Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-791/2023 16.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2418/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən İddiaçı xx.xx.2008-ci il tarixdə M/V seriyalı 076561 nömrəli Müharibə veteranı vəsiqəsi və müvafiq status verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən əsasən xx.xx.2008-ci il tarixindən əvvəlki 3 ilə görə müavinətin ödənilməsinə tələb etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, iddiaçıya əvvəlki illər üçün sosial müavinətin ödənilməsindən imtina edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranları üçün nəzərədə tutulmuş sosial müavinətin əvvəlki 3 il üçün (xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı müharibə veteranıdır, xx.xx.2008-ci ildə ona müharibə veteranı vəsiqəsi verilmiş, həmin vaxtadək ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət verilməmişdir. İddiaçı hesab edir ki, xx.xx.2008-ci il tarixədək olan 3 illik müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinət hesablanıb verilməlidir. Bu məqsədlə iddiaçı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2418/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan müddət üzrə müharibə veteranları üçün nəzərədə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, istinad olunan qanunun (“Sosial müavinətlər haqqında” Qanun) müvafiq maddəsinin məzmunundan da görünür ki, aylıq müavinətlərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2008-ci il tarixdən verilmişdir. Bu işin mübahisəsiz halıdır. Sözügedən Qanunun müvafiq normaları ilə hazırki işin faktiki hallarının birgə təhlili onu deməyə əsas verir ki, sosial müavinətlərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə nəzərdə tutulan norması xx.xx.2007-ci il tarixdən qanuni qüvvəyə mindiyindən və hüquqi müəyyənlik prinsipi baxımından hüquq norması qanunla nəzərdə tutulmuş istisna olmadığı təqdirdə hüquq münasibətlərinin yarandığı andan sonrakı münasibətlərə tətbiq edildiyindən, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək hesablanaraq ödənilə bilər. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini və xx.xx.2008-ci il tarixindən əvvəlki 3 ilə görə 80 manat məbləğində sosial müavinətin tam ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin çıxardığı qərar əsassız və qanunsuzdur. Belə ki, xx.xx.2008-ci il tarixdə iddiaçıya Müdafiə Nazirliyi tərəfindən "müharibə veteranı" adı və Vəsiqəsi verilmişdir. Həmin vəsiqə iddiaçıya verildiyi tarixdən əvvəlki 3 ilə görə müavinət ödənişləri birdəfəlik verilməli idi. Lakin, həmin müavinət iddiaçıya verilməmişdir və ona görə də 2023-cü ildə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2008-ci il tarixdən əvvəlki 3 ilə görə müavinətlərin ödənilməsini xahiş etmişdir. Məhkəmə qəbul etdiyi qərarı əsaslandırmadan iddia ərizəsini qismən təmin etmişdir. Yəni xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan müddət üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoymuşdur. "Sosial müavinətlər haqqında" Qanun xx.xx.2007-ci il tarixdə qəbul edilərək qüvvəyə minmiş və həmin tarixdən əvvəlki illərə görə veteranlara Dövlət tərəfindən imtiyazlar tətbiq edilməsi barədə Dövlət Başçısının Fərmanı mövcud idi. Həmin imtiyazlara əsasən kommunal xərclərdən və nəqliyyat vasitələrindən (avtobus, trelleybus və s.) xərclərdən azad olunmuşdur. "Sosial müavinətlər haqqında" Qanun xx.xx.2007-ci il tarixdə qəbul edilən vaxtı Dövlət tərəfindən tətbiq olunan imtiyazlar ləğv olundu və həmin tarixdən sosial müavinətlərin ödənilməsi pul məbləği ilə əvəz edildi. 2019-cu ildən 80 manat məbləğində müavinət verilmiş Fərmana əsasən "Prezident təqaüdü" hesab edilir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən sosial müavinətlər vəsiqə verildiyi tarixdən əvvəlki 3 ilə görə müavinətlərin məbləği hesablanaraq müharibə veteranlarına verilməlidir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi xahiş etdi. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanunu Həmin Qanunun 2-ci maddəsinə əsasən veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosialməişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 1.0.1. Sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Maddə 10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının şikayətinin dəlillərinə əsasən "Sosial müavinətlər haqqında" Qanun xx.xx.2007-ci il tarixdə qəbul edilərək qüvvəyə minmiş və həmin tarixdən əvvəlki illərə görə veteranlara Dövlət tərəfindən imtiyazlar tətbiq edilməsi barədə Dövlət Başçısının Fərmanı mövcud idi. Həmin imtiyazlara əsasən kommunal xərclərdən və nəqliyyat vasitələrindən (avtobus, trelleybus və s.) xərclərdən azad olunmuşdur. "Sosial müavinətlər haqqında" Qanun xx.xx.2007-ci il tarixdə qəbul edilən vaxtı Dövlət tərəfindən tətbiq olunan imtiyazlar ləğv olunmuş və həmin tarixdən sosial müavinətlərin ödənilməsi pul məbləği ilə əvəz edildi. 2019-cu ildən 80 manat məbləğində müavinət verilmiş Fərmana əsasən "Prezident təqaüdü" hesab edilir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən sosial müavinətlər vəsiqə verildiyi tarixdən əvvəlki 3 ilə görə müavinətlərin məbləği hesablanaraq müharibə veteranlarına verilməlidir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş ödənilməmiş sosial müavinətin verilməsi hissəsində təmin etməkdə haqlı olmuşdır. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 23 aprel 2008-ci il tarixdə verilmişdir. İddiaçıya müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni 19 fevral 2008-ci il tarixdən cavabdeh tərəfindən ona müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. İddiaçı yığılmış sosial müavinətlərin ödənilməsi tələbi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmişdir. Doğrudur ki, iddiaçıya Xanlar rayon Hərbi Komissarlığı tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixdə M/V seriyalı 076561 nömrəli müharibə veteranı vəsiqəsi və müvafiq status verilmişdir. İş materiallarından da müəyyən olunur ki, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət əvvəlki illər üçün ödənilməmişdir. “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Beləliklə, iddiaçı müharibə veteranı kimi hüquqlarını “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən də, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, sosial müavinətin cavabdehin imtinasında göstərildiyi kimi müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Həmçinin kollegiya qeyd edir ki, həmin Qanunun 9.1-ci maddəsi xx.xx.2007-ci il tarixdə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: “9.1. Aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir”. Göründüyü kimi sosial müavinətlərin ən çoxu müraciət etməzdən əvvəlki üç il üçün ödənilməsini nəzərdə tutan “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi xx.xx.2007-ci tarixdən yeni redaksiyada qüvvəyə mindiyindən iddiaçıya əvvəlki illər üçün ödənilməli olan müavinət məhz həmin tarixədək geriyə ödənilə bilər. Belə olan zaman kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsində nəzərə alınmalı olan dövr məhz xx.xx.2019-cu ildən geriyə hesablanmalı olan dövrdür. Belə ki, “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətlər alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Ona görə də, iddiaçıya xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət hesablanaraq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiqlənmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması» Qaydalırının 1.3-cü maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2418/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-791/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-791/2023
16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver