Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-787/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, üçüncü şəxs X6, Gəncə şəhəri Nizami Bələdiyyəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Göygöl rayonu X21, Gəncə şəhəri Nizami Bələdiyyəsi, X16 və X17) qarşı “Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 20 ha torpaq sahəsi üzərində onun istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-217/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə və həmin publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 20 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, inzibati orqanın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə ona bildirilmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərdə göstərilən 20 ha torpaq sahəsinin bir hissəsinin faktiki olaraq başqa şəxslərin istifadəsində olduğu, digər hissəsinin isə mülkiyyət hüququ qeydiyyata alınmış başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizəsinin icrasından imtina edilmişdir. Halbuki, vərəsəsi olduğu atası X18 verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktından görünür ki, Xanlar Rayon X13 xx.xx.1995-ci il tarixli, 7 nömrəli protokoluna əsasən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün 20 hektar torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsi cizgidə göstərilən sərhəd daxilində faktiki istifadələrində olmuş və örüş kimi istifadə edilmişdir. Bir müddət, yəni atasının vəfatından sonra kənd təsərrüfatı ilə məşğul olmaq məqsədilə istifadələrində olan torpaq sahəsində olarkən torpağın bir hissəsinin zəbt edildiyini görmüş və dəfələrlə torpağını qanunsuz zəbt edən şəxs və ya şəxslərlə bilavasitə ünsiyyətdə olmaq, onların torpağa dair hər hansı mülkiyyət hüququnun olub-olmamasını araşdırmaq istəsə də, bu mümkün olmamışdır. Sonradan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon Dövlət Arxivinə müraciət edərək Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən dövlət aktı əsasında onlara məxsus torpaq sahəsinin arxiv sənədlərini əldə edərək bilavasitə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. İnzibati orqan araşdırma apararkən 20 ha torpaq sahəsinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından qismən imtina edərək ona şifahi olaraq bildirilmişdir ki, həmin torpağın bir hissəsinə dair artıq çıxarış verildiyindən guya ona hazırda 8.4 ha torpaq sahəsinə dair çıxarış verilə bilər və bunun üçün o, notarial qaydada razılıq ərizəsini təsdiq edərək onlara təqdim etməlidir. Lakin, o, əsaslı olaraq ilkin hüquqmüəyyənedici sənədlər əsasında faktiki mülkiyyətində olan 20 ha torpaq sahəsinə olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmişdir. Təəssüf ki, inzibati orqan yuxarıda qeyd edilən əsaslarla onun torpaq üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 ərizə təqdim edərək, cavabdeh qismində yalnız Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin saxlanılmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Sonradan birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 20 ha torpaq sahəsi üzərində İddiaçı istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdeh iddiaya qarşı yazılı etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır. Aparılan araşdırma zamanı, ərizəyə hüquqmüəyyənedici sənəd olaraq X14 adına verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Б № 000153 nömrəli Dövlət Aktı əlavə edilmişdir. Dövlət aktında 20.0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istifadəyə verildiyi qeyd edilmişdir. Ərizənin icrası ilə bağlı torpaq sahəsinə müayinə baxışı keçirilmiş, təqdim edilmiş sənədlərdə göstərilən 20.0 ha torpaq sahəsinin yerləşdiyi ərazinin mübahisəli olduğu, belə ki, torpaq sahəsinin 10.0 ha hissəsinin digər şəxslərə məxsus olan kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri və digər təyinatlı torpaq sahələri ilə üst-üstə düşdüyü, 9.33 ha hissəsinin Göygöl rayonu X12 məxsus kənd təsərrüfatı təyinatlı örüş və ümumi istifadədə olan yol ərazisinə aid olmaqla yanaşı faktiki olaraq digər şəxslərin istifadəsində (heyvanların alğı-satqı bazarı kimi istifadə olunur və ərazidə bazarın fəaliyyətinə uyğun müəyyən tikinti işləri aparılmışdır) olduğu, yerdə qalan 0.67 ha hissəsinin isə Gəncə şəhəri Nizami Bələdiyyəsinin yaşayış məntəqələri torpaqlarına aid olduğu müəyyən edilmişdir. Dövlət Aktı barədə elektron baza materiallarında məlumat olmadığı üçün torpaq sahəsinin sərhədləri təqdim olunmuş Dövlət Aktında göstərilən cizgiyə əsasən texniki vasitələrdən istifadə edilərək təxmini (cizginin miqyası düzgün göstərilmədiyi üçün) müəyyənləşdirilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi də daxil olmaqla Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 saylı qərarı ilə Xanlar rayonu Qızılca Bələdiyyəsinin adına xx.xx.2006-cı il tarixində JN 1-1, KOD ********* nömrəli Dövlət Aktının işlənildiyi (ümumi torpaq sahəsi 3164.06 ha) müəyyən edilmişdir. X14 vərəsəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi X29 20.0 ha torpaq sahəsinin çıxarışlarla üst-üstə düşən hissəsi çıxılmaqla yerdə qalan 8.4 ha torpaq sahəsinə çıxarış və texniki pasportun verilməsinə razı olmaları barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Qeyd olunan uyğunsuzluqları nəzərə alaraq ərizənin icrasından imtina edilmiş və bu barədə ərizəçiyə xx.xx.2022-ci il tarixli, **********97 nömrəli bildiriş göndərilmişdir. Həmçinin Xanlar (Göygöl) Rayonu Qızılca Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə Qızılca Bələdiyyəsinin ərazisindən X2 təsərrüfatı və tikinti işlərinin görülməsi üçün 2.28 ha torpaq sahəsinin, Xanlar (Göygöl) Rayonu Qızılca Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarı ilə Qızılca Bələdiyyəsinin ərazisindən X3 təsərrüfatı və tikinti işlərinin görülməsi üçün 2.28 ha torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. X9 verilmiş 2.28 ha torpaq sahəsi iki hissədən (1.06 ha və 1.22 ha) ibarətdir. Həmin torpaq sahələrinə dair “Torpaqların alğı-satqısına dair” Akt və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən Dövlət torpaq kadastrı kitabında xx.xx.2007-ci il tarixdə 115, 116 və 117 nömrələrlə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Qeyd olunan plan və ölçüsü sənədləri ərazi idarəsinə xidməti istifadə üçün verilmiş elektron xəritə materiallarında öz əksini tapmamışdır. Xanlar (Göygöl) rayonu Qızılca Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 və 07 saylı qərarlarının nüsxəsi ərazi idarəsinə təhvil verilmişdir, arxiv sənədlərində mövcuddur, həmin qərarlar əsasında tərtib edilmiş “Torpaqların alğı-satqısına dair” aktlar ləğv edilmiş DT və XK tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verilmiş “Alğı-satqı aklarının qeydiyyatı kitabı”nda qeydə alınmışdır. X8 verilmiş 2.28 ha torpaq sahəsi bütövlüklə, X9 verilmiş 2.28 ha torpaq sahəsinin isə 1.22 ha hissəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının X14 vərəsəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi X19 qeydiyyata alınması üçün müraciət etdiyi 8.4 ha torpaq sahəsi (“Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Б № 000153 nömrəli Dövlət Aktında qeyd edilmiş 20.0 ha torpaq sahəsinin yerdə qalan hissəsi) ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd olunan ərazidən heyvanların alğı-satqısı bazarı kimi istifadə olunur. Xanlar Rayon İcra Hakimiyyəti başçısının 12 sentyabr 2007-ci il tarixli, 343 saylı sərəncamı ilə X8 məxsus 2.28 ha torpaq sahəsində iri və xırda buynuzlu mal-qaranın satışı üçün bazar tikintisinin aparılmasına icazə verilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının 12 sentyabr 2007-ci il tarixli, 342 saylı sərəncamı ilə X9 məxsus 2.28 ha torpaq sahəsində iri və xırda buynuzlu malqaranın satışı üçün bazar tikintisinin aparılmasına icazə verilmişdir. Həmçini ərazinin planı Xanlar rayonunun baş memarı ilə razılaşdırılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-217/2024 saylı qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-217/2024 saylı qərardadının ləğv edilməsini və işin baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərardadı mübahisələndirilən torpaq sahəsinin onun məhrum atasına yox, “Min xidmət” kiçik müəssisəsinə ayrılması ilə əsaslandırmışdır. Həmin tələb üzrə bir ilə yaxın məhkəmə prossesi davam etmiş, sonuncu prossesdə məhkəmə tərərfindən ona iddia ərizəsini dəqiqləşdirmək təklif edilmiş, o, iddia ərizəsini dəqiqləşdirəndən dərhal sonra məhkəmə hazırki qərarı qəbul etmişdir ki, bununla da İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmənin gəlmiş olduğu bu qənaətlə razılaşmayaraq qeyd edir ki, o, atasının vərəsə olması barədə məhkəməyə sübutlar təqdim etmiş, bu da ona bir vərəsə kimi belə bir iddia qaldırmaq hüququ verir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X16 apellyasiya şikayətinin dəlillərinin tamamilə əsassız olduğunu və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Gəncə şəhəri Nizami Bələdiyyəsinin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan: - Xanlar rayonu Rafiq Məmmədov adına kolxozun xx.xx.1994-cü il tarixli, 13 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, kolxozun “Quru dərə” adlanan torpaq sahəsindən 20,0 hektar, o cümlədən 16 hektar dinc, 4 hektar örüş ayrılıb “Min xidmət” kiçik müəssisəsinə kənd təsərrüfatı və heyvandarlıq məhsulları ilə əlaqədar olaraq verilməsi qərara alınmışdır. - Xanlar rayon X13 xx.xx.1995-ci il tarixli, 55 nömrəli sərəncamı ilə Xanlar rayon R.Məmmədov adına kolxozun torpaq sahəsindən ayrılıb “Min xidmət” kiçik müəssisəsinə kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehsalı ilə əlaqədar olaraq verilməsi üçün komissiyanın yaradılması və müvafiq yer seçilməsi üçün lazım olan yer quruluşu sənədlərini hazırlayıb rayon Xalq X5 Heyətinə təqdim edilməsi qərara alınmışdır. - Xanlar rayon R.Məmmədov adına kolxozun torpaq sahəsindən ayrılıb “Min xidmət” kiçik müəssisəsinə kənd təsərrüfatı və heyvandarlıq məhsullarının əkilməsi ilə əlaqədar olaraq verilməsi haqqında 1995-ci il tarixli aktdan görünür ki, Xanlar Rayon Xalq X5 Heyətinin xx.xx.1995-ci il tarixli, 55 nömrəli sərəncamına əsasən Xanlar rayon R.Məmmədov adına kolxozunun torpaq sahəsindən 20,0 hektar, o cümlədən 10,0 hektar dinc, 10,0 hektar örüş ayrılıb “Min xidmət” kiçik müəssisəsinə verilməsi məqsədəuyğun hesab edilmişdir. Həmin sahə Gəncə-Daşkəsən şosse yolunun sağ hissəsində “Quru dərə” adlanan sahədə yerləşir. - Xanlar rayon X13 xx.xx.1995-ci il tarixli, 7 nömrəli protokol qərarı ilə R.Məmmədov adına kolxozun ərazisindən cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 20,0 ha torpaq sahəsi “Şöhrət” kəndli fermer təsərrüfatı Xanlar rayon “Min xidmət” kiçik müəssisəsinin daimi istifadəsinə ayrılmış və həmin torpaq sahəsinə dair Б-000153 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktı tərtib edilmişdir. - Xanlar rayon X13 xx.xx.1995-ci il tarixli, 3 nömrəli qərarı ilə Xanlar rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli, 07 saylı qərarına əsasən R.Məmmədov adına kolxozun torpaq sahəsindən “Min xidmət” kiçik müəssisəsinə ayrılmış 20 hektar torpaq sahəsinin “Min xidmət” kiçik müəssisəsinin “Şöhrət” kəndli fermer təsərrüfatına keçməsi ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq “Şöhrət” kəndli fermer təsərrüfatına verilməsi qərara alınmışdır. - Xanlar rayon X13 xx.xx.1995-ci il tarixli, 8 nömrəli protokoluna əsasən “Min xidmət” kiçik müəssisəsi “Şöhrət” kəndli fermer təsərrüfatı adına keçirilmişdir. - Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 saylı protokol qərarına əsasən R.Məmmədov adına kolxozun ərazisində yaradılmış “Kamal”, “Ozal”, “Qaranquş”, “Şamxal”, “Şöhrət”, “Fərid”, “Bərəkət-96”, “Ruhin” kəndli fermer təsərrüfatlarının “Nur-N”, “Rəşad”, “Əli-Əkbər”, “İ-ni”, “Səməd” kiçik müəssisələrinin təsisçiləri və üzvlərinin sayına uyğun olaraq adambaşına düşəcək norma daxilində torpaq payı normasının özlərində saxlanılması, artıq qalan torpaq sahələrindən püşk ardıcıllığı ilə əvəzləşdirilərəcək torpaq sahələrinə qatılmaqla yanaşı ümumi püşk atma yolu ilə torpaq payı alacaq vətəndaşlar arasında bölünməsi, kolxozun ərazisindən qərarla daimi və icarəyə verilmiş torpaq sahələrinə dövlət aktı almayan özəl qurumların istifadəsində olan torpaq sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 11-12-ci maddələrinə uyğun olaraq verilməsi, kolxozun özəlləşən torpaq sahələrinə qatılmaqla ümumi püşk atma qaydasında vətəndaşlar arasında bərabər şəkildə bölünməsi qərara alınmışdır. - Göygöl rayon X22 rayon R.Məmmədov adına torpaq kolxozun torpaq sahəsindən ayrılıb “Min xidmət” kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə əlaqədar olaraq protokolundan xx.xx.2021-ci il tarixli, 57 nömrəli arxiv çıxarışından görünür ki, Xanlar rayon R.Məmmədov adına kolxozun torpaq sahəsindən 20 hektar ayrılıb, o cümlədən 10 hektar örüş, 10 hektar dinc “Min xidmət” kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün verilməsi qərara alınmışdır. - Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 106 nömrəli məktubunda qeyd edilir ki, X25 16 mart 2003-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra təsisçisi olduğu “Şöhrət” kəndli fermer təsərrüfatı Xanlar rayonu “Min xidmət” kiçik müəssisəsindən miras qalmışdır. İddiaçı onun qanun üzrə vərəsəsi müəyyən edilmişdir. - Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 523 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı 16 mart 2003-cü ildə vəfat etmiş X14 vərəsəsidir. - İddiaçı Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2022-ci il tarixli, **********30 nömrəli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərdə göstərilən 20.0 ha torpaq sahəsinin bir hissəsinin faktiki olaraq başqa şəxslərin istifadəsində olduğu, digər hissəsinin isə mülkiyyət hüququ qeydiyyata alınmış başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. - X14 vərəsəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi X19 Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı, təqdim edilmiş sənədlərdə göstərilən 20.0 ha torpaq sahəsinin yerləşdiyi ərazinin mübahisəli olduğu, belə ki, 11.6 ha hissəsinin digər şəxslərə məxsus olan kənd təsərrüfatı pay torpaq sahələri və digər təyinatlı torpaq sahələri ilə üst-üstə düşdüyü, 7.94 ha hissəsinin Göygöl rayon X12 məxsus kənd təsərrüfatı təyinatlı örüş və ümumi istifadədə olan yol ərazisinə aid olmaqla yanaşı faktiki olaraq digər şəxslərin istifadəsində olduğu, yerdə qalan 0.46 ha hissəsinin isə Gəncə şəhəri Nizami Bələdiyyəsinin yaşayış məntəqələri torpaqlarına aid olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli, 3-21-3-33/2-6659/2023 nömrəli cavab məktubuna əlavə edilmiş: Xanlar rayonu Qızılca Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli qərarı ilə X8 Xanlar rayonu Qızılca Bələdiyyəsinin ərazisindəki əkinə yararlı torpaq sahəsindən 2,28 hektar ayrılıb kənd təsərrüfatı və tikinti işlərinin görülməsi üçün torpaq sahəsinin alğı-satqı yolu ilə satılması qərara alınmış və həmin torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 116 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 343 saylı sərəncamı ilə Gəncə şəhər sakini X8 məxsus Xanlar rayonu, Qızılca kəndi ərazisində yerləşən 2,28 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsullarının, iri və xırda buynuzlu mal-qaranın satışı üçün bazar tikintisinin aparılmasına və istifadəsinə icazə verilməsi qərara alınmışdır. Xanlar rayonu Qızılca Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 nömrəli qərarı ilə Xanlar rayonu Qızılca Bələdiyyəsinin ərazisindəki əkinə yararlı torpaq sahəsindən 2.28 hektar ayrılıb X3 təsərrüfatı və tikinti işlərinin görülməsi üçün torpaq sahəsinin alğı-satqı yolu ilə satılması qərara alınmış və və həmin torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 117 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 342 saylı sərəncamı ilə Xanlar rayonu, Mollacəlilli kənd sakini X9 məxsus Xanlar rayonu, Qızılca kəndi ərazisində yerləşən 12200 kv.m torpaq sahəsində kənd təsərrüfatı məhsullarının, iri və xırda buynuzlu mal-qaranın satışı üçün bazar tikintisinin aparılmasına və istifadəsinə icazə verilməsi qərara alınmışdır. Xanlar rayonu Qızılca Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 nömrəli qərarı ilə Xanlar rayonu Qızılca Bələdiyyəsinin ərazisindəki əkinə yararlı torpaq sahəsindən 10600 kv.m ayrılıb X3 təsərrüfatı və tikinti işlərinin görülməsi üçün torpaq sahəsinin alğı-satqı yolu ilə satılması qərara alınmış və və həmin torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 115 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. - Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3- 48-16RA/2-İM-37-8/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı “Şöhrət” kəndli fermer təsərrüfatının və “Min xidmət” kiçik müəssisəsinin ləğv olunması barədə məlumat aşkar edilmədi. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli, 3-21-3-60/2- 1150/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, arxivdə aparılmış araşdırma zamanı “Şöhrət” kəndli fermer təsərrüfatına dair məlumat aşkar edilməmişdir. - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2- 17386/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən Göygöl rayonu ərazisində “Min xidmət” kiçik müəssisəsi adlı hüquqi şəxsin qeydiyyata alınması barədə heç bir məlumat aşkar edilməmişdir. “Şöhrət” Kəndli (Fermer) Təsərrüfatı (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış, xx.xx.2005-ci il tarixdə isə vergi orqanında uçota alınmışdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi- hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, verilmiş iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməlidir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İş materialları ilə müəyyən edilir ki, Xanlar rayon X23 İcraiyyə Komitəsinin xx.xx.1995-ci il tarixli, 7 nömrəli protokoluna əsasən “Min Xidmət” kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün Xanlar rayon R.Məmmədov adına kolxozun torpaq sahəsindən 20 ha torpaq sahəsi verilmişdir. İddiaçı hazırda Xanlar rayon X23 İcraiyyə Komitəsinin xx.xx.1995-ci il tarixli, 7 nömrəli protokoluna və Б-000153 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktına istinad edərək, mərhum atasına ayrılmış 20 ha torpaq sahəsinin atasının vəfatından sonra onun sahibliyində və istifadəsində olduğunu iddia edərək, torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin dispozisiya şərtlərindən çıxış edərək qeyd edir ki, hazırkı işdə iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alıması üçün həmin torpaq sahəsinə dair hüquqları olmalıdır ki, cavabdeh orqanın imtinası nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi istiqamətində birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində ilə müəyyən edilmişdir ki, Xanlar rayon X13 xx.xx.1995-ci il tarixli, 7 nömrəli protokol qərarı ilə R.Məmmədov adına kolxozun ərazisindən cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 20,0 ha torpaq sahəsi Xanlar rayon “Min xidmət” kiçik müəssisəsinin daimi istifadəsinə ayrılmış və həmin torpaq sahəsinə dair Б-000153 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Daha sonra Xanlar rayon X13 xx.xx.1995-ci il tarixli, 3 nömrəli qərarı ilə Xanlar rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli, 07 saylı qərarına əsasən R.Məmmədov adına kolxozun torpaq sahəsindən “Min xidmət” kiçik müəssisəsinə ayrılmış 20 hektar torpaq sahəsi “Min xidmət” kiçik müəssisəsinin “Şöhrət” kəndli fermer təsərrüfatına keçməsi ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq “Şöhrət” kəndli fermer təsərrüfatına verilmişdir. Daha sonra Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 saylı protokol qərarı ilə R.Məmmədov adına kolxozun ərazisində yaradılmış “Kamal”, “Ozal”, “Qaranquş”, “Şamxal”, “Şöhrət”, “Fərid”, “Bərəkət-96”, “Ruhin” kəndli fermer təsərrüfatlarının “Nur-N”, “Rəşad”, “Əli-Əkbər”, “İ-ni”, “Səməd” kiçik müəssisələrinin təsisçiləri və üzvlərinin sayına uyğun olaraq adam başına düşəcək norma daxilində torpaq payı normasının özlərində saxlanılması, artıq qalan torpaq sahələrindən püşk ardıcıllığı ilə əvəzləşdirilərəcək torpaq sahələrinə qatılmaqla yanaşı ümumi püşk atma yolu ilə torpaq payı alacaq vətəndaşlar arasında bölünməsi, kolxozun ərazisindən qərarla daimi və icarəyə verilmiş torpaq sahələrinə dövlət aktı almayan özəl qurumların istifadəsində olan torpaq sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 11-12-ci maddələrinə uyğun olaraq verilməsi, kolxozun özəlləşən torpaq sahələrinə qatılmaqla ümumi püşk atma qaydasında vətəndaşlar arasında bərabər şəkildə bölünməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi onun mərhum atasına deyil, onun təsisçisi olduğu “Min xidmət” kiçik müəssisəsinə ayrılmışdır. Həmin müəssisə isə “Şöhrət” kəndli fermer təsərrüfatına keçdiyinə görə, həmin torpaq sahəsi “Şöhrət” kəndli fermer təsərrüfatına verilmişdir. Respublikada gedən torpaq islahatı zamanı isə təsərrüfatın torpaq sahəsi onun təsisçisi və üzvlərinə pay torpağı şəklində pay normasına uyğun ayrılmaqla, yerdə qalan torpaq sahəsi dövlət və bələdiyyənin mülkiyyətinə keçmişdir. “Aqrar islahatın əsasları haqqında” Qanunun 5-ci maddəsinə əsasən, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. “Torpaq islahatı haqqında” Qanunun 11.3-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: -bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. İş materiallarında olan Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 saylı protokol qərarında “Şöhrət” kəndli fermer təsərrüfatının təsisçisi qismində X11, üvzləri qismində isə X7, X26, X20 və X15 qeyd edilmişdir. Görünüyü kimi, hazırda mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının mərhum atasının adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının mərhum atası X1 torpaq sahəsinə hazırkı vəziyyətdə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırkı iddiaçı da həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxsdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmamışdırlar. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin mümkünlük şərtləri yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin hazırki qərardadı dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-217/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-787/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-787/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver