Məhkəmə qərarları › İş №2-1(104)-772/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-772/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-772/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuluiyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-633/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində İddiaçı Məhdud Məsuluiyyətli Cəmiyyətinə (bundan sonra mətndə İddiaçı MMC) 233118,45 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği (təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfin hesabladığı vergi və ya sığorta haqqı məbləği 1436,48 manat; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği 234554,93 manat) müəyyən edilmişdir.

2. "xxxx" Məhdud Məsuluiyyətli Cəmiyyəti və İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli H-08/2022 nömrəli müqavilədən (müqaviləyə 1 nömrəli əlavə) görünür ki, sementin 1 (bir) tonu üçün daşıma qiymətləri 15 manat təyin edilmişdir.

3. "xxxx" Məhdud Məsuluiyyətli Cəmiyyəti və İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən (müqaviləyə 2 nömrəli) görünür ki, sementin 1 (bir) tonu üçün daşıma qiymətləri 25 manat təyin edilmişdir.

4. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixində təqdim edilmiş 2022-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə əsasən dövlət büdcəsinə 78957,50 manat mənfəət vergisi hesablanmışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2483 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqat zamanı müəyyən olunmuşdur ki, müəssisə tərəfindən vergi orqanına xx.xx.2023-cü il tarixində 2022-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsi təqdim edilmişdir. Mənfəət bəyənnaməsində təqdim edilmiş elektron qaimə fakturalara əsasən müəssisənin gəlirləri 6 498 834.39 manat, cəmi xərcləri 6 104 046.88 manat (o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr - 22 050.00 manat, sosial sığorta haqları - 4 824.75 manat, malin dəyəri 4 563 296.66 manat, bank xidməti üzrə xərclər 31 943.07 manat, borc görə faizlər və onunla bağlı xərclər 30 455.25 manat, rezident üzrə nəqliyyat xərcləri 1 451 477.15 manat) bəyan olunmaqla vergitutma məqsədləri üçün 394 787.51 manat mənfəət müəyyən olunmuş və 78 957.50 manat mənfəət vergisi dövlət büdcəsinə hesablanılmışdır. (cild İİ, v.15) İş materiallarına əlavə edilmiş elektron qaimə fakturaların siyahısına əsasən müəyyən olunur ki, 2022-ci il ərzində müəssisə tərəfindən 6498834.39 manat dəyərində mal, iş və xidmətlərin təqdim edilməsinə dair elektron qaimə fakturalar təqdim edilmişdir. (cild İİ, v. 77). Həmçinin iş materialları ilə müəyyən olunmuşdur ki, dövr ərzində müəssisə tərəfindən elektron qaimə faktura əsasında alınmış malların dəyəri 4642611.52 (cild İİ, v. 27-135) manat (o cümlədən, sement - 4618271.02 manat, beton — 24 340.50 manat məbləğində), ofis ləvazimatları 753.65 manat, nəqliyyat xərcləri isə tərəflər arasında imzalanılmış daşıma xidmətlərinin görülməsinə dair təhvil təslim aktlarına (cild lİİ, v.1- 67) əsasən 1312289,90 manat təşkil etmişdir . Göstərilənlərlə yanaşı qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, müəssisə gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparmışdır. Beləliklə, təqdim edilmiş iş materiallarına əsasən 2022-ci il üzrə müəssisənin gəlir və xərcləri aşağıdakı kimi olması müəyyən olunmuşdur:

6. Gəlirlər: -Malların təqdim edilməsindən gəlir - 6498834.39 manat, Xərclər:-Malın dəyəri - 4642611,52 manat, Əmək haqqı və ona bərabər tutulan ödəmələr - 22050,00 manat, Sosial sığorta haqları - 4824,75 manat, Bank xidməti üzrə xərclər - 31943,07 manat, Borca görə faizlər və onunla bağlı xərclər - 30455,25 manat, Rezident üzrə nəqliyyat xərcləri - 1312289,90 manat, Digər xərclər - 753,65 manat, Cəmi xərclər - 6044928,14 manat, Vergitutma məqsədləri üçün mənfəət - 453906,25 manat, Mənfəət vergisi - 90781,25 manat.

7. Yəni, müəssisənin 2022-ci il üzrə fəaliyyətinə dair 90781,25 manat məbləğində mənfəət vergisi hesablanır. Lakin vergi orqanı kameral hesablama apararkən kassa metodu ilə uçot aparan vergi ödəyicilərinə münasibətdə tətbiq edilən bank hesabına vəsaitin daxil olmamasına istinad etmişdir. Bundan başqa qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixində 2022ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Həmin bəyannaməyə əsasən 78957,50 manat mənfəət vergisi dövlət büdcəsinə hesablanmışdır. Beləliklə, ekspert qarşısında qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarına əsasən İddiaçı MMC-nin 2022-ci il üzrə ümumi gəliri 6498834,39 manat, gəlirdən çıxılan xərcləri 6044928,14 manat, vergiyə cəlb edilən mənfəəti 453906,25 manat, dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləğinin isə 11823,75 manat (90781,25-78957,50) olması müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı MMC cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********238200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə (VÖEN), ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixdən əlavə dəyər vergisının məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyət növünün “tikinti materiallarının topdan satışı"ndan ibarət olduğu, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 200 kv.m. olan "Anbar” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-16002), ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 300 kv.m. olan "Beton Zavod” adlı təsərrüfat subyekti (obyektinin) (obyektin kodu: **********-16001) uçota alınmışdır. 14 saylı Ərazi Vergilər İdarəsinin 26 iyul 2023-cü il tarixli qərarına əsasən "HİMALAY 2022” MMC-nə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 2022-ci ilin mənfəət vergisi üzrə 234118,45 manat əlavə vergi məbləği hesablanılmışdır. Onlar hesablanılmış vergi məbləğli ilə razı deyil və bununla bağlı bütün sənədləri vergi orqanına inzibati şikayət edərək bildirmişlər. Şirkət Bakı şəhərində sement məhsullarının topdan ve pərakəndə satışı və beton markalarının satışı ilə məşğul olur. Sement məhsullarını X4 Zavodu MMCnin Qazax rayonunda yerləşən zavodundan alırlar. Aldıqları sementin Bakı şəhərinə daşınması üçün Luxoil Company MMC (VÖEN **********) ilə xx.xx.2022-ci il tarixdə daşıma müqaviləsi bağlamışlar. Müqavilə bağlanarkən sementin 1 tonu üçün daşıma qiymətləri 15.00 manat təyin edilmişdir. Lakin sonradan daşıma xərclərinin artması səbəbindən (nəqliyyat vasitələrinə yükgötürmə qabiliyyətindən artıq yüklərin vurulmasına qadağanın güclənməsi) daşıma qiymətlərinə yenidən baxılmasına zərurət yaranmışdır. Qeyd olunanlarla əlaqədar daşıma qiymətlərini yeni qiymətlərlə dəyişməli olmuşlar. Dəyişmiş qiymətlər əsasında Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən “Qaytarma istisna olmaqla VM-in 163-cü maddəsinə əsasən dəqiqləşdirilmiş qaimə” əsasında qiymətlərə düzəliş edilmişlər. Həmçinin bir sıra daşımaların qaimələri sonradan yazılmışdır. Şirkət gəlir və xərclərinin uçotunu Vergi Məcəlləsinin 135 və 136 maddələrinə əsasən aparır. Müəssisə maliyyə hesabatlarını hesablama metodu ilə aparır. Xərclərin 2022-ci il ərzində çəkilməsi ilə bağlı müqavilə, təhvil-təslim aktları, daşımaya dair yol vərəqələri mövcuddur. Onlar qeyd olunan hallarla bağlı Dövlət Vergi Xidmətinə inzibati şikayət etsələr də, 18.09 2023-cü il tarixli **********105000 saylı inzibati şikayətin təmin edilməməsi barədə qərara əsasən şikayət təmin edilməmişdir.

10. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 633/2024 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. 11.Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, **********723600 nömrəli və xx.xx.2023-cü il tarixli, **********036300 nömrəli etirazlarda qeyd edilmişdir ki, vergi ödəyicisi "HİMALAY 2022” MMC 01 iyun 2023-cü il tarixində təqdim etdiyi 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı bəyannamənin xərclər bölməsinin hüquqi şəxslər üzrə icarə haqqı sətrində göstərilmiş 1839082,28 manat dəyərində icarə haqqının bank hesabına faktiki ödənilmədiyi, əlavə olaraq göstərilmiş icarə haqqına görə göstərilmiş xərci təsdiq edən elektron qaimə fakturanın olmadığı muəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar "HİMALAY 2022” MMC-nə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 10 iyul 2023-cü il tarixli **********399600 saylı məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsının 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin mənfəət vergisi üzrə 233118,45 manat əlavə vergi məbləği hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 26 iyul 2023-cü il tarixli **********238200 saylı qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir.

12. Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə dair xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-11617/2024 nömrəli mülahizə təqdim edərək bildirmişdir ki, ekspert rəyində İddiaçı MMC-nin 2022-ci il üzrə ümumi gəliri 6498834,39 manat gəlirdən çıxılan xərcləri 6044928,14 manat, vergiyə cəlb edilən mənfəəti 453906,25 manat, dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləğinin isə 11823,75 manat (90781,25-78957,50) olması göstərilmişdir. İddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsində 1839082,28 manat dəyərində xərci təsdiq edən sənədin olmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin hüquqi şəxslər üzrə icarə haqqı sətrində göstərilmiş 1839082,28 manat dəyərində icarə haqqının bank hesabına faktiki ödənilmədiyi, əlavə olaraq göstərilmiş icarə haqqına görə göstərilmiş xərci təsdiq edən elektron qaimə fakturanın olmadığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 10 iyul 2023-cü il tarixli **********399600 saylı məktub göndərilməsinə baxmayaraq, iddiaçı tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022ci ilin mənfəət vergisi üzrə 233118,45 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 21 sentyabr 2023-cü il tarixli **********896500 saylı qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-633/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən ləğv edilmiş, 11823,75 manat mənfəət vergisi İddiaçı MMC-nin üzərində saxlanılmış, iddia qalan hissədə təmin edilməmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci cavabdehdən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi qərara alınmışdır.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-633/2024 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-633/2024 nömrəli qərarının nəticə hissəsində buraxılmış yanlışlıq aradan qaldırılmış, qərarın nəticə hissəsində “İddia qalan hissədə təmin edilməsin” cümləsi çıxarılmışdır.

15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanı kameral hesablama apararkən kassa metodu ilə uçot aparan vergi ödəyicilərinə münasibətdə tətbiq edilən bank hesabına vəsaitin daxil olmamasına istinad etmişdir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, İddiaçı MMC-nin maliyyə hesabatları hesablama metodu ilə aparılmışdır. İş materiallarından göründüyü kimi, vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixində 2022-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Həmin bəyannaməyə əsasən 78957,50 manat mənfəət vergisi dövlət büdcəsinə hesablanmışdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı MMC-nin 2022-ci il üzrə ümumi gəliri 6498834,39 manat, gəlirdən çıxılan xərcləri isə 6044928,14 manat təşkil etmişdir. Belə olan halda, müəssisənin vergiyə cəlb edilməli mənfəəti 453906,25 manat, dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləği isə 11823,75 manat (90781,25-78957,50) məbləğində olmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.

16. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri idda ərizəsinə etiraz və ekspertiza rəyinə dair mülahizənin məzmunu ilə eynilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə etirazda qeyd edilmişdir ki, müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ümumilikdə 48461.38 ton sement və 919 ton Çınqıl Qazax rayonundan Bakı şəhərinə daşınmışdır. 919 ton çınqıl isə Qazax rayonunda daxili daşıma aparılmışdır. Daşımanın ümumi məbləği 1315045.9 manat təşkil etmişdir. Qeyd olunan Qazax-Bakı daşıma xidmətlərinə görə 2022-ci il ərzində sementin tonu 15 manatdan olmaqla 578796.5 dəyərində elektron qaimə fakturalar yazılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2022ci il tarixli üzləşmə aktına və işlərin göndərilməsinə dair təhvil təslim aktlarına əsasən İddiaçı MMC-nin "xxxx" MMC-nə 736249.4 manat dəyərində borcu qalmışdır. Qeyd olunan borclarla bağlı olaraq 2023-cü ildə 37544.9 ton sementin daşınması ilə bağlı 10 ədəd ümumi dəyəri 463337.4 manat olan “Qaytarma istisna olmaqla VM-nin 163-cü maddəsinə əsasən, dəqiqləşdirilməsi barədə elektron qaimə fakturalar” və 10916.48 ton sementin daşınması ilə bağlı ümumi dəyəri 243776 manat olan 9 ədəd “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə faktura yazılmış və dəyəri ödənilmişdir. Eyni zamanda qeyd olunan malların daşınmasına dair aylıq təhvil-təslim aktları və yol vərəqələri tərtib edilmiş və hər iki tərəf tərəfindən imzalanmışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, vergi orqanı tərəfindən yeni daşıma müqavilələri və həmin müqavilələr üzrə daşıma xərcləri nəzərə alınmamışdır. Belə ki, təhvil-təslim aktları bəyannamədə göstərilməmişdir, elektron qaiməfaktura və alış aktları mövcud deyildir.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəf ilə cavabdeh orqan arasında gəlirlə bağlı heç bir mübahisə yoxdur. Hazırki mübahisə cavabdeh orqan tərəfindən yeni daşıma müqavilələrinin, yəni xərc sənədlərinin nəzərə alınmaması səbəbindən meydana gəlmişdir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. 24.1. Vergi orqanları: 24.1.1. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. 24.1.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xususi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçun vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindəki əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 70.3. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə gostərilmişdirsə. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.

94. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri ve uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeydşərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 163.1. Bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir: 163.1.4. vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”: 2.1. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. İşin hallarından müəyyən edilmişdir ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC barəsində xx.xx.2023-cü il tarixli **********238200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 234554,93 manat (iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 1436,48 manat; əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 233118,45 manat) müəyyən edilmiş, sonra isə vergi orqanı sözügedən qərarı xx.xx.2023-cü il tarixdə ləğv edərək, xx.xx.2023-cü il tarixli **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edərək yenidən 2022-ci ilin mənfəət vergisi üzrə 233118,45 manat əlavə vergi məbləği hesablamışdır.

27. İddiaçı tələbində xx.xx.2023-cü il tarixli **********896500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı tərəf hesab edir ki, vergi orqanı tərəfindən sözügedən qərarla hesablanmış vergi haqqı və ya sığorta haqqı məbləğləri artıq hesablanmışdır.

28. İddiaçı MMC-nin əsas fəaliyyət növü tikinti materiallarının topdan satışı olmaqla, Bakı şəhərində sement məhsullarının topdan və pərakəndə satışı və beton markalarının satışı ilə məşğul olur, sement məhsullarını isə X4 Zavodu MMC-nin Qazax rayonunda yerləşən zavodundan alır. Mübahisənin mahiyyəti alınan sementin Qazax rayonundan Bakı şəhərinə daşınmasına çəkilən xərclərlə bağlıdır. Belə ki, cavabdeh orqan əlavə vergilərin hesablanması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin hüquqi şəxslər üzrə icarə haqqı sətrində göstərilmiş 1839082,28 manat dəyərində icarə haqqı bank hesabına faktiki ödənilməmiş, əlavə olaraq göstərilmiş icarə haqqına görə göstərilmiş xərci əks etdirən elektron qaimə-faktura və alış aktları mövcud deyil, təhvil-təslim aktları isə bəyannamədə qeyd edilməmişdir.

29. İş materiallarına əlavə edilmiş "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli H-08/2022 nömrəli müqavilədən (müqaviləyə 1 nömrəli əlavə) görünür ki, sementin 1 (bir) tonu üçün daşıma qiymətləri 15 manat təyin edilmiş, lakin daşıma xərclərinin artması səbəbindən (nəqliyyat vasitələrinə yükgötürmə qabiliyyətindən artıq yüklərin yüklənməsinə qadağaların güclənməsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 3.17.2; 3.39; 6.4 və 41.1.3-cü bəndləri)) tərəflər arasında xx.xx.2022-ci il tarixli müqavilə (müqaviləyə 2 nömrəli) bağlanmaqla sementin 1 (bir) tonu üçün daşıma qiymətləri 25 manat müəyyən edilmişdir.

30. İş materiallarına əlavə edilmiş yük avtonəqliyyatı üçün yol vərəqələrinin surətləri (cild İİ, v. 158-178; cild İİİ, v. 68-247) ilə də təsdiq olunur ki, İddiaçı MMC-nin sifarişi əsasında "xxxx" MMC daşımaları həyata keçirmişdir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarında (cild İİİ, v. 1-67) müqavilə üzrə daşıma xidmətlərinin həcmi göstərilmiş və hesabdan çıxarışlarla (cild İİ, v. 202-250) müəyyən olunur ki, daşıma xərcləri "xxxx" MMC-yə ödənilmişdir.

31. Göründüyü kimi, cavabdeh orqan iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin hüquqi şəxslər üzrə icarə haqqı sətrində göstərilmiş 1839082,28 manat dəyərində icarə haqqının bank hesabına faktiki ödənilməməsi, əlavə olaraq göstərilmiş icarə haqqına görə göstərilmiş xərci əks etdirən elektron qaimə-faktura və alış aktlarının mövcud olmaması və təhvil-təslim aktlarının bəyannamədə qeyd edilməməsinə əsaslanmışdır. Halbuki, elektron qaimə faktura xərc sənədi yeganə xərc sənədi qismində Vergi Məcəlləsinin hər hansı bir normasında əksini tapmamışdır və iddiaçı tərəfindən daşıma ilə əlaqədar aparılmış əlavə ödənişlərə dair sənədlər həm inzibati orqana həm də məhkəməyə təqdim edilmişdir.

32. Məhkəmə tərəfindən təkrar təqdim edilən sənədlərə münasibətdə inzibati orqan tərəfindən bildirilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2024-ci il tarixli 9/2483 nömrəli ekspert rəyinin 3-cü səhifəsinin ikinci abzasında qeyd olunan 2022-ci il ərzində müəssisə tərəfindən 6.498.834,89 manat dəyərində mal, iş və xidmətlərin təqdim edilməsinə dair iş materiallarının 2-ci cildinin 77-ci səhifəsindən 135-ci səhifələrinədək cədvəl formasında qeyd olunan elektron qaimə-fakturalar Dövlət Vergi Xidmətinin baza məlumatları ilə üzləşdirilmiş və cədvəl formasında qeyd olunan elektron qaimə-fakturalar baza məlumatlarında aşkar edilməmişdir. Buda onu deməyə əsas verir ki, İddiaçı MMC qeyd olunan elektron qaimə-fakturaları vergidən yayınma məqsədi ilə yalnız cədvəl formasında hazırlanmışdır. Odur ki, Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2024-ci il tarixli 9/2483 nömrəli ekspert rəyinin 3-cü səhifəsinin ikinci abzasında qeyd olunan 2022-ci il ərzində müəssisə tərəfindən 6.498.834,89 manat dəyərində mal, iş və xidmətlərin təqdim edilməsinə dair iş materiallarının 2-ci cildinin 77-ci səhifəsindən 135-ci səhifələrinədək cədvəl formasında qeyd olunan elektron qaimə-fakturalarının əsllərinin məhkəməyə təqdim edilməsi xahiş olunur.

33. Məhkəmə kollegiyasına yenidən iş üzrə sənədlərin əssilləri təqdim olunmuş və məhkəmə iclasında nümayəndə sənədlərin tərəflərindən qəbul edilmədiyini bildirsə də, hər hansı bir əsaslandırılma təqdim etməmişdir.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh orqan kameral hesablama apararkən kassa metodu ilə uçot aparan vergi ödəyicilərinə münasibətdə tətbiq edilən bank hesabına vəsaitin daxil olmamasına istinad etmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC-nin maliyyə hesabatları hesablama metodu ilə aparılmışdır. Hesablama metodunun mahiyyəti baxımından, xərclərin çəkilməsi öhdəliyinin yarandığı vaxt nəzərə alınmalıdır. Yəni, İddiaçı MMC "xxxx" MMC ilə müqavilə bağlamış və müqaviləyə əsasən malların çatdırılması Tərəflərin qarşılıqlı razılığına əsasən müqaviləyə 2 nömrəli Əlavənin 1.1-ci bəndindəki cədvəldə göstərilən şərtlərə uyğun həyata keçirilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, elektron qaimə-fakturanın təqdim edilməməsi özlüyündə pozuntu hesab olunsa da, hazırki mübahisəyə münasibətdə iddiaçının xərclərinin tanınmasını və qəbul olunmasını istisna etmir. Vergi Məcəlləsinin 136.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeydşərtsiz ödənilməlidir.

35. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli H-08/2022 nömrəli və xx.xx.2022-ci il tarixli H-08/2022 nömrəli müqavilələrdə ödəmənin həyata keçirilməsi hər hansı şərtlə əhatə olunmamış, həmçinin öhdəliklərin məbləği dəqiq müəyyən edilmişdir. Bu baxımdan iddiaçı hesablama metodu tətbiq etdiyi və müqavilə üzrə ödəmə öhdəliyi daşıdığı üçün, həmin məbləğin ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin məbləğin xərclərdə əks etdirməsi qanunauyğun hesab olunmalıdır.

36. Mənfəət bəyənnaməsində təqdim edilmiş elektron qaimə fakturalara (cild İİ, v. 138-157; cild İV, v. 26-46) əsasən müəssisənin gəlirləri 6 498 834.39 manat, cəmi xərcləri 6 104 046.88 manat (o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr - 22 050.00 manat, sosial sığorta haqları - 4 824.75 manat, malin dəyəri 4 563 296.66 manat, bank xidməti üzrə xərclər 31 943.07 manat, borc görə faizlər və onunla bağlı xərclər 30 455.25 manat, rezident üzrə nəqliyyat xərcləri 1 451 477.15 manat) bəyan olunmaqla vergitutma məqsədləri üçün 394 787.51 manat mənfəət müəyyən olunmuş və 78 957.50 manat mənfəət vergisi dövlət büdcəsinə hesablanılmışdır (cild İİ, v. 15).

37. İş materiallarına əlavə edilmiş elektron qaimə fakturaların siyahısına əsasən müəyyən olunur ki, 2022-ci il ərzində müəssisə tərəfindən 6498834.39 manat dəyərində mal, iş və xidmətlərin təqdim edilməsinə dair elektron qaimə fakturalar təqdim edilmişdir (cild İİ, v. 77).

38. Həmçinin iş materialları ilə müəyyən olunmuşdur ki, dövr ərzində müəssisə tərəfindən elektron qaimə faktura əsasında alınmış malların dəyəri 4642611.52 (cild İİ, v. 27-135) manat (o cümlədən, sement - 4618271.02 manat, beton — 24 340.50 manat məbləğində), ofis ləvazimatları 753.65 manat, nəqliyyat xərcləri isə tərəflər arasında imzalanılmış daşıma xidmətlərinin görülməsinə dair təhvil təslim aktlarına (cild lİİ, v. 1- 67) əsasən 1312289,90 manat təşkil etmişdir. Göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, müəssisə gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparmışdır.

39. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, İddiaçı MMC-nin 2022-ci il üzrə fəaliyyətinə dair 90781,25 manat məbləğində mənfəət vergisi hesablanmalı idi. Buna baxmayaraq cavabdeh orqan kameral hesablama apararkən kassa metodu ilə uçot aparan vergi ödəyicilərinə münasibətdə tətbiq edilən bank hesabına vəsaitin daxil olmamasına istinad etmişdir.

40. Qüvvədə olan vergi qanunvericiliyi birmənalı şəkildə qeyd edir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

41. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

42. Məhkəmə tərkibi qeyd edir ki, mübahisələndirilən inzibati aktı- qərarı qəbul edən inzibati orqan həmin inzibati aktın qanuniliyini və əsaslılığını sübut etmə yükü daşısa da, hazırki halda mübahisələndirilən inzibati aktın qanuniliyini və əsaslılığını sübut edə bilməmişdir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsi).

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi ilə əlaqədar gəldiyi hüquqi nəticə düzgün olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

44. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-633/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar