Məhkəmə qərarları › İş №2-1(104)-800/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-800/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-800/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya salınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1095/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 23 iyul 2018-ci il tarixdə Gədəbəy rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirinin 01 iyul 2021-ci il tarixli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarixdə Qarabağda başlatdığı əks hücüm əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində Fizuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Onun döyüş əməliyyatlarında iştirak etməyi barədə qeydlər hərbi biletində hərbi hissə tərəfindən yazılaraq təsdiq edilmişdir. Dəfələrlə aidiyyəti üzrə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etməyinə baxmayaraq müraciətləri cavabsız qalmış və adı müharibə veteranı siyahısına daxil edilməmişdir. Onunla eyni hərbi hissə və bölmədə xidmət etdiyi əsgər X1 (AZE 17970322 FİN 7KPGD66 ) oğlu da daxil olmaqla digər əsgər yoldaşlarının adları müharibə veteranı siyahısına daxil edilərək onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə dəfələrlə müraciət edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Onun həmin müraciətlərindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh orqan heç bir cavab bildirməmişdir. Birinci instansiya məhkəməsindəki icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya salınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin müvafiq qəradadı ilə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1095/2024 saylı qərardadı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə mübahisə olmadığından icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1095/2024 saylı qərardadının ləğv edilməsini və iddia tələbi üzrə icraatın davam etdiriliməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-2/2-S-66xx-xx/2024 və xx.xx.2024-cü il tarixli, 3-25-2/2-S-90xx-xx/2024 nömrəli məktubları ilə müəyyən olunur ki, vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış, müsbət qərar qəbul edilərək sənədləri razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmişdir. İddiaçının cavabdehə qarşı hazırkı tələbi müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya salınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçın irəli sürdüyü tələbə uyğun olaraq müvafiq komissiyanın iclasında onun barəsində müsbət qərar qəbul edilərək, iddiaçının adının Nazirlər Kabinetinə göndərilən siyahıya salmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərmişdir. Göründüyü kimi iddiaçının tələbində təmin edilməsini xahiş etdiyi məsələ cavabdeh inzibati orqan tərəfindən artıq icra edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetində həmin məsələyə müəyyən müddətlərdə baxılması və həll edilməsi isə hazırkı cavabdehin səlahiyyət sferasına aid, həmçinin hazırkı iddia tələbinin predmetinə aid bir məsələ deyildir. Göründüyü kimi, məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə əlaqədar müvafiq hərəkət edilmişdir. Nəticədə, iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Hazırkı cavabdehə qarşı mübahisənin artıq mövcud olmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, belə olan halda iş üzrə icraata xitam verilməlidir. İPM-in 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməli qənaətinə gəlməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin hazırkı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 67.1, 67.3, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1095/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar