Məhkəmə qərarları › İş №2-1(104)-761/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-761/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-761/2023 16.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “Müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-1880/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 018860 nömrəli müharibə veteranı vəsiqəsindən görünür ki, iddiaçıya xx.xx.1996-cı il tarixdə müharibə veteranı statusu verilmişdir. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya əvvəlki illər üçün sosial müavinətin ödənilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, müharibə veteranları üçün nəzərədə tutulmuş sosial müavinətin xx.xx.1996-cı il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.1996-cı il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş, həmin tarixdən başlayaraq ona aylıq müavinət verilmiş, lakin həmin tarixdən əvvəlki 3 il sosial müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinə cavab verməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1880/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.1996-cı il tarixdə verilmişdir və həmin dövrdə müharibə veteranları üçün kommunal, nəqliyyat və digər xidmətlər üzrə müvafiq güzəştlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanı ilə Fərmanın adında qeyd olunan güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə müvafiq məbləğdə aylıq müavinət müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının müharibə veteranı vəsiqəsi əldə etdiyi zaman o, kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştləri əldə etmək hüququ qazanmışdır. Həmçinin qeyd etmişdir ki, müvafiq kateqoriyadan olan müavinətlərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi qaydası "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuşdur, sözügedən Qanun isə 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və həmin tarixdən sonra yaranmış münasibətlərə şamil olunur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1991-1992-ci illərdə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üçün müharibə veteranlarına güzəştlər tətbiq olunmuşdur və Azərbaycan Respublikasının Prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanı ilə Fərmanın adında qeyd olunan güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə müvafiq məbləğdə aylıq müavinət müəyyən edilmişdir. Sonda məhkəmə qərarını onunla əsaslandırmışdır ki, göründüyü kimi iddiaçının müharibə veteranı vəsiqəsi əldə etdiyi zaman o, kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştləri əldə etmək hüququ qazanmışdır. Həmçinin qeyd etmişdir ki, müvafiq kateqoriyadan olan müavinətlərin ən çoxu müraciət etməzdən əvvəlki üç il üçün ödənilməsi qaydası Sosial müavinətlər haqqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuşdur, sözügedən Qanun isə 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və həmin tarixdən sonra yaranmış münasibətlərə şamil olunur." b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, İddiaçı apellyasiya şikayətinin təmin olunmaması və Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "Veteranlar haqqında" Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 4-cü bəndinə əsasən (AR NK-nin 18 iyul 2006-cı il tarixli 174 nömrəli Qərarı ilə əlavə edilib), veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti "prezident təqaüdündən" fərqləndirmək vacibdir. Belə ki, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Sözü gedən Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün həmin Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən "ən çoxu müraciət edilməzdən əvvəlki 3 il (üç il) üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir" bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin "müraciətdən əvvəlki 3 il üçün ödənilməsi" sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Bu səbəblə, iddiaçının əvvəlki dövrlər üçün müavinətin hesablanıb ödənilməsini tələb etmək hüququ yoxdur. Həmçinin "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunun 01 yanvar 2006-cı il tarixdən qüvvədə olduğu üçün xx.xx.1996-cı il tarixdə iddiaçıya verilən "Müharibə veteranı" adı və vəsiqəsinə əsasən 3 illik müavinətin ödənilməsi tələbinin icrası mümkün deyildir. c) apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər İş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanun: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanunu: Maddə 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0.1.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir. Maddə 7.0.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Maddə 14. Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanı ilə Fərmanın adında qeyd olunan güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə müvafiq məbləğdə aylıq müavinət müəyyən edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı:

1. Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.

Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xidmətləri nəzərə alınaraq ona xx.xx.1996-cı il tarixində müharibə veteranı vəsiqəsi və müvafiq statusu verilmişdir. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin xx.xx.1996-cı il tarixdən əvvəlki üç il ona ödənilməmiş sosial müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı verilmiş şəxslərin müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə veteran adı verilmiş şəxslərə aidiyyəti orqanlar tərəfindən veteran vəsiqəsi verildiyi tarixdə veteranlıq statusu qazanır. Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli, 396 nömrəli Fərmanına əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlar veteran vəsiqəsi təqdim edildiyi gündən həyata keçirilir. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1996-cı il tarixdə 018860 nömrəli veteran vəsiqəsi təqdim olunmuşdur və həmin dövrdə müharibə veteranları üçün kommunal, nəqliyyat və digər xidmətlər üzrə müvafiq güzəştlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanı ilə Fərmanın adında qeyd olunan güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə müvafiq məbləğdə aylıq müavinət müəyyən edilmişdir. İddiaçının müharibə vəsiqəsi əldə etdiyi zaman o, kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştləri əldə etmək hüququ qazanmışdır. Belə ki, iddiaçıya xx.xx.1996-cı il tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İddiaçı müavinət təyin edilməsi üçün cavabdehə təqdim etməli olduğu zəruri sənədi xx.xx.1996-cı il tarixində əldə etdiyinə görə həmin tarixdən əvvəlki dövrdə iddiaçı “müharibə veteranı” statusuna malik olmadığından və müvafiq müavinətin təyin edilməsi və məbləği barədə hər hansı hüquqi akt qüvvədə olmadığından, ona 1993-1996-cı illər üzrə müavinətin ödənilməsi mümkün deyil. İş materiallarından da görünür ki, iddiaçının müharibə veteranı vəsiqəsi əldə etdiyi zaman o, həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək hüququna malik olmuşdur, sonradan həmin güzəştlərin müvafiq müavinətlə əvəz edilməsi zamanı isə iddiaçı bu barədə müvafiq aktın qüvvəyə mindiyi gündən sonra sosial müavinəti əldə etmək hüququ qazanmışdır. Həmçinin qeyd edilməlidir ki, müvafiq kateqoriyadan olan müavinətlərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (9.1-ci maddəsində) nəzərdə tutulmuşdur, sözü gedən Qanun isə 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və həmin tarixdən sonra yaranmış münasibətlərə şamil olunur. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsininin iddianın rədd olunması barədə gəldiyi nəticə düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1880/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar