Məhkəmə qərarları › İş №2-1(104)-777/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-777/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-777/2024 05.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və X1 ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1060/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1958-ci il tarixdə Gürcüstan, Bolnisi rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.1975-ci il açılmış əmək kitabçasına əsasən xx.xx.1975-xx.xx.1977, xx.xx.1980-xx.xx.1981-ci il illərdə, gürcü dilindəki (ilkin qeydlər rus dilində, sonrakılar azərbaycan dilində və kiril əlifbası ilə aparılmışdır) əmək kitabçasına əsasən xx.xx.1981xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1992-xx.xx.1993, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. ББ seriyalı 147814 nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1977-xx.xx.1978, xx.xx.1978-xx.xx.1978, xx.xx.1978-xx.xx.1979-cu illərdə Qazax rayon Mülki Müdafiədə, xx.xx.1993-xx.xx.1994, xx.xx.1994-01.1997, xx.xx.1977-xx.xx.2006-cı illərdə Gəncə regional Mülki Müdafiədə müxtəlif vəzifələrdə çalışmışdır. Gəncə Mülki Müdafiə Regional şöbəsinin xx.xx.2004-cü il tarixli, 75 nömrəli arayışına əsasən iddiaçı Azərbaycan Respublikası Baş Nazirinin yanında Mülki Müdafiə qərargahının Gəncə Regional İdarəsinin xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər əhalinin mühafizəsi bölməsində zabit, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit vəzifələrində xidmət etmişdir. 0616827 nömrəli əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 283 nömrəli sərəncamı ilə 3 ay sınaq müddəti ilə müvəqqəti olaraq Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının MMQ-nin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixli, 397 nömrəli sərəncamla iddiaçıya 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamla dövlət qulluğuna xitam verilmiş, xx.xx.2012-ci il tarixli, 203 nömrəli sərəncamla Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşlaın müraciətləri ilə iş şöbəsinin vətəndaşların qəbulu və iş sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixli, 137 nömrəli sərəncamla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. İddiaçıya hüququ yarandığı xx.xx.2023-cü il tarixdə avtomatlaşdırılmış qaydada 381,19 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (bundan sonra mətndə - cavabdeh) müraciət edərək qulluq stajına görə dövlət qulluğu pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17741/2023 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş pensiya məbləği “Dövlət qulluğuna xitam verilməsi” səbəbi ilə yenidən hesablanmış, 760 manat vəzifə maaşı, 12,50%-lə 95 manat qulluq stajına əlavə, 38 manat hakimiyyət səlahiyyətlərinə görə əlavə, 65 manat rütbəyə görə əlavə, 277,40 manat mükafat, cəmi 1.235,40 manat dövlət məvacibin 57% hissəsində - 704,18 manat məbləğində pensiya xx.xx.2023-cü il tarixdən iddiaçıya təyin edilmişdir. Pensiya təyin edilən zaman xx.xx.1975-xx.xx.1976, xx.xx.1976-xx.xx.1977, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.1990xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1992-xx.xx.2012, xx.xx.2012-xx.xx.2018-ci illər üzrə 39 il 10 ay 05 gün ümumi iş stajı, xx.xx.1987-xx.xx.1992, xx.xx.1996- xx.xx.1999-cu illər üzrə 17 il 04 ay 22 gün dövlət qulluğu stajı nəzərə alınmışdır. X2 xx.xx.2024-cü il tarixli, 9-3/2-1568/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 9-3/2- 2182/2024 nömrəli məktublarında qeyd edilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 22.7-1-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri"nin 2.1.2-ci yarımbəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə nəzərə alınan müddətlərinə Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində müddəti daxil edilir. hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət Qeyd edilənlərə əsasən bildiririk ki, iddiaçının 1993-1997-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin yanında Mülki Müdafiə Qərargahının Gəncə regional idarəsində hərbi rütbə nəzərdə tutulan zabit və baş zabit vəzifələrində xidmət müddəti, 1997-2000-ci illərdə Gəncə regional Mülki Müdafiə şöbə rəisinin əməliyyattəşkilat məsələləri üzrə köməkçisi vəzifəsində xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə 06 il 06 ay 28 gün dövlət qulluğu stajının nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə sadiq dövlət qulluqçusu kimi ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən cavabdeh tərəfindən orta aylıq əmək haqqı 1235,40 manat olmaqla 17 il 4 ay 22 gün dövlət qulluğu stajı hesablanaraq orta aylıq əmək haqqının 57 faizini müəyyən etmişdir. Dövlət qulluğu stajını hesablayarkən cavabdeh iddiaçının Azərbaycan Respublikası Baş Nazirinin yanında Mülki Müdafiə qərargahının Gəncə Regioanal İdarəsində xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək əhalinin müdafiə bölməsində zabit, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Mülki Müdafiəsinin planlaşdırması və təşkili şöbəsində baş zabit və xx.xx.1997-ci ildən xx.xx.2000-ci il tarixədək Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkci vəzifəsində işlədiyi dövrü nəzərə almamışdır. Beləliklə, iddiaçının dövlət qulluğu stajı cavabdehin hesabladığı kimi 17 il 4 ay 22 gün yox, 6 il 6 ay 28 gün də əlavə edilərək 23 il, 11 ay 20 gün hesablanaraq yenidən əmək pensiyası təyin edilməlidir. Fövqalədə Hallar Nazirliyi AR Baş Nazirinin yanında Mülki Müdafiə qərargahının bazasında yaradılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “iddiaçının xx.xx.1993-xx.xx.1994-cü illərdə Mülki Müdafiənin Gəncə Regional İdarəsində işlədiyi, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi, xx.xx.1997-xx.xx.2000-ci il tarixlərdə Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməklə, təyin edildiyi xx.xx.2023-cü il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Cavabdeh iddiaya dair xx.xx.2024-cü il tarixli, 3-17-1/2-181860/2024 nömrəli etirazını və xx.xx.2024-cü il tarixli, 3-17-1/2-221538/2024 nömrəli etiraza əlavəsini təqdim etmişdir. Cavabdeh etirazında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 3-cü və 6-cı maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndinə, Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 5 noyabr tarixli, 360 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSRdə, DQMV-də, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamə”nin 28-ci bəndinə, “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına, Qanunun 20.11 və 20.12-ci maddələrinə istinad etmiş və bildirmişdir ki, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Oanununa uyğun olaraq Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajina və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri (bundan sonra - Qayda) Azərbaycan Respublikasınn Nazirlər Kabinetinin 20 fevral 2024 cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xususi növündə qulluq illərinin dövlət qulluğu stajina və dövlət qulluğu staiının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi sərlərini özündə ehtiva etməklə səxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın sabiq dövlət qulluqçusu kimi pensiya təminatına samil olunmur. Qulluq stajina görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan iddiaçının dövlət qulluğu stajının X2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarix 3/2-1568/2024 nömrəli və 15 07.2024 cü il tarixli 9-3/2-2182/2024 nömrəli məktublarda göstərilən dövrlərin dövlət qulluğu stajjina daxil ediməklə yenidın hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyil. Qeyd edilənlərdən aydın olur ki, iddiaçının Azərbaycan Respublikası Baş Nazirliyinin yanında Mülki Müdafiə qərargahının Gəncə Regional idarəsində işlədiyi xx.xx.1993- xx.xx.1994-cü il tarixləri arasındakı, Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi xx.xx.1994-xx.xx.1997-ci tarixləri arasındakı və Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyí xx.xx.1997-xx.xx.2000-ci tarixləri arasındakı dövrün iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunarkən dövlət qulluğu stajina daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1060/2024 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1993-xx.xx.1994-cü illərdə Mülki Müdafiənin Gəncə Regional İdarəsində işlədiyi, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi, xx.xx.1997xx.xx.2000-ci il tarixlərdə Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməklə, təyin edildiyi xx.xx.2023-cü il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbindən də göründüyü kimi hərbi rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə dövlət qulluğunun xüsusi növüdür və dövlət qulluğunun xüsusi növündə həqiqi hərbi xidmət müddəti dövlət qulluğu stajı hesablanarkən mütləq nəzərə alınmalıdır Nəzərə alınmalıdır ki, X4 tərəfindən təqdim olunmuş sorğuya cavab məktubunda da qeyd edilmişdir ki, iddiaçının 1997-2000-ci illərdə 1993-1997-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin yanında Mülki Müdafiə Qərargahının Gəncə regional idarəsində hərbi rütbə nəzərdə tutulan zabit və baş zabit vəzifələrində xidmət müddəti, 1997-2000-ci illərdə Gəncə regional Mülki Müdafiə şöbə rəisinin əməliyyattəşkilat məsələləri üzrə köməkçisi vəzifəsində xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Cavabdeh etirazın əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara istinad edərək qeyd edir ki, dövlət qulluğunun xususi növündə qulluq illərinin dövlət qulluğu stajina və dövlət qulluğu staiının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə səxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablama sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin buna istinad edərək sözügedən dövrü iddiaçının dövlət qulluğu stajına aid etməsindən imtina etməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, sözügedən Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçmiş şəxslərin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluğa qəbul edilməsi zamanı dövlət qulluğunun xüsusi növündə xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajına və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluq keçmiş şəxslərin dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilməsi zamanı dövlət qulluğunda malik olduqları qulluq stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müəyyən edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Belə olduqda, iddia təmin edilməli və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1060/2024 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993- xx.xx.1994-cü illərdə Mülki Müdafiənin Gəncə Regional İdarəsində xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi, xx.xx.1997xx.xx.2000-ci il tarixlərdə Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyi dövrün “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri" nə istinad edərək dövlət qulluğu stajına daxil edilməli olduğunu iddia etmişdir. Lakin iddiaçının istinad etdiyi qaydalar dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan dövlət qulluğu stajının həmin əsaslarla yenidən hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyil. Eyni zamanda "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri" isə fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət qulluğundan sonra deyil, əvvəl xidmət keçdiyi müddətin dövlət qulluğu stajına aid edilməsini tənzimləyir. Yəni Qayda pensiyaçılara aid ediləcəyi halda belə iddiaçını qeyd etdiyini fəaliyyət dövrlərini dövlət qulluqçusu kimi qulluq keçdiyi müddətdən sonra olduğundan həmin dövrlərin dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.2-ci maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. 2.3-cü maddəsinə görə, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. 22.7-1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir 22.7-2-ci maddəsinə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi” Qaydası: 9-cu hissəsinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 7-1-ci hissəsinə görə, dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”: 2.1. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə aşağıdakı qulluq (xidmət) müddətləri nəzərə alınır: 2.1.1. rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti; 2.1.2. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti, habelə dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, müddətli həqiqi hərbi xidmət müddəti; 2.1.3. dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifə üzrə stajorluq və sınaq müddəti; 2.1.4. vəzifəsinin və əməkhaqqının saxlanılması şərtilə qulluqdan (xidmətdən) ayrıldığı müddət, o cümlədən əlavə təhsilə cəlb edildiyi müddət; 2.1.5. ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti; 2.1.6. əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; 2.1.7. sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət; 2.1.8. qulluq (xidmət) keçdiyi dövlət orqanının xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldığı müddət; 2.1.9. qulluq (xidmət) keçdiyi dövlət orqanının göndərişinə əsasən xidməti fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının və xarici dövlətlərin təhsil müəssisələrində təhsil aldığı müddət; 2.1.10. qanuni əsas olmadan qulluqdan (xidmətdən) xaric olunmuş, sonradan isə qulluğa (xidmətə) bərpa edilmiş şəxsin xaric olunduğu gündən qulluğa (xidmətə) bərpa olunma haqqında əmrin imzalandığı günədək olan müddət; 2.1.11. dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, hakim vəzifəsində iş müddəti. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İddiaçının hüquqi marağı onun xx.xx.1993-xx.xx.1994-cü illərdə Mülki Müdafiənin Gəncə Regional İdarəsində işlədiyi, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi, xx.xx.1997-xx.xx.2000-ci il tarixlərdə Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyi dövrlərin dövlət qulluğu stajına daxil edilməklə, ona pensiyanın təyin edildiyi xx.xx.2023-cü il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşin hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği 704,18 manat təşkil etmişdir. Hesablanmış pensiya məbləği vəzifə maaşına görə 760,00 manat, ixtisas dərəcəsinə görə 65,00 manat, qulluq stajına görə əlavə 95,00 manat, mükafatlar 277,40 manat, vəzifə maaşına görə əlavə 38,00 manat, ümumilikdə 1.235,40 manat dövlət məvacibinin 57 faizi nəzərə alınmaqla 704,18 manat təşkil etmişdir. Yenidən hesablanma zamanı iddiaçının xx.xx.1993-xx.xx.1994-cü illərdə Mülki Müdafiənin Gəncə Regional İdarəsində işlədiyi, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi, xx.xx.1997-xx.xx.2000-ci il tarixlərdə Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyi dövr nəzərə alınmamışdır. Həmin hallar cavabdehin etirazında da qeyd olunmuşdur. İş materiallarında olan X4 tərəfindən təqdim olunmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının 1997-2000-ci illərdə 1993-1997-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin yanında Mülki Müdafiə Qərargahının Gəncə regional idarəsində hərbi rütbə nəzərdə tutulan zabit və baş zabit vəzifələrində xidmət müddəti, 1997-2000-ci illərdə Gəncə regional Mülki Müdafiə şöbə rəisinin əməliyyattəşkilat məsələləri üzrə köməkçisi vəzifəsində xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Belə ki, iddiaçının xx.xx.1993-xx.xx.1994-cü illərdə Mülki Müdafiənin Gəncə Regional İdarəsində işlədiyi, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi, xx.xx.1997-xx.xx.2000-ci il tarixlərdə Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyi dövrlər dövlət qulluğunun xüsusi növü hesab edildiyindən istinad edilən “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli Qərarının 2.1-ci bəndinə əsasən həmin dövrlər də pensiya təyin edilərkən nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1060/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar