Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-78/2023 26.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1205/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2006-cı il tarixdən ilkin olaraq 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, daha sonra xx.xx.2007-ci il tarixdə 1 il müddətinə ikinci dərəcəli əlillik, xx.xx.2014cü il tarixdə 1 il müddətinə ikinci dərəcəli, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcəli, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin müddəti bitdikdən sonra iddiaçı yenidən əlilliyin qiymətləndirilməsinə dair inzibati orqana müraciət etmiş, sonuncu əlillik əlamətinin təyin olunmaması barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin 11 may 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək keçmiş SSRİ dövründə hərbi xidmətdə olmuşdur. Vətənin ağır günlərində 06 avqust 1992-ci il tarixdən 19 mart 1993-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda N nömrəli hərbi hissənin tərkibində baş leytenant rütbəsində zabit kimi rota komandiri vəzifəsində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib erməni işğalçıları ilə döyüşmüşdür. Ermənilərə qarşı müharibəyə qeydiyyatda olduğu Gəncə şəhəri o zaman Kəpəz Rayon Hərbi Komissarlığı (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsi) tərəfindən səfərbər olunaraq orduya yollanmış yaralanıb hərbi xidmətə yararsız olduğuna görə 19 mart 1993-cü il tarixdə ordudan tərxis olunmuşdur. Hərbi xidmət zamanı 17 sentyabr 1992-ci il tarixdə Zəngilan rayonun Vejnəli kəndi ətrafında gedən döyüşlərdə ayaq, baş, kürək nahiyyəsindən qəlpə yaraları almışdır. Bu barədə ona məxsus hərbi biletində N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən qeydler edilərək möhürlənmişdir. Uzun müddət hospitallarda müalicələrdə olmağına baxmayaraq bədəninin müxtelif nahiyyələrində qəlpələr və qəlpə yaraları hələ də saxlanılır. Yaraları tam və yarımcan bir adam olduğu an 2006-cı ilin payızından ona 2-ci qrup əlillik diaqnozu əlillik əlaməti təyin edilmişdir. 01 may 2021-ci il tarixdə əlillik əlaməti təyin edilmir bəhanəsi ilə pensiya kəsilmiş və pensiyası dayandırılmışdır. Halbuki əlillik ona Azerbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 71 nömrəli, 27 aprel 2006-cı il tarixdən verilmişdir. İddiasına əlavə etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hakim Komissiyasının 71 nömrəli, 27 aprel 2006-cı il tarixli qərarından görünür ki, ona qoyulmuş diaqnoz "Ağır gedişli, sarılıq forma virus hepatiti “A", Baş-beyin silkələnməsidən sonrakı vəziyyət, Asteno- nevrotik sindrom, Sağ budun qəlpə yaralanmasından sonrakı çapıq, Budun dəri sinirlərinin nevriti, Göz qapaqlarının yumşaq toxumalarının çoxsaylı yad cisimləri" (MN MHKH-nin verdiyi xx.xx.1992-ci il tarixli çıxarış epikizi, Kəpəz RHK-nın verdiyi xx.xx.2006-cı il tarixli, 102 saylı arayışı, N saylı hərbi hissənin verdiyi xx.xx.1992-ci il tarixli, 30 saylı arayışı ilə tasdiq edilir), "HƏRBİ TRAVMA, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". Bundan əlavə qanuni qüvvəsini almış Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, iddiası təmin olunaraq əlillik qrupu təyin olunduğu vaxtdan 25 may 2006-cı ildən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi xətti üzrə pensiya təyin olunması Azərbaycan Respublikası Hərbi Komissarlığına vəzifə olaraq tapşırılması qət edilmişdir. Axırıncı dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasının sonuncu müayinəyə dair çap tarixi 24 dekabr 2021-ci il tarixli edilmiş imtina ilə göstərilmişdir ki, guya səbəb onda diaqnoz əlillik əlaməti təyin etməməsi olmuşdur. Buna görə də əlilliyin bərpa olunmasından imtina edilmişdir. Halbuki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək rota komandiri olarkən erməni faşistlərinə qarşı vuruşarkən torpaqlarımızın müdafiəsi və dövlətimizin ərazi bütövlüyü uğrunda 17 sentyabr 1992-ci il tarixdə Zəngilan rayonun Vejnəli kəndi ətrafında gedən döyüşlərdə ağır yaralanıb qəlpə yaraları almışdır. Bunu N nömrəli hərbi hissənin qərargah rəisi imzası və möhürü ile ona məxsus hərbi biletində qeyd edib göstermişdir. Dəfələrlə TSEK-na müraciətlər etsə də, ona Agentliyin deyil, TSEK-in xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli imtina məktubları vermişlər. Bundan sonra tərəfindən Azərbaycan Respublikası Prezidenti və X1 müraciətindən sonra xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyindən imtina etmişdir. Hətta gözlə görünən qəlpələri olduğu halda, bilərəkdən qeyd etmişdir ki, bədənində qəlpə yoxdur. Halbuki, sol qaşının üstündəki qəlpə adi gözlə də görünür. Həmçinin ona irad tuturlar ki, guya o, 2016-cı ildən sonra müayinələrdə olmamışdır. Halbuki, o, 2016-2022-ci illər ərəfəsində dörd dəfə onkoloji əməlliyyat keçirmək məcburiyyətində olaraq əməliyyat olunmuşdur. Belə hesab edir ki, hüquqları pozulmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün İnzibati Məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1205/2022 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini iş materiallarında olan 13 iyun 2022-ci il tarixli, T 256/2022 nömrəli ekspert rəyi, «Əlilliyin qiymətləndirilməsi Qaydası», «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyyarlarına dair» Əsasnaməsi və «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnaməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək xx.xx.2022-ci il tarixli, 2-1(114)-1205/2022 saylı qərarı ləğv edib əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək keçmiş SSRİ dövründə hərbi xidmətdə olmuşdur. Vətənin ağır günlərində 06 avqust 1992-ci il tarixdən 19 mart 1993-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda N nömrəli hərbi hissənin tərkibində baş leytenant rütbəsində zabit kimi rota komandiri vəzifəsində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib erməni işğalçıları ilə döyüşmüşdür. Ermənilərə qarşı müharibəyə qeydiyyatda olduğu Gəncə şəhəri, o zaman Kəpəz Rayon Hərbi Komissarlığı (indiki Dövlət Xidmətinin Səfərbərlik və Hərbi xidmətə Çağrışın Kəpəz şöbəsi) tərəfindən səfərbər olunaraq orduya yollanmış yaralanıb hərbi xidmətə yararsız olduğuna görə 19 mart 1993-cü il tarixdə ordudan tərxis olunmuşdur. Hərbi xidmət zamanı 17 sentyabr 1992-ci il tarixdə Zəngilan rayonun Vejnəli kəndi ətrafında gedən döyüşlərdə ayaq, baş, kürək nahiyyəmdən qəlpə yaraları almışdır. Bu barədə ona məxsus hərbi biletdə N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən qeydlər edilərək möhürlənmişdir. Uzun müddət hospitallarda müalicələrdə olmağına baxmayaraq bədəninin müxtəlif nahiyyələrində qəlpələr və qəlpə yaraları hələdə saxlanılır. Yaraları tam sağalmadığından və yarımcan bir adam olduğundan 2006-cı ilin payızından ona 2-ci qrup əlillik diaqnozu əlillik əlaməti təyin edilmişdir. 01 may 2021-ci ildə əlillik əlaməti təyin edilmir bəhanəsi ilə pensiya kəsilmiş və pensiyası dayandırılmışdır. Halbuki əlillik ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 71 nömrəli 27 aprel 2006-cı il tarixdən verilmişdir. İddiaya əlavə etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 71 nömrəli 27 aprel 2006- cı il tarixli qərarından görünür ki, ona qoyulmuş diaqnoz: "Ağır gedişli, sarılıq forma virus hepatiti"A". Baş-beyin silkələnməsidən sonrakı vəziyyət. Astenonevrotik sindrom. Sağ budun qəlpə yaralanmasından sonrakı çapıq. Budun dəri sinirlərinin nevriti. Göz qapaqlarının yumşaq toxumalarının çoxsaylı yad cisimləri" (MN MHKH-nın verdiyi xx.xx.1992-ci il tarixli çıxarış epikizi, Kəpəz RHK-nın verdiyi xx.xx.2006-cı il tarixli 102 saylı arayışı, N saylı hərbi hissənin verdiyi xx.xx.1992-ci il tarixli 30 saylı arayışı ilə təsdiq edilir), "HƏRBİ TRAVMA, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". Bundan əlavə iddia ərizəsinə əlavə etdiyi və qanuni qüvvəsini almış Səbayıl Rayon Məhkəməsinin iş xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, iddiası təmin olunaraq əlillik qrupu təyin olunduğu vaxtdan, 25 may 2006-cı ildən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi xətti üzrə pensiya təyin olunması Azərbaycan Respublikası Hərbi Komissarlığına vəzifə olaraq tapşırılması qət edilmişdir. Axırıncı dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasının sonuncu müayinəyə dair çap tarixi 24 dekabr 2021-ci il tarixli edilmiş imtina ilə göstərilmişdir ki guya səbəb onda diaqnoz əlillik əlaməti təyin etməməsi olmuşdur. Buna görə də əlilliyin bərpa olunmasından imtina edilmişdir. Halbuki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək rota komandiri olarkən erməni faşistlərinə qarşı vuruşarkən torpaqların müdafiəsi və Dövlətin ərazi bütövlüyü uğrunda 17 sentyabr 1992-ci il tarixdə Zəngilan rayonun Vejnəli kəndi ətrafında gedən döyüşlərdə ağır yaralanıb qəlpə yaraları almışdır. Bunu N nömrəli hərbi hissənin qərargah rəisi imzası və möhürü ilə ona məxsus hərbi biletində qeyd edib göstərmişdir. Dəfələrlə TSEK-na müraciətlər etsəm də mənə Agentliyin deyil, TSEK-in xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli imtina məktubları vermişlər. Bundan sonra tərəfindən Azərbaycan Respublikası Prezidenti və X1 müraciətindən sonra xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyindən imtina etmişdir. Hətta, gözlə görünən qəlpələri olduğu halda, bilərəkdən qeyd etmişdir ki, bədənində qəlpə yoxdur. Halbuki, sol qaşının üstündəki qəlpə adi gözlə də görünür. Həmçinin ona irad tuturlar ki, guya o, 2016-cı ildən sonra müayinələrdə olmamışdır. Halbuki, o, 2016-2022-ci illər ərəfəsində dörd dəfə onkoloji əməlliyyat keçirmək məcburiyyətində olaraq əməliyyat olunmuşdur. Əlavə olaraq qeyd edir ki, maddi hüquq normasının pozulması onda ifadə olunmuşdur ki, Akademik Mirqasımov adına Respublika xəstəxanasında “ixtisaslaşmış müayinə və müalicə” məsləhət görülür səbəbi ilə imtina verilir, lakin həmin xəstəxanadan müayinə olunaraq təqdim olunan arayışa nədənsə əhəmiyyət verilmir. Məhkəmə tibbi ekspertizasında çalışan həkimlər özləri etiraf edirdilər ki, onların TSEK-in həkimlərinin verdiyin qərarın əleyhinə çıxmaq imkanları məhduddur. Belə ki, onlar TSEK-in həkimlərini gözləməlidirlər ki, gəlib qərar versinlər. Yəni ki, TSEK öz əvvəlki qərarını təsdiqləməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə kollegiyasına ərizə təqdim edərək, iddia tələbinə dəqiqləşmə edərək cavabdeh tərəfindən verilmiş imtinanın qanunsuz hesab edilməsi və ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : - - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işin obyektiv həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan “diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə imtina etmişdir. Həmin xüsusatla bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdeh orqan imtinasında hər hansı bir əsas qeyd etməmiş və imtinanın səbəblərini göstərməmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən ilkin olaraq 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, daha sonra xx.xx.2007-ci il tarixdə 1 il müddətinə ikinci dərəcəli əlillik, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcəli, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcəli, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin müddəti bitdikdən sonra iddiaçı yenidən əlilliyin qiymətləndirilməsinə dair inzibati orqana müraciət etmiş, sonuncu əlillik əlamətinin təyin olunmaması barədə qərar qəbul etmişdir. Bundan sonra iddiaçı tələbinin təmin olunması üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən iddia tələbi təmin olunmamışdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının tərtib etdiyi 0452003AAK5N nömrəli göndərişdə (Forma 088) iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur; "kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofiyası, UTX, gərginlik stenokardiyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından, bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə)". Qeyd olunan diaqnoz 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində qeyd olunan təsnifatlara uyğundur. İş materiallarından da müəyyən edilir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən ilkin olaraq 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, daha sonra xx.xx.2007-ci il tarixdə 1 il müddətinə ikinci dərəcəli əlillik, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcəli, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcəli, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və həmin əlillik dərəcələrinin verilməsinə əsas “baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindirom. Sağ budun dördbaşlı zədələnməsindən hissəvi çapılması. bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar” diaqnozu olmuşdur. Yuxarıda qeyd olunan xəstəliklərdən iddiaçının əziyyət çəkməsi iş materialları ilə tam sübuta yetirilir. Göründüyü kimi imtina əsassız və qanunamüvafiq olmamışdır. Bundan əlavə iş materiallarında olan 1005 saylı ekspert rəyindən müəyyən olunur ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının tərtib etdiyi 0452003AAK5N nömrəli göndərişdə (Forma 088) şəxsin səhhətini əks etdirən "kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofiyası, UTX, gərginlik stenokardiyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından, bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə)" diaqnozu kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə baş beyninin MRT müayinəsində keçirilmiş travma ilə əlaqədar onun baş beynində hər hansı bir patoloji dəyişiklik aşkar edilmədi. Onun hər iki beyin yarımkürəsində kiçik ölçülü post işemik sahələr aşkar olundu. - Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"-nın 1-ci bəndinə görə bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Kespublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmçinin iş materiallarında olan T567/2023 saylı ekspert rəyindən də müəyyən olunur ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının tərtib etdiyi 0452003AAK5N nömrəli göndərişdə (Forma 088) şəxsin səhhətini əks etdirən "kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofiyası, ÜİX, gərginlik stenokardiyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından, bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə)" diaqnozu kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri düzgün olduğundan xəstəliyin dinamikası və klinik proqnozu qənaətbəxş olmuşdur. – Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibbi ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"-nın 1-ci bəndinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Həmin rəylərə kollegiya tənqidi yanaşaraq qeyd edir ki, Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının 0452003AAK5N saylı göndərişlə göndərilmiş 88 saylı arayışını rəyin nəticə hissəsinə köçürmüş və məhkəmənin eskpertiza qərardadında ekspert qarşısında qoyulan suallara cavab verilməmişdir. Yəni ekspert mahiyyət üzrə əhatəli tədqiqat aparmamışdır. Göründüyü kimi təqdim olunmuş sənədlərlə iddiaçının xəstə olması təsdiqlənir və qeyd olunan Əsasnamənin 2.2.9-cu bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik təyin edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, əlillik qiymətləndirilən zaman təqdim edilən sənədlər daha mötəbər hesab olunmalı və nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur və birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsassızdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1205/2022 saylı qərarı ləğv edilməli və İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1205/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-78/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-78/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver