Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-78/2024 24.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “şəhadətnamədə düzəliş edilməklə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeyd alınması və buna dair müvafiq sənədlərin verilməsi” tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “şəhadətnamədə düzəliş edilməklə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməsi və buna dair müvafiq sənədlərin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-379/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. JN-1914A KOD 61101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarına əsasən 0.06 ha torpaq sahəsi X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
2. Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(061)-824/2021 nömrəli qətnaməsindən görünür ki, Tərtər Rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 saylı Qərarı ilə 0,06 ha torpaq sahəsinə görə verilmiş JN 1914A, KOD 61101004 olan Torpağın Mülkiyyətə Verilməsinə X2 Sara Aydın qızı, X10, X3 və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilmişdir.
3. Tərtər şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X13 və X7 da adı həmin siyahıda iddiaçı və onun ailə üzvləri ilə birlikdə, eyni təsərrüfat kimi qeyd olunmuşdur.
4. Tərtər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 184-16404-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1954-cü il tarixdə Tərtər rayon Sarov kəndində anadan olmuş, X13 xx.xx.1994-cü il tarixdə ünvan 1 ünvanından qeydiyyatdan çıxmışdır, övladı X7 isə Tərtər şəhərində qeydiyyatda olması barədə Tərtər RPŞ-nin Q və ŞV qrupunda heç bir məlumat yoxdur.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********53 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciəti iddiaçıya və ailə üzvlərinə məxsus 0.06 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-1914A saylı şəhadətnamədə hansı səbəbdən qardaşı X13 və qardaşının oğlu X7 adlarının qeyd olunması İdarəyə məlum olmaması, həmin sənədin iddiaçının ailə üzvlərinə məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda X13 və X7 adlarının şəhadətnamədən çıxarılması 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmaması səbəbindən müsbət həll olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarı ilə ünvan 3 ünvanda yerləşən torpaq sahəsi ilə bağlı X13 və X7 adlarının Torpağın mülkiyyətə verilməsinə dair JN-1914A KOD 61101004 nömrəli şəhadətnamədən çıxarılması, onun qanuni istifadəsində olan 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməsi və buna dair müvafiq sənədlərin (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və.s) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarına əsasən ünvan 3 ünvanda iddiaçının və onun ailə üzvlərinin (X4, X5, X1) mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmış və və buna dair “Torpagın mülkiyyətə verilməsinə dair” JN-1914A, kod 61101004 nömrəli şəhadətnamə tərtib edilmişdir. Lakin həmin şəhadətnamə tərtib edilərkən qanunsuz və əsassız olaraq X13 və onun övladı X7 adları da şəhadətnamədə göstərilmişdir. Onların adlarının şəhadətnamədə qanunsuz və əsassız göstərilməsi onunla sübut olunur ki, X13 1993-cü ildən iddiaçının ailəsinin evindən qeydiyyatdan çıxaraq Rusiyaya getmiş və onun oğlu X7 isə həmin ünvanda ümumiyyətlə qeydiyyatı olmamışdır. İddiaçı qeyd edir ki, hazırda həyətyanı torpaq sahəsini satmaq istəyir, lakin həmin şəxslərin adlarının şəhadətnamədə göstərilməsi ona maneçilik törədir. Ona görə də hesab edir ki, daşınmaz əmlakın dövlət revestrində düzəliş aparılaraq həmin şəxslərin adları “Torpagın mülkiyyətə verilməsinə dair” JN-1914A, kod 61101004 nömrəli şəhadətnamədən çıxarılmalı və ailənin sağ qalan üzü kimi (X11 xx.xx.2006-cı ildə, X12 xx.xx.2018-ci ildə və X8 xx.xx.2018-ci ildə vəfat etmişdir) onun qanuni istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmalı və buna dair müvafiq sənədlər (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və.s) verilməlidir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü i tarixli, 2-1(114)-379/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, Tərtər şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlərin siyahısında iddiaçı ilə birlikdə torpaq sahəsi verilən subyektlərin dairəsində X13 və X7 da adı yazılmışdır. Belə olan halda həmin şəxslərin adının şəhhadətnamədən çıxarılması istisna olunur. Başqa sözlə şəhadətnamə ilkin sənəd olan Tərtər rayon Aqrar İslahat Komissiyasının siyahısındakı məlumatlar əsasında yazılmışdır və ilkin sənəddə həmin şəxslərin adı olduğu halda şəhadətnamədən onların adlarının çıxarılması yolverilməzdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 23.1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur.
11. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. İşin hallarından görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarına əsasən 0.06 ha torpaq sahəsi X10, X12, İddiaçı, X13, X9 və X7 mülkiyyətinə verilmişdir.
20. Bundan sonra iddiaçı X13 və X7 adlarının Torpağın mülkiyyətə verilməsinə dair JN-1914A KOD 61101004 nömrəli şəhadətnamədən çıxarılmaqla qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir.
21. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********53 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciəti iddiaçıya və ailə üzvlərinə məxsus 0.06 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-1914A saylı şəhadətnamədə hansı səbəbdən qardaşı X13 və qardaşının oğlu X7 adlarının qeyd olunması İdarəyə məlum olmaması, həmin sənədin iddiaçının ailə üzvlərinə məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda X13 və X7 adlarının şəhadətnamədən çıxarılması 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmaması səbəbindən müsbət həll olunmamışdır.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Tərtər şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X13 və X7 da adı həmin siyahıda iddiaçı və onun ailə üzvləri ilə birlikdə, eyni təsərrüfat kimi qeyd olunmuşdur. Bundan başqa JN-1914A KOD 61101004 nömrəli şəhadətnamə Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarına əsasən işlənmişdir.
23. Belə ki, JN-1914A KOD 61101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarına əsasən 0.06 ha torpaq sahəsi X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
24. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərərfindən daxil olmuş Tərtər şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X13 və X7 da adı həmin siyahıda iddiaçı və onun ailə üzvləri ilə birlikdə, eyni təsərrüfat kimi qeyd olunmuşdur.
25. Kollegiya hesab edir ki, vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə üçüncü şəxslərin adları qeyd olunmuş və həmin şəxslərin şəhadətnamədən çıxarılmasına heç bir hüquqi əsas mövcud deyildir. Belə ki, şəhadətnamənin tərtibinə əsas olan inzibati akt- aqrar islahat komissiyasının qərarı və həmin qərar əsasında tərtib olunan subyektlərin siyahısıdır.
26. Beləliklə, şəhadətnamədən hər hansı şəxsin adının çıxarılması şəxslərin mülkiyyət hüququna birbaşa müdaxilə səciyyəsi daşıyacaq, eyni zamanda artıq yekunlaşmış və hüquqi qüvvəsi olan aqrar islahat komissiyasının qərarının legetimliyinə xələl gətirəcək.
27. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).
28. Məhkəmə tərkibi hesab edir ki, inzibati orqanın hərəkəti qanunamüvafiq olduğundan iddianın təmin edilməsinə dair heç bir hüquqi və ya faktiki əsas mövcud deyildir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-379/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov