Məhkəmə qərarları › İş №2-1(104)-80/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-80/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-80/2025 26.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əlillik təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1421/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Ambulator kitabçadan (xəstəlik tarixindən) 739121 nömrəli çıxarışa əsasən, İddiaçı Gəncə şəhər Psixiatriya Xəstəxanası tərəfindən göndəriş verilmiş, xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə müalicədə olmuş, “Posttravmatik stress pozuntusu; Dissosiativkonversion pozuntu; Ensefalopatiya” diaqnozları diaqnozları təyin edilmişdir.

2. Ambulator kitabçadan (xəstəlik tarixindən) 075555 nömrəli çıxarışa əsasən, İddiaçı Respublika Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə göndəriş verilmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə müalicədə olmuş, “Posttravmatik stress pozuntusu (F43.1); Dissosiativ konversion pozuntu (F44.7)” diaqnozları diaqnozları təyin edilmişdir.

3. Ambulator kitabçadan (xəstəlik tarixindən) 321122 nömrəli çıxarışa əsasən, İddiaçı Gəncə şəhər Psixiatriya Xəstəxanası tərəfindən göndəriş verilmiş, xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə müalicədə olmuş, “Partlayış travması (xx.xx.2020), Kçirilmiş qapalı kəllə beyin travması, Baş beyinin silkələnməsindən sonra yaranan postravmatik şəxsiyyətin nəzərə çarpan dəyişməsi, davranış pozuntuları, yaddaş zəifləməsi, psixotik əlamətlərlə müşahidə edilən özünü aqressiya suisidal cəhdlərlə (bədənində xəsarət izləri var)” diaqnozları diaqnozları təyin edilmişdir.

4. Mərkəzi Hərbi Həkim Komissiyasının 1329 nömrəli arayışından görünür ki, İddiaçı “Partlayış travması (xx.xx.2020), sol budun, sağ baldırın lateral səthinin sol diz oynağının kor qəlpə yaralanması sol incik sümüyünün orta 1/3-nin açıq, qəlpəli, yerdəyişmiş bitişməkdə olan sınığı, bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə)” “diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2021-ci il tarixli, 8639 nömrəli məktubunda İddiaçı “Posttravmatik stress pozuntusu (F43.1); Dissosiativ konversion pozuntu (F44.7)” diaqnozlarının mövcud olduğu qeyd edilmişdir.

6. Gəncə şəhər X2 İİ Terapiya Şöbəsinin 0345732/419 nömrəli çıxarış epikrizinə əsasən, İddiaçı təyin edilmiş diaqnoz “Partlayış travması (xx.xx.2020), Posttravmatik stress pozuntusu. Dissosiativ reaksiyalar, Ensefalopatiya İİ mərhələ. Döş qəfəsinin sağ yarısının odlu silah yaralanması. Döş boşluğuna nüfuz edən qəlpə yaralanması. Hemopnevmotoraksa görətorakosentez. Bila üsulu ilə drenə olunmasından sonrakı vəziyyət, ağ ciyər toxumalarında yad cisimlər, tənəffüs çatışmazlığı. Sağ baldır orta 1/3 hissəsinin odlu silahla yaralanmasından sonrakı vəziyyət. Sağ incik sümüyünün qəlpəli sınığından sonrakı yaranan löyənək. Sağ aşağı ətrafın periferik qan dövranı pozğunluğu İ- İİ dərəcə. Yumşaq toxumaların yad cisimləri” olmuşdur.

7. Ambulator kitabçadan (xəstəlik tarixindən) 10927264 nömrəli çıxarışa əsasən, T.X1 Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixdə göndəriş verilmiş (göndərilən tibb müəssisəsi – Psixo-nevroloji Dispanseri), xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə müalicədə olmuş, “Əsas xəstəlik: Posttravmatik stress pozuntusu (F43.1); Yanaşı xəstəlik: Qayıdan depressiv pozğunluqn, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod (F33.3)” diaqnozları təyin edilmişdir.

8. Ambulator kitabçadan (xəstəlik tarixindən) 11295256 nömrəli çıxarışa əsasən, T.X1 Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixdə göndəriş verilmiş (göndərilən tibb müəssisəsi – Psixo-nevroloji Dispanseri), xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə müalicədə olmuş, “Əsas xəstəlik: Posttravmatik stress pozuntusu (F43.1); Yanaşı xəstəlik: Qayıdan depressiv pozğunluqn, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod (F33.3)” diaqnozları təyin edilmişdir.

9. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, **********9 nömrəli qərarına əsasən, İddiaçı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Dissosiativ konversion pozuntu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamış, nəticədə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

10. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 16111/2023 nömrəli qərarına əsasən, İddiaçı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Posttravmatik stress pozuntusu. Dissosiativ konversion pozuntu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamış, nəticədə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.

11. İddiaçı xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticələrində “Partlayış travması, Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edənkor qəlpə yaralanmasına görə torakosentezdən sonrakı vəziyyət...” diaqnozu ilə diaqnoz öz təsdiqini tapmaması (Səbəb: Diaqnoz və ağırlaşmalar əlillik əlaməti təyin etmir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

12. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarına əsasən, İddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qüvvədə saxlanmışdır.

13. Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2024-cü il tarixli, T 220/2024 nömrəli ekspert rəyinə əsasən, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün xx.xx.2023-cü il tarixli F00097580VHL saylı Forma 088 göndərişində qeyd edilmiş “Postravmtik stress pozuntusu, postravmatik stress pozğunluğu. Qarışıq dissosiativ (konversion) pozuntular” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə onun obyektiv vəziyyətinin mütəxəssislər tərəfindən müayinəsi zamanı ünsiyyət əsasında suallara sakit, adekvat cavab vermiş, emosional labillik və astenik qıcıqlı əlamətlər qeyd olunmuş, bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

Birinci instansiya məhkəməsində icraat:

14. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət aldıqdan sonra onun psixi vəziyyətində pozuntular biruzə verməyə başlamışdır. Dəfələrlə müayinə və müalicə edilməsinə baxmayaraq, psixi vəziyyətində yaxşılaşma müşahidə edilməmişdir. Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli əmri ilə « Hərbi Xidmətkeçmə Haqqında » Əsasnamənin 156-cı maddəsinin « v » bəndində əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır.Əlilliyin müəyyən edilməsi üçün cavabdeh quruma müraciət etmiş, lakin müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Xəstəliyi ilə əlaqədar (partlayış travması, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, posttravmatik stress pozğunluğu, qarışıq dissosiativ ( konversion pozuntu) əmək qabiliyyətindən məhrum olmuşdur.

16. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 09 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı göndərişin imzalandığı 30 may 2023-cü il tarixindən əlilliyin səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1.–ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

17. Cavabdeh tərəfindən iddiaya qarşı təqdim edilən etirazın məzmununda qeyd edilmişdir ki, xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, yuxunun və yaddaşın pozulmasından, tez özündən çıxmadan, qıcıqlara qarşı dözümsüzlükdən, əməliyyat nahiyəsində olan ağrılardan, ümumi zəiflikdən, tənginəfəslikdən şikayətlənmişdir. Ünsiyyət əsasında suallara sakit, adekvat cavab vermiş, emosional labillik və astenik qıcıqlı əlamətlər qeyd olunmuşdur. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “Posttravmatik stress pozuntusu, dissosiativ-konversion pozuntu” kimi müəyyənləşdirilmiş,əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1421/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmişdir.

19. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iş materialları ilə iddiaçının “Posttravmatik stress pozuntusu” diaqnozundan əziyyət çəkməsi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçıya əlillik təyin edilməli olduğu halda bunu etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə dair təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil edir, əlavə olaraq qeyd edilmişdir ki, göndərişdə göstərilən diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Diaqnozun əlillik əlaməti təyin etməməsi halı İddiaçı əyani müayinəsi zamanı cavabdeh tərəfindən müəyyən edilmişdir. Həmçinin yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili (nümayəndəsi) hər biri ayrıayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinə etiraz etdiklərini bildirlər və təmin olunmamasını xahiş etdilər.

Tətbiq edilən hüquq:

25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.5. Nevrotik, streslə əlaqədar və somatoform pozuntular 7.5.1. dissosiativ (konversion) pozuntular – F44 Qiymətləndirmə 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60% - 2 il

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

29. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı əlilliyin təyin edilməsi tarixinə münasibətdə dəyişdirilməlidir.

31. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə tibb müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Partlayış travması (xx.xx.2020), Keçirilmiş qapalı kəllə beyin travması, baş beynin silkələnməsi. Posttravmatik stress pozğunluğu. Qarışıq dissosiativ (konversion pozuntu” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

32. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarına əsasən, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmiş, imtinanın səbəbi “Diaqnoz əlillik əlaməti təyin etməməsi” olmuşdur.

33. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2021-ci il tarixli, 8639 nömrəli məktubunda İddiaçı “Posttravmatik stress pozuntusu (F43.1); Dissosiativ konversion pozuntu (F44.7)” diaqnozlarının mövcud olduğu qeyd edilmişdir.

34. Gəncə şəhər X2 İİ Terapiya Şöbəsinin 0345732/419 nömrəli çıxarış epikrizinə əsasən, İddiaçı təyin edilmiş diaqnoz “Partlayış travması (xx.xx.2020), Posttravmatik stress pozuntusu. Dissosiativ reaksiyalar, Ensefalopatiya İİ mərhələ. Döş qəfəsinin sağ yarısının odlu silah yaralanması. Döş boşluğuna nüfuz edən qəlpə yaralanması. Hemopnevmotoraksa görətorakosentez. Bila üsulu ilə drenə olunmasından sonrakı vəziyyət, ağ ciyər toxumalarında yad cisimlər, tənəffüs çatışmazlığı. Sağ baldır orta 1/3 hissəsinin odlu silahla yaralanmasından sonrakı vəziyyət. Sağ incik sümüyünün qəlpəli sınığından sonrakı yaranan löyənək. Sağ aşağı ətrafın periferik qan dövranı pozğunluğu İ- İİ dərəcə. Yumşaq toxumaların yad cisimləri” olmuşdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki qərarın 27-ci bəndində qeyd olunan normalara əsasən iş materiallarına əlavə edilmiş xəstəlik tarixlərindən çıxarışlarda qeyd olunan diaqnozlardan-“Əsas diaqnoz – “F44 Dissosiativ (konversion) pozuntular” diaqnozu iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

36. Bundan başqa məhkəmə tərkibi iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olması hissəsində də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1329 nömrəli arayışından görünür ki, İddiaçı “Partlayış travması (xx.xx.2020), sol budun, sağ baldırın lateral səthinin sol diz oynağının kor qəlpə yaralanması sol incik sümüyünün orta 1/3-nin açıq, qəlpəli, yerdəyişmiş bitişməkdə olan sınığı, bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə)” “diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur.

37. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi qeyd olunmuşdur.

38. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

39. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

41. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

42. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

43. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.

45. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçıya oranizmin funksiyalarının 35-60% pozulması səbəbindən 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqda haqlı olmuşdur. Buna baxmayaraq məhkəmə kollegiyası iddiaçıya əlilliyin təyin olunması tarixi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

46. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin əlilliyin təyinin başlanğıc tarixi ilə bağlı müəyyən etdiyi müddət inzibati aktın qəbul edildiyi deyil, göndərişin verildiyi tarixdir.

47. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyini maddi hüquq normalarına uyğun hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

48. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya göndəriş verilmiş, imtina qərarı isə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Başqa sözlə cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş əlverişsiz xarakter daşıyan inzibati akt xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçıya təyin ediləcək əlilliyin təyinatı da həmin tarixdən aparılmalıdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı əlillik dərəcəsinin təyin edilməsi tarixi hissəsində dəyişdirilməlidir.

Nəticəvi hissə:

49. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1421/2024 nömrəli qərarı dəyişdirilsin. İddiaçı 09 iyun 2024-cü il tarixdən əlilliyin səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməklə 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar