Məhkəmə qərarları › İş №2-1(104)-801/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-801/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-801/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-152/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********763000 saylı qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 1.575.811,35 manat iddiaçının vergi borcunun olması qərara alınmışdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən əvvəlki bəyannamə məlumatlarına uyğun 2021-ci ili üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamənin kameral yoxlanması nəticəsində "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2022-ci il tarixli **********177000 nömrəli yeni qərar qəbul edilmiş və həmin qərarla xx.xx.2022-ci il tarixli **********763000 nömrəli qərar ləğv edilmişdir Hazırda iddiaçı məhkəməyə müraciət edərək "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2022-ci il tarixli **********177000 nömrəli qərarı mübahisələndirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********763000 nömrəli qərarın ləğv olunması və hesablanmış 1.575.811,35 manat vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2022-ci il tarixli, **********177000 nömrəli qərarın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022- ci il tarixli, **********763000 saylı qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 1.575.811,35 manat iddiaçının vergi borcunun olması qərara alınmışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2022-ci il tarixli, **********763000 saylı qərarını belə əsaslandırmışdır ki, bu dövr üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır. Sözügedən idarənin xx.xx.2022-ci il tarixli, **********763000 nömrəli qərarı ilə razılaşmırıq. Əvvəla bildirilir ki, sözügedən qərarın qəbul edilməsindən məlumatı olmamışdır. Həmin qərarın məzmununda hansı Qanuna əsasən onun borcunun yaranması və hansı əsasla vergidən yayınması barədə heç bir qeyd yoxdur. Ümumiyyətlə qəbul edilmiş qərarda vergi borcunun hansı səbəbdən yaranması öz əksini tapmamışdır. Yuxarıda sadalanlara əsasən iddiaçı hesab edir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********763000 saylı nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-152/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2022-ci il tarixli **********177000 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti həmin qərarın qanuniliyinin yoxlanılmasıdır. Cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Məhkəmə iddiaçının fəaliyyəti nəticəsində 2021-ci il üzrə gəlir vergisinin yaranıb yaranmaması, yarandığı təqdirdə gəlir vergisinin məbləğinin nə qədər olması, kameral vergi yoxlamasının gəldiyi nəticənin əsaslı olub-olmaması və.s halların müəyyən edilməsi məqsədilə iş üzrə ekspertiza təyin etmiş və iş üzrə müvafiq ekspert rəyi təqdim edilmişdir. Ekspert rəyində qeyd olunanlar ümumiləşdirildikdə belə nəticəyə gəlmək olur ki, vergi orqanı tərəfindən kameral qaydada hesablanmış 2021-ci il üzrə gəlir vergisinin hesablanmasının düzgünlüyü tədqiqatla öz təsdiqini tapmamışdır. Beləliklə işin faktiki hallarına və maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2022-ci il tarixli **********177000 nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Vergilər Baş İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2016-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növünün “Meyvə və tərəvəzin topdansatışı” digər fəaliyyət növünün isə “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət” növü olduğu, xx.xx.2021-ci il tarixdə “Anbar” adlı təsərrüfat subyektinin vergi orqanında uçota qoyulduğu, xx.xx.2022-ci il tarixdə isə həmin təsərrüfat subyektinin bağlandığı müəyyən edilmişdir. Yük gömrük bəyannamələrinə və uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi İddiaçı tərəfindən 2021-ci ildə 64362744,10 manat dəyərində malların ixrac edildiyi, həmin dövrdə X9 (VÖEN: **********) 2021-ci ilin 30 və 31 dekabr tarixlərində əldə etdiyi elektron qaiməfakturalar əsasında 60015298,06 manat dəyərində malların alındığı, lakin təqdim edilmiş 2021-ci il gəlir vergisi bəyannaməsində uçot metodu kassa metodu olmaqla əldə edilmiş gəlirin 47274340,39 manat, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclərinin 48340642,25 manat göstərildiyi, xx.xx.2022-ci il tarixə mal qalığının olmadığı, 1066301,86 manat məbləğində zərərin yarandığı, 2021-ci ilin sonuna 17088403,48 manat debitor borcunun olduğu göstərilmişdir. Bəyannamə kameral qaydada yoxlanan zaman vergi ödəyicisinin bəyan etdiyi xərclərin öz təsdiqini tapmadığı müəyyən olunmuş və bu səbəbdə də gəlir vergisi Vergi Məcəlləsinin 67.1.6-cı, 67.14-cü və 83.9cu maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarında müəyyən edilmiş qaydada hesablanmışdır. Beləliklə vergi ödəyicisinin 2021-ci il üzrə vergiyə cəlb edilən gəliri 47.274.340,39:120*20%=7.879.056,73 manat müəyyən edilmiş və həmin gəlirdən 20% dərəcə tətbiq edilməklə 7.879.056,73*20%=1.575.811,35 manat gəlir vergisinin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********63000 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisinin bəyan etdiyi xərc məbləğlərinin öz təsdiqini tapmaması aşağıdakı faktlarla sübuta yetirilir: Vergi ödəyicisinin xərclərinin tərkibi elektron alış aktlarından və elektron qaimələrdən ibarət olmuşdur. Elektron alış aktları ilə müəyyən edilən xərclərin məbləği 1.986.198,9 manat, elektron qaimə fakturalarla müəyyən edilən xərclərin məbləği isə cəmi 60.376.992,89 manat olmaqla elektron qaimələrlə müəyyən edilən xərclərin tərkibində 60.015.298,06 manat dəyərində 59 sayda elektron qaimə vergi ödəyicisi X22 tərəfindən 30-31 dekabr 2021-ci il tarixlərdə təqdim edilmişdir. X14 həmin malları istehsal etməsi üçün müvafiq təsərrüfatının olmadığı və onun tərəfindən həmin malların alınmadığı müəyyən edilmişdir. X22 tərəfindən malların X1 görüntüsünün yaradılması üçün tərtib edilmiş həmin qaimələrdə götərilən məhsulların tərkibi də olduqca maraqlıdır. Belə ki, qaimələrin tərkibində dekabr ayında albalı, alça, böyürtkən, yemiş, ərik, gilas, moruq, qarpız və sair mövsümə uyğun olmayan məhsulların guya X6 tərəfindən alınması göstərilmişdir. Əslində isə yükgömrük bəyannamələri ilə üzləşdirdikdə həmin məhsulların öz mövsümündə ixrac edildiyi, deməli həmin vaxtda da satın alındığı, lakin qanunvericiliyə uyğun xərclərin uçotunun aparılmadığı, hesabat ilinin son iki günündə isə saxta elektron qaimələrlə əmtəəsiz əməliyyat rəsmiləşdirilməklə saxtalaşdırılmış xərc sənədləri formalaşdırılmasına cəhd edildiyi sübuta yetirilmişdir. Məsələn yük-gömrük bəyannamələrinə əsasən 86384 kq çəkidə 146228.80 manat dəyərində albalı məhsulu mövsümünə uyğun olaraq 2021-ci ilin may iyun aylarında ixrac olunsa da vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron qaimə məlumatlarında X9 guya 30 dekabr 2021-ci il tarixində 91393 kq çəkidə 246.998,72 manat dəyərində albalı məhsulunun alınması göstərilmişdir. Analoji vəziyyət bütün digər məhsullarda da mövcuddur. Yəni 2021-ci il müxtəlif vaxtlarında mövsümünə uyğun ixrac olunmuş məhsulların 90%indən çox hissəsinin guya 2021-ci ilin 30-31 dekabr tarixlərində X9 alınması barədə elektron qaimələr tərtib edilmişdir. 2021-ci ilin dekabr ayında ümumilikdə 2.845.737,99 manat dəyərində məhsul ixrac olunsa da elektron qaimələrdə 2021-ci ilin dekabr ayında 60.000.000 manatdan çox məhsulun alındığı göstərilmişdir. Bundan başqa, X6 tərəfindən saxtalaşdırılmış xərc sənədi formalaşdırmaq məqsədilə tərtib etdiyi elektron qaimə və alış aktlarına yalan məlumat daxil etməsi aşağıdakı faktlarla da sübuta yetirilmişdir. Belə ki, X6 mal almasına dair elektron qaimə və alış aktı tərtib etdiyi şəxslərdən X10, X11, X18, X7, X23, X19 (VÖEN:**********), X20 (VÖEN:**********), X2, Yüzbaşiyev Rahim Əhmədağa oğlu (VÖEN3: 7********), X12 (VÖEN:**********) verdikləri yazılı izahatlarındaX6nu tanımadıqlarını və ona hər hansı mal satmadıqlarını bildirmişlər. Odur ki, vergi ödəyicisinin xərcləri barədə tərtib etdiyi sənədlər qanunvericiliyin tələblərinə uyğun olmadığı və öz təsdiqini tapmadığı üçün həmin hala uyğun verginin hesablanması təmin edilmişdir. Qeyd olunanlara əsasən bildirir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 67-ci və 83.9-cu maddələri Gəncə İnzibati Məhkəməsi qərarının əsaslandırma hissəsində Vergi Məcəlləsinin 67-ci və 83.9-cu maddələrinin tələblərini sadalayaraq göstərmişdir ki, qeyd olunan normaların məzmunundan aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Nəticə etibarı ilə 55 nömrəli qərarın tətbiqi üçün Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan hallar olmalıdır ki, bundan sonra Vergi Məcəlləsinin 67.1-ci maddəsinin digər alt maddələrində nəzərdə tutulan situasiyalar üçün gəlirlər və ya xərclər müəyyənləşdirilsin və yalnız bundan sonra həmin gəlirlər və ya xərclər üçün Vergi Məcəlləsinin 83.9-cü maddəsi tətbiq olunsun. Göründüyü kimi məhkəmə qərarın bu hissəsində Vergi Məcəlləsinin normalarının tələblərini şərh etsə də cavabdeh inzibati orqanın mübahisələndirilən qərarının qəbul edilməsində həmin normaların tələblərinin pozulub-pozulmaması barədə mövqe bildirməmişdir. Daha sonra məhkəmə təyin etdiyi məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3781 nömrəli ekspert rəyində ekspert tərəfindən qeyd olunan fikirləri qərarına köçürərək heç bir əsaslandırma aparmadan qeyd etmişdir ki, “Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2022-ci il tarixli **********177000 nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur.” Halbuki, xx.xx.2023-cü il tarixli 9/3781 nömrəli ekspert rəyinin sübut kimi qiymətləndirilməsini mümkünsüz edən, biri digərini təkzib edən faktlara əsaslanmaqla və qanunvericiliyin tələblərini yanlış şərh etməklə verilməsi barədə faktlar və qanunvericiliyin tələbləri məhkəmənin diqqətinə cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş yazılı vəsatətdə çatdırılmış və iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi xahiş edilmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş etirazdan da göründüyü kimi fərdi sahibkar İddiaçı tərəfindən xərclərin uçotu qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Həmçinin vergi ödəyicisinin təqdim etdiyi gəlir vergisinin kameral yoxlanması zamanı vergi ödəyicisinin təqdim etdiyi gəlir vergisi bəyannaməsindəki məlumatları təsdiq edən sənədlərin kameral yoxlamaya təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən zəruri sənədlər yoxlamaya təqdim edilmədiyindən cavabdeh inzibati orqan tərəfindən vergilər vergi ödəyicisinin gəlirləri barədə məlumatlar əsas götürülməklə vergi qanunvericiliyinə, Vergi Məcəlləsinin 67.1.6, 67.1.9, 67.14 və 83.9-cu maddələrinin tələblərinə uyğun olaraq hesablanmışdır. Vergi ödəyicisinə kameral qaydada vergilərin hesablanması zamanı aşağıdakı məlumatlardan istifadə edilmişdir. 1) Vergi Məcəlləsinin 67.1.6-cı maddəsinə əsasən vergi ödəyicisinin ixrac etdiyi malların ümumi dəyəri – 64.362.743,87 manat 2) Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergi ödəyicisinin özünün gəlir vergisi bəyannaməsində bəyan (etiraf) etdiyi debitor borclarının məbləği – 17.088.403,48 manat (həmin məbləğin düzgünlüyünü inkar edən məlumat mövcud olmadığından vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67.1.9-ci maddəsinə əsasən mənbəyi bəlli məlumat kimi qəbul edilmişdir) 3)Vergi ödəyicisinin xərcləri barədə məlumatları əldə etmək mümkün olmadığından Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrinə əsasən Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarında müəyyən edilən qaydada müəyyən edilmiş ümumi xərcləri – 39.395.283,66 manat. Göründüyü kimi vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə vergilər hesablanan zaman gəlir vergisi bəyannaməsinin kassa metodu ilə təqdim edilməsi, vergi ödəyicisinin xərclərinin uçotunun qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmaması, ixrac etdiyi malların ümumi dəyəri 64.362.743,87 manat olsa da həmin malların satışından mədaxil olunan vəsaitin 47.274.340.39 manat bəyan edilməsi və bu bəyan edilmiş gəlir məbləğinin təsdiq və ya inkar edən məlumatın olmaması, 17088403,48 manat debitor borcun bəyan edilməsi nəzərə alınaraq vergi ödəyicisinin 2021-ci il üzrə vergiyə cəlb edilən gəliri 47.274.340,39:120*20%= 7.879.056,73 manat müəyyən edilmiş və həmin gəlirdən 20% dərəcə tətbiq edilməklə 7.879.056,73*20%=1.575.811,35 manat gəlir vergisinin hesablanması barədə qərar qəbul edilmişdir. Ekspert rəyində xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, ekspert iş materiallarında İddiaçı gəlir vergisi bəyannaməsi üzrə qeyd edilən 17.088.403,48 manat debitor borcla bağlı bank hesabına əməliyyatların aparılmasını özündə əks etdirən (mədaxil olunmuş məbləğlərlə bağlı) çıxarış məlumatlarının mövcud olmadığını qeyd etsə də vergi ödəyicisinin bəyannamə məlumatlarına istinad edərək 17.088.403,48 debitor borcun bəyannamədə göstərilməsini düzgün hesab etdiyini, lakin vergi orqanı tərəfindən vergi ödəyicisinin gəlir vergisi bəyannaməsində bəyan etdiyi gəlir məbləğini nəzərə almaqla vergilərin hesablanmasını düzgünlüyünün müəyyən edilməməsini öz rəyində qeyd etmişdir. Yəni vergi ödəyicisinin gəlirlərinə münasibətdə ekspert vergi ödəyicisinin bəyan etdiyi məlumatı nəzərə almağı düzgün hesab etmir, digər halda isə heç bir təsdiqedici sənəd olmadan vergi ödəyicisinin bəyan etdiyi debitor borc məbləğinin düzgünlüyünü qəbul edir. İş üzrə təkzibolunmaz fakt budur ki, 64.362.743,87 manat dəyərində mallar İddiaçı tərəfindən 2021-ci ildə ixrac olunmuşdur. Həmin ixrac olunmuş malların alınmasına sərf olunmuş xərcləri təsdiq edən sənədlərin olmaması isə vergi orqanına gəlir vergisini Vergi Məcəlləsinin 67.1-ci madəsinə əsasən əlaqəli məlumatlarla hesablamaq hüququ vermişdir. Bütün bu göstərilənlərə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqan tərəfindən ekspert rəyinə münasibətdə təqdim edilmiş yazılı vəsatətədə göstərilənlər araşdırılmamış, vəsatətdə göstərilənlərə məhəkmə tərəfindən heç bir münasibət bildirilməmiş və qanunsuz qərar qəbul edilmişdir. Qanunvericilik normalarının tələbindən göründüyü kimi məhkəmə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə işin müəyyən edilmiş olan faktiki hallarını kənarda qoyaraq və iş üzrə əhəmiyyət kəsb edən maddi hüquq normalarının tələblərini düzgün müəyyən edə bilməmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X15 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi (vəkil) X13 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. “İnzibati icraat haqqında” Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasniya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının təqdim etdiyi gəlir vergisi bəyannaməsi kameral qaydada yoxlanılarkən cavabdeh orqan vergi ödəyicisinin bəyan etdiyi xərclərin öz təsdiqini tapmadığından gəlir vergisi Vergi Məcəlləsinin 67.1.6-cı, 67.14-cü və 83.9-cu maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarında müəyyən edilmiş qaydada hesablanmışdır. Beləliklə vergi ödəyicisinin 2021-ci il üzrə vergiyə cəlb edilən gəliri 47.274.340,39:120*20%=7.879.056,73 manat müəyyən edilmiş və həmin gəlirdən 20% dərəcə tətbiq edilməklə 7.879.056,73*20%=1.575.811,35 manat gəlir vergisinin hesablanması barədə xx.xx.2022-ci il tarixli **********63000 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar qəbul edildikdən sonra vergi ödəyici tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən əvvəlki bəyannamə məlumatlarına uyğun 2021-ci ili üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamənin kameral yoxlanması nəticəsində "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2022-ci il tarixli **********177000 nömrəli yeni qərar qəbul edilmiş və həmin qərarla xx.xx.2022-ci il tarixli **********763000 nömrəli qərar ləğv edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının fəaliyyəti nəticəsində 2021-ci il üzrə gəlir vergisinin yaranı-yaranmaması, yarandığı təqdirdə gəlir vergisinin məbləğinin nə qədər olması, kameral vergi yoxlamasının gəldiyi nəticənin əsaslı olub-olmaması və.s halların müəyyən edilməsi məqsədilə iş üzrə ekspertiza təyin edilmişdir. Təqdim edilən ekspert rəyindən göründüyü kimi, 2021-ci il ərzində təqdim olunmuş malların ümumi dövriyyə 64.362.743,87 manat olduğu halda vergi ödəyicisi tərəfindən Gəlir vergisi Bəyanaməsində daxil olmuş 47.274.340,39 manat vəsaitin məbləği göstərilmişdir. Bununla əlaqədar olaraq Gəlir vergisi Bəyannaməsində 17.088.403,48 manat debitor borc olduğundan 1.066.301,86 manat 2021-ci il üçün zərər göstərilmişdir. Yük-gömrük bəyannamələrindən də göründüyü kimi dövriyyə üzrə mallar ixrac olunmuş, anbar üzrə mal qalığı olduğu müəyyən edilməmişdir. Bununla da daxil olmayan vəsaitlər debitor borc kimi göstərilmişdir. Mövcud iş materiallarından göründüyü kimi fiziki şəxs tərəfindən alınmış mallar tam şəkildə ixrac olunduğundan və mal qalığı olmadığından qeyd edilən 17.088.403,48 manatı debitor borc kimi göstərilməsi qanunvericiliyin tələblərinə uyğundur. Bundan başqa iş materiallarında İddiaçı Gəlir vergisi Bəyanaməsi üzrə qeyd edilən 17.088.403,48 manat debitor borcla bağlı bank hesabına əməliyyatların aparılmasını özündə əks etdirən (mədaxil olunmuş məbləğlərlə bağlı) çıxarışlar məlumatları mövcud deyildir. Vergi orqanı tərəfindən kameral qaydada hesablanmış gəlir vergisi fiziki şəxsin təqdim etdiyi bəyannamə üzrə ümumi dövriyyəsi 64.362.743,87 manat olmasına baxmayaraq 47.274.340,39 manatı vəsaitinin daxil olması səbəbindən vergi ödəyicisinin bəyan etdiyi xərclərin öz təsdiqini tapmadığı müəyyən olunmuş və bu səbəbdən də gəlir vergisi Vergi Məcəlləsinin 67.1.6-cı, 67.14-cü və 83.9-cu maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarında müəyyən edilmiş qaydada hesablanmışdır. Yəni, vergi orqanı tərəfindən 2021-ci il üzrə hesablanmış gəlir vergisi, fiziki şəxs tərəfindən təqdim edilən 2021-ci il üzrə gəlir vergisi bəyannaməsinə əsasən hesablanmışdır. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlara görə mövcud iş materiallarına əsasən təqdim edilmiş gəlir vergisi bəyanaməsi məlumatları üzrə uyğunsuzluğun olduğu müəyyən edilmir. Fiziki şəxs İddiaçı təqdim etdiyi Gəlir vergisi Bəyanaməsi üzrə vergi orqanı tərəfindən kameral qaydada hesablanmış 2021-ci il üzrə gəlir vergisinin hesablanmasının düzgünlüyü hazırki tədqiqatla əsaslı hesab edilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə almaqla hesab edir ki, vergi orqanının Vergi Məcəlləsinin 89.3-cü maddəsinin tələblərinə əsasən vergi ödəyicisinə gəlir vergisi hesablamasının düzgünlüyü təsdiq edilmir. Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan biri də verginin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (şərti rentabellik norması) hesablanmasıdır (VM-nin 67.14;83.9-cu maddələri). Bununla belə qeyd edilməlidir ki, iddiaçı hazırda mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsidir. Qeyd edildiyi kimi, iddiaçıya hesablanmış gəlir vergisinin hesablanması zamanı qanunvericiliyin tələblərinin pozulması vergi orqanı tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2022-ci il tarixli **********177000 nömrəli qərarın ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-152/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar