Məhkəmə qərarları › İş №2-1(104)-767/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-767/2025

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-767/2025 03.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-2792/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, Tərtər rayon Tərtər Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli, 12 saylı qərarına əsasən Tərtər şəhəri, Q.Məmmədov küçəsində onun adına verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq sənədlərin (Torpaq sahəsinin planı və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki pasportun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Tərtər şəhəri, Q.Məmmədov küçəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin üzərində faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2792/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Tərtər şəhəri, Q.Məmmədov küçəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2792/2025 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(104)-767/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin hüquq varisi kimi tanınmışdır. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verildiyi müəyyən edilmiş, bundan sonra cavabdeh tərəf buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edərək ərizəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarı 7 saylı Bərdə Ərazi İdarəsinə xx.xx.2026-cı il tarixdə daxil olmuş, Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti hazırlanaraq xx.xx.2026-cı il tarixdə Elektron Məhkəmə Sistemi vasitəsilə göndərilərkən sistem xətası baş vermiş, sənəd imzalanma mərhələsinə keçməmişdir. Eyni hal 8-12 dekabr tarixlərində də baş vermiş, sonunda apellyasiya şikayəti X1 vasitəsilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Odur ki, müddətin bərpa edilərək apellyasiya şikayətinin mümkün hesab edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 ərizəyə etiraz edərək təmin edilməməsini və apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin aşağıdakı normalarına əsasən: 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində qeyd olunan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə şikayətin verilməsidir. Qeyd edilməlidir ki, İPM-in 9-1.1-ci maddəsi imperativ xarakter daşımamaqla “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə cavabdeh tərəfə inzibati məhkəmə icraatının aparılması qaydası ilə bağlı seçim imkanı verir. İPM-in 9-1.3-cü maddəsi isə imperativ olaraq müəyyən edir ki, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış (iş.v. 121) ilə müəyyən olunur ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2792/2025 nömrəli qərarı xx.xx.2025-ci il tarixdə cavabdeh orqana məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş, sonuncu tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 gün müddət ötürüldükdən sonra, yəni xx.xx.2025-ci il tarixdə verilmişdir. İPM-in 85.1-ci maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. İddiaçı müddətin ötürülməsi səbəbi kimi elektron sistemdə xəta baş verməsi, belə ki, apellyasiya şikayətinin imzalanmamasını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər müddət bərpası üçün üzrlü səbəb hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixli 17-N nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının: 2.1. İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri (işdə iştirak edən şəxslər, məhkəmə icraatının iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, vəkillər və s.) müvafiq olaraq “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (https://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə İnformasiya Sisteminə daxil ola bilərlər. 2.3-1. Hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkəmə qərarları (qətnamələr, əmrlər, qərardadlar və qərarlar) qəbul olunduğu gündən 1 aydan gec olmayaraq avtomatlaşdırılmış qaydada anonimləşdirilməklə elektron qaydada yayılır. 2.4. İnformasiya Sisteminin istifadəçiləri İnformasiya Sistemindən aşağıdakı üsullarla istifadə edirlər: 2.4.1-1. “Elektron kabinet” vasitəsilə. 2.5. İnformasiya Sistemində “Elektron kabinet” X6 (“ASAN login”) ilə qeydiyyatdan keçməklə yaradılır. 2.5-2. İnformasiya Sisteminin istifadəçiləri, həmçinin elektron kabinetləri vasitəsilə özləri haqqında toplanan məlumatlarda dəyişiklik edilməsi üçün müraciət edə, həmin məlumatlardan istifadə olunması barədə informasiyanı əldə edə (onlarla tanış ola) bilərlər. 2.9. “ASAN login” (https://asanlogin.my.gov.az) vasitəsilə İnformasiya Sisteminin istifadəçisi “Elektron hökumət” portalında qeydiyyatdan keçməklə əldə etdiyi vahid istifadəçi adı və şifrə ilə, həmçinin “ASAN login” üzərindən “Elektron imza” və “ASAN imza” vasitəsilə İnformasiya Sistemində qeydiyyatdan keçir və avtomatik qaydada istifadəçi adına “Elektron kabinet” formalaşdırılır. 2.11. İnformasiya Sisteminin istifadəçiləri “Elektron kabinet”də özlərinə aid məlumatları, sənədləri əldə edə, habelə əməliyyatlar həyata keçirə bilərlər. Göründüyü kimi cavabdeh tərəf 5-12 dekabr 2025-ci il tarixlərdə elektron sistemdə xəta olmasını bildirsə də, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda həm “AzDoc” X3 Sistemi, həm də poçt vasitəsilə apellyasiya şikayətini təqdim etmə imkanı olmuşdur. Beləliklə hazırkı işdə cavabdeh tərəfin qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir. O da nəzərə alınmalıdır ki, cavabdeh tərəfin elektron sistemdə yaradılmış özünə məxsus kabinetə nəzər yetirməməsi buraxılmış prosessual müddətin bərpasına imkan verən hal kimi dəyərləndirilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət üzrsüz səbəbdən ötürülmüşdür. Odur ki, apellyasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına əsasən müddətin bərpası barədə ərizə təmin edilməməli, apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizə təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2792/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar