Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-785/2023 30.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3151/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********961900 nömrəli qərara əsasən neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ila bağlı xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmədiyinə və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş 64800,0 manat daşıma xərclərinin gəlirdən çıxılmadığına görə kameral vergi yoxlaması ilə 12960.0 manat əlavə mənfəət vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı cavabdehə qarşı “**********961900 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, **********961900 nömrəli qərarın ləğv edilməsi və hesablanmış 12.960 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, **********558100 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Ərizə xx.xx.2023-cü il tarixli qərardadla inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, qanunsuz və əsassız yazılmış borc məbləğinin silinməsi barədə cavabdehə etdiyi müraciətə müsbət cavab verilməmişdir. İddiaçı ilə "xxxx" QSC arasında 19 aprel 2019-cu il tarixli 190107 nömrəli kommersiya subkonsessiya (subfrançayzinq) müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.1.13-cü bəndindən görünür ki, subfrançayzinq alan neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirməlidir. Həmin müqavilə Tarif Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli qərarının təsiri altına düşmür. İddiaçı hesab edir ki, kameral vergi yoxlaması nəticəsində 12.960 manat vergi borcunun hesablanması əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Cavabdeh iddiaya dair təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz qeyd olunmuşdur ki, kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 2022-ci il üçün hesablama metodu tətbiq edilməklə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 229-cu "Nəqliyyat xərcləri”sətrində göstərilmiş 64800,00 manat məbləğin neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı xərclər də nəzərdə tutulduğundan xərclərə aid edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********245000 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslı münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrine əsasən 2022-ci ilin mənfəət vergisi üçün vergi ödəyicisinin bəyan etdiyi vergi məbləğindən əlavə 64800*20%=12960,00 manat manat mənfəət vergisi məbləği hesablanaraq hazırkı iddia ilə mübahisləndirilən "Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********961900 nömrəli Qərar qəbul olunmuşdur. Bundan sonra, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli "Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri" Qərarının təsdiq edilməsi ilə əlaqədar inzibati orqanın təşəbbüsü ilə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraat başlanılmışdır. Təsdiq edilən yeni Qərara əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan xərclər daxil edilmişdir. Bu səbədən Qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat tariflərinə daxil edilmədiyindən, həmin vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır. Buna görə də iddiaçının 2022-ci il ərzində neft mahsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş 64800,0 manat daşıma xərclərindən 27200,0 manatı (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixi 4 nömrəli Qərarı qüvvəyə mindiyi tarixədək olan xərclər gəlirdən çıxılan xərclərə aid edilmədiyinə görə kameral vergi yoxlaması ilə 5440,0 manat əlavə mənfəət vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Başqa sözlə 2022-ci il ərzində neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş 64800,0 manat daşıma xərclərindən 37600,0 manatı vergi orqanı tərəfindən daşınma xərci kimi tanınmış və xx.xx.2022-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixi 2 nömrəli "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə Qərarında neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş 27200,0 manat daşıma xərcləri gəlirdən çıxılması qanunvericiliyə zidd olduğu üçün nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən nəticədə xx.xx.2023-cü il tarixdi **********558100 nömrəli qərarla 5440,0 manat (27200,0 x 20 %) əlavə mənfəət vergisi (2022-ci il) hesablanmışdır. İddiaçı iddia ərizəsində "xxxx" Firması ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kommersiya subkonsenssiya (subfrayçayzing) müqaviləsinin 3.1.13-cü bəndində qeyd edilən "subfrançayz alan neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirir" müddəasına istinad etmişdir. İddiaçının dəlili ilə razılaşmayaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tanzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) ve alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" xx.xx.2015ci il tarixi 2 nömrəli qərarının 2.5-ci bəndinə əsasən ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tariflərinə əsasən avtomobil benzini, dizel yanacağı, reaktiv mühərrik yanacağının 1 (bir) tonu üçün təchizat tarifi 15,0 manat müəyyənləşdirilmişdir. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla tasdiq edilmiş tariflərlə, qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışını isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Göründüyü kimi, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır və bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərcləri də ehtiva edir. Qeyd olunanları nəzərə alaraq, neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır. Təchizat xərcləri alınmış malın dəyərində nəzərə alınan xərc elementi olduğundan “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində nəqliyyat xərcləri müstəqil xərc elementi kimi nəzərə alınmamalı, satılmış malların dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilməlidir. Buna əsasən tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrində neft məhsullarının alıcı tərəfindən satıcının neft terminalı bazasından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması ilə bağlı müddəaların əlavə edilməsi sözügedən dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Yuxarıda göstərilənlərdən göründüyü kimi Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli "Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri" Qərar təsdiq edilənə kimi təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi göstərilmişdir ki, iddiaçının neft məhsullarını topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılmasını vergi orqanından tələb etməsi və vergi orqanının qeyd olunan xərclərin gəlirdən çıxılmalı olan xərclər kimi qəbul etməməsini əsassız hesab etməsi qanunvericiliyin tələbinə ziddir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının yeni qəbul etdiyi qərarda həmin halın iddiaçının tələb etdiyi formada tənzimlənməsi onu deməyə əsas verir ki, vergi orqanı haqlı olaraq həmin dövrdə qüvvədə olan qanunvericiliyi düzgün tətbiq edərək qərarlar qəbul etmişdir. Bundan əlavə bildirilmişdir ki, iddiaçının mübahisələndirildiyi xx.xx.2023-cü il tarixli **********961900 nömrəli qərarı ləğv edən "Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə" yeni xx.xx.2023-cü il tarixli **********558100 nömrəli qərar qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3151/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********558100 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə baxışında müəyyəm edilmişdir ki, iddiaçı “ixtisaslaşdırılmış mağazalarda motor yanacağının pərakəndə satışı” ilə məşğuldur və Bərdə rayonu, Bərdə-Yevlax yolunda “Yanacaq doldurma məntəqəsi” adlı təsərrüfat subyektidir. İddiaçı ilə "xxxx" QSC arasında 19 aprel 2019-cu il tarixdə 190107 nömrəli “Kommersiya subkonsessiyası (subfrançayzinq)” müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.1.13-cü bəndinə əsasən, subfrançayz alan, yəni İddiaçı firması neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 190107 nömrəli kommersiya subkonsessiyası (subfrançayzinq) müqaviləsinə dəyişikliklər edilməsi barədə ********** saylı xx.xx.2022-ci il tarixli razılaşma Sazişinə əsasən tərəflər Subfrancayzinin 2022-ci ilin rübləri üzrə neft məhsullarının yeni satış planını təsdiq etmək barədə qarşılıqlı razılığa gəlmiş, Saziş xx.xx.2022-ci il tarixdən hüquqi qüvvəyə minmişdir. Müqavilə 3 il müddətinə qüvvədədir. xx.xx.2019-cu il tarixli, 190107 nömrəli Müqaviləyə 1 nömrəli Əlavəyə əsasən 2022- ci il üçün İ rüb üzrə 800 ton, İİ rüb üzrə 815 ton, İİİ rüb üzrə 855 ton, İV rüb üzrə 900 ton satış planı nəzərdə tutulmuşdur. Bununla əlaqədar iddiaçı ilə X2 arasında xx.xx.2021-ci il tarixdə neft məhsullarının daşınmasına dair müqavilə bağlanılmışdır. Bu müqaviləyə, habelə cavabdeh tərəfindən təqdim edilmiş “Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətləri barədə” məlumata və X1 şəxsi hesab vərəqəsinə əsasən iddiaçının aldığı neft məhsulları X2 tərəfindən daşınmış, müvafiq xərclər də iddiaçı tərəfindən ödənilmişdir. Bu faktı cavabdeh tərəf mübahisələndirmir. Lakin cavabdeh həmin xərclərin nəqliyyat xərci kimi bəyannaməyə əlavə edilməsini Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015ci il tarixli 2 nömrəli qərarının 2.5-ci bəndinə uyğun hesab etmir. Bununla bağlı, məhkəmə hesab edir ki, iddiaçının sözügedən xərcləri bəyannamədə qeyd etməsi vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu kimi qiymətləndirilə bilməz. Belə ki, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Hazırkı işdə isə cavabdeh tərəfindən göstərilən normanın tələbinə əməl edilməmişdir. Məhkəmə qeyd edir ki, artıq yuxarıda göstərildiyi kimi iddiaçı ilə "xxxx" QSC arasında bağlanılmış sazişlərə görə, subfrançayz alan, İddiaçı firması neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, iddiaçı neft məhsulunun topdansatışı ilə yox, pərakəndə satışı ilə məşğul olur və onun tərəfindən çəkilən nəqliyyat xərcləri, məhsulun pərakəndə qiymətinə əlavə olunmur və neft məhsulu Tarif Şurasının müəyyən etdiyi qiymətə uyğun olaraq satılır. Bununla yanaşı iddiaçının çəkdiyi nəqliyyat (daşınma) xərcləri Vergi Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulan gəlirdən çıxılmayan xərclərin siyahısında nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdeh tərəfindən qəbul edilmiş kameral vergi yoxlamasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli, **********558100 nömrəli qərar qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Yuxarıda göstərilən qanunvericilik aktlarından isə görünür ki, inzibati orqan tərəfindən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və qanunsuz inzibati akt məhkəmə qaydasında ləğv oluna bilər. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 2022-ci il üçün hesablama metodu tətbiq edilməklə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 229-cu "Nəqliyyat xərcləri" sətrində göstərilmiş 64800,00 manat məbləğin neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı xərclər də nəzərdə tutulduğundan xərclərə aid edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********245000 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslı münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin mənfəət vergisi üçün vergi ödəyicisinin bəyan etdiyi vergi məbləğindən əlavə 64800*20%=12960,00 manat mənfəət vergisi məbləği hesablanaraq hazırkı iddia ilə mübahisləndirilən "Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********961900 nömrəli Qərar qəbul olunmuşdur. Bundan sonra, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli "Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri" Qərarının təsdiq edilməsi ilə əlaqədar inzibati orqanın təşəbbüsü ilə "İnzibati icraat haqqında" Azərbaycar Respublikasının Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraat başlanılmışdır. Təsdiq edilən yeni Qərara əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan xərclər daxil edilmişdir. Buna əsasən Qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat tariflərinə daxil edilmədiyindən, həmin vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır. Qanunvericilik aktında edilmiş dəyişikliklə bağlı iddiaçının 2022-ci il ərzində neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş 64800,0 manat daşıma xərclərindən 27200,0 manatı (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr) Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli Qərarı qüvvəyə mindiyi tarixədək olan xərclər olduğundan və gəlirdən çıxılan xərclərə aid edilmədiyinə görə kameral vergi yoxlaması ilə 27200*20%-5440,0 manat əlavə mənfəət vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Başqa sözlə 2022-ci il ərzində neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş 64800,0 manat daşıma xərclərindən 37600,0 manatı vergi orqanı tərəfindən daşınma xərci kimi tanınmış və xx.xx.2022-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Qərarında neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş 27200,0 manat daşıma xərcləri gəlirdən çıxılması qanunvericiliyə zidd olduğu üçün nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən nəticədə xx.xx.2023-cü il tarixli **********558100 nömrəli qərarla 5440,0 manat (27200,0 × 20%) əlavə mənfəət vergisi (2022-ci il) hesablanmışdır. Qeyd olunanlara əsasən bildirir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəllənin: 2.2-ci maddəsinə əsasən Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır; 14.10-cu maddəsinə əsasən qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür; 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir; 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir; Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir; Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur; Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur; ... 54.0-cı maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 109.1-ci maddəsinə əsasən əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir; 109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir; 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir; 109.4-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır; 109.5-ci maddəsinə əsasən əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır; 109.6-cı maddəsinə əsasən ehtiyat fondlarına ayırma məbləğləri yalnız bu Məcəllənin 111-ci və 112-ci maddələrinə müvafiq surətdə gəlirdən çıxılır; 109.7-ci maddəsinə əsasən faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır; 109.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.116.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur; 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların ( işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarı: 2.5-ci bəndinə əsasən topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2022-ci il tarixli 4 nömrəli Qərarı: 5-ci bəndinə əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər daxil edilmişdir. 6-cı bəndinə əsasən pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan xərclər daxil edilmişdir. 12-ci bəndinə əsasən bu qərarın qüvvəyə mindiyi tarixdən “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ləğv edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instaniya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Ramiz” Firması ilə "xxxx" QSC arasında 19 aprel 2019-cu il tarixdə 190107 nömrəli “Kommersiya subkonsessiyası (subfrançayzinq)” müqaviləsinin 3.1.13-cü bəndinə əsasən, subfrançayz alan neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Daha sonra həmin müqaviləyə dəyişikliklər edilməsi barədə ********** saylı xx.xx.2022-ci il tarixli razılaşma Sazişinə əsasən tərəflər Subfrancayzinin 2022-ci ilin rübləri üzrə neft məhsullarının yeni satış planını təsdiq etmək barədə qarşılıqlı razılığa gəlmişlər. Saziş xx.xx.2022-ci il tarixdən hüquqi qüvvəyə minmişdir. Yuxarıda qeyd olunan, xx.xx.2019-cu il tarixli, 190107 nömrəli Müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, 2022-ci il üçün neft məhsullarının illik satış palnına əsasən İ rüb üzrə 800 ton, İİ rüb üzrə 815 ton, İİİ rüb üzrə 855 ton, İV rüb üzrə 900 ton satış planı nəzərdə tutulmuşdur. İş materiallarında olan 01 fevral 2021-ci il tarixli İddiaçı firması ilə X2 arasında bağlanmış müqavilədən görünür ki, Y.Xanoğlanzadə Ramiz firmasının yanacaq doldurma məntəqəsinə Bakı şəhərində yerləşən "xxxx" QSC-nin neft terminalından yanacağı təhlükəsizlik qaydalarına tam riayət etməklə itkisiz daşımağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə və X1 şəxsi hesab vərəqəsinə əsasən iddiaçının aldığı neft məhsulları X2 tərəfindən daşınmasına görə ödənişlər iddiaçı tərəfindən həyata keçirilməsi faktı öz təsdiqini tapır və cacavdeh tərəfindən də qəbul edilir. İddiaçı “Razim” firması həmin xərcləri vergi orqanına təqdim etdiyi bəyanmadə göstərmişdir. Cavadbeh isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli 2 nömrəli qərarının 2.5-ci bəndinə uyğun hesab etməmiş və qeyd edilən xərclərin nəqliyyat xərci kimi bəyannamədə qeyd edilməsini vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu kimi qiymətləndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar iddiaçının vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna yol verməsinə dəlalət etmir və buna əsasən vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Belə ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2022-ci il tarixli 4 nömrəli Qərarının 6-cı bəndinə əsasən pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan xərclər daxil edilmişdir. Göründüyü kimi, İddiaçı da neft məhsulunun pərakəndə satışını həyata keçirdiyindən çəkdiyi nəqliyyat xərcləri, neft məhsulun pərakəndə qiymətinə əlavə edilmir. Neft məhsulu isə Tarif Şurasının müəyyən etdiyi qiymətə uyğun olaraq satılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1 və 54.0.2-ci maddələrinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, vergi qanunvericliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsiri olmadıqda, şəxsin məsuliyyətə cəlb olunması istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 7.11.2003-cü tarixli, 5 nömrəli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin kameral vergi yoxlamasının nəticələrinə dair qəbul xx.xx.2023-cü il tarixli, **********558100 nömrəli qərarı qanunvericliyin tələblərinə uyğun olmamışdır. Göründüyü kimi, vergi orqanı tərəfindən edilmiş hərəkətlər qanunamüvafiq surətdə həyata keçirilməmişdir. Odur ki, apellyatorun şikayətində qeyd etdiyi dəlilləri hüquqi əsaslara söykənmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3151/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-785/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-785/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver