Məhkəmə qərarları › İş №2-1(104)-763/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-763/2025

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(104)-763/2025 05.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı ədliyyə işçisi kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı etdiyi müraciətinin müsbət həllindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-Q- ******/**** nömrəli məktubu ilə imtina edilərək onunla əsaslandırılmışdır ki, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə # #### 2017-ci il tarixinədək qulluq stajı 25 ildən az, hazırda isə 35 ildən az təşkil etdiyi üçün ona ədliyyə orqanlarının xüsusi rütbəli işçisi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

İşdə olan sənədlər:

2. AA5338870 seriya nömrəlişəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1973-cü ildə anadan olmuşdur.

3. ##.##.1996-cı il tarixli, ГС ****** nömrəli hərbi biletdən görünür ki, İddiaçı ##.##.1994-##.##.1995-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

4. ##.##.1995-ci il tarixli, УВ ****** nömrəli diplomdan görünür ki, İddiaçı 1990-cı il tarixdən ##.##.1995-ci il tarixdək təhsil almışdır.

5. АТ-VIII ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı ##.##.1992-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır.

6. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun Rusiya DİN-in İrkutsk vilayəti üzrə Bİ-nin baş istintaq idarəsinə daxil olmuş müraciətinə baxılmışdır. Rusiya Federasiyası Nazirlər Şurasının Rusiya Federasiyası Hökumətinin ## ######## 1993-cü il tarixli, *** nömrəli “Zabitlər, R, Rlar və müddətindən artıq hərbi qulluqda qalan hərbi qulluqçular və ya müqavilə əsasında əsgər, matros, R və komandir kimi hərbi xidmət keçmiş şəxslərə və ya daxili işlər orqanlarında, X3 Xidmətinin federal yanğınsöndürmə xidmətində, penitensiar sistemin müəssisələrində və orqanlarında, Rusiya Federasiyası Milli Qvardiyasının qoşunlarında xidmət edən və onların Rusiya Federasiyasındakı ailələrinə qulluq stajının hesablanması, pensiyaların, kompensasiyaların və müavinətlərin təyin edilməsi və ödənilməsi qaydası haqqında” Qərarına uyğun olaraq, Daxili işlər orqanlarının sıravi və komandir heyətinin qulluq stajına aşağıdakılar hesablanır: Silahlı Qüvvələrdə hərbi xidmət (o cümlədən çağırış üzrə); polisdə xidməti; xidmətə təyin edilməzdən əvvəl mülki ali təhsil müəssisələrində və ya orta ixtisas təhsili müəssisələrində iki aylıq təhsil müddəti müqabilində bir aylıq xidmətin hesablanması ilə beş il çərçivəsində oxuduğu vaxt; islah-əmək müəssisələrində fəhlə və qulluqçu kimi daxili işlər orqanlarına qəbul olunmazdan əvvəl işlədiyi vaxt; hakim kimi işlədiyi dövr. Rusiya Federasiyasının İrkutsk vilayətinin daxil olduğu ucqar ərazilərində daxili işlər orqanlarında imtiyazlı şərtlərlə xidmət, Qətnamənin 3-cü bəndinin “q” yarımbəndinin 10-cu abzasına uyğun olaraq 1988-ci ilin yanvar ayının 1-dən bir ay xidmətə görə bir ay yarım xidmət stajı hesablanır. Yuxarıda göstərilənlərə əsasən, uzun müddət xidmətə görə # ###### 1992-ci il tarixdən ## ##### 1999-cu il tarixinədək olan müddətdə daxili işlər orqanlarında xidmət stajı İddiaçı (1:1,5) təqvim hesablaması ilə 06 il, 04 ay, 29 gün, güzəştli hesablamaya əsasən isə - 09 il, 07 ay, 14 gün hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona staja görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1992-ci il tarixdən ##.##.1999cu il tarixədək Rusiya Federasiyasının İrkutsk vilayətinin Daxili İşlər İdarəsində müxtəlif vəzifələrdə xidmət etmişdir. ##.##.2001-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasında ədliyyə orqanlarında qulluq keçir. “Ədliyyə orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 23.8.-ci maddəsinə əsasən yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il (##.##.2017-ci il tarixinədək 25 il) qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər. Rusiya Federasiyası Nazirlər X4 ##.##.1993-cü il tarixli *** nömrəli “Zabitlər, R, Rlar və müddətindən artıq hərbi qulluqda qalan hərbi qulluqçular və ya müqavilə əsasında əsgər, matros, R və komandir kimi hərbi xidmət keçmiş şəxslərə və ya daxili işlər orqanlarında, X3 Xidmətinin federal yanğınsöndürmə xidmətində, penitensiar sistemin müəssisələrində və orqanlarında, Rusiya Federasiyası Milli Qvardiyasının qoşunlarında xidmət edən və onların Rusiya Federasiyasındakı ailələrinə qulluq stajının hesablanması, pensiyaların, kompensasiyaların və müavinətlərin təyin edilməsi və ödənilməsi qaydası haqqında” Qərarına uyğun olaraq, daxili işlər orqanlarının sıravi və komandir heyətinin qulluq stajına aşağıdakılar hesablanır: Silahlı Qüvvələrdə hərbi xidmət (o cümlədən çağırış üzrə); polisdə xidməti; xidmətə təyin edilməzdən əvvəl mülki ali təhsil müəssisələrində və ya orta ixtisas təhsilli müəssisələrində iki aylıq təhsil müddəti müqabilində bir aylıq müddətin hesablanması ilə beş il çərçivəsində oxuduğu vaxt; islah-əmək müəssisələrində fəhlə və qulluqçu kimi daxili işlər orqanlarına qəbul olunmazdan əvvəl işlədiyi dövr. Həmin Qərarın 3-cü bəndinin “q” yarımbəndinin 10-cu abzasına uyğun olaraq Rusiya Federasiyasının Irkutsk vilayətinin daxil olduğu ucqar ərazilərində daxili işlər orqanlarında imtiyazlı şərtlərlə xidmət, 1988-ci il yanvar ayının birindən bir ay xidmətə görə bir ay yarım xidmət stajı hesablanır. Rusiya Federasiyasında daxili işlər orqanlarında ona xidmət stajı təqvim hesablanması ilə - 6 il 04 ay, 29 gün, güzəştli hesablamaya əsasən isə - 09 il,07 ay, 14 gün hesablanmışdır və onun 25 il stajı ##.##.2016-cı il tarixdə tamam olmuşdur. Həmin vaxt "Ədliyyə orqanlarında xidmət keçmə haqqında" Azərbaycan Respublikası Qanunun 23.8-ci maddəsinə əsasən yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malik olduqları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci tarixli *** №-li qərarı ilə təsdiq edilmiş "Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi" Qaydasının 2.2.8-ci bəndinə əsasən xarici ölkələrin ədliyyə, digər hüquq mühafizə və dövlət hakimiyyəti orqanlarında müvafiq vəzifədə xidmət (qulluq) keçdikləri müddət ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilir. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ədliyyə digər hüquq mühafizə və hərbi orqanlarında qulluq (xidmət) illərinin güzəştli şətrlərlə hesablanması göstərilən hallar ədliyyə orqanlarında qulluq illərinə görə əlavələrin ödənilməsi üçün qulluq illərinin hesablanmasında nəzərə alınır. O, yuxarıda qeyd olunanlara əsaslanaraq cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin sonuncu əsassız olaraq ona ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli və ##.##.2025-ci il tarixli, *-**-*/*-Q-******/**** nömrəli məktublarla əmək pensiyasının təyin edilməsinin mümkün olmamasını bildirmişdir.

9. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli etirazın məzmunu ##.##.2025-ci il tarixli, *-**-*/*-Q-******/**** nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, ##.##.1992-ci il tarixindən ##.##.1999-cu il tarixinədək Rusiya Federasiyasının İrkutsk Vilayətinin Daxili İşlər İdarəsində işlədiyi dövr iddiaçı C. Qurbanovun qulluq stajına daxil edilsə belə, onun ədliyyə orqanlarında qulluq stajı # #### 2017-ci il tarixinədək tələb olunan 25 ildən və hazırda isə tələb olunan 35 ildən az təşkil edəcək.

10. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim R.Tağıyeva) iddia mümkün sayılmamışdır.

11. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçı ##.##.1992-ci il tarixdən ##.##.1999-cu il tarixədək Rusiya Federasiyasında daxili işlər orqanlarında xidmət etmişdir. ##.##.2001-ci ildən isə Azərbaycan Respublikasında ədliyyə orqanlarında qulluq keçməyə başlamışdır. İddiaçının xarici ölkədə daxili işlər orqanlarında işlədiyi dövr yaş həddinə çatanadək ona əmək pensiyasının təyin edilməsi üçün ədliyyə orqanlarında qulluq stajına daxil edilə bilməz. Bu baxımdan iddiaçının # #### 2017-ci il tarixədək ədliyyə orqanlarında 25 il, hazırkı vaxtadək isə 35 il qulluq stajı mövcud deyil. Ona görə də iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ yoxdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

19. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

20. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

21. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki- mümkünlük və əsaslılılq hissəsinə ayrılır.

22. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

23. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

24. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ##### 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

26. İşin halları ilə müəyyən olunur ki, iddiaçının ədliyyə işçisi kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana etdiyi müraciətin müsbət həllindən imtina edilərək, onun ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə # #### 2017-ci il tarixinədək qulluq stajının 25 ildən az, hazırda isə 35 ildən az təşkil etməsi ilə əsaslandırılmışdır.

27. İddiaçı Rusiya Federasiyası Nazirlər X4 ##.##.1993-cü il tarixli *** nömrəli “Zabitlər, R, Rlar və müddətindən artıq hərbi qulluqda qalan hərbi qulluqçular və ya müqavilə əsasında əsgər, matros, R və komandir kimi hərbi xidmət keçmiş şəxslərə və ya daxili işlər orqanlarında, X3 Xidmətinin federal yanğınsöndürmə xidmətində, penitensiar sistemin müəssisələrində və orqanlarında, Rusiya Federasiyası Milli Qvardiyasının qoşunlarında xidmət edən və onların Rusiya Federasiyasındakı ailələrinə qulluq stajının hesablanması, pensiyaların, kompensasiyaların və müavinətlərin təyin edilməsi və ödənilməsi qaydası haqqında” Qərarının 3-cü bəndinin “q” yarımbəndinin 10cu abzasına uyğun olaraq Rusiya Federasiyasının İrkutsk vilayətinin ucqar ərazilərində daxili işlər orqanlarında imtiyazlı şərtlərlə xidmətin 1988-ci il yanvar ayının birindən bir ay xidmətə görə bir ay yarım xidmət stajı kimi hesablanmalı olmasını, beləliklə Rusiya Federasiyasında daxili işlər orqanlarında ona xidmət stajı təqvim hesablanması ilə - 6 il 04 ay, 29 gün, güzəştli hesablamaya əsasən isə - 09 il,07 ay, 14 gün hesablanmasını əsas gətirərək məhkəməyə müraciət etmiş, staja görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

28. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticəni iddiaçının Rusiya Federasiyasında daxili işlər orqanlarında xidmət etdiyi dövrlər (##.##.1992-ci il tarixdən ##.##.1999-cu il tarixədək) də nəzərə alındıqda # #### 2017-ci il tarixədək ədliyyə orqanlarında 25 il, hazırkı vaxtadək isə 35 il qulluq stajının tamamlanmaması, bu səbəbdən də iddia tələbi üzrə subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır.

29. Məhkəmə kollegiyası iş üzrə gəlinən hüquqi nəticə ilə razılaşmır və iddianın mümkünlük şərtləri ilə əlaqədar yuxarıda göstərilənlərə istinadən qeyd edir ki, inzibati məhkəmə icraatında iddianın mümkün sayılmaması üçün konkret – iddia müddətinin ötürülməsi, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcud olmaması, Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməməsi, inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin konkret hüquqlarının deyil, güman və ehtimal edilən hüquqlarının və qanunla qorunan maraqlarının pozulması nəticəsində iddianın qaldırılması kimi hallar mövcud olmalıdır.

30. Hazırki işdə isə belə halların mövcudluğuna rast gəlinmir. İddiaçının Rusiya Federasiyasında daxili işlər orqanlarında xidmət etdiyi dövrlər (##.##.1992-ci il tarixdən ##.##.1999-cu il tarixədək) sonuncunun iddia etdiyi – bir ayın bir ay yarım olaraq hesablanmalı olması halında cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı ilə birlikdə tələb olunan 25 il stajı # #### 2017-ci il tarixədək tamamlanmış olur.

31. Məhkəmə kollegiyasının araşdırması nəticəsində məlum olmuşdur ki, həqiqətən də Rusiya Federasiyasının qanunvericiliyində iddiaçının tələbinin əsası kimi istinad eydiyi hüquq normaları mövcuddur. Eyni zamanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə mövcuddur ki, bu da iddiaçının qanundan irəli gələn tələb hüququnun olmasını deməyə əsas verir.

32. Belə olan halda birinci instansiya məhkəməsində yeni icraat zamanı qiymət verilməli olan məsələ iddiaçının Rusiya Federasiyasının ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsinin mümkün olub-olunmamasının yoxlanılmasından (müqavilənin qüvvədə olub-olmaması, müsbət halda ratifikiasiya edilib-edilməməsi, hazırki işə tətbiqinin mümkünlüyü və s.) ibarət olacaqdır.

33. Beləliklə məhkəmə iddianın mahiyyətini təşkil edən hallara düzgün qiymət vermədən iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Halbuki, yuxarıda qeyd olunan hallar üzrə araşdırmanın nəticəsindən asılı olaraq ona müvafiq hüquqi qiymət verilərək məhkəmə qərarı qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar