Məhkəmə qərarları › İş №2-1(104)-783/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-783/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-783/2023 07.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1396/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1.İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək əmək pensiyası təyin olunmasını xahiş etmişdir. 2.xx.xx.2022-ci il tarixli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubla ərizənin icrasından imtina edilmiş və onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının, hərbi biletin surətlərinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) sığorta stajı 19 il 2 ay 15 gün təşkil edir. Mərkəzi filiala təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan xx.xx.1979-xx.xx.2005-ci il tarixləri arasındakı dövrə aid məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. 19 oktyabr 1987-ci il tarixində açılmış əmək kitabçanın 1-ci səhifəsi həmin dövrə aid olmayan möhürlə təsdiqlənmişdir. Bu səbəbdən də adı çəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq 1979-1983-cü illərdə İddiaçı cəmi 10 ay əmək haqqı ödənildiyi bildirilmişdir. Digər illərə dair əmək haqqı kitabları Ağstafa rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin illərdə əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Bu fakt Ağstafa rayon Dövlət Arxivinin 16 noyabr 2022-ci il tarixli birgə akt ilə təsdiq edilmişdir. Göstərilən səbəblərdən də, ümumi iş stajı 25 ildən az təşkil edir. Ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 3.AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur.

4. xx.xx.1980-ci il tarixli ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

5. X2 rayonunun xx.xx.2022-ci il tarixli, 97 nömrəli arxiv arayışının surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixli 80$1 saylı əmrlə Ağstafa rayon “Atçılıq” zavodunda inşaata fəhlə vəzifəsinə qəbul edilmiş və xx.xx.2005-ci il tarixli, 2 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. 6.X2 rayonunun xx.xx.2023-cü il tarixli, 13 nömrəli arxiv arayışından görünür ki, Ağstafa rayon “Atçılıq” zavodunun 1984-2005-ci illərə aid əmək haqqı kitabları Ağstafa Rayon Dövlət Arxivində mühafizə olunmur. 7.X2 rayonunun xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, Ağstafa rayonunda mühafizə olunan Ağstafa rayon “Atçılıq” zavodunun əmr kitablarına əsasən İddiaçı xx.xx.1979-ci il tarixli 80$1 saylı əmrlə xx.xx.1979-cu ildən inşaata fəhlə qəbul edilib və xx.xx.2005-ci il tarixli, 2 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı 1979- 1983-cü illər üzrə Ağstafa rayon “Atçılıq” zavodunun əmək haqqı kitablarında aldığı əmək haqları- 1979-cu ilin oktyabr ayında 50-00, 1980-ci ilin evral ayında 63-50, iyun ayında 48- 15, 1981-ci ilin iyun ayında 49-50, 1982-ci ilin iyul ayında 70-16, avqust ayında 73-16, sentyabr ayında 75-79, oktyabr ayında 63-16, 1983-cü ili naprel ayında 77-97, avqust ayında 105-66 kimi qeyd edilmişdir. Ağstafa rayon “Atçılıq” zavodunun 1984-2055-ci illərə aid əmək haqqı kitabları Ağstafa rayon Dövlət arxivində mühafizə olunmur. 8."xxxx" MMC-nin xx.xx.2023-cü il 13 №-li arayışından görünür ki, İddiaçı Knyaz oğluna 1999-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust aylarında cəmi 68198 əmək haqqı, 2000-ci il aprel, may, iyun, iyul, avqust, sentyabr, noyabr aylarında cəmi 77988 əmək haqqı, 2001-ci il üçün may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr aylarında cəmi 94560 əmək haqqı hesablanmışdır. "xxxx" MMC-də yalnız arxiv sənədlərindən ancaq qeyd edilən əmək haqqı cədvəlləri mövcud olmuşdur. 9.”Atıcılıq” zavodunun əmr kitabından görünür ki, İddiaçı traktorçu xx.xx.2005-ci il tarixdən öz ərizəsinə əsasən traktor və ot presi müvəqqəti olaraq öz öhdəsində saxlanılması şərti ilə işdən azad edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1962-ci il tarixində anadan olmuş, əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun müraciətindən imtina edərək göstərmişdir ki, onun 1979-1983-cü illərdə cəmi 10 ay əmək haqqı ödənildiyi və digər illərə dair əmək haqqı kitablarının Ağstafa rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin illərdə əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçıya məxsus əmək kitabçasında onun işlədiyi 1979-2005-illər öz təsdiqini tapmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina tam əsassızdır.

12. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbinə etiraz ərizəsində qeyd olunmuşdur ki, İddiaçı ümumi sosial sığorta stajl qanunla tələb olunan müddətdən, yəni 25 ildən azdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan il tarixləri arasındakı dövrə ald məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, 19 oktyabr 1987-ci il tarixində açılmış əmək kitabçasının 1-ci səhifəsi həmin dövrə aid olmayan möhürlə təsdiqlənmişdir. Bu səbəbdən də həmin dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 19 il 2 ay 15 gündür. Həmin müddətə onun xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.2005-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrü daxildir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16586,69 manat təşkil edir. Buna görə də İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" barədə iddia tələbi təmin edilməməlidir.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1396/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək Ağstafa rayon “Atçılıq” zavodunda əmək fəaliyyəti ilə məşğul olması istər İT-İ ******* nömrəli əmək kitabçası, istərsə də arxiv arayışları ilə öz təsdiqini tapmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Mərkəzi filiala təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan xx.xx.1979xx.xx.2005-ci il tarixləri arasındakı dövrə aid məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. 19 oktyabr 1987-ci il tarixdə açılmış əmək kitabçasının 1-ci səhifəsi həmin dövrə aid olmayan möhürlə təsdiqlənmiş və iddiaçının xx.xx.1979-xx.xx.2005-ci il tarixədək Ağstafa rayon Atçılıq zavodunda işlədiyini iddia etdiyi dövr əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (19 il 2 ay 15 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.2005-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2022-ci il xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-ci il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın tələblərinə görə əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işəgötürən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir.“Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyinə uyğun olaraq iddiaçıya münasibətdə 39560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16586,69 manat təşkil edir. Birinci instansiya məhkəməsi qeyd olunan faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə Ağstafa rayon Dövlət Arxivindən daxil olmuş xx.xx.2023-cü il tarixli 13 nömrəli arxiv arayışına əsaslanarq iddianın təmin edilməsi ilə bağlı nəticəyə gəlmişdir. İddiaçı sadəcə 1979-1983-cü illərdə müəyyən aylarda əməkhaqqı aldığı qeyd olunmuş, 1984- 2005-ci illərə dair sənəd təqdim edilməmişdir. Buna görədə də iddiaçının “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” barədə iddiası təmin olunmamalıdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

a)apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdi.

20. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

23.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndində əsasən bu Qanunun 12,13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır.

24.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri..nəzərə alınır.

25.İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqişəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

26.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 27.Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 28.Cavabdeh inzibati orqanın imtina məktubunda və apellyasiya şikayətində əmək kitabçasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-ci il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın tələblərinə uyğun olmadığı, iddiaçının əmək kitabçasında olan xx.xx.1979xx.xx.2005-ci il tarixləri arasındakı dövrə aid məlumatlarının həqiqiliyinə şübhə yarandığı, 1979-1983-cü illərdə İddiaçı cəmi 10 ay əmək haqqı ödənildiyi, qalan illərə dair sübut olmadığı, həmçinin iddiaçıya münasibətdə kapital tələbinin ödənilmədiyi qeyd edilmişdir. 29.Göründüyü kimi inzibati orqanın istər imtina və etiraz qeydlərində, istərsə də apellyasiya şikayətinin dəlillərində iddiaçının xüsusi stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı ilə uyğunsuzluğu və ya müddəti mübahisələndirilməmişdir. 30.Həmçinin müəyyən edilir ki, iddiaçının mübahisələndirilən (xx.xx.1979xx.xx.2005-ci illər) və mübahisələndirilməyən (əmək kitabçasının, hərbi biletin surətlərinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 19 il 2 ay 15 gün) iş stajı 25 ildən artıqdır, məhz iddiaçının xx.xx.1979xx.xx.2005-ci illər arası Ağstafa rayon “Atçılıq” zavodunda işlədiyi illərin sosail sığorta staji kimi nəzərə alınmasının mümkünlüyü məhkəmə araşdırılmasının predmetini təşkil etmişdir. 31.Başqa sözlə iddiaçının 19 il 2 ay 15 gün iş stajı (1979-1983-cü illər üzrə Ağstafa rayon “Atçılıq” zavodunun əmək haqqı kitablarında aldığı əmək haqları üzrə 10 ay) nəzərə alınmış, işlədiyi digər illərə dair sənədlərin və əmək haqqı barədə cədvəlin müvafiq sorğu əsasında arxivdə aşkar edilməməsi əsası imtina edilmişdir. xx.xx.1987-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək Ağstafa rayon “Atçılıq” zavodunda işləmişdir. 33.X2 rayonunun xx.xx.2023-cü il tarixli, 13 nömrəli arxiv arayışından görünür ki, Ağstafa rayon “Atçılıq” zavodunun 1984-2005-ci illərə aid əmək haqqı kitabları Ağstafa Rayon Dövlət Arxivində mühafizə olunmur. 34.X2 rayonunun xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, Ağstafa rayonunda mühafizə olunan Ağstafa rayon “Atçılıq” zavodunun əmr kitablarına əsasən İddiaçı xx.xx.1979-ci il tarixli 80$1 saylı əmrlə xx.xx.1979-cu ildən inşaata fəhlə qəbul edilib və xx.xx.2005-ci il tarixli, 2 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı 1979- 1983-cü illər üzrə Ağstafa rayon “Atçılıq” zavodunun əmək haqqı kitablarında aldığı əmək haqları- 1979-cu ilin oktyabr ayında 50-00, 1980-ci ilin evral ayında 63-50, iyun ayında 48- 15, 1981-ci ilin iyun ayında 49-50, 1982-ci ilin iyul ayında 70-16, avqust ayında 73-16, sentyabr ayında 75-79, oktyabr ayında 63-16, 1983-cü ili naprel ayında 77-97, avqust ayında 105-66 kimi qeyd edilmişdir. Ağstafa rayon “Atçılıq” zavodunun 1984-2055-ci illərə aid əmək haqqı kitabları Ağstafa rayon Dövlət arxivində mühafizə olunmur. 35."xxxx" MMC-nin xx.xx.2023-cü il 13 №-li arayışından görünür ki, İddiaçı Knyaz oğluna 1999-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust aylarında cəmi 68198 əmək haqqı, 2000-ci il aprel, may, iyun, iyul, avqust, sentyabr, noyabr aylarında cəmi 77988 əmək haqqı, 2001-ci il üçün may, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr aylarında cəmi 94560 əmək haqqı hesablanmışdır. "xxxx" MMC-də yalnız arxiv sənədlərindən ancaq qeyd edilən əmək haqqı cədvəlləri mövcud olmuşdur. 36.Məhkəmə araşıdırılması zamanı təqdim edilmiş sənədlərdən məlum olur ki, 1984-1999-cu illər və 2002-2005-ci illər üzrə ümumiyyətlə arxiv məlumatları aşkarlanmamış, "xxxx" MMC-nin xx.xx.2023-cü il 13 №-li arayışına əsasən 1999-2001-ci il üzrə 22 ay əmək haqqı ödənilmişdir. 37.İlkin olaraq qeyd olunur ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək işləməsi əmək kitabçasında və təqdim olunan arxiv arayışlarında öz əksini tapmışdır. Məhkəmə kollegiyası əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir. 38.Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1 -ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 39.“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 40.İddiaçının işlədiyi dövrdə qüvvədə olan (xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. 41.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. 42.İddiaçının işləməsini təsdiq edən digər sənədlərin- əmək haqqı cədvəllərinin dövlət arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar deyildir və həmin illərlə bağlı təhvil verilməyən sənədlərə görə iddiaçının stajının hesablanmaması onun konstitusion hüququ olan- sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olar. 43.Bundan başqa, pensiya qanunvericiliyində əmək stajını təsdiq edən sənədlər üzrə arxiv arayışının mütləq təqdim edilməsi ilə bağlı müddəa da nəzərdə tutulmamış, yalnız əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçası və qeydləri təqdim edilmədiyi halda əlaqəli məlumat kimi digər sənədlərin nəzərə alınmasının mümkünlüyü təsbit edilmişdir. 44.Apellyasiya şikayətinin əmək kitabçasının tərtibi ilə bağlı dəlilinə münasibətdə qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-ci il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın tələblərinə görə əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işəgötürən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. 45.Göründüyü kimi əmək kitabçasının doldurulması birbaşa işəgötürənin vəzifəsidir və orada işçidən asılı olmayan hər hansı uyğunsuzluq onun ziyanına şərh edilə bilməz. 46.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, işəgötürən müəssisənin sənədlərinin tərtibinin tamlığı və düzgünlüyü halının mübahisələndirilməsi işçinin yaranmış və gələcəkdə yaranacaq hər hansı hüquqlarının realizəsinin məhdudlaşdırılmasına əsas ola bilməz. 47.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 48.Apellyasiya şikayətinin digər dəlili- iddiaçının kifayət qədər karitala malik olmamasıdır. 49.Məhkəmə tərkibi qeyd edir ki, subyektin cari olaraq realizə olunan pensiya hüququnun əsasında dayanan əmək stajının hesablanması və tətbiqinə dair məhz iddia tələbində qeyd olunan tarix, xx.xx.2022-ci il üzrə maddi hüquq norması tətbiq edilməlidir. 50.Qeyd edilən maddi normada güzəştli şərtlərlə pensiya təyininə dair 3 şərt müəyyən edilir: 1. İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2. İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. 51.Belə ki, 13 may 2022-ci il 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir. Sözügedən dəyişikliyə əsasən Qanunun 9.1-ci maddəsində göstərilmişdir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 52.Odur ki, hazırki iş üzrə cavabdehin imtinası qanunaziddir və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1396/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov,Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar