Məhkəmə qərarları › İş №2-1(104)-770/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-770/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-770/2024 12.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədi ilə adının müvafiq siyahiya daxil edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qöndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-675/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1992-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, hazırda Goranboy rayonu, Qarqucaq ərazi dairəsi, Şəfibəyli kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 266 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və Maddi-texniki təminat bölüyünün Təmir taqımının təmir manqasının komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı tərtib edilmiş, həmin siyahıya iddiaçının adı da daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 364 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. İddiaçıya məxsus AO seriyalı ******* nömrəli hərbi biletin N-ci səhifəsində iddiaçının “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində iştirak etmişdir” qeydi aparılmış, qeydə hərbi hissənin möhürü vurulmuş və qərargah rəisi tərəfindən imzalanmışdır. Həmin qeydlər iddiaçının qeydiyyat kartasında da əks olunmuşdur. N saylı hərbi hissənin arayış-məlumatına əsasən, döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) iddiaçı Ağdam və Xocavənd rayonlarında MTT üzrə fəaliyyət göstərmiş, xx.xx.2020-ci il tarixdən hərbi hissədə düşmənin artilleriya zərbələri nəticəsində sıradan çıxmış avtomobil texnikalarının vaxtında nasazlıqların aradan qaldırılmasında və şəxsi heyətin təhlükəsiz fəaliyyət göstərməsində bilavasitə manqa komandiri vəzifəsində xidmət etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-42-22/2-577/2023 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində Xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən Müharibəsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən SHXÇDX-nin Goranboy rayon şöbəsində hərbi qeydiyyatdadır. İddiaçı tərəf ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 2/2-8847 nömrəli məktubunda bildirmişdir ki, N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş arayış-məlumatda iştirak etdiyiniz ərazilərdə (Ağdam və Xocavənd rayonları) olmağınız əmrlərlə və müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ərizə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədi ilə adının müvafiq siyahiya daxil edilməsi məqsədi ilə Azərbaycan Respeblikasının Nazirlər Kabinetinə qöndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunması xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 44 günlük Vətən Müharibəsi zamanı iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən hərbi səfərbərliyə alınaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində Ağdam, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmiş, bu barədə Hərbi biletinin N-ci səhifəsində N nömrəli hərbi hissə komandirinin möhürü və imzası var. 25 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Şəfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş arayış da bunu bir daha təsdiq edir. Bütün bunlara baxmayaraq iddiaçı ilə xidmətdə olan bütün döyüş yoldaşlarına Veteran adı və vəsiqəsi verilsə də, iddiaçı dəfələrlə cavabdehə və digər qurumlara müraciət etməyisinə baxmayaraq bu günə kimi Veteran adı və vəsiqəsi verilmir. Cavabdehin xx.xx.2023- cü il tarixli 2/2-8847 saylı məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş arayışməlumatda iştirak etdiyi ərazilərdə (Ağdam və Xocavənd rayonları) əmrlərlə və müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə ona "Müharıbə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədə müvafiq deyildir. İddiaçı hesab edir ki, bu ona qarşı bir haqsızlıqdır. Kiminsə səhlənkarlığı ucbatından iddiaçının döyüşlərdə olduğu müddət əmrlər kitabına qeyd olunmayıbsa bu iddiaçının səhvi deyildir. İddiaçı o vaxt heç bunlara fikirdə vermirdi, vətəni, xalqı, torpağı üçün vuruşmağı özümə borc bilirdi. İddiaçının 44 günlük Vətən Müharibəsində iştirak etməsi yuxarıda təqdim etdiyi və məhkəməyə təqdim etdiyi sənədlərlə bir daha təsdiq olunur. Bundan başqa onunla birlikdə Vətən Müharibəsində eyni hərbi hissədə vuruşan döyüş yoldaşları da bunu təsdiq edə bilərlər. Cavabdeh iddia tələbinə xx.xx.2024-cü il tarixli, 3-25-4/2-42/2024 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında bildirmişdir ki, N nömrəli hərbi hissənin N dekabr 2023-cü il tarixli 1292 nömrəli məktubuna əsasən iddiaçı hərbi hissənin nizami hissə üzrə N sentyabr 2020-ci il tarixli 266 nömrəli əmrinə əsasən N sentyabr 2020-ci il tarixdən daxil olmuş və N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün Təmir tağımının təmir manqasının komandiri vəzifəsinə təyin edilmişdir. Həmçinin həmin əmrdə əlavə olaraq iddiaçının hansı qismində iştirak etməsi göstərilmişdir. Beləliklə həmin əmrdən görünür ki, o, bilavasitə döyüş əməliyyatlarında iştirak etməmiş, xidmət etdiyi hərbi hissə isə Ağcəbədi rayonunda yerləşirdi. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək cavabdeh hesab edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlarının tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçməsi sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Bundan başqa, qanunvericiliyinin tələblərinə görə müharibə veteranı adı və vəsiqəsi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada xidmət keçməsi və tərxis olunmaması onun "döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs" statusunu əldə etməməsinə səbəb olur. Lakın, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Buna görə də, iddiaçıya "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur. Qeyd olunanlara əsasən iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-675/2024 saylı qərarı ilə (hakim Z.Quliyev) iddia tələbinin təmin edilməsi, İddiaçı adı müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, məhkəməyə sorğu əsasında daxil olmuş “hərbi qulluqçular barədə arayış-məlumat”ın surətində qeyd edilmişdir ki, iddiaçı Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 020 nömrəli əmri, Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 0107 nömrəli əmri əsasında Ağdam və Xocavənd rayonlarında MTT üzrə fəaliyyət göstərmişdir. Eyni zamanda, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısına iddiaçı da daxil edilmişdir. Göründüyü kimi, iddiaçının 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyi təsdiq edilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh öz imtinasının əsası kimi yalnız iddiaçının birbaşa döyüş əməliyyatlarına cəlb olunmamasını göstərmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-675/2024 nömrəli qərarı ləğv edilməsini və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 020 nömrəli əmri, Müdafiə Nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0107 nömrəli əmrləri iş materiallarına əlavə edilmədiyindən iddiaçının həmin əmrlər əsasında Ağdam və Xocavənd rayonlarında MTT üzrə fəaliyyət göstərməsi sübuta yetirilməmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 824 nömrəli əmrindən çıxarışdan görünür ki, hərbi hissənin şəxsi heyəti döyüşə hazır vəziyyətə gətirilərək döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısı tərtib edilmiş və iddiaçının adı həmin siyahıya daxil edilmişdir. Qeyd olunan əmrin mətnində iddiaçının Ağdam və Xocavənd rayonlarında MTT üzrə fəaliyyət göstərməsi barədə heç bir məlumat yoxdur. İş materiallarında olan hərbi qulluqçular barədə arayış məlumatın 9-cu bəndində qeyd olunmuşdur ki, iddiaçı hərbi hissədə düşmənin artilleriya zərbələri nəticəsində sıradan çıxmış avtomobil texnikalarının vaxtında nasazlıqların aradan qaldırılmasında və şəxsi heyətin təhlükəsiz fəaliyyət göstərməsində manqa komandiri kimi fəaliyyət göstərmişdir. Həmin arayış-məlumatın 7-ci bəndində qeyd olunmuşdur ki, iddiaçı döyüş əməliyyatları zamanı atış keçirməmişdir. İddiaçının təmir manqa komandiri vəzifəsində xidmət etdiyini nəzərə alaraq belə qənaətə gəlmək olar ki, o, hərbi hissənin dislokasiya olunduğu Ağcabədi şəhərində vəzifəsinə uyğun olaraq təmir işlərini həyata keçirməklə maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır və ləğv olunmalıdır. İnzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının döyüş əməliyyatları aparılan ərazilərdə hər hansı təminat növüi üzrə tapşırıqları və ya digər ərazilərdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi təsdiq olunmur. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, o, xx.xx.2010cu il tarixdən xx.xx.2012-ci il tarixə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən hərbi səfərbərliyə çağırılmışdır. xx.xx.2020-ci il tarixdən 28.12. 2020-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində Ağdam, Xocavənd istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə də hərbi biletinin N-ci səhifəsində N nömrəli hərbi hissə komandirinin möhürü və imzası vardır. X9 iştirakı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli arayışla da təsdiq olunur. Eyni zamanda məhkəmə sorğusuna əsasən alınmış "hərbi qulluqçular barədə arayışməlumatda” da qeyd edilmişdir ki, o, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 020 nömrəli əmri, Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri komandirinin xx.xx.2020-ci il tarixli, 0028 nömrəli döyüş sərəncamı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 0107 nömrəli əmri əsasında Ağdam və Xocavənd rayonlarında MTT üzrə fəaliyyət göstərmişdir. Bundan başqa, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020ci il tarixli əmri ilə hərbi hissənin və bölmələrin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısına da daxil edilmişdir. Bütün bunları, yəni onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarımda iştirakını nəzərə alaraq məhkəmə haqlı olaraq iddiasını təmin etmişdir. Prosessual məsələlər İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 9-cu yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 10-cu yarımbənd. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 1-ci hissəsinin 1-ci bəndinin Qeyd hissəsi (2): bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. -1-ci hissəsinin 4-cü bəndinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. -1-ci hissəsinin 4-cü bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu Əsasnamənin 1ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır İşin mahiyyəti ondan ibarətdir ki, iddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə görə adının müvafiq siyahiya daxil edilməsi məqsədi ilə Azərbaycan Respeblikasının Nazirlər Kabinetinə qöndərilməsi üçün cavabdehə müraciət etmiş, iddiaçının N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş arayış-məlumatda iştirak etdiyi ərazilərdə (Ağdam və Xocavənd rayonları) olmağı əmrlərlə və müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə cavabdeh bundan imtina etmişdir. İddiaçıya məxsus AO seriyalı ******* nömrəli hərbi biletin N-ci səhifəsində iddiaçının “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində iştirak etmişdir” qeydi aparılmış, qeydə hərbi hissənin möhürü vurulmuş və qərargah rəisi tərəfindən imzalanmışdır. Həmin qeydlər iddiaçının qeydiyyat kartasında da əks olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 266 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və Maddi-texniki təminat bölüyünün Təmir taqımının təmir manqasının komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 364 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarında olan N saylı hərbi hissənin arayış-məlumatına əsasən, döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) iddiaçı Ağdam və Xocavənd rayonlarında MTT üzrə fəaliyyət göstərmiş, xx.xx.2020-ci il tarixdən hərbi hissədə düşmənin artilleriya zərbələri nəticəsində sıradan çıxmış avtomobil texnikalarının vaxtında nasazlıqların aradan qaldırılmasında və şəxsi heyətin təhlükəsiz fəaliyyət göstərməsində bilavasitə manqa komandiri vəzifəsində xidmət etmişdir. Həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı tərtib edilmiş, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların siyahısında İddiaçı adı da daxil edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-42-22/2-577/2023 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində Xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən Müharibəsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən SHXÇDX-nin Goranboy rayon şöbəsində hərbi qeydiyyatdadır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin yuxarıdakı araşdırmasından da göründüyü kimi inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, N saylı hərbi hissənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olması işin mübahisələndirilməyən halı olmaqla iddiaçının döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) Ağdam və Xocavənd rayonlarında MTT üzrə fəaliyyət göstərmiş olması, xx.xx.2020-ci il tarixdən hərbi hissədə düşmənin artilleriya zərbələri nəticəsində sıradan çıxmış avtomobil texnikalarının vaxtında nasazlıqların aradan qaldırılmasında və şəxsi heyətin təhlükəsiz fəaliyyət göstərməsində bilavasitə manqa komandiri vəzifəsində xidmət etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi o halda verilir ki, onlar bu barədə ezamiyyət vəsiqələrini, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədləri təqdim etmiş olsunlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı N saylı hərbi hissədə düşmənin artilleriya zərbələri nəticəsində sıradan çıxmış avtomobil texnikalarının vaxtında nasazlıqlarının aradan qaldırılmasında və şəxsi heyətin təhlükəsiz fəaliyyət göstərməsində bilavasitə manqa komandiri vəzifəsində xidmət etmişdir. Həmçinin iş materiallarında olan AR Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissədə X6 zamanı iddiaçı ilə birlikdə xidmət etmiş X8 və X3 “müharibə veteranı” adı verilmişdir. Həmçinin “e-sosial”dan zəfər altsistemində statusun yoxlanılmasına dair çıxarışdan N nömrəli hərbi hissədə X6 zamanı iddiaçı ilə birlikdə xidmət etmiş X2 da “müharibə veteranı” adı verildiyi məlum olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində də hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilir. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi, hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində inzibati icraatda bərabərliyin təmin edilməsi üçün çox konkret meyarlar müəyyən edilmişdir. İnzibati orqanın eyni hallar üzrə müxtəlif qərarlar qəbul etməsinə yol verilmir. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədi ilə adının müvafiq siyahiya daxil edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsindən imtina olunması əsassız olmuşdur. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-675/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar