Məhkəmə qərarları › İş №2-1(104)-762/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-762/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-762/2024 11.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-544/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-6644/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənədin ərizəyə əlavə edilmədiyi, belə ki faktiki torpaq sahəsinin yeni uçot xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (daşlı örüş) ərazisinə düşdüyü müəyyən edildiyindən müraciətin icrası mümkün olmamışdır.

2. Xanlar rayonu Mixaylovka bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarı ilə 2 nəfər vətəndaşa Xanlar rayonu Mixaylovka bələdiyyəsinin kənd daxili ərazisindəki torpaq sahəsindən 0.24 ha ayrılıb hər birinə 0.12 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi alqı-satqı yolu ilə satılması qərara alınmışdır.

3. xx.xx.2007-ci il tarixli, 1451 nömrəli torpaqların alqı-satqısına dair akt ilə müəyyən olunur ki, Mixaylovka bələdiyyə ərazisindən İddiaçı 0.12 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmiş, bunun müqabilində İddiaçı Xanlar rayon “Kapital” Bankının ********** saylı hesabına əvvəlcədən ödəniş etmişdir.

4. Dövlət Torpaq və Xəritəşəkmə Komitəsinin xx.xx.2007-ci il tarixli, 37e nömrəli rəyindən görünür ki, iki nəfərə satılması nəzərdə tutulan torpaq sahəsi 0.12 x 2 hektar olmaqla Mixaylovka bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Həmin torpaq sahəsi İ keyfiyyət qrupuna aid olmaqla həmin məqsəd üçün satılması məqsədəmüvafiq olmuşdur.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-1747/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada təqdim etdiyi sahə 0.23 ha təşkil etmişdir. Naturada təqdim edilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş sahəsidir. Torpaq sahəsi üzərində hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənəd aşkarlanmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 158 nömrəli qərarına müvafiq olaraq Xanlar rayonu, Mixaylovka Bələdiyyəsi sədrinin xx.xx.2007-cı il tarixli, 11 saylı qərarına əsasən kənd daxili ərazisindəki torpaq sahəsindən 0,24 hektar ayrılıb 2 nəfər vətəndaşa, hər birinə 0,12 hektar olmaqla fərdi yaşayış evinin tikilməsi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır. O, torpaq sahəsi almaq üçün Mixaylovka kənd bələdiyyəsinə ərizə ilə müraciət etmiş, ərizəsinə bələdiyyə orqanının iclasında baxılmış və Mixaylovka Bələdiyyə ərazisindən 0,12 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə satılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 411 saylı fərmanına, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kollegiyasının xx.xx.2006-cı il tarixli, 11 saylı qərarına müvafiq olaraq satılması nəzərdə tutulan torpaq sahəsinin qiyməti barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon Şöbəsi tərəfindən rəy verilmişdir. Bunun müqabilində onun tərəfindən 30 dekabr 2007-ci il tarixdə Xanlar rayon “Kapital” Bankının ********** saylı hesabına 210,00 manat ödənilmişdir. O, xx.xx.2023- cü il tarixdə Göygöl rayonu, Bənövşəli kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinə müsbət cavab verilməmişdir.

8. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 8415/2023 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənədin ərizəyə əlavə edilmədiyi, belə ki faktiki torpaq sahəsinin yeni uçot xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (daşlı örüş) ərazisinə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Torpaq Məcəlləsinin 16.3-cü və 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında Gəncə şəhərində yerləşən istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı tərəfindən təqdim etdiyi torpaq sahəsinin sərhədlərini və coğrafi mövqeyini müəyyən edə bilmək üçün zəruri sənədlər (torpaq sahəsinin cizgisi, təhvil-təslim aktı və s.) olmadığından iddiaçıya ayrılmış torpaq sahəsinin müəyyən etmək mümkün deyildir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-544/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin örüş sahəsi olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz. İddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın — bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək torpaq sahəsinin dəyərini ödəmiş, həmin sənədin məzmununa uyğun davranmış, bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 20 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-544/2024 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtina məktubu və iddia ərizəsinə dair etirazının məzmunu ilə eynilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə uyğun olaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu – (28 oktyabr 2008-ci il tarixdən əvvəlki redaksiyada) 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə - bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

21. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə:

10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.

23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya)

2. Müəyyən edilsin ki: 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İş materialları ilə müəyyən olunur ki, Xanlar rayonu Mixaylovka bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı ilə bələdiyyənin kənd daxili ərazisindəki torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0.12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. xx.xx.2007-ci il tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi və Mixaylovka bələdiyyəsinin nümayəndələri Xanlar rayonu Mixaylovka bələdiyyəsinin kənd daxilindəki ərazisindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşlara satılmasını məqsədəuyğun hesab etmişlər. Eyni zamanda DT və XK-nin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin torpaq sahəsinin İ keyfiyyət qrupuna aid olan kənddaxili torpaq sahəsi olmaqla həmin məqsəd üçün satılmasının qanunamüvafiqliyi barədə xx.xx.2007-ci il tarixli, 311e nömrəli rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

26. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmiş, iddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən əsaslı hesab olunmuşdur.

27. Cavabdehin imtinasının və hazırki halda apellyasiya şikayətinin dəlili torpaq sahəsinin yeri və ölçüsünü göstərən heç bir sənədin təqdim edilməməsi, həmçinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeləri və s. əks olunmaması, belə ki, faktiki torpaq sahəsinin yeni uçot xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (daşlı örüş) ərazisinə düşməsi olmuşdur.

28. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yuxarıda həmin Qanunun müvafiq maddələri sadalanmışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi Xanlar rayonu Mixaylovka bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarına əsasən İddiaçı satılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 28 oktyabr 2008-ci il tarixədək olan redaksiyasının 9.1-ci maddəsinə görə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının bələdiyyələrin qərarı ilə bilavasitə satıla bilməsi nəzərdə tutulmuşdur.

30. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin 19 noyabr 2007-ci il tarixli, 311e nömrəli rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması bildirilmiş və DTXK-si Xanlar rayon şöbəsi Xanlar rayonu Mixaylovka bələdiyyəssinin fondundan 0,12 ha torpaq sahəsinin satılmasının qanunamüvafiq olması qeyd edilmişdir.

31. Vurğulamaq lazımdır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

32. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

33. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir.

34. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında tərtib edilmiş DTXK Xanlar rayon şöbəsində qeydiyyata alınmış Torpaqıarın alqı-satqısına dair Akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi mövcud olmuşdur.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, bələdiyyənin müvafiq qərarı ilə torpaq sahəsinin satılması qanunvericiliyin tələblərinə zidd olan hal deyildir. Həmçinin bu hal Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz.

36. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 21 fevral 2024-cü il tarixli, 3-21-3-33/2-1747/2024 nömrəli mütəxəssis rəyində qeyd olunur ki, iddiaçının naturada təqdim etdiyi sahə 0.23 ha təşkil etmişdir. Naturada təqdim edilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş sahəsidir. Torpaq sahəsi üzərində hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənəd aşkarlanmamışdır.

37. Göründüyü kimi Xanlar rayonu Mixaylovka bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinin onun faktiki istifadəsində olması və üçüncü şəxslərin torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli aktı və 605 nömrəli arayışından görünür ki, Xanlar rayonu Mixaylovka bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı ilə satılması qərara alınmış 0.24 ha torpaq sahəsinin 0.12 ha hissəsi X1.

38. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, X2 0.12 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və xx.xx.2017-ci il tarixli, A 202808 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin sənədlərdən görünür ki, Göygöl rayonu, Mixaylovka kəndinə olan 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 məxsusdur. Torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrin torpaqları kimi qeyd edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, etimadın qorunması prinsipinin mahiyyətinə əsasən maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək hüququna malikdir.

40. Göründüyü kimi iddiaçı mübahisəli torpağı aldığı zaman qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun davranmışdır. Bununla yanaşı bələdiyyə orqanının eyni qərarı ilə X2 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.

41. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Nəticəvi hissə:

44. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-544/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar