etmişdir. “Elektron üsulla göndərmək” ifadəsi hüquqi və texniki kontekstdə sənədin və ya məlumatın ənənəvi kağız daşıyıcıdan fərqli olaraq elektron kommunikasiya vasitələri ilə qarşı tərəfə çatdırılmasını nəzərdə tutur və bu bir neçə formada təzahür edə bilər: sənədin elektron fayl (məsələn, skan edilmiş nüsxə və s.) şəklində rəsmi e-poçt ünvanına ötürülməsi, elektron sənəd dövriyyəsi sistemləri vasitəsilə sənədin göndərilməsi və digər elektron rabitə vasitələrindən istifadə edilməsi (rəsmi mobil tətbiq, avtomatlaşdırılmış mesajlaşma sistemi, elektron inteqrasiya platformaları və s.).
36. Hazırkı iş üzrə cavabdeh iddiaçıya mübahisələndirilən qərarları X1 Sistemi vasitəsi ilə göndərmişdir ki, onun alt sistemi olan “Onlayn kargüzarlıq” sistemi vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən sistemdir, iddiaçının nümayəndəsi də izahatında sənədin elektron sistemdə mövcud olduğunu, lakin elektron imza ilə imzalanmadığını bildirmişdir.
37. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.2-ci maddəsinə əsasən tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən isə Alan bu hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.
38. İddia müddəti axımının başlanılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci və Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən, elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərarı iddiaçı ilə vergi orqanı arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqaviləyə uyğun olaraq xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 15:11-də oxunmuş, məhkəməyə isə xx.xx.2023-cü il tarixində müraciət edilmişdir.
39. İddiaçı Cəmiyyət ilə cavabdeh vergi orqanı arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqavilədə aşağdakılar təsbit olunmuşdur: 2.5. Tərəflər müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədin kağız (və ya yazılı şəkildə digər məlumat daşıyıcısı) üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edirlər. 2.7. Vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. 4.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri var: 4.1.7. Vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq)tanış olmaq və lazımi tədbirlər görmək.
40. Belə olan halda, iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt - xx.xx.2023cü il tarixli **********954600 nömrəli qərar üzrə iddia müddəti ötürüldüyündən iddia mümkün sayılmamalıdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
41. Odur ki, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3343/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov