Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-764/2024 27.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə ona xx.xx.2021-ci il tarixdən müddətsiz İİİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-677/2024 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixdən etibarən 2-ci qrup əlilliyinin dayandırılması barədə qərarının ləğv edilərək həmin 01 yanvar 2023-cü il tarixdən 2-ci qrup əlilliyinin bərpa edilməsinin cavabdeh orqana həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2021-ci il tarixdən müddətsiz İİİ dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmət keçərkən hər iki əlinin barmaqları sıradan çıxmışdır. X3 adına Gəncə şəhər Təcili və X2 Xəstəxanasında aldığı xəsarətlərlə bağlı müalicə götürəndən sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında iki ay müalicə götürəndən sonra ona xx.xx.1995-ci il tarixli 1093 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə göstərilmişdir ki, hər iki əlin odlu silah yaralanmasından sonrakı vəziyyəti, hər iki əlin falanqalanan oynaq, sol əlin 2-ci barmağının orta 1/3 hissəsi, 3-cü barmağın orta falanqanın aşağı 1/3 hissəsi, sağ əlin 3-cü barmağın orta falanqanın orta 1/3 hissəsi amputasiyadan sonrakı vəziyyəti diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında bir neçə ay müalicə götürəndən sonra ona xəstəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə göstərilmişdir ki, xəstəliyin hərbi xidmət dövründə alındığı, hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız olduğu göstərilmişdir. O, xx.xx.1995-ci il tarixdə tibbi komissiyada müayinədən keçəndən sonra ona 3-cü qrup əlillik verilmiş və pensiya təyin edilmişdir. 3-cü qrup əlillik pensiyasını xx.xx.2016-cı il tarixədək almışdır. xx.xx.2016-cı il tarixdə tibbi komissiyada müayinədən keçəndən sonra ona 2-ci qrup əlillik verilmiş və pensiya təyin edilmişdir. 2-ci qrup əlillik pensiyasını 2021-ci ilin may ayınadək almışdır. Cavabdeh orqanın ona göndərdiyi məktubu 29 avqust 2023-cü ildə almışdır. Həmin məktubu aldıqdan sonra ona aydın olmuşdur ki, cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiliytasiya Agentliyi onun iştirakı ilə keçirdiyi yoxlamadan sonra 2-ci qrup əlilliyinin ləğv edilməsinə dair xx.xx.2022-ci ildə qərar etmişdir. 2021-ci ilin may ayından bu günə kimi ona pensiya ödənilmir. O, xəstəliyi ilə əlaqədar heç bir saxta sənəd təqdim etməmişdir. Bildirir ki, işləmir, maddi vəziyyəti aşağı səviyyədədir. Lakin ona pensiyanın verilməməsi onun maddi vəziyyətini çətinləşdirir, səhhətində olan problemləri aradan qaldırılmaq üçün çoxlu sayda tibbi ləvazimatları əldə edə bilmir. O, cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir. İmtina onun qanuni hüquqlarını pozur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-677/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən İİİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 40 faiz aralığında müddətsiz pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2022-ci il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş “Hər iki əlin odlu silah yaralanmasından sonrakı vəziyyəti, hər ikin əlin falanqalanan oynaq, sol əlin İİ barmağının orta falanqasının orta 1/3 hissəsi, İİİ barmağın orta falanqasının aşağı 1/3 hissəsi səviyyəsindən, sağ əlin İİİ barmağının orta falanqasının orta 1/3-dən amputasiyasından sonrakı güdülləri, güdüllərin kənari sümük defektləri, İV barmağın dırnaq falanqasının kənari köhnə sınığı, sümüklərin yayılmış osteoporozu, sağ əlin İ, İİİ, sol əlin İ, İİ, İİİ barmaqlarının amputasion güdüllərinin kontrakturası, daimi ağrı sindromu, funksiyanın pozulması ilə” xəstəliyinin qiymətləndirməsi iddiaçının orqanizminin funksiyalarının pozulması faizi 31-60 faiz aralığındadır (40%) və bu da iddiaçıya müddətsiz İİİ dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Məhkəmə bu zaman iddiaçının xəstəliyinin (zədənin) 1995-ci ildən yaranmasını, xəstəliyin gedişatının xroniki, vəziyyətinin isə orta ağır olması halını, xəstəliyinin ağırlaşmalarını - hərəkətsizliklə bağlı osteoporoz yaranmasını, əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar faəliyyətinin məhdudlaşması, özünə xidmət zamanı köməyə ehtiyacın olmasını da nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1995-ci il tarixli 423 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı həmin diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hazırkı tələbində müddətsiz İİİ dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsini tələb etsə də, onun əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmişdir. Ona görə həmin hissədə iddia qismən təmin edilməli, ona əlillik xx.xx.2022-ci il tarixdən təyin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək xx.xx.2024-cü il tarixli, 2-1(114)-677/2024 saylı qərarın ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd edilən halları ilə razılaşmır və eyni zamanda məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə vəsatətlə müraciət edilməsinə baxmayaraq əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul edilməmiş, iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilməmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər hansı bir bəndini aid etmək mümkün olmadı. Cavab olaraq bildirmək istəyir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirlilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Bundan əlavə sənədlərlə Diaqnoz onun hazırkı vəziyyətini əks etdirsə də şəxsdəki patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin nıüəyyən olunması meyarları”nda maddələrdən birini aid etmək mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2- 1(104)-364/2024 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov – sədrlik edən və məruzəçi, A.İsgəndərova və A.Bayramov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək İddiaçı xx.xx.2022-ci il tarixdən 50 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 13.3.16. bəndinə əsasən baş barmaq daxil olmaqla, üç barmağın olmaması və ya əlin tutma funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyətlər 50 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin müddətsiz təyin olunmalı olduğu göstərilmişdir. Beləliklə də, İddiaçı əlilliyi iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz 31-60 faiz əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-2294/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2- 1(104)-364/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia müddətinə iddiaçı tərəfindən əməl olunub-olunmadığını apellyasiya instansiyası məhkəməsi araşdırmamışdır. Tərəflərin məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin halları ilə bağlı məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişlərini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin mümkün sayılmamasına dair qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümükün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşmır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilən hüquq normasının mənasından göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir və yalnız bu kimi hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə təyin edilmiş əlillik müddətinin bitməsi ilə əlaqədar onun əlillik vəziyyəti xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarlar qəbul edilmişdir. Əlilliyinin qiymətləndirilməsi barədə sonuncu qərardan verilmiş şikayətə Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və həmin tarixdə Tibbi-Sosial Ekspertiza Komissiyasının diaqnoz əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərar qəbul etmişdir. İş materiallarından isə göründüyü kimi iddiaçı məhkəməyə haszırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, yəni müvafiq imtina cavabını alındıqdan 10 a9on0 aydan da artıq müddət keçdikdən sonra müraciət etmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi mümkünlük şərtlərinə cavab vermədiyinə görə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 677/2024 saylı qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32, 35, 38, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-677/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə ona xx.xx.2021-ci il tarixdən müddətsiz İİİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-764/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-764/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver