Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-79/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “Hüquqların qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 241/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Daşkəsən rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 498 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən 2 otaqlı, yaşayış sahəsi 31,36 kv.m, ümumi sahəsi 60,46 kv.m olan 15 nömrəli mənzil Daşkəsən Rayon İHB-nin 1-41 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamı əsasında xüsusi mülkiyyət hüququ ilə X3 adına 2-498 nömrə qeydiyyata alınmışdır.
2. xx.xx.2001-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, 498 inventar nömrəli, qeyd nömrəsi 2-498 olan ünvan 2 ünvanı X5 məxsusdur.
3. Daşkəsən rayon İcra Hakimiyyəti başçısının 17 aprel 1995-ci il tarixli, 184 nömrəli sərəncamında qeyd olunmuşdur ki, X3 istifadəsində olan İ.Qayıbov küçəsi 4 nömrəli binanın 7 nömrəli mənzili “mənzil fondunun özəlləşdirilməsinə dair” qanuna əsasən onun şəxsi mülkiyyətinə verilmişdir.
4. X8 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 102 nömrə ilə qeydiyyat aparılmışdır.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********43 nömrəli məktubu ilə aparılan araşdırma zamanı, mənzilə dair arxiv qovluğunda ilkin hüquqmüəyyənedici sənədlərin əsillərinin olmadığı və təqdim edilmiş 2-498 nömrəli qeydiyyat vəsiqəsi ilə başqa şəxsin hüquqlarının qeydiyyata alındığı müəyyən edilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin 23 yanvar 2024-cü il tarixli, 3-21-3-33/2-0722/2024 nömrəli məktubunda qeyd olunur ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən X4 adına 2-498 nömrəli qeydiyyat vəsiqəsinə dair məlumatlar aşkarlanmamışdır.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, X4 mülkiyyətində Daşkəsən şəhəri, 20 Yanvar küçəsi, ev 6, mənzil 3 olmuşdur.
8. Daşkəsən rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 594 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Daşkəsən şəhəri, 20 Yanvar küçəsi, ev 6, mənzil 3 X4 mülkiyyətinə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1, mənzil 15 üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 15 ünvanında yerləşən mənzil mərhum xx.xx.2021-ci il tarixdə vəfat etmiş iddiaçının atası X8 tərəfindən əldə edilmiş və bu haqda Daşkəsən rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin reyestr kitabında 2-498 nömrə ilə qeydə alınaraq qeydiyyat vəsiqəsi və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu verilmişdir. Həmin vaxtdan ailə üzvləri ilə birgə həmin mənzilə köçüb yaşamağa başlamışlar. xx.xx.2021-ci il tarixdə atası vəfat etdikdən sonra vərəsəlik qaydasında miras mənzili qəbul etmək məqsədi ilə çıxarış verilməsi üçün Gəncə regional "ASAN Xidmət" Mərkəzinin notariat ofisinin xx.xx.2022-ci il atrixli 185 nömrəli məktubu ilə cavabdehə müraciət edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə ərizənin icrasından imtina edərək göstərmişdir ki, aparılan araşdırma zamanı mənzilə dair arxiv qovluğunda ilkin hüquqmüəyyənedici sənədlərin əsillərin olmadığı və təqdim edilmiş 2-498 nömrəli qeydiyyat vəsiqəsi ilə başqa şəxsin hüquqlarının qeydiyyata alındığı müəyyən edilmişdir. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, dövlət orqanı olan notariat orqanının qanuni qüvvədə olan müqaviləsinin qanuniliyinin digər dövlət orqanı tərəfindən şübhə altına alınması tam əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatının 37.1.4-cü bəndinə görə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanlar siyahısına daxildir. Hesab edirəm ki, inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə ərizəmin icrasından əsassız olaraq imtina etmişdir. Mən qanunun bütün tələblərinə əməl etdiyim üçün inzibati orqan ərizəmi mütləq şəkildə müsbət həll etməli idi. İnzibati icraat haqqında qanunun 11.1-ci maddəsinin tələbinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1, mənzil 15 üzərində mərhum X3 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
12. Cavabdehin iddiaya dair xx.xx.2022-ci il tarixli, **********22 nömrəli etirazında qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sənədlər mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. Belə ki, mənzilə dair arxiv qovluğunda ilkin hüquqmüəyyənedici sənədlərin əsillərinin olmadığı və təqdim edilmiş 2-498 nömrəli qeydiyyat vəsiqəsi ilə başqa şəxsin (lmanov Telman Yusif oğlu) hüquqlarının qeydiyyata alındığı müəyyən edilmişdir.
13. Daha sonra cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-798/2023 nömrəli etiraza əlavə təqdim edərək bildirmişdir ki, mübahisəli mənzilə dair arxiv qovluğunda ilkin hüquqmüəyyənedici sənədlərin əsillərinin olmadığı müəyyən edilmişdir. Təqdim edilmiş 2- 498 nömrəli qeydiyyat vəsiqəsi əsasında Milli Qeydiyyat Sistemində başqa şəxsin - X4 hüquqlarının qeydiyyata alındığı göstərir. Qeydiyyat vəsiqələrinin kitabında 2-498 nömrəli qeydiyyat vəsiqəsi isə Məmmədov Səftər S oğlunun adına olduğu qeyd olunmuşdur. X3 vərəsəsi İddiaçı ünvan 5 ünvanında yerləşən 15 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlər qismində X5 Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 17 aprel 1995-ci il tarixli, 184 nömrəli "vətəndaş X3 istifadəsində olan l.Qayıbov küçəsi 4 nömrəli binanın 15 nömrəli mənzilinin pulsuz olaraq onun şəxsi mülkiyyətinə verilməsi barədə" sərəncamı və "AR mənzil özəlləşdirilməsi haqqında AR 26 yanvar 1993-cü il tarixli qanuna əsasən mənzillərin pulsuz olaraq şəxsi mülkiyyətə verilməsi" ilə bağlı 18 aprel 1995-ci il tarixli müqaviləsi əsasında l.Qayıbov küçəsi, 4 nömrəli binanın 15 nömrəli mənzilində iki otaqlı yaşayış sahəsi 31 kv.m, mətbəx 7.1 kv.m, hamam və tualet 3.1 kv.m-də ibarət olan yaşayış evi vətəndaş X3 şəxsi mülkiyyətinə verildiyi qeyd olunmuşdur. Lakin həm Sərəncamda, həm də müqavilədə mənzilin nömrəsinə, otağının sayına və otağın sahəsinə (kv.m) dair həqiqiliyi təsdiqlənməmiş düzəlişlər edilmişdir. Həmçinin, X5 Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 17 aprel 1995-ci il tarixli, 184 nömrəli "vətəndaş X3 istifadəsində olan l.Qayıbov küçəsi 4 nömrəli binanın 7 nömrəli mənzilinin pulsuz olaraq onun şəxsi mülkiyyətinə verilməsi barədə" Sərəncamı və "AR mənzil özəlləşdirilməsi haqqında AR 26 yanvar 1993- cü il tarixli qanuna əsasən mənzillərin pulsuz olaraq şəxsi mülkiyyətə verilməsi" ilə bağlı 18 aprel 1995-ci il tarixli müqaviləsi əsasında l.Qayıbov küçəsi, 4 nömrəli binanın 7 nömrəli mənzilində bir otaqlı yaşayış sahəsi 17 kv.m, mətbəx 7.1 kv.m, hamam və tualet 3.1 kv.mdə ibarət olan yaşayış evi vətəndaş X3 şəxsi mülkiyyətinə verildiyi qeyd olunmuşdur. 17 aprel 1995-ci il tarixli, 184 nömrəli Sərəncam əsasında l.Qayıbov küçəsi, 4 nömrəli binanın bir otaqlı yaşayış sahəsi 17 kv.m, ümumi sahəsi 29.17 kv.m ibarət olan 7 nömrəli yaşayış evinə dair X5 3-941 reyestr kitablı, 941 inventar nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. İ.Qayıbov küçəsi, 4 nömrəli binanın 7 nömrəli mənzilinə dair X3 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********42-05101-093026 reyestr nömrəli Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış olaraq bildirik ki, eyni tarixli və eyni nömrəli Sərəncam və müqavilə ilə 4 nömrəli binanın 7 nömrəli mənzilə dair X3 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, eyni əsaslarla iki fərqli mənzilin qeydiyyata alınması özü-özülüyündə ziddiyyət kəsb edir. Habelə, sərəncamda, həm də müqavilədə mənzilin nömrəsi, otağının sayına və otağın sahəsinə dair qeyrihüquqi düzəlişlərin olması təqdim olunmuş sənədlərin mötəbərliyinə cidddi şübhə yaratmaqla, həmin sənədlərin saxtalaşdırıldığını göstərir.
14. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2719/2022 nömrəli qərardadı ilə X6, X2 və X9 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-241/2023 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilmişdir.
16. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1 və 8.0.5-ci maddələri 06 iyul 2006-cı il tarixədək verilmiş hüquqları təsdiq edən qeydiyyat vəsiqələrinin daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas olduğunu təsbit edir. Belə olan halda, sözügedən qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin elektron məlumat bazasında olmaması, ümumiyyətlə arxiv qovluğunda hüquqmüəyyənedici sənədlərin aşkar edilməməsi və qeydiyyat kitablarında isə yalnız keçmiş mülkiyyət barədə qeydiyyat aparılması iddiaçının təqsiri hesab edilə bilməz, həmin hallar onun təqsirindən baş verməmiş və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə ki, iddiaçının atasının həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi mövcuddur. Həmin qeydiyyat vəsiqəsi hal-hazırda da qüvvədə olmaqla, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-241/2023 nömrəli tarixli qərarının ləğv olunmasını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin məzmunu etirazın məzmunu ilə eynilik təşkil etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İşin hallarından görünür ki, Daşkəsən rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 498 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən 2 otaqlı, yaşayış sahəsi 31,36 kv.m, ümumi sahəsi 60,46 kv.m olan 15 nömrəli mənzil Daşkəsən Rayon İHB-nin 1-41 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamı əsasında xüsusi mülkiyyət hüququ ilə X3 adına 2-498 nömrə qeydiyyata alınmışdır.
28. Qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə iddiaçının nümayəndəsi tərəfindən cavabdehə müraciət edilsə də, cavabdeh orqan ərizənin təmin edilməsindən imtina etmişdir.
29. Cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlili mənzilə dair arxiv qovluğunda ilkin hüquqmüəyyənedici sənədlərin əsillərinin olmadığı və təqdim edilmiş 2- 498 nömrəli qeydiyyat vəsiqəsi ilə başqa şəxsin-X4 hüquqlarının qeydiyyata alındığı olmuşdur.
30. İş materialları ilə müəyyən olunur ki, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 17 aprel 1995-ci il tarixli, 184 nömrəli sərəncamında qeyd olunmuşdur ki, X3 istifadəsində olan İ.Qayıbov küçəsi 4 nömrəli binanın 7 nömrəli mənzili “mənzil fondunun özəlləşdirilməsinə dair” qanuna əsasən onun şəxsi mülkiyyətinə verilmişdir.
31. Cavabdeh inzibati orqan tərəfindən istər birinci instansiya məhkəməsində icraat zamanı, istərdə də apellyasiya icraatı zamanı mübahisələndirilən mənzilin məhz üçüncü şəxsin mülkiyyətinə verilməsinə dair müvafiq qeydiyyat vəsiqəsi məhkəmə araşdırılmasına təqdim edilməmişdir.
32. Bunun əksi olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin 23 yanvar 2024-cü il tarixli, 3-21-3-33/2-0722/2024 nömrəli məktubunda qeyd olunur ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən X4 adına 2-498 nömrəli qeydiyyat vəsiqəsinə dair məlumatlar aşkarlanmamışdır.
33. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, X4 mülkiyyətində Daşkəsən şəhəri, 20 Yanvar küçəsi, ev 6, mənzil 3 olmuşdur.
34. Daşkəsən rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 594 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Daşkəsən şəhəri, 20 Yanvar küçəsi, ev 6, mənzil 3 X4 mülkiyyətinə verilmişdir.
35. Göründüyü kimi Telman İmanova məxsus qeydiyyat vəsiqəsi, habelə mənzil ünvanları fərqlidir.
36. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.
38. 10.2. maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:
39. 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;
40. 10.2.2. torpaq sahəsinin planı və ölçüsü;
41. 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
42. 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı).
44. Göründüyü kimi qanunvericilikdə hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında və siyahısı qanunla müəyyən edilən sənədlərin təqdim olunması ilə aparılır və iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədləri inzibati orqana təqdim etmişdir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
46. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-241/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov