Məhkəmə qərarları › İş №2-1(104)-774/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-774/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-774/2023 30.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3293/2023 saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı xx.xx.1974-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən iddiaçıya xx.xx.2009-cu il tarixdə M/V seriyalı 053565 nömrəli Müharibə veteranı vəsiqəsi və müvafiq status verilmişdir. İddiaçı 3 ilin yığılmış sosial müavinətlərin ödənilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə 3-17-1/2-M-111386/23 nömrəli imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanına əsasən xx.xx.2005-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. Bildirilir ki, "Veteranlar haqqında" Azərbaycan Respublikasıs Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər "Veteran vəsiqəsi" təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, iddiaçıya xx.xx.2009-cu il tarixindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə verilən sosial müavinət təyin edilmiş və xx.xx.2019-cu il tarixinədək tam məbləğdə ödənilmişdir. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişikiik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Qeyd olunanlara əsasən, müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2009-cu il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir. İddiaçıya bildirilmişdir ki, veteran vəsiqəsi xx.xx.2009-cu il tarixdə verildiyindən, eyni zamanda sözügedən müavinət ləğv edildiyindən ərizədə qeyd edilən dövrlər üzrə təqaüdün (və ya müavinətin) təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək yığılmış sosial müavinətlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilə qədər olan “müharibə veteranı” müavinət pulunun verilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə erməni quldurları torpaqları işğal edəndə Şəmkir RHK tərəfindən səfərbər edilərək Milli Ordu sıralarına çağırılaraq yerli N nömrəli hərbi hissəyə hərbi xidmətə göndərildi. xx.xx.1992-ci ildə komandirin əmri ilə hücum edərək Şəmkirdə yerləşən rus aviabazasını ruslardan almışlar. 1992-ci ildə Gədəbəyə gedərək Başkəndi ermənilərdən təmizləmişlər. Daha sonra Gədəbəy uğrunda gedən bütün döyüşlərdə fəal iştirak etmişdir. 1994-cü ilin may ayında atəşkəsdən sonra da ləyaqətlə xidmətini davam etdirmişdir. 1996-cı ilin may ayında iddiaçını hərbi hissə qərargahına çağıraraq ordu sıralarından tərxis olunduğunu dedilər və iddiaçı Şəmkir RHK-a gələrək qeydiyyata durmuşdur. Bu zaman ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Müxtəlif yerlərə etdiyi müraciətlərdən sonra xx.xx.2009-cu ildə ona müharibə veteranı vəsiqəsi verildi. İddiaçı kimlərinsə səhvindən bu illər ərzində müharibə veteranı imtiyazlarından istifadə edə bilməmişdir. Odur ki, son 3 ilin müavinətin alınması üçün cavabdehə müraciət etmiş və imtina məktubu almışdır. İddiaçı bu imtina ilə razı deyildir. Belə ki, 2001-ci ilin dekabr ayının 26-da ölkə Prezidentinin fərmanı ilə «Müharibə veteranı» imtiyazları pul müavinatı ilə əvəzlənmişdir. Deməli, iddiaçı da 2002-ci ilin yanvar ayından pul müavinatı almaq hüququna malikdir. İddiaçı müvafiq qanunlara əsaslanaraq öz hüququnu tələb edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3293/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2009cu il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. İddiaçıya müharibə veteranı vəsiqəsi 22 oktyabr 2009-cu il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni 22 oktyabr 2009-cu il tarixdən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin əvvəlki üç il müddət üçün müavinətlərin ödənilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni cavabdehin üzərinə xx.xx.2006- cı il tarixdən xx.xx.2009-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin iddiaçıya ödənilməsi vəzifəsi qoyulmalıdır Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçi İddiaçı sözü gedən sosial müavinəti almaq hüququ "Veteranlar haqqında" Qanunun tələblərinə müvafiq olaraq veteran vəsiqəsini aldığı tarixdə - xx.xx.2009-cu iİdə yaranmışdır. Həmin tarixdən iddiaçıya sosial müavinət təyin edilmiş, xx.xx.2019-cu il tarixədək ödəniİmiş, həmin tarixdən 80 manat məbləğində təqaüdlə əvəzləşdirilərək ödəniş davam etdiriİmişdir. İddiaçının Mərkəzi Filiala əvvəlki üç ilə gorə ödəniş tələb etməsi ilə bağlı bildirirlər ki, 'Sosial müavinətlər haqqinda" Qanunun 9.1-ci maddəsinin tələblərinə görə sosial müavinətin geriyə ödənilməsi bu tələblə müraciətin edilməsindən əvvəlki üç il üçün geriyə ödənilməni ehtiva edir. Deməli, iddiaçının müavinətin üç il geriyə ödenilməsi hüququ Mərkəzi Filiala müraciət etdiyi xx.xx.2023-cu il tarixdən evvelki üç iİə (xx.xx.2020-xx.xx.2023) münasibətdə realizə edilməlidir ki, həmin dövr üzrə iddiaçıya sosial müavinətin əvəzləşdirildiyi 80 manat məbləğində təqaüd ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq aşağıdakı nöqsanlara yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmənin sözü gedən qərarında qeyd olunmuşdur ki, sözü gedən müavinətin verilməsi hüququnun yaranması ilə bağlı imperativ norma mövcud deyil. Bu səbəbdən də müavinətin üç il geriyə ödənilməsi veteran vəsiqəsinin alınması tarixindən əvvəlki üç ili ehtiva edir. Həmçinin “Sosial müvainətlər haqqında” Qanunun sosial müavinətin əvvəlki üç ilə görə ödənilməsini nəzərdə tutan 9.1ci maddəsi xx.xx.2006-cı il tarixdə qüvvəyə minmişdir. Lakin məhkəmə bunu nəzərə almamış xx.xx.2006-xx.xx.2009-cu il tarixləri üzrə müavinətin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Beləliklə, Gəncə İnzibati Məhkəməsi işi ətraflı şəkildə araşdırmamış, xx.xx.2023-cü il tarixli 2-1(114)-3293/2023 nömrəli qərarı ilə iddia tələbini təmin etmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ərizəsi ünvanlayaraq, Gəncə İnzibati Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə etiraz etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir. c) apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarımın dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanunu Həmin Qanunun 2-ci maddəsinə əsasən veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosialməişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 1.0.1. Sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Maddə 10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin şikayətinin dəlillərinə əsasən iş üzrə birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozmaqla iddia tələbini təmin edərək sözügedən müavinəti almaq hüququnun yaranma vaxtından - veteran vəsiqəsinin verilməsi vaxtından əvvəlki üç ilə görə xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək müvafiq müavinətin ödənilməsi öhdəliyini Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoymuşdur. Hesab edilir ki, məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, hüquq normalarını düzgün tətbiq etmədən səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmənin iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin vəsiqənin verildiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsinə dair mövqeyi qanunauyğun deyildir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş ödənilməmiş sosial müavinətin verilməsi hissəsində təmin etməkdə haqlı olmamışdır. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 22 oktyabr 2009-cu il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni 22 oktyabr 2009-cu il tarixdən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. İddiaçı yığılmış sosial müavinətlərin ödənilməsi tələbi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmişdir. Doğrudur ki, Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən iddiaçıya xx.xx.2009-cu il tarixdə M/V seriyalı 053565 nömrəli müharibə veteranı vəsiqəsi və müvafiq status verilmişdir. İş materiallarından da müəyyən olunur ki, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət əvvəlki illər üçün ödənilməmişdir. “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Beləliklə, iddiaçı müharibə veteranı kimi hüquqlarını “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən də, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, sosial müavinətin cavabdehin imtinasında göstərildiyi kimi müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Həmin Qanunun 9.1-ci maddəsi xx.xx.2007-ci il tarixdə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 9.1. Aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir. Göründüyü kimi Qanunun 9.1-ci maddəsi xx.xx.2007-ci tarixdən yeni redaksiyada qüvvəyə mindiyindən iddiaçıya əvvəlki illər üçün ödənilməli olan müavinət məhz həmin tarixədək geriyə ödənilə bilər. Belə olan zaman kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsində nəzərə alınmalı olan dövr məhz xx.xx.2019-cu ildən geriyə hesablanmalı olan dövrdür. Belə ki, “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətlər alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Ona görə də, iddiaçıya xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət hesablanaraq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiqlənmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması» Qaydalırının 1.3-cü maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət hesablanaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3293/2023 saylı qərarı ləğv edilsin və iddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş sosial müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar