Məhkəmə qərarları › İş №2-1(104)-797/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-797/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-797/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlu, X1, İddiaçı Cavabdehnə qarşı cavabdehin xx.xx.2020-ci il tarixli, 2-1(104)-511/2020 nömrəli səhv qərarı əsasında buraxılmış 3 il 7 ay ərzində hər ay 600 manat məktəb direktoru vəzifə maaşı olmaqla, 25.800 manat məbləğində əmək haqqının və 20.000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4770/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə iş materialları nəzərdən keçirilərək Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, 2-1(104)-511/2020 nömrəli səhv qərarı əsasında buraxılmış 3 il 7 ay ərzində hər ay 600 manat məktəb direktoru vəzifə maaşı olmaqla, 25.800 manat məbləğində əmək haqqının və 20.000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "Ötürülmüş müddət üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddia qaldırmış, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-167/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia rayonşəhər məhkəmələrinə aid iddiadır, İnzibati Məhkəmədə baxılmalı deyil. Onun həmin qərardaddan verdiyi apellyasiya şikayətinə Cavabdeh İnzibati-İqtisadi Kollegiyasında baxılaraq 09 iyun 2020-ci il tarixli, 2-1(104)-511/2020 saylı qərarla Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmışdır. Bundan sonra o hesab etmişdir ki, Apellyasiya Məhkəməsi aidiyyət məsələsinə üç hakimdən ibarət tərkibdə baxmaqla yəqin ki, qanuni qərar çıxarıb. Ona görə də o, məhkəmə kollegiyasının qərarından müddət uzanmasın deyə kassasiya şikayəti vermək hüququndan istifadə etməmişdir. İddiaçı Cavabdeh bu qərardadından şikayət verməmiş, Təhsil Nazirliyinin yerləşdiyi rayon Məhkəməsində "Ötürülmüş müddət üçün əmək haqqının ödənilməsi" tələbinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində mülki qaydada iddia qaldırmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Onun məhkəmənin qətnaməsindən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılaraq məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə işin icraatına xitam verilmiş və ona inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu qərardan iddiaçının verdiyi kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanmışdır. Bundan sonra o, Ali Məhkəmənin qərarına əsasən yenidən Gəncə İnzibati-İqtisadi Məhkəməsində Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "ötürülmüş müddət üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddia qaldırmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadla işin baxılmasının Bakı İnzibati Məhkəməsinə aid olması əsası ilə Bakı İnzibati Məhkəməsinə göndərmişdir. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(112)-1981/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Mümkünsüzlük onunla əsaslandırılmışdır ki, eyni iddia tələbi üzrə Cavabdeh İnzibati kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2- 1(104)-511/2020 saylı qərarı vardır ki, bu qərar qüvvədə olduğu üçün yenidən həmin tələblə məhkəməyə müraciət etmək olmaz. Bu qərardan iddiaçının verdiyi şikayətə baxılaraq Bakı Apellyasiya Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 1(103)-2265/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarından onun verdiyi kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılaraq məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2221/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. O, hesab edir ki, bütün bu əzab-əziyyətli məhkəmə labirintinin yekunu olaraq, onun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "ötürülmüş müddət üçün əmək haqqının ödənilməsi" tələbi barədə iddiasına baxılması Bakı İnzibati Məhkəməsinə aiddir və bu iddianın verilməsini reallaşdırmaq üçün Cavabdeh İnzibati-İqtisadi Kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2-1(104)-511/2020 saylı qərardadı ləğv edilməlidir. Odur ki, iddiaçı yuxarıda qeyd edilənləri nəzərə alaraq, Cavabdeh İnzibati-İqtisadi Kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2-1(104)-511/2020 saylı qərarından şikayət verməklə yanaşı, həm də şikayət vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişdir. Ancaq müddətin bərpa edilməməsi barədə Ali Məhkəmə tərəfindən qərar çıxarılmışdır. İddiaçı qeyd edir ki, nəticə etibarilə Cavabdeh 09 iyun 2020-ci il tarixli, 2- 1(104)-511/2020 saylı qərarı əsassız olmaqla onun buraxılmış 3 il 7 ay ərzində hər ay 600 manat vəzifə maaşı olmaqla 25.800 manat məbləğində əmək haqqı ödənilməmiş qalmışdır. Cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün iddiaçı rəsmi müraciət etmişdir. İddiaçı qeyd edir ki, Cavabdeh ona ünvanladığı xx.xx.2024-cü il tarixli, 27-727/2024 saylı imtina məktubunda aydın olmayan, əsaslandırılmamış izah verilib və sonda 9 məhkəmə prosesi keçirmiş şəxs olaraq “məhkəməyə müraciət etmək hüququ"nun olması izah edilmişdir. O, hesab edir ki, imtina tam olaraq əsassızdır və Cavabdeh qanunsuz və əsassız qərarı əsasında ona vurulmuş 25.800 manat maddi və 3 il ərzində iştirak etdiyi çoxsaylı (9 məhkəmə prosesi) məhkəmə çəkişmələrində, proseslərin uzanmasında, hüquqlarının bərpa edilməsi üçün qarşılaşdığı maneələr, ədalətsizlik, süründürməçiliklər, son olaraq Cavabdeh əsassız qərardadının yaratdığı çətinlikləri yaşamağı düşüncə və şüuruna mənfi təsirlər göstərmişdir. İddiaçı bildirir ki, keçirdiyi mənəvi sarsıntı və streslərin əvəzi olaraq 20.000 manat mənəvi ziyanın ödənilməsi təmin edilməlidir. O, Daşkəsən rayonu, Kəmərqaya kənd tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməyi Azərbaycan Respublikasının adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında həyata keçirilib. O, uzun müddətdən, çoxsaylı şikayətlərdən sonra işə faktiki olaraq bərpa edilmişdir. İddiaçı qeyd edir ki, onun işə bərpa edildiyi tarixədək buraxılmış müddət üçün əmək haqqının ödənilməsi birmənalı olaraq qanunvericiliklə nəzərdə tutulmuşdur. Cavabdeh qanuni qüvvədə olan xx.xx.2020-ci il tarixli, 2-1(104)-511/2020 nömrəli qərarı əsassız olmaqla onun məcburi buraxılmış 3 il 7 ay ərzində hər ay 600 manat vəzifə maaşı olmaqla, 25.800 manat məbləğində əmək haqqı ödənilməmiş qalmışdır. Nəticədə ona 25.800 manat maddi və 20.000 manat mənəvi zərər dəymişdir. Ona görə də, ona vurulmuş maddi və mənəvi ziyan ödənilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4770/2024 nömrəli (hakim R.Tağıyeva) qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4770/2024 nömrəli qərardadının ləğv edilməsini, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İnzibati Kollegiyasının 2-1(104)-797/2024 nömrəli inzibati iş üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında məhkəmə tərkibində olan hakimlər İsgəndərova Aygül Vulqar qızı, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlu özü-özünə etiraz etmişlər. Məhkəmə tərkibinin özü-özünə etirazı onunla əsaslandırılmışdır ki, göründüyü kimi hazırki iş üzrə Cavabdehdir. Belə olan halda hazırkı işə baxılıb qərəzsiz və ədalətli məhkəmə qətnaməsinin qəbul edilməsi üçün işin Cavabdehndə baxılması düzgün deyildir. Cavabdeh sədri Əli Toğrul Məhəmməd oğlunun 2-1(104)-797/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə etirazın təmin edilməsi, inzibati işin baxılması üçün başqa hakimin icraatına verilməsi qərara alınmışdır. Qeyd edilən iş, məhkəmənin sədri Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət məhkəmə tərkibinin icraatına verilmişdir. Baxılan iş üzrə məhkəmə tərkibi özü-özünə etiraz edir. Belə ki, iş materiallarından cavabdehin Cavabdeh olduğu müəyyən olunur. Bu hal məhkəmə tərkibinin qərəzsizliyində və obyektivliyində şübhə doğurmasa da, ədalət mühakiməsinin tərəflərin inam hissinə əsaslanan şəraitdə keçirilməsi əsas məqsəddir və buna əsasən işin başqa apellyasiya məhkəməsində baxılması məqsədə müvafiqdir. Etirazla bağlı qeyd edilməlidir ki, ədalət mühakiməsinin təməl prinsiplərindən biri olmaq etibarilə qanunvericilikdə etiraz institutu təsbit olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2.-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19.1.7.-ci maddəsinə əsasən hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakim tərəfindən işə baxılmasına yol verilmir. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. Maddə 21.2. Etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Maddə 22.6. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Maddə 23.5. Apellyasiya instansiyası məhkəməsinin bütün məhkəmə tərkiblərinə ayrı-ayrılıqda edilmiş etiraz təmin edilmişsə, bu halda iş kassasiya instansiyası məhkəməsi tərəfindən başqa apellyasiya instansiya məhkəməsinə verilir. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 1-ci bəndinə əsasən göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, inzibati iş məhkəmə tərkibinin özü-özünə etirazı və işin başqa apellyasiya instansiyası məhkəməsinə verilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 21, 23 və 236-264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: Hazırkı iş üzrə məhkəmə tərkibinin özü-özünə etirazı və işin kassasiya instansiyası məhkəməsi tərəfindən başqa apellyasiya instansiya məhkəməsinə verilməsi məsələsinin həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar