Məhkəmə qərarları › İş №2-1(104)-782/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-782/2023

27.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-782/2023 27.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İrarəsinə qarşı üçüncü şəxslərin yaşayış evindən qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar oğlunun katibliyi, İddiaçı, üçüncü şəxslər X5, X6, X7, vəkil (nümayəndə) X15 iştirakları ilə, “üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasının öhdəlik olaraq cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2- 1(114)-1124/2021 nömrəli qərarından üçüncü şəxslər X10, X11 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********* qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.

2. Cavabdeh xx.xx.2021-ci il tarixli 120-12224H-3221 nömrəli məktubunun məzmunundan görünür ki, X10, X9, X7 ünvan 1 ünvanından qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir.

3. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışın surətindən görünür ki, X10, X9, X2 şəhəri, Kəpəz rayonu, Krilov küçəsi 108 ünvanında qeydiyyatdadır.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********45 saylı məktubundan məlum olur ki, Gəncə şəhəri, Krilov küçəsi 108 ünvanında və ünvan 2lk olmaqla Gəncə şəhəri Dövlət notariat kontorunun xx.xx.1935-ci il tarixli, 7920 reyestr nömrəli daşınmaz əmlakın tikinti müqaviləsinə, xx.xx.1975-ci il tarixli torpaq qeydinə əsasən həmçinin 1938-ci ildə aparılmış inventarlaşdırma zamanı X17 adına qeyd edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 30 oktyabr 2006-cı il tarixli, 2-931/2006 nömrəli qətnaməsinə əsasən X19 ilə X20 arasında Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi 35 nömrəli evin “A” literli hissəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin evə mülkiyyət hüququ X12 verilməsi və X14 adına qeydiyyatın ləğv edilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(043)-1511/2010 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə X21 arasında Gəncə şəhəri Krilov küçəsində yerləşən “B” literli yaşayış binasından ibarət 108 nömrəli yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında İddiaçı adına xx.xx.2011-ci il tarixli, **********98-10301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

5. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-931/2006 nömrəli qətnaməsinə əsasən, X19 ilə X21 arasında Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi, 35 nömrəli evin “A” literli hissəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin evə mülkiyyət hüququnun X12 verilməsi və X14 adına qeydiyyatın ləğv olunması qət edilmişdir.

6. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(043)- 1511/2010 nömrəli qətnaməsinə əsasən, İddiaçı (bundan sonra mətndə - iddiaçı) ilə X21 arasında Gəncə şəhəri, Krılov küçəsində yerləşən “B” literli yaşayış binasından ibarət 108 nömrəli yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında iddiaçının adına xx.xx.2011-ci il tarixli, **********98- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

7. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)- 909/2015 nömrəli qətnaməsi ilə X10, X9 və X7 ünvan 5 ünvandakı yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamədə müəyyən edilmişdir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüquqları yaranmamışdır. Qətnamə qanuni qüvvəsini almışdır.

8. Apellyasiya icraatı zamanı təqdim edilən Gəncə Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(043)-1511/2018 nömrəli məktubunda qeyd olunur ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 11 noyabr 2010-cu il tarixli, 2(043)-1511/2010 nömrəli qətnaməsi ləğv edilməmiş və qanuni qüvvəsini almışdır.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinin 14 noyabr 2023-cü il tarixli, 3-21-3-33/2-10660/2023 nömrəli məktubunda qeyd olunur ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(043)- 1511/2010 nömrəli qətnaməsi ilə İddiaçı ilə X21 arasında Gəncə şəhəri, Krılov küçəsində yerləşən sahələri 18,9 kv metr, 10,4 kv metr, 18,1 kv metr, 16,6 kv metr dörd yaşayış otağı, 21,5 kv metr, 41,2 kv metr, 6,6 kv metr, 10,8 kv metr köməkçi sahələri, 18 kv metr, 10,2 kv metr, 10,8 kv metr, 58,3 kv metr, 10,9 kv metr, 1,8 kv metr yarım zirzəmi 22,4 kv metr, 9,7 kv metr açıq eyvanı olan “B” literli yaşayış binasından ibarət 108 nömrəli yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Həmin qətnamə icra olunaraq İddiaçı adına 22 fevral 2011-ci il tarixli, **********89-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çxıarış verilmişdir. Gəncə “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-2147 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı tərəfindən X4 bağışlanmışdır. Müqaviləyə əsasən X3 adına 26 avqust 2021-ci il tarixli, **********89-10301 reyestr nömrəli çıxarış verilmişdir. Gəncə “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2021-ci il tarixli,4Ə-2544 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən ev X8 tərəfindən X1. Həmin müqaviləyə əsasən X13 adına xx.xx.2021ci il tarixdə, **********89-10301 nömrəli çıxarış verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İrarəsinə (üçüncü şəxslər X10, X9, X11) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə üçüncü şəxslərin ona məxsus ünvan 7 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılmasının öhdəlik olaraq qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-909/2015 nömrəli qətnaməsi ilə X10, X9 və X7 ünvan 5 ünvandakı yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnaməyə əsasən X10, X9 və X7 mübahisəli evə istifadə hüquqları yaranmamışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırda üçüncü şəxslər iddiaçıya məxsus ünvanda yaşamırlar və orada formal olaraq qeydiyyatdadırlar.

12. Gəncə İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(114)-1124/2021 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia tələbi təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

14. Üçüncü şəxslər X10 və X11 qərarın dəlillərindən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evi şikayətçilərin mərhum atalarına məxsus olmuş, bu səbəbdən də onlar həmin ünvanda pasport qeydiyyatında olmuşlar. Birinci instansiya məhkəməsində işə baxılarkən ölkə hüdudlarından kənarda olduqlarından xəbərləri olmamışdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər hər biri ayrıayrılıqda apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdilər, şikayətin təmin olunmasını xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin vəkili E.Osmanov izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, ev ona məxsus olmuşdur, üçüncü şəxslər qardaşının ailəsidir. Onlar Rusiya Federasiyasında yaşayıblar və müəyyən dövrlərdə evə gəlib-gediblər. Daimi olaraq heç vaxt yaşamayıblar, onların özlərinə məxsus evləri vardır.

20. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. - 9-cu maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdəyeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur

25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Baxılan iş üzrə birinci instansiya məhkəməsi işin hallarına və iddia tələbinin dəlillərinə tam qiymət verməklə qanuni nəticəyə gəlmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

30. İşin halları ilə müəyyən olunur ki, mübahisləndirilən ev, yəni Gəncə şəhəri, Kəpəz rayonu, Krılov küçəsi 108 fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, üçüncü şəxslər Almas Məhərrəmova onun qardaşının keçmiş arvadı, Elvin və Elxan Məhərrəmovlar isə qardaşının oğullarıdır.

31. Apellyasiya şikayətinin dəlillərində fərdi yaşayış evinin iddiaçının deyil, üçüncü şəxslərin atalarının olması qeyd edilsə də iş materiallarında bu dəlili sübut edəcək heç bir sənəd mövcud deyildir.

32. Əksinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********45 saylı məktubundan məlum olur ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi bir mülk olmaqla Gəncə şəhəri Dövlət notariat kontorunun xx.xx.1935-ci il tarixli, 7920 reyestr nömrəli daşınmaz əmlakın tikinti müqaviləsinə, xx.xx.1975-ci il tarixli torpaq qeydinə əsasən həmçinin 1938-ci ildə aparılmış inventarlaşdırma zamanı X17 adına qeyd edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 30 oktyabr 2006-cı il tarixli, 2-931/2006 nömrəli qətnaməsinə əsasən X19 ilə X20 arasında Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi 35 nömrəli evin “A” literli hissəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin evə mülkiyyət hüququ X12 verilməsi və X14 adına qeydiyyatın ləğv edilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(043)-1511/2010 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə X21 arasında Gəncə şəhəri Krilov küçəsində yerləşən “B” literli yaşayış binasından ibarət 108 nömrəli yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında İddiaçı adına xx.xx.2011-ci il tarixli, **********98-10301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

33. Göründüyü kimi mübahisəli evin iddiaçıya məxsus olması təqdim olunan sənədlərlə öz təsdiqini tapmışdır.

34. Bundan başqa, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-909/2015 nömrəli qətnaməsi ilə X10, X9 və X7 ünvan 5 ünvandakı yaşayış evindən çıxarılması qət edilmişdir. Qətnamə ilə evin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının, iddiaçı ilə ailə bağlarının olmamaları, faktiki olaraq onların orada yaşamamaları müəyyən edilmişdir.

35. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin inzibati icraat qaydasında qeydiyyatdan çıxarılmasının mümkünlüyü müəyyən olunmuşdur.

36. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.

37. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

38. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.

39. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

40. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır və apellyasiya şikayəti təmin olunmamalı,Gəncə İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(114)-1124/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(114)-1124/2021 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Şamil Rzaquliyev, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar