Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-784/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı inzibati iş üzrə QƏRARİ Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)- 2649/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli, 2433 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 25 №-li əmrində “Kəşfiyyat bölüyün”də aparılan yoxlama zamanı şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il, yanvaravqust, oktyabr-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyat kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.
2. Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2/2-2187 nömrəli məktubundan görünür ki, İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024cü il tarixli, 356 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin iyul-dekabr 1993-cü il, xx.xx.1994-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyat kitabında hərbi xidməti barədə məlumat olmadığına və hərbi hissəni özbaşına tərketmə faktı olduğuna görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
3. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-43-59/2-691/2024 saylı cavab məktubuna əlavə edilmiş İddiaçı məxsus uçot kartasındakı qeydlərdən görünür ki, Hərbi Prokurorluğun Qərarı əsasında yoxlanılmışdır. İddiaçı barəsində Gəncə Hərbi Prokurorluğu tərəfindən HP1584 saylı, xx.xx.1999-cu il tarixdə Amnistiya Qərarı tətbiq edilmiş və 1.1.1.6 cinayət işinin başlanması rədd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdə 18 yaşım tamam olduğuna görə müddətli həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni silahlı qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. Onun döyüş yolu Ağdərə, Talış və digər istiqamətlərdə keçmişdir. 1993-cü ilin fevral ayında qrad mərmisinin partlaması nəticəsində yaralanmışdır. 1993-cü ilin fevral ayından mart ayınadək 230 saylı hərbi hospitalda müalicə olunmuş, xx.xx.1994-cü il tarixdə qanuni əsaslarla ehtiyata buraxılmışdır. Uzun illər ərzində müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etməməyinin səbəbi odur ki, hərbi xidmət dövründə aldığı xəsarət onun sinir sistemini pozmuşdur. xx.xx.2023-cü il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, ərizəsi xx.xx.2023-cü il tarixdə cavabdehə orqana çatmışdır. Bu günədək onun ərizəsinə hər hansı cavab verilməmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 3.25-4/2-5838/2024 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli, 2433 nömrəli arxiv arayışından da göründüyü kimi iddiaçının xx.xx.1993-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətin başa çatması ilə qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2024-cü tarixli, 2-1(114)- 2649/2024 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, hazırkı iş materiallarında iddiaçının hərbi hissədən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla tərxis olunmasını təsdiq edən hər hansı mötəbər sübut olmadığından görə iddia təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2649/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normasının tələblərinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsinə əmrlər və şəxsi heyətin əlifba kitabından çıxarışlar verilməsi ilə bağlı sorğular verməli idi. Çünki, onun 1993-cü ilin sentyabr ayındək xidmətdə olması qeyd edilir. Ona bu məlumatı verirlər ki, təkzib olunmaz fakt var ki, o qrad mərmisinin partlaması nəticəsində 1993-cü ilin fevral-mart ayında 230 saylı hospitalda müalicə almışdır. Əgər bu fakt olmasaydı, ümumiyyətlə heç bir məlumat verilməyəcəkdir. Digər araşdırılası məqam odur ki, məhkəmə Gəncə Hərbi Prokurorluğundan sorğu verərək cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı almamışdır. Həmin qərar iddiaçı tərəf olaraq ona çox maraqlıdır. Həqiqətən də, belə bir qərarın olmasından məhkəmə iclası zamanı xəbər tutmuşdur. Həmin qərar sorğu verilib alınmış olsaydı, həmin qərarda göstərilmiş xüsusatları Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsində olan məlumatlarla müqayisə etmiş olardı.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iş üzrə iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.
14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
16. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
17. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
19. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.
20. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
21. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
23. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
25. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
26. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
27. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
28. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
29. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
30. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
31. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
32. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
33. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
34. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə cavabında onun müraciətinə komissiyanın xx.xx.2024-cü il tarixli iclasında baxıldığını və barəsində müsbət qərar qəbul edilmədiyi bildirmişdir. Buna əsas kimi onun N nömrəli hərbi hissə komandirinin iyul-dekabr 1993-cü il, xx.xx.1994-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyat kitabında hərbi xidməti barədə məlumat olmadığına və hərbi hissəni özbaşına tərketmə faktı olduğuna görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
38. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 2433 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 25 №-li əmrində “Kəşfiyyat bölüyün”də aparılan yoxlama zamanı şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il, yanvar-avqust, oktyabr-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyat kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müharibə veteranı statusu almaq üçün onun hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar, həmçinin onun qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmalıdır.
40. Göründüyü kimi, iddiaçının hərbi hissədə xidməti barədə müəyyən məlumatlar olsa da, lakin hərbi hissənin tərkibində sonrakı xidməti və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmamışdır. Beləliklə iddiaçının döyüşən hərbi hissənin tərkibində sonrakı xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunmasının əsasları iş materialları ilə öz təsdiqini tapmır.
41. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi yaralanaraq hospitalda müalicə alması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, şəxsin yaralanması nəticəsində onun xidmətə yararlı olub-olmaması yalnız hərbi həkim komissiyasında şəhadətləndirilməsi nəticəsində müəyyən edilə bilər. İddiaçının hərbi xidmət dövründə yaralanması və ya keçirdiy xəstəlik nəticəsində hospitalda stasionar müalicədə olduqdan sonra şəhadətləndirilməsi üçün hərbi həkim komissiyasına göndərilməsi və aldığı xəsarət nəticəsində onun hərbi xidmətə yararsız olması barədə həmin dövr üçün müvafiq hərbi həkim komissiyasının qərarı mövcud deyil.
42. Məhkəmə kollegiyası iddiaçının ərizəsində qeyd etdiyi xx.xx.1994-cü il tarixdə qanuni əsaslarla ehtiyta buraxılması barədə mülahizəni də əsassız hesab edir. Belə ki, iddiaçının qeyd etdiyi tarixdə ümümiyyətlə hərbi qulluqçuların ehtiyata buraxılması prosesi olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.1996-cı il tarixli, 433 nömrəli Fərmanı ilə hərbi qulluqçuların ehiyata buraxılması qərara alınmışdır. Həmin Fərmana uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli, 26 nömrəli əmri ilə hərbi qulluqçuların təxris edilməsi prosesinə başlanmışdır. Hərbi qulluqçular qeyd edilən Fərmandan əvvəl, yalnız xüsusi hallarda (şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararsız olması müəyyən edildikə və.s) təxis edilmişlər. İddiaçının Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.1996-cı il tarixli, 433 nömrəli Fərmanından əvvəl tərxis olunmasının əsasları isə iş materialları ilə müəyyən olunmur.
43. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
44. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2649/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.