Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-790/2023 15.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakları ilə, “Torpaq sahəsinin satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 2042/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Qazax rayon Ağköynənək-Qarapapaq bələdiyyəsinin sədri, bələdiyyə üzvləri və kənd sakinləri İddiaçı1, İddiaçı2, X2, İddiaçı4 və İddiaçı3 iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, vətəndaşların hər biri 0.12 ha həyətyanı torpaq sahəsi almaq üçün sentyabr ayında Ağköynək-Qarapapaq bələdiyyəsinə ərizə ilə müraciət etmiş, bununla bağiı bələdiyyə tərəfindən xx.xx.2019-cu il tarixli 27 saylı iclas protokolu tərtib olunmuş və torpaq sahəsinin ayrılması ilə bağlı Qazax rayon lcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsindən müvafiq rəyin alınması üçün xx.xx.2019-cu il tarixli 39 saylı məktubla müraciət olunmuş, Qazax rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli 58 saylı məktubla yuxarıda adları sadalanarı vətəndaşlara torpaq sahəsinin ayrılması üçün müvafiq rəy verilmiş, Kadastr idarəsi lərəfindən həmin yerin ümumi kadastrı vurulmuşdur, bundan əlavə hər bir vətəndaş 0.12 ha həyətyanı torpaq sahəsinə 1210.0 (bir min iki yüz on) manat vəsait bələdiyyə büdcəsinə ödənilməklə, vətəndaşlara veriləcək torpaq sahəsi 40*30 metr ölçüdə ölçülərək göstərilmiş və mərz nişanları ilə kənarları bərkidilmişdir, lakin Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşməsi ilə əlaqədar sənədləşmə işləri yarımçıq qalmışdır, buna görə də yerdə qalan sənədləşmə işlərinin 2020-ci ilin yanvar ayında davam etdirilməsi məqsədə müvafiq hesab edilmişdir. Qazax rayon Ağköynənək-Qarapapaq bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 24 nömrəli iclas protokolundan görünür ki, bələdiyyənin alqı-satqı predmetinə uyğun olaraq İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 adına qərar və protokol olmamışdır və həmin şəxslərin öz təşəbbüsü ilə ödədikləri ödənişləri düzgün qaydada ödənilmədiyindən həmin ödənişlərin ləğv edilməsi və bələdiyyə büdcəsinə pul köçdükdə vətəndaşların bank hesablarına köçürülərək özlərinə qaytarılması qərara alınmışdır. İddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Ağköynənək- Qarapapaq bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin təyinatının dəyişdirilmədən qərarın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların alacağı torpaqla bağlı ərizələri bələdiyyə tərəfindən qəbul edilmiş, bələdiyyənin xx.xx.2019-cu il tarixli 27 saylı iclas protokolu tərtib olunmuşdur və torpaq sahəsinin ayrılması ilə bağlı Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinə müvafiq rəyin alınması üçün xx.xx.2019-cu il tarixli 39 saylı məktubla müraciət olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən isə xx.xx.2019-cu il tarixli 58 saylı məktubla onların hər birinə torpaq sahəsinin ayrılması üçün müvafiq rəy verilmişdir. Tovuz Kadastr İdarəsi tərəfindən həmin yerin ümumi kadastrı vurulmuşdur. Eləcə də bələdiyyənin razılığı ilə iddiaçılar hər biri 0,12 ha həyətyanı torpaq sahəsinə 1210 (bir min iki yüz on) manat bələdiyyə büdcəsinə ödəməklə, onların hər birinə veriləcək torpaq sahəsi 40x30 metr ölçüdə ölçülərək göstərilmiş və mərz nişanları-ağır beton dayaqlarla yerin kənarları bərkidilmişdir. Lakin (bələdiyyənin 11 dekabr 2019-cu il tarixli həmin aktında qeyd edildiyi kimi) Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşməsi ilə əlaqədar sənədləşmə işləri yuxarı orqanların göstərişinə əsasən2020-ci ilin yanvar ayına kimi müvəqqəti olaraq dayandırılmışdır. Daha sonra isə sözügedən həyətyanı torpaq sahələri ilə bağlı qərarın verilməsi Qazax rayon Ağköynənək Qarapapaq bələdiyyəsinin sədri tərəfindən əngəllənmişdir. Cavabdeh Qazax rayon Ağköynənək-Qarapapaq bələdiyyəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 69 nömrəli etiraz məktubu ilə bildirilmişdir ki, İddiaçı1 həmin dövrdə bələdiyyədə mühəndis vəzifəsində işləmişdir və bələdiyyə qanununu bilərəkdən pozmuş, vəzifə səlahətlərindən sui istifadə etmişdir. Çünki torpaq alınan zaman bələdiyyə qanununda prosedura başlanmalı və bələdiyyə qərarı olmalıdır, bələdiyyə öz hüququnu tanıdıb çıxarış almalıdır və sonra vətəndaşların ərizələrinə əsasən iclas çağırılmalıdır. Müzakirə edildikdən sonra iclasda adı gedən vətəndaşların haqqında qərar qəbul edilib, satış məbləği təyin edilməli və protokolda açıq aşkar müzakirə edilib qərar verilməlidir. Adları protokola düşən 5 il kənd qeydiyyatında olan və həmin kənddə yaşamağını təsdiq edən sənəd göstərildikdən sonra sakinlər bələdiyyənin bank hesablarına pul ödənişi edib qəbzləri ilə birlikdə natorial qaydada alqı-satqıda iştirak etməlidirlər. İddiaçı1 oğlu ilə qızına 2014-cü ildə torpaq verilmişdir. İddiaçı4 ilə qızı İddiaçı3 21 iyul 2014-cü il protokol № 07 əsasən 2 ədəd 0.11 ha torpaq sahəsi Ağköynək- Qarapapaq bələdiyyəsi öz hüququnu tanıtmış olduğu həyətyanı torpaq sahəsinin İddiaçı4 0.11 ha (**********) qeydiyyat nömrəli dövlət reyestri çıxarışı tam mülkiyyət üzrə, İddiaçı3 0.1 ha (**********) qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışı tam mülkiyyət üzrə) 26 iyun 2014-cü ildə notorial qaydada satılmışdır. Həmçinin xx.xx.1983-cü ildə anadan olmuş İddiaçı3 Qazax rayon Ağköynək kəndində qeydiyyatda olmasına baxmayaraq Gəncə şəhərində ailə qurmuş və hal-hazırda orada yaşayır. İddiaçı1 ilə həmçinin adı çəkilən ailə üzvlərinin sözü gedən torpaq məsələsi ilə bağlı Ağköynək-Qarapapaq bələdiyyəsi xx.xx.2021-ci il tarixində keçirilən iclasında müzakirə etmiş və qərar qəbul edilmişdir. xx.xx.2021-ci il 24 saylı iclas protokolunda qərar verilmişdir ki, İddiaçı1 və ailə üzvlərinin adına bələdiyyə hesabına qanuna uyğunsuz şəkildə ödədiyi ödənişləri geri qaytarılsın və həmin hesabın qaytarılması üçün həmin şəxslərin adına bankda hesab açılsın və həmin hesablara qanunsuz şəkildə ödənilən vəsait bələdiyyə tərəfindən köçürmə ilə qaytarılsın. Bələdiyyə tərəfindən hər birinə yazılı məktub yazılıb ünvanlarına göndərilməklə xəbərdarlıq edilib, buna baxmayaraq İddiaçı1 və ailə üzvləri heç bir cavab verməmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2042/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mövcud qanunvericiliyə görə ilkin olaraq bələdiyyənin hüquqları qeydiyyata alınmadan torpaq sahələrinin satılması yolverilməzdir. İşdə olan sənədlərdən də göründüyü kimi iddiaçıların tələb etdikləri sahələrlə bağlı bələdiyyənin hüquqları qeydə alınmamışdır. İddiaçılar qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, onların əldə edəcəyi torpaqla bağlı ərizələri bələdiyyə tərəfindən qəbul edilmiş, bələdiyyənin xx.xx.2019-cu il tarixli, 27 saylı iclas protokolu tərtib olunmuş və torpaq sahəsinin ayrılması ilə bağlı Qazax rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq Tikinti şöbəsinə müvafiq rəyin alınması üçün xx.xx.2019-cu il tarixli, 39 saylı məktubla müraciət olunmuşdur. Qazax rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən isə xx.xx.2019-cu il tarixli 58 saylı məktubla onlara torpaq sahəsinin ayrılması üçün müvafiq rəy verilmiş, Tovuz Kadastr İdarəsi tərəfindən həmin yerin ümumi kadastrı vurulmuşdur. Eləcə də bələdiyyənin razılığı ilə onların hər birinə 0.12 ha həyətyanı torpaq sahəsinə 1210 (bir min iki yüz on) manat bələdiyyə büdcəsinə ödəməklə, onların hər birinə veriləcək torpaq sahəsi 40x30 metr ölçüdə ölçülərək göstərilmiş və mərz nişanları –ağac dayaqlarla yerin kənarları bərkidilmişdir. Lakin (bələdiyyənin 11 dekabr 2019-cu il tarixli, həmin aktında qeyd edildiyi kimi) Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşməsi ilə əlaqədar sənədləşmə işləri yuxarı orqanların göstərişinə əsasən 2020-ci ilin yanvar ayına kimi müvəqqəti olaraq dayandırılmışdır. Daha sonra isə sözügedən həyətyanı torpaq sahələri ilə bağlı qərarın verilməsi Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinin sədri tərəfindən əngələnmişdir. Bununla bağlı onlar Gəncə İnzibati Məhkəməsinə müraciət etsədə, Gəncə İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2-1(114) 2042/2023 saylı qərarı ilə onlara iddia tələbi təmin edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(114)-2042/2023 saylı qərarında onların məhkəmə iclasında ərizə təqdim edərək guya dəyəri ödənilmiş həyətyani torpaq sahələrinin hər birinə 0.12 ha olmaqla satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbini dəyişdirmişdir. Qeyd edirlər ki, birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməmişlər və Gəncə İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(114)-2042/2023 saylı qərarı qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının qanunların tələbinə uyğun olaraq 11 dekabr 2019-cu il tarixdə Ağköynək-Qarapapaq bələdiyyəsindən rəsmi qaydada bələdiyyə hesabına pul köçürülməklə alınmış və bələdiyyənin 12 noyabr 2019-cu il tarixli protokolu ilə fərdi yaşayış evi tikdirilməsi məqsədilə torpaq sahəsinin rəy alınması üçün Qazax Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə müraciət olunmuşdur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdirinin səlahiyyətlərini icra edən böyük məsləhətçi (mühəndis) Samir Qurbanovun 19 noyabr 2019-cu il tarixli 58 saylı rəyi ilə tikintinin aparılması məqsədə müvafiq hesab edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2- 1(114)-2042/2023 saylı qərarında əsas kimi göstərilmişdir ki, müvcud qanunvericiliyə görə ilkin olaraq bələdiyyənin torpaqları qeydiyyata alınmadan torpaq sahələrinin satılması yolverilməzdir. İşdə olan sənədlərdən də göründüyü kimi iddiaçıların tələb etdikləri sahələrlə bağlı bələdiyyənin hüquqları qeydə alınmışdır. Qazax rayonu Qarapapaq kəndində müvəqqəti məskunlaşmış Aşağı Əskipara kəndindən olan məcburi köçkünlərin məşğulluğunun artırılması üçün Aşağı Əskipara kəndində 35 hektar torpaq sahəsinin Qarapapaq bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 oktyabr 2007-ci il tarixli sərancamından görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 13 yanvar tarixli 843 nömrəli Fərmanının 2-ci bəndinin ikinci abzasına əsasən, Qazax Rayonunun Qarapapaq kəndində məskunlaşmış Aşağı Əskipara kəndindən olan məcburi köçkünlərin və yerli əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılıması və məşğulluğun artırılması Aşağı Əskipara kəndinin 35 hektar torpaq sahəsinin Qarapapaq bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə həmin bələdiyyənin Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi ilə hazırlanmış təklif qəbul edilmiş və bu sərəncam imzalandığı gündən qüvvəyə minmişdir. İddiaçı1 həmin vaxt mühəndis vəzifəsində deyil, mütəxəsis vəzifəsində işləmiş və bu bələdiyyənin mübahisəli torpaq sahəsinin ona və digərlərinə satılmasına mane olmur. Həmçinin yuxarıda qeyd etdiyi kimi, mübahisəli torpaq sahəsi ona qanunda nəzərdə tutulmuş qaydada satılmış və bələdiyyə üzvləri tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 şikayətin və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 da digər iddiaçı ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq qeyd etdi ki, İddiaçı1 onun atasıdır və o, ailə qurmaqla ayrı təsərrüfata malikdir. Digər iddiaçı X3 qardaşı, X1 isə qardaşının yoldaşıdır. Onların hər biri ayrı-ayrılıqda torpaq sahəsinin alqı-satqısına dair pulu ödəmişlər, lakin hazırki tarixədək torpaq sahəsi onlara verilməmişdir. Tələbləri həmin torpaq sahələrinin onlara verilməsidir. Cavabdeh və digər iddiaçılar hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçılar isə gəlməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə digər iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarında olan Qazax rayon Ağköynənək-Qarapapaq bələdiyyəsi tərəfindən İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 xx.xx.2022-ci il tarixli hər birinə ayrılıqda ünvanlanmış imtina məktublarından görünür ki, bələdiyyəyə təşəbbüsləri ilə ödədikləri pulun geri qaytarılması üçün öz adlarına hesab açdırması və həmin hesab nömrəsinin Ağköynək-Qarapapaq bələdiyyəsinə təqdim edilməsi xahiş olunmuşdur. İddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Ağköynənək- Qarapapaq bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin təyinatının dəyişdirilmədən qərarın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bundan sonra, iddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə iclasında ərizə təqdim edərək, dəyəri ödənilmiş həyətyanı torpaq sahələrinin hər birinə 0,12 ha olmaqla satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmiş, birinci instansiya məhkəməsi tərəfindən dəyişdirilmiş iddia tələbinə hüquqi qiymət verilməklə əsaslı hesab edilməmişdir. İlkin olaraq məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin dəyişdirilməsinə dair ərizəni icraata qəbul məsələsini həll edərkən digər iddiaçılara münasibətdə də ərizəni qəbul etmişdir. Halbuki digər iddiaçılar olan X1 və İddiaçı4 tərəfindən ərizə təqdim olunmamış və digər iddiaçılara bu cür ərizənin təqdim edilməsi ilə bağlı səlahiyyətin verilməsinə dair etibarnamə işə əlavə edilməmişdir. Qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, ərizə icraata qəbul edilməklə digər iddiaçılara münasibədə də iddia dəyişdirilərək yekun məhkəmə aktı qəbul edilmişdir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu İPMin 13-cü maddəsinin hansı instansiya məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən apellyasiya məhkəmələrinə apellyasiya icraatı ilə yanaşı, bir sıra kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Odur ki, iddiaçılara tələbin dəqiqləşdirilməsi təklif olunmalı, tələb dəqiqləşdirildikdən sonra mümkünlük şərtləri yoxlanılmaqla hüquqi qiymət verilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2042/2023 nömrəli qərarı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2-1(104)-790/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-790/2023
15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver