Məhkəmə qərarları › İş №2-1(104)-790/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-790/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-790/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin müəyyən edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-382/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissyasının xx.xx.2015-ci il tarixli, 323 nömrəli qərarından görünür ki, İddiaçı “Qəlpə yaralanmalarından sonra başın ön alın nahiyyəsində iki ədəd, sağ yanaq nahiyyəsində bir ədəd, sol dirsək çuxurunda bir ədəd, sol bazu oynağının bayır səthində bir ədəd çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 360 saylı göndərişi, xx.xx.2015-ci il tarixli 377 saylı arayışı, MN Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi, MN MHHKnın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”.

2. TSEK-in müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Qəlpə yaralanmasından sonrakı başın, sağ yanağın, sol dirsək çuxuru, sol bazu oynağının çapıq toxumaları. Orta sinirin said səviyyəsində travması, sağ dirsək və orta sinirin postravmatik neyropatiyası. Mil sinirinin said səviyyəsində travması. Sağ mil sinirinin postravmatik neyropatiyası. Oynaqların kontrakturası, sağ mil-bilək oynağının funksiyasının pozulması ilə.” (XBT kodu: XX sinif– Xəstələnmənin və ölümün xarici səbəbləri = > Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar = > Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...) diaqnozu ilə 5 il müddətinə İİ qrup əlillik təyin edilmişdir.

3. TSEK-in müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli qiymətləndirmə zamanı diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2021-cü il tarixli, **********1 nömrəli qərarından görünür ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Yaralanmasından sonrakı başın, sağ yanağın, sol dirsək çuxuru, sol bazu oynağının çapıq toxumaları. Orta sinirin said səviyyəsində travması, sağ dirsək və orta sinirin postravmatik neyropatiyası. Mil sinirinin said səviyyəsində travması. Sağ mil sinirinin postravmatik neyropatiyası. Oynaqların kontrakturası, sağ mil-bilək oynağının funksiyasının pozulması ilə.” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Əlillik təyinatına əsas verən funksional pozuntu və əzələ atrofiyası müəyyən edilmir. Göndəriş əsassız rəsmiləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-C- 5920/2023 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün o, xx.xx.2021-ci il tarixda Agentlikdə komissiyada əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər va müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2024-cü il tarixli, T 234/2024 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar Forma 088 göndərişində qeyd edilmiş “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, başın, sağ yanağın, sol dirsək çuxurunun, sol bazu oynağının qəlpəli yaralanmasından sonrakı çapıq toxuması, sağ mil-bilək funksiyasının pozulması ilə, sağ dirsək və orta sinirin posttravmatik neyropatiyası, sağ mil sinirinin neyropatiyası, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, tez-tez qıcolma tutmaları (ayda 6-7 dəfə), hipertenzion sindrom, kəskin asteno-nevrotik vəziyyət” diaqnozu şəxsin əyani müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Yaralanmasından sonrakı başın, sağ yanağın, sol dirsək çuxuru, sol bazu oynağının çapıq toxumaları, orta sinirin said səviyyəsində travması, sağ dirsək və orta sinirin posttravmatik neyropatiyası, mil sinirinin said səviyyəsində travması, sağ mil sinirinin posttravmatik neyropatiyası, oynaqların kontrakturası, sağ mil-bilək oynağının funksiyasının pozulması ilə” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapsa da, əlillik təyinatına əsas verən funksional pozuntu və əzələ atrofiyası müəyyən edilmir. Odur ki, həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etməyə əsas vermədi.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, “Sağ dirsək və orta sınirin postravmatik neyroratiyası, qapalı kəllə beyin travmasının fəsadları, kəskin nəzər çarpan asteno-nevrotik sindromu” diaqnozu üzrə müvafiq əlillik dərəcəsinin verilməsi (bərpa edilməsi) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə Ağdam rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli, 323 nömrəli Qərarından görünür ki, o döyüş zonasında hərbi xidmət keçərkən yaralanmışdır. Ona “Qəlpə yaralamalarından sonra başın ön alın nahiyəsində iki ədəd, sağ yanaq nahiyəsində bir ədəd, sol dirsək çuxururunda bir ədəd, sol bazu oynağının bayır səthində bir ədəd çapıq toxumaları” diaqnozu qoyulmuşdur. Aldığı xəsarətlərin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olduğu Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, iddiaçı qeyd edir ki, ona Respublika əlilləri bərpa mərkəzində müalicə alan zaman “Sağ dirsək və orta sınirin postravmatik neyroratiyası, qapalı kəllə beyin travmasının fəsadları, kəskin nəzər çarpan asteno-nevrotik sindromu” diaqnozları qoyulmuşdur. Həmçinin ona Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın hərbi-həkim komissiyası tərəfindən xx.xx.1995-ci il tarixdə “sağ mil-bilək oynağı funksiyasının cüzi dərəcədə pozulması ilə sağ dirsək və orta sinirin postravmatik neyropatiyası” diaqnozu qoyulmuşdur. ƏƏSMN-nin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli rəyindən görünür ki, ikinci dərəcəli əlildir və əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. İddiaçı ərizəsində qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən tarixli məktubu ilə ona diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. O, bu imtina haqqında xx.xx.2023-cü il tarixində məlumatlı olmuşdur. Hesab edir ki, cavabdehin 02 mart 2021-cü il tarixli imtinası tamamilə qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin imtinanın ləğv edilərək ona əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

9. Birinci instansiya məhkəməsindəki icraat zamanı İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin xx.xx.2021-ci il tarixli, **********1 nömrəli qərarının qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-3636/2023 saylı qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

10. Birinci instansiya məhkəməsindəki icraat zamanı (xx.xx.2024-cü il tarixdə) iddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixli qərarı dəfələrlə cavabdeh orqandan istəmiş, lakin cavabdeh orqan onda ağırlaşmaların olduğunu bildirərək əlavə müalicə almasını bildirmişdir. Bununla bağlı, ərazi aidiyyəti üzrə xəstəxanaya müraciət etsə də, göndəriş vaxtında verilməmiş və nəticədə qərarla vaxtında tanış ola bilməmişdir. Qeyd edilənləri əsas gətirib ötürülmüş prosessul müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-382/2024 saylı qərardadı ilə iddiaçının iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Eyni zamanda, xx.xx.2024-cü il tarixdə İddiaçı birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, iddia tələbini dəyişdirdiyini bildirmiş və xx.xx.2021-ci il tarixli qərarın ləğv edilərək, ona xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-382/2024 saylı qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli etirazda qeyd edilmişdir ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyün həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkün şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1ci maddəsi görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisə düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçıya inzibati orqan tərəfindən verilmiş imtina 02 mart 2021-ci il tarixdən olmuş, iddiaçı tərəfindən məhkəməyə müraciət isə 2 il 4 ay keçdikdən sonra baş verdiyi üçün iddianın mümkünsüz hesab olunmasını xahiş etmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2024-cü il tarixli, 2- 1(114)-382/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilərək, xx.xx.2021-ci il tarixdən İddiaçı üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçıının xx.xx.2021-ci il tarixdə keçirilmiş müayinə nəticəsində təyin edilmiş ağırlaşma diaqnozunun (M24.5 Oynaqların kontrakturası, Sağ mil-bilək oynağının funksiyasının pozulması ilə. HƏRBİ TRAVMADİR AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR) müvafiq kodu 2022-ci il iyulun 1dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2 bəndində olmasına baxmayaraq ona əlillik dərəcəsinin verilməməsi qanunsuz və əsassız olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-382/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın mümkünlük məsələsinə məhəl qoymadan, heç bir zəruri araşdırma aparmadan, ekspert rəyində qeyd edilənlərin əksinə, vətəndaşın qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal onun əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmə həmçinin prosessual müddətin ötürülməsi məsələsinə də əhəmiyyət verməmişdir. Belə ki, İddiaçı əlilliyi xx.xx.2021-ci il tarixli göndəriş əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilərək şəxsə bu barədə ona məxsus mobil nömrəsinə xx.xx.2021-ci il tarixində sms xəbərdarlıqla məlumat verilmiş və bunula da şəxs ona verilmiş imtinadan xx.xx.2021-ci il tarixdən etibarən xəbərdar olmuşdur. Lakin o müddəti ötürməklə xx.xx.2023-cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə müddət məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki, məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

18. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 24 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və ona həmin tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

23. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: Bənd 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bənd 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Bənd 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Bənd 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Bənd 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur.

24. “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamə: Bənd 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Bənd 5.5. TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

26. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

29. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

30. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

31. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

32. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

33. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

34. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

35. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

36. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1 və 2.2.2-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə və məcburetmə haqqında iddia növünə aiddir.

37. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

39. İş materialları ilə müəyyən edilir ki, iddiaçiya xx.xx.2016-cı il tarixli müayinə əsasında Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnoz: “Qəlpə yaralanmasından sonrakı başın, sağ yanağın, sol dirsək çuxuru,sol bazu oynağının çapıq toxumaları Orta sinirin said səviyyəsində travması, sağ dirsək və orta sinirin postravmatik neyropatiyası. Mil sinirinin said səviyyəsində travması. Sağ mil sinirinin postravmatik neyropatiyası. Oynaqların kontrakturası, sağ mil-bilək oynağının funksiyasının pozulması” ilə əlaqədar olmuşdur.

40. Həmçinin iş materialları ilə İddiaçı xx.xx.2021-ci il tarixdə əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisənin göndərişdən görünür ki, onun diaqnozu: “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Başın sağ yanağın, sol dirsək çuxurunun sol bazu oynağının qəlpəli yaralanmasından sonrakı çapıq toxuması (Y36.2). Ağırlaşama Oynaqların kontrakturası. Sağ mil-bilək oynağının funksiyasının pozulması ilə. (M 24.5). Sağ dirsək və orta sinirin postravmatik neyropatiyası Sağ mil sinirinin postravmatik neyropatiyası. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Tez-tez qıcolma tutmaları (ayda 6.7 dəfə). Hipertenzion sindrom kəskin asteno-nevrotik vəziyyət” kimi göstərilmiş, “Diaqnoz və ağırlaşmaları əlilliyin təyininə əsas vermir” səbəbi ilə cavabdeh inzibati orqan tərəfindən imtina edilmişdir.

41. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********1 nömrəli əyani müayinə nəticəsində əlillik vəziyyətinin qiymətləndirilməsinə dair qərardan görünür ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Yaralanmasından sonrakı başın, sağ yanağın, sol dirsək çuxuru,sol bazu oynağının çapıq toxumaları. Orta sinirin said səviyyəsində travması, sağ dirsək və orta sinirin postravmatik neyropatiyası. Mil sinirinin said səviyyəsində travması. Sağ mil sinirinin postravmatik neyropatiyası. Oynaqların kontrakturası, sağ mil-bilək oynağının funksiyasının pozulması ilə.” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Əlillik təyinatına əsas verən funksional pozuntu və əzələ atrofiyası müəyyən edilmir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2-cü bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks üst-üstə düşür. İddiaçının xx.xx.2021-ci il tarixdə keçirilmiş müayinə nəticəsində təyin edilmiş ağırlaşma diaqnozunun (M24.5 Oynaqların kontrakturası, Sağ mil-bilək oynağının funksiyasının pozulması ilə. HƏRBİ TRAVMADİR AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR) müvafiq kodu yuxarıda qeyd edilən Əsasnamənin 2.3.2-cü bəndində nəzərdə tutulmuşdur.

43. İş materialları ilə müəyyən edilir ki, İddiaçı əvvəlki əllilk təyinatı zamanı, yəni xx.xx.2016-cı il tarixdə cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş əlilliyin əsas diaqnozu - “Qəlpə yaralanmasından sonrakı başın, sağ yanağın, sol dirsək çuxuru, sol bazu oynağının çapıq toxumaları. Orta sinirin said səviyyəsində travması, sağ dirsək və orta sinirin postravmatik neyropatiyası. Mil sinirinin said səviyyəsində travması. Sağ mil sinirinin postravmatik neyropatiyası. Oynaqların kontrakturası, sağ mil-bilək oynağının funksiyasının pozulması ilə.” (XBT kodu: XX sinif– Xəstələnmənin və ölümün xarici səbəbləri = > Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar = > Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...) olmuşdur.

44. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.

45. Belə olan halda, xx.xx.2016-cı ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.

46. Göründüyü kimi, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən, əvvəlki əllilik təyinatı aparılan zaman və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.2-cü bəndinə əsasən ona üçüncü dərəcə əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsaslar yaratmışdır.

47. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş ekspert rəyinə münasibətdə qeyd edir ki, rəydə iddiaçının onun adına müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma 088 göndərişində qeyd edilən diaqnozların anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapsa da, heç bir əsas göstərmədən iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklərin əlillik səviyyəsində olmadığı üçün ona əlilliyin təyin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, ekspert öz rəyində iddiaçının göstərilmiş diaqnozlardan əziyyət çəkməsini inkar etmir, lakin heç bir əsas olmadan iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir. Odur ki, birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi nəzərə almamaqda haqlı olmuşdur.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində qeyd edilmiş birinci instansiya məhkəməsi tərəfindən müddət məsələsinə ümumiyyətlə münasibət bildirilməməsi ilə bağlı apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında idddiaçının müvafiq ərizəsi əsasında müddət məsələsi müzakirə edilmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-382/2024 saylı qərardadı ilə iddiaçının iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində göstərilmiş inzibati orqanın diskresion səlahiyyətə malik olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

50. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə kollegiyasına təqdim edərək, əlillik dərəcəsinin təyin edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının hüquqi marağı ona əvvəliki qiymətləndirmə zamanı müəyyən edilmiş müvafiq əlllilik dərəcəsinin təyin edilməsindən ibarətdir.

52. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

53. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-382/2024 saylı qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli, **********1 nömrəli qərarı iddiaçıya aid hissədə ləğv edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyinin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar