Məhkəmə qərarları › İş №2-1(104)-776/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-776/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-776/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının nümayəndəmi Nümayəndə iştirakı ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1801/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə şəhəri, Bakı küçəsi, 5A ünvanında yerləşən 0.1136 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra ünvan 1 ünvanında yerləşən 0.1636 ha həyətyanı torpaq sahəsini və orada tikilmiş fərdi yaşayış evini X1 almış, rəsmi sənədləşmə isə 2010-cu ildə aparılmışdır. Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli çıxarışa əsasən Bərdə şəhəri, Bakı küçəsi, 5A ünvanında fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmiş, qalan 0.1136 ha torpaq sahəsi isə fərdi yaşayş evinin texniki pasportunda göstərilmiş və torpaq sahəsi haqqında məlumatda faktiki sahə kimi qeyd edilmişdir. O, vaxtdan, təxminən 25 ildən çoxdur ki, həmin 0.1136 ha torpaq sahəsi bütövlükdə faktiki hüquqi əsas olmadan, fasiləsiz olaraq onun istifadəsində olmuşdur. O, həmin torpaq sahəsinə heç bir mülkiyyətçinin iradəsinə zidd yiyələnməmişdir. Həmin torpaq sahəsinə vicdanla sahiblik etmiş, öz əmlakı kimi torpaq sahəsinin ətrafını hasara almış, meyvə ağacları əkib-becərmiş, yardımçı təsərrüfat binaları tikdirmişdir. Hazırda da həmin torpaq sahəsindən mənaesiz istifadə edir. Mülki Məcəllənin 178.6-cı maddəsində göstərilmişdir ki, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Həmin Məcəllənin 2005-ci il tarixədək qüvvədə olmuş 179.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə Mülki Məcəllənin 2005-ci il tarixədək qüvvədə olmuş 179.1-ci maddəsi ona şamilolunur və 10 ildən artıq həmin torpaq sahəsinə öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik etdiyinə görə bu əmlaka mülkiyyət hüququ əldə edir. Cavabdehin məhkəməyə ünvanladığı etirazda qeyd edilmişdir ki, ünvan 2açının mülkiyyətində 0.05 ha torpaq sahəsi vardır. Bundan əlavə torpaq sahəsinin sənəd üzrə 0.05 ha olduğu halda, faktiki olaraq 0.1636 ha olduğu, yəni 0.1136 ha zəbt torpaq sahəsinin olduğu müəyyən olmuş və bu iddiaçıya məxsus fərdi yaşayış evinin texniki pasportunda öz əksini tapmışdır. Məlum olduğu kimi zəbt torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. Məlum olduğu kimi zəbt torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. Qeyd olunanları nəzərə alaraq, iddia olunan 0.1136 ha zəbt torpaq sahəsinin sənədləşdirilməsi üçün İddiaçı tərəfindən aidiyyəti üzrə bələdiyyəyə müraciət olunması məqsədəuyğun olardı. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1801/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işdə mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları isə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edildiyindən, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslardan heç biri təqdim edilmədiyindən cavabdeh orqanın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur. İddiaçı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1801/2023 nömrəli qərarından apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş emtişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini və müddətin tərəfindən ötürülmədiyini bildirdi. Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin Azərbaycan Respublikası İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı tərəfindən apellyasiya şikayəti Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Apellyasiya icraatı zamanı iddiaçıya müvafiq sərəncam göndərilərək apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən ərizə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsində deyilir ki, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-lə müəyyən olunmuş ümumi qaydaya görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (MPM-nin 128.1 və 130.1-ci maddələri). Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin məzmunundan göründüyü kimi, bu norma ilə müəyyən olunmuş şikayət vermə müddətinin axımı məhkəmə qərarının tam formada təqdim olunduğu gündən başlanır. Qanunvericilik şikayət verilməsi mümkün olan məhkəmə aktlarının təqdim edilməsi qaydasını da dəqiq müəyyən etmişdir və müddətin axımının başlanmasını müəyyən etmək üçün bu müddəalar da nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası İPM-nin 20.1-ci maddəsinin tələbinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-nin 75.3-cü maddəsinin tələbinə əsasən məhkəmə qərarı, bu Məcəllənin 20.1ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir (Azərbaycan Respublikası İPM-nin 20.3-cü maddəsi) . Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsində isə göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinin tələbinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilməni müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qərarı 07 avqust 2023-cü il tarixdə rəsmi qaydada məhkəməyə ərizə təqdim edərək qəbul etmiş, Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən məhz həmin andan şikayət vermək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır (səh 40). Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 23.1-ci maddəsində də müddətin axımına aid tələblər müəyyən edilərək göstərilir ki, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, həmin qərarda ondan şikayət verilməsi qaydası, müddəti, şikayətin verilə biləcəyi məhkəmə tam və aydın şəkildə göstərilmiş, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə (poçt məntəqəsinə) qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verilmişdir. İddiaçıya hüquqi yardım olunaraq müddətin bərpasına dair ərizənin təqdim edilməsi və huquqi nəticələri izah edilmiş, lakin qeyd olunan məzmunda ərizə təqdim olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin ötürülməsi, apellyasiya şikayətinin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Çünki Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1801/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Gəncə Apelyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar