Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-804/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, «pensiyanın yenidən hesablanması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2158/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 02 fevral 2024-cü il tarixli, 3-17-1/2-Ə- 25312/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stafının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsindən ibarət olmaqla əmək pensiyası hesablanırdı. 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 32 il 2 ay 3 gün (təhsil müddəti nəzərə alınmaqla) təşkil etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar xx.xx.2006cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən ona pensiya təyin olunan tarixə pensiyasının sığorta hissəsi 69,50 manat hesablanaraq, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5382,72 manat sığorta kapitalınına uyğun 37,38 manat (5382,72:144) və baza hissəsi əlavə edilərək xx.xx.2014-cü il tarixində 206,88 manat pensiya məbləği (69,50437,384-100 (baza hissəsi) (xx.xx.2015-ci il tarixinədək indeksləşdirilməklə 208,38 manat) ödənilməli olduğu halda, 1 yanvar 2006-cı il tarixinədək ümümi iş stajı səhvən 31 il 10 ay 10 gün götürülməklə sığorta hissəsi 68,82 manat müəyyən edilmiş, xx.xx.2006-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üzrə səhv müəyyən edilən 4160,16 manat sığorta kapitalına görə 28,89 manat (4160,16:144) və baza hissəsi üzərinə əlavə edilərək 197,71 manat (68,82+28,89+100 (baza hissəsi) (xx.xx.2015-ci il tarixinədək indeksləşdirilməklə 199,08 manat)) məbləğində əmək pensiyası ödənilib. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmçinin, aparılmış araşdırma zamanı xx.xx.2015-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğunuz dövrdə qazandığı 946,12 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 946,12 manat sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək əmək pensiyanızın üzərinə əlavə edilməklə 216,01 manat - xx.xx.2023-cü il tarixinə indeksləşdirilməklə 416,08 manat ödənilməli olduğu halda, xx.xx.2023-cü il tarixinə indeksləşdirilməklə 414,86 manat əmək pensiyası ödənilib. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyası üzrə keçmiş dövr üçün ödənilməli olan 37,32 manat fərq məbləği hesablanıb. Həmin fərq məbləği cari ilin may ayında pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb.
2. İT-İ ******* nömrəli Əmək kitabçasında aparılan qeydlərə əsasən İddiaçı xx.xx.1973-xx.xx.1976-cı il tarixlərdə Kirovabad şəhər Qənnadı fabrikinə biskvit sexində, xx.xx.1976-xx.xx.1976-cı il tarixlərdə X5 texniki şöbəyə İİ dərəcəli çilingər, xx.xx.1979xx.xx.1980-ci il tarixlərdə X5 texniki şöbədə çilingər, xx.xx.1980-xx.xx.1980-ci il tarixlərdə X1 çilingər vəzifələrində işləmiş, xx.xx.1982-X4 elektrovoz üzrə maşinist köməkçisi işinə keçirilmiş, xx.xx.1988-xx.xx.2015-ci il tarixlərdə X2 maşinist vəzifəsində işləmişdir.
3. Azərbaycan Respublikasının əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-3-9588/2023 nömrəli qərarından görünür ki, “İlkin təyinat tarixindən və xx.xx.2015ci il tarixə işdən çıxması hesablanması” səbəbi ilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 414,86 manatdan 416,08 manata müəyyən edilmiş, həmçinin ötən dövr üzrə alınmamış pensiya məbləği kimi 37,32 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, pensiyanın yenidən hesablanmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1973-cü il tarixdə Kirovabad şəhər 15 nömrəli texniki peşə məktəbinə daxil olub xx.xx.1973-cü ildə bitirib diplom almış, xx.xx.1973-cü il tarixdə Kirovabad şəhər Qənnadı fabrikinə biskvit sexinə işə qəbul olunub, 09 sentyabr 1976-cı ildə işdən azad olunmuş, xx.xx.1976-cı il tarixdə X5 texniki şöbəyə İİ dərəcəli çilingər işinə qəbul olunnmuş, 01 noyabr 1976-cı il tarixdə həqiqi hərbi xidmətlə bağlı işdən azad olunmuş, xx.xx.1976-xx.xx.1978-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.17 yanvar 1979-cu il tarixdə X5 texniki şöbəyə çilingər işinə qəbul olunmuş, xx.xx.1980-ci il tarixdə X4 dəyişirilərək 30 iyul 1980-ci il tarixdə təmir üzrə çilingər işinə təyin olunaraq, 28 avqust 1982-ci il tarixdə X4 elektrovoz üzrə maşinist köməkçisi işinə keçirilmişdir. 1987-ci ildə Bakı şəhərində Azərbaycan Dəmir Yolu idarəsinin nəzdində 6 aylıq maşinist kursunu oxumuş və diplom almışdır. 21 noyabr 1988-ci il tarixdən, 04 dekabr 2015-ci il tarixə kimi Korovabad (Gəncə) Lokomotiv Deposunda maşinist işləmişdir. Onun 01 yanvar 2006-cı il tarixə kimi 32 il, 6 ay, 5 gün iş staijı vardır. 08 aprel 2014-cü il tarixdə 57 yaşım tamam olan vaxt güzəştli şərtlərlə pensiyaya çıxmışdır. İlk dəfə ona 167 manat 50 qəpik güzəştli pensiya təyin olunmuş, lakin ona təyin edilmiş pensiyanın məbləğindən narazı qaldığından yuxarı dövlət orqanlarına şikayət etdikdən sonra onun pensiyasını 196,45 manata qaldırmışlar. xx.xx.2024-cü il tarixə kimi artımlar nəzərə alınmaqla 404,86 manat pensiya almışdır. Hazırda o, onunla eyni yaşda olan keçmiş iş yoldaşlarından az pensiya alır. O hazırki tələblə cavabdeh orqana müraciət etsə də, sonuncu tərəfindən ona 02 fevral 2024-cü il tarixli 3-17-1/2-Ə-25312/2024 nömrəli məktub təqdim edilərək müraciətinin müsbət icrasından imtina edilmişdir.
6. Cavabdeh tərəfindən iddiaçının iddia tələbinə dair təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-123305/2024 nömrəli etirazın məzmunu imtina məktubu ilə eynilik təşkil edir.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2158/2024 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli sərəncamlar göndərilərək iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etməli olduğu izah edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin qeyd olunan sərəncamın iddiaçıya göndərilməsinə və məhkəmə iclasında iddiaçıya bu barədə məlumat verilməsinə baxmayaraq iddiaçı tərəfindən sözügedən çatışmazlıqları aradan qaldırılmamış və yeni iddia ərizəsi məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçıya iddianın qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilməklə yardım göstərilməsinə baxmayaraq, onun tərəfindən qanunun bu tələblərinin yerinə yetirilməməsini məhkəmə onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməməsi kimi qiymətləndirir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2158/2024 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə məhkəmə baxışının davam etdirilməsi üçün işin Gəncə İnzibati Məhkəməsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təkil edir, əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsində iddiaçının 2014-cü ildən hal-hazıra kimi müxtəlif orqanlara şikayət ərizələri yazdığı və bununla əlaqədar çoxlu poçt qəbzlərinin mövcudluğu qeyd edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Cavabdeh tərəfin apellyasiya şikayətinə dair təqdim etdiyi 17 dekabr 2024-cü il tarixli, 3-17-1/2-309851/2024 nömrəli etirazın məzmunu cavabdehin imtina məktubu və iddia ərizəsinə etiraz ilə eynilik təşkil edir.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, onun hesablamasına əsasən 2006-cı ilədək olan əmək stajı 32 il 6 ay 5 gün təşkil edir, cavabdeh orqan tərərəfindən isə hansı dövrlərin əmək stajına hesablanmamasını bilmir.
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, iddiaçının 2006-cı il tarixədək olan əmək stajı 32 il 2 ay 3 gün təşkil edir, 2006-cı ildən sonrakı dövr isə kapital olaraq hesablanmışdır.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
16. İşin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
17. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
18. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması, iddianın düzgün cavabdehə qarşı qaldırılması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
19. Bu mənada obyektiv araşdırma prinsipinin tələbinə əsasən, iddianın mümkünlük şərtlərinin yoxlanılması çərçivəsində birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağının nəyə yönəldiyini, onun həqiqətdə nail olmaq istədiyi məqsədi və bunun üzərindən iddiaçının hüquqi marağı ilə əhatə olunan məqsədə çatmaq üçün uyğun iddia növündən istifadəni və düzgün cavabdehi müəyyən etməlidir. Eyni zamanda zərurət olduğu təqdirdə, arzuladığı məqsədə çatmaq üçün tələbinin dəqiqləşdirilməsi baxımından iddiaçıya məhkəmə tərəfindən yardım edilməlidir.
20. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13-cü maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
21. İşin faktiki hallarından müəyyən edilir ki, cavabdeh orqan tərəfindən İddiaçı 57 yaşı tamam olduğu- xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin iddiaçı cavabdeh tərəfindən onun əmək pensiyasının düzgün hesablanmadığını qeyd edərək hazırki tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan isə 02 fevral 2024-cü il tarixli 3-17-1/2-Ə-25312/2024 nömrəli məktubla müraciətin müsbət icrasından imtina etmişdir.
22. Bundan sonra iddiaçı eyni tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş, sonuncu tərəfindən iddia mümkün sayılmamış və onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli sərəncamlar göndərilərək iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etməli olduğu izah edilmiş, qeyd olunan sərəncamın iddiaçıya göndərilməsinə və məhkəmə iclasında iddiaçıya bu barədə məlumat verilməsinə baxmayaraq iddiaçı tərəfindən sözügedən çatışmazlıqlar aradan qaldırılmamış və yeni iddia ərizəsi məhkəməyə təqdim edilməmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır və ilkin olaraq qeyd edir ki, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli sərəncamlarla iddiaçıya “hansı illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması” göstərilməklə yeni iddia ərizəsinin təqdim edilməsi təklif olunsa da, nəzərə alınmamışdır ki, iddiaçının məhz cavabdeh orqan tərəfindən yaşa görə əmək pensiyası hesablanarkən hansı dövrlərin nəzərə alınmaması dəqiqləşdirilməmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş imtina məktubunun məzmunundan görünür ki, yaşa görə əmək pensiyası hesablanarkən iddiaçıya konkret hansı dövrlərin hesablanmaması barədə məlumat verilməmiş, birinci instansiya məhkəməsi tərəfindən də qeyd olunan illərin dəqiqləşdirilməsi ilə bağlı heç bir araşdırılma aparılmamış, sorğular göndərilməmişdir.
24. Halbuki cavabdehin imtina məktubundan aydın olur ki, hansı dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi məktubda qeyd edilməmiş, yalnız ümumi iş stajının 32 il 2 ay 3 gün olması və pensiyanın təyin edilmə prosedurları qeyd edilmişdir. İddiaçı da haqlı olaraq sözügedən sərəncamlarla təqdim edilməsi tələb olunan dəqiqləşdirilməni həyata keçirə bilməmişdir.
25. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya hüquqi yardım etmək məqsədi ilə sərəncamlar göndərməzdən əvvəl cavabdeh inzibati orqana müvafiq sorğular təqdim edərək, iddiaçının yaşa görə əmək pensiyası hesablanarkən hansı dövrlərin nəzərə alınmadığını aydınlaşdırmalı, yalnız bundan sonra aydınlaşdırılmış məlumatların göstərilməsi şərti ilə iddiaçıya sərəncam təqdim edərək dəqiqləşdirilmiş iddia ərizəsinin təqdim edilməsi məqsədilə real hüquqi yardım etməlidir.
26. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar.
27. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarı 3.1, 3.2, 3.3, 3.5. bəndləri)
28. Beləliklə məhkəmə tərkibi hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya təqdim olunan sərəncamlar yuxarıda qeyd olunan səbəblərdən real yardımı əks etdirmir, hazırki tələb üzrə birinci instansiya məhkəməsi tərəfindən müvafiq araşdırılma aparılmadan iddia tələbi qeyri-mümkün hesab edilmişdir.
29. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
30. Odur ki, işə yenidən baxılan zaman hansı dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməməsi məhkəmə tərəfindən aydınlaşdırılmalı və yalnız bundan sonra aydınlaşdırılmış məlumatların göstərilməsi şərti ilə iddiaçıya sərəncam təqdim edərək dəqiqləşdirilmiş iddia ərizəsinin təqdim edilməsi tələb olunmalıdır.
31. Beləliklə, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
Nəticəvi hissə:
32. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2158/2024 nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov