Məhkəmə qərarları › İş №2-1(104)-807/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-807/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-807/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3994/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********175296 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Qafqazsement" MMC barəsində 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022 tarixli **********162274 saylı qərara əsasən xx.xx.2020-xx.xx.2022-ci il dövrləri əhatə etməklə xx.xx.2022-ci il tarixindən xx.xx.2023- cü il tarixinə qədər növbəti səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2023-cü il tarixli **********167712 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixdə **********175296 nömrəli qərarla iddiaçı barəsində 676603,41 manat məbləğində vergilər, 338301,71 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********163829 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında" qərara əsasən "xxxx" MMC-dən X2 "mütəxəssis" kimi dəvət edilmişdir. İlk növbədə bildirilir ki, qeyd olunan təşkilat iddiaçının fəaliyyət sahəsinə uyğun rəy vermək səlahiyyətinə malik deyildir. Belə ki, mütəxəssis kimi cəlb olunan şəxsin istehsal sahəsində təhsili, iş təcrübəsini təsdiq edən sənədlər verdiyi xx.xx.2023-cü il tarixli rəyə əlavə edilmədiyindən həmin şəxs mütəxəssis hesab oluna bilməz. Vergi Məcəlləsinin 45.2-ci maddəsinə görə mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Xüsusilə bildirilir ki, eyni təşkilat tərəfindən xx.xx.2023-cü il tarixdə də mütəxəssis rəyi təqdim olunmuşdur. Təqdim olunan hər iki rəyin əsassız və qərəzli tərtib olunmasını isbatlamaq üçün onlar arasında müqayisəni iddiaçının uçot məlumatları ilə üzləşdirmək kifayətdir. Belə ki, ilk təqdim olunan rəydə 2020-ci ilin 9 ayı üzrə 30106.66 m3 istehsal həcmi müəyyən edilsə də, sonuncu rəydə həmin göstərici dəfələrlə az - 5582,34 m3 olmuşdur ki, bu da səbəbsiz deyil, 2021-ci ildə ilk rəy üzrə istehsal həcmi 55524.47 m3 göstərilsə də, sonuncu rəydə isə rəqəm 69214,89 m3 göstərilmişdir, 2022-ci ilin 7 ayı üzrə istchsal həcmi ilk rəydə 9286,98 m3, sonuncu rəydə isə 20120,88 m3 göstərilmişdir. Qeyd olunanlarla bağlı bildirilir ki, təqdim edilən rəylərin hər ikisində istehsal həcmi ümumilikdə 94918,11 m3 təşkil etmişdir. Diqqət yetirsək görərik ki, ilk rəydə 2020-ci ilin 9 ayı üzrə göstərilən 30106,66 m3 istehsal həcmi məqsədli şəkildə sonuncu rəydə azaldılaraq 5582,34 m3 əks olunmuşdur. Belə ki, yoxlama dövrü üzrə müəssisənin uçot sənədlərində əks etdirdiyi istehsal edilən beton həcmi 2020-ci il üzrə (son 9 ay) 39.204,10 m3, 2021-ci il üzrə (12 ay) 34.882,95 m3, 2022-ci il üzrə isə (ilk 7 ay) 18.848,05 m3 beton olmaqla, ümumilikdə 92.935,10 m3 təşkil etmişdir. Cavabdeh də ümumilikdə 94918,11 m3 istehsal həcmi hesablamağı hədəflədiyindən ilk rəydə əks olunan 30106,66 m3 göstəricini azaltmışdır ki, aradakı fərq digər illərin vergi öhdəliyini süni şəkildə şişirtsin. Lakin cavabdeh düşünməmişdir ki, əgər mütəxəssis rəyini mötəbər hesab edirsə və onun əks etdirdiyi 5582,34 m3 beton istehsalını düzgün qəbul edirsə, demək ki, iddiaçı istehsalını 2020-ci ilin 9 ayında dəfələrlə artıq (39204,1 m3 -5582,34 m3) bəyan edib və həmin fərq artıq hesablama kimi bəyannamədə əks etdirilməlidir. Lakin cavabdeh belə olsaydı – artıq hesablama məbləği növbəti ilin əlavə hesablamasını aradan qaldıracağı üçün yekunda əlavə vergi öhdəliyi yaranmayacağına görə 2020-ci il üçün heç bir artıq hesablama məbləği nəzərə almamışdır. Bu da təbii ki, iddiaçını əlavə vergi yükünə məruz qoymaq məqsədilə edilmişdir. Qeyd olunanlar təqdim olunan rəylərin heç birinin mötəbər olmadığını, sifarişlə göstəricilərin illər üzrə bölündüyünü açıq-aşkar büruzə verir. Necə ola bilər ki, müəssisə özü 2020-ci ildə mütəxəssis rəydə göstərilən istehsal həcmindən daha artıq bəyan edir, növbəti dövrdə kəskin şəkildə daha az istehsal həcmi göstərir? Göründüyü kimi, rəydə qeyd olunan göstəricilər düzgün olmamaqla yanaşı, məntiqə uyğun da deyildir. Növbəti, yəni 2021-ci il (12 ay) üzrə göstəricilərin müqayisəsi zamanı isə müəssisənin 2021-ci il (12 ay) üzrə 34.882,95 m3 beton istehsal edildiyi halda, mütəxəsis tərəfindən həmin il üzrə 69.214,89 m3 beton istehsalı əks etdirildiyini görürük. Bu zaman 34.331,94 m3 beton istehsalında kənarlaşma olduğu qeyd edilmişdir. Müqayisələrdən göründüyü kimi, 2020-ci ildə (son 9 ay) 33.621,76 m3 betonun artıq, 2021-ci il də isə (12 ay) 34.331,94 m3 betonun az istehsal edilməsi rəydə əks olunmuş, vergi orqanı isə nə artıq olan hissəni azaltmamış (əgər rəy əsaslıdırsa), nə də rəy üzrə azaldılmış dövriyyənin niyə əvvəlki illə müqayisədə kəskin fərqləndiyini aydınlaşdırmamışdır. Başqa sözlə, xx.xx.2023-cü il tarixli **********167712 nömrəli səyyar vergi yoxlaması aktına əsasən 2020-ci il (son 9 ay) üzrə istehsal həcmində 33.621,76 m3 artıqlıq olduğu halda bəyannamələrə azalma verilməmiş, 2021-ci il üzrə isə 34.331,94 m3 beton istehsalında güya kənarlaşma olduğu üçün isə 476085,36 manat ƏDV məbləği hesablanmışdır. Mütəxəssis rəylərində rəqəmlər üzərində belə süni şəkildə manevr edilməsini yoxlama dövrünün elektrik sərfiyyatı göstəricilərinin illər üzrə qeyriistehsal və istehsala bölüşdürülməsinə baxmaqla da açıq şəkildə müəyyən etmək mümkündür. Belə ki, ilk rəydə 2020-ci ilin son 9 ayı üzrə ümumi elektrik enerjisi təchizatı 94980,0 kvt.s qeyd olunsa da, sonuncu rəydə bu göstərici 70188,0 kvt.s olmuşdur ki, məhz bu fərqin üzərində manevr edilmişdir. Sonuncu rəydə 2020-ci ilin son 9 ayı üzrə 34020,0 kvt.s (ümumi sərfiyyatın 48% hissəsi) qeyri-istehsal (7-ci sütun üzrə) sərfiyyatı əks etdirdiyi halda, 2021ci il üzrə ümumi enerji sərfiyyatının 24%-i həmin sütunda əks olunmuşdur. Sual yaranır ki, necə ola bilər ki, 2020-ci ildə 48 % sərfiyyat 2021-ci ildə 2 dəfə aşağı düşür? Hələ nəzərə alsaq ki, 2020-ci ilin yanvar-mart ayları (ilin soyuq ayları) yoxlama ilə əhatə olunmayıb, o zaman bu göstərici tamamilə əksinə olmalı idi. Göründüyü kimi, özünü mütəxəssis adlandıran şəxs yalnız excel funksiyaları ilə rəqəmlər üzərində yerdəyişmələr etməklə süni şəkildə vergi öhdəliyi yaranmasına çalışmışdır. Bundan başqa, Aktın 1.9.4-cü bəndində xx.xx.2022-ci il tarixli **********163828 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" qərara əsasən ekspertizanın aparıldığı qeyd olunmuşdur. Bununla bağlı ilk öncə bildiririk ki, bazar qiymətinin müəyyən olunması üçün ekspertizanın keçirilməsi Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən ən son addımdır. Belə ki, həmin normaya görə, malların bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Digər vacib nüans bundan ibarətdir ki, "xxxx" MMC-nin əməkdaşlarının heç biri ekspert deyil. Şirkətə 9 iyun tarixində ekspert rəyi təqdim edən Faiq İbrahimov isə nə özəl məhkəmə eksperti, nə də ekspert idarəsinin əməkdaşı deyil. Bu səbəbdən də onun verdiyi rəyin hüquqi əsası yoxdur. Xüsusilə bildiririk ki, mütəxəssis və ekspert rəyləri mötəbər olsaydı belə həmin rəy vergi hesablaması üçün yetərli hesab oluna bilməz. Belə ki, formalaşmış vahid məhkəmə təcrübəsinə görə, vergi ödəyicisinin istehsal həcminin və bunun üzərindən vergiyə cəlb edilən dövriyyənin yalnız mütəxəssis rəyi ilə hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, qeyd olunan yanaşma vergi ödəyicisinə əlavə verginin hesablanması zamanı yeganə əsas kimi çıxış edə bilməz. Həmçinin, cavabdeh tərəfindən mütəxəssis rəyi üzrə istehsal həcmi əsas götürülməklə 2021-ci il üzrə şərti rentabellik norması tətbiq edilməklə 183747,76 manat həcmində əlavə mənfəət vergisi hesablanmışdır. Aktın 11-ci səhifəsində qeyd olununlardan göründüyü kimi, rəy əsasında müəyyənləşdirilmiş istehsal həcminə görə 2021-ci il üzrə gəlir müəyyən olunmuş və həmin gəlir əsasında mənfəət çıxarılmışdır. Təqdim edilən rəy əsassız olduğuna görə artıq mənfəət vergisinin şərti rentabellik tətbiq olunmaqla hesablanması qaydasına münasibət bildirməyə gərək qalmır. Halbuki, məlum olduğu kimi, şərti rentabellik normasına istinad olunmaqla mənfəətin müəyyən olunması mövcud vergi qanunvericiliyinə və vahid məhkəmə təcrübəsinə ziddir. Göstərilənləri ümumiləşdirərək bildirilir ki, hazırki mübahisə üzrə ƏDV və mənfəət vergisinin hesablanması əsasını "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli rəylər təşkil etməsi, həmin rəylərin isə mütəxəssis və ekspert olmayan şəxslər tərəfindən təqdim olunması, təqdim olunan mütəxəssis rəyindəki rəqəmlərin sifarişli olaraq əlaqəsiz şəkildə əks etdirilməsi və xüsusilə də mütəxəssis rəyinin vergilərin hesablanması üçün yeganə əsas hesab olunmaması cavabdeh tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli qərarın qanunsuz olmasını əks etdirir. Cavabdeh iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********162274 saylı Qərarına əsasən "xxxx" MMCnin sahibkarlıq fəaliyyətində 2020, 2021 və 2022-ci illəri əhatə edən dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. İddiaçı cəmiyyət barəsində təyin edilmiş səyyar vergi yoxlamasıVM-nin 38.7-ci maddəsinə əsasən müvafiq qərarlarla müvəqqəti olaraq təxirə salınmışdır. İddiaçı cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının dayandırılmasına səbəb Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən ekspertiza təyin edilməsi olmuşdur. Həmçinin VM-nin 23, 44 və 45-ci maddələrinin tələblərinə əsasən xx.xx.2022-ci il tarixli **********163828 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" və xx.xx.2022-ci il tarixli **********163829 nömrəli qərarlarla ekspertiza təyin edilmiş və mütəxəssis dəvət edilmişdir. İddiaçı cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının nəticəsi olaraq xx.xx.2023-cü il tarixli **********167712 nömrəli "Səyyar vergi yoxlaması" aktı tərtib edilmiş və aktın surəti iddiaçı cəmiyyətin nümayəndəsinə təqdim edilmişdir. Yoxlamanın nəticəsi olaraq iddiaçı barəsində mənfəət vergisi üzrə 183747,76 manat, ƏDV üzrə 493376.04 manat vergi hesablanmış, VM-nin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, müvafiq olaraq 91873,88 manat və 2466888.02 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı cəmiyyət barəsində aparılmış səyyar vergi yoxlamasının əsasını "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli rəy təşkil etmişdir. Bildirik ki, xx.xx.2023-cü il tarixli rəy vergi orqanında mövcud olmamış və yoxlamanın predmetini təşkil etməmişdir. İddia ərizəsində "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şikətinin iş üzrə rəy verilməsi ilə bağlı səlahiyyətinin olmaması göstərilmişdir. Sözügedən təşkilat əmtəələr üzrə qiymətləndirmələr aparmaq və müxtəlif sahələr üzrə ekspertizalar aparmaq səlahiyyətinə və imkanlarına malik qurumdur. Həmçinin qeyd olunur ki, xx.xx.2023-cü il tarixli MB 16-0683 nömrəli rəy "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna, Milli Qiymətləndirmə Standartlarına, eləcə də istehsal mallarının qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Mövcud rəy verilməmişdən əvvəl "xxxx" MMC-nin eksperti-mütəxəssisi X2 bir neçə dəfə cəmiyyətin istehsal sahəsində bilavasitə baxış keçirmiş və real qaydada istehsal avadanlığının işlədiyi vəziyyətdə göstəriciləri müəyyən etmişdir. Belə ki, iş materiallarında mövcud olan xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli baxış aktlarından görünür ki, E.Əzizov tərəfindən "xxxx" MMC-nin istehsal sahəsində məhsulların istehsalının həcminin müəyyən edilməsi ilə bağlı ölçmə-müşahidə işləri aparılmış, müvafiq göstəricilər götürülmüşdür. Mütəxəssisin həyata keçirdiyi ölçmə-müşahidə halları bilavasitə iddiaçı cəmiyyətin nümayəndəsi Vahid Göyüşovun iştirakı ilə aparılmış və onun imzası ilə baxış aktı imzalanmışdır. Həmçinin cəmiyyətin səlahiyyətli nümayəndəsi X1 tərəfindən verilmiş izahatda qeyri-istehsalla bağlı işləyən elektrik avadanlıqlarının göstəricilərinin istehsal dövriyyəsinin müəyyən edilməsində nəzərə alınmadığı bildirilmişdir. Mütəxəssis rəyində avadanlığın 92 faiz faydalı iş əmsalı ilə işləməsi qeyd olunmuşdur. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli rəy əsaslıdır. Səyyar vergi yoxlaması ilə 2020-2021-ci illər üzrə mənfəət vergisinin düzgünlüyü yoxlanılmışdır. Vergi ödəyicisi tərəfindən həmin dövr üzrə mənfəət vergisi bəyannamələri Vergi Məcəlləsinin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmişdir. "xxxx" MMC-dən daxil olmuş 09 iyun 2023-cü il tarixli məktubla mütəxəssis rəyinə əsasən mütəxəssis tərəfindən müəyyən edilmiş məhsullar üzrə istehsal həcmi ilə vergi ödəyici tərəfindən təqdim edilmiş hesabat (xammal-material, istehsal, satış) məlumatlan müqayisə edilmişdir. Nəticədə 2020-ci ilin 9 ayı ( aprel-dekabr)üzrə beton istehsal həcmində kənarlaşma aşkar edilməmişdir. 2021-ci il ürzə mütəxəssis rəyi ilə ümumi beton istehsal həcmi 69214,89 m3 müəyyən edilmiş, vergi ödəyicisi tərəfindən satış hesabatında göstərilmiş 34882,95 m3 beton həcmi nəzərə alınmaqla ümumilikdə 2021-ci il üzrə 34331,94 m3 əlavə beton istehsalı müəyyən edilmişdir. 2022-ci ilin yoxlama ilə əhatə olunan 7 ayı (yanvar-iyul) ürzə mütəxəssis rəyi ilə umumi beton istehsal həcmi 20120,88 m3 müəyyən edilmiş, vergi ödəyicisi tərəfindən satış hesabatında göstərilmiş 18848,05 m3 beton həcmi nəzərə alınmaqla ümumilikdə 2022-ci ilin yoxlama ilə əhatə olunan 7 ayı üzrə 1272,83 m3 əlavə beton istehsalı müəyyən edilmişdir. Mütəxəssis rəyi ilə müəyyən edilmiş beton istehsal həcminin çeşidlər üzrə bölgüsü (beton markalan üzrə) vergi ödəyicisi tərəfindən satış hesabatlarında göstərilmiş beton markaları üzrə çeşid həcmlərinin ümumi satış həcmində olan xüsusi çəkisinə əsasən aparılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3994/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********175296 nömrəli qərar qəbul olunarkən əsassız vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarının ləğvi üçün əsas hesab edilir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı cavabdeh apellyasiya şikayətinə əlavə verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3994/2023 nömrəli qərarının ləğv edilərək iş üzrə yeni qərar qəbul edilərək xx.xx.2023-cü il tarixli **********175296 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğvi barədə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti və şikayətə əlavə onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin qərarında cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli **********175296 nömrəli qərarının ləğv edilməsini əsaslandırmaq üçün “Elektrik enerjisinin sərfiyyatına görə verginin hesablanmasının qanunvericilikdə əks olunmaması” dəlilinə istinad etmişdir. Qeyd olunur ki, enerji sərfiyyatı və əmək tutumu əsasında vergilərin hesablanması ilə bağlı müddəalar “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında (Ədliyyə Nazirliyi Reyestr nömrəsi-**********1400) öz əksini tapmışdır. Belə ki, Qaydaların 26.3.1-ci maddəsinə əsasən istehsal sahəsində aparılan yoxlamalarda istifadə olunmuş material, elektrik enerjisi, qaz və digər xərc elementlərinə əsasən, aidiyyəti sahə üzrə texniki normalar nəzərə alınmaqla, istehsal olunan məhsulun həcmi araşdırılmalıdır. Zərurət yarandıqda müşahidə aparılmaqla müəyyən vaxt ərzində elektrik enerjisi və qaz sərfiyyatının həcmi müəyyən edilməli, itkilər nəzərə alınmaqla hər məhsul vahidinə sərf olunan enerji xərcləri əsasında istehsalın həcmi müəyyənləşdirilməlidir. Həmçinin Qaydaların 27.2.3-cü maddəsinə əsasən gəlirin əldə olunması üçün çəkilən xərclərin tərkibində əmək (işçi) xərclərinin xüsusi çəkisi nisbətən böyük olan fəaliyyət sahələrində, o cümlədən təmir, tikinti, istehsal, səhiyyə və digər xidmət sahələrində əmək xərclərinin rəsmiləşdirilməsi ilə əlaqədar şübhələr yarandıqda mütəxəssis dəvət edilməklə əmək xərclərinin həcmi müəyyənləşdirilməli və bəyannamə göstəriciləri ilə müqayisə edilməklə müvafiq tədbirlər görülməli, habelə 27.2.4-cü maddəsinə əsasən səhiyyə sahəsində aparılan yoxlamalarda vergi ödəyicisi tərəfindən göstərilən xidmətlər üzrə əmək xərclərini müəyyənləşdirmək üçün Səhiyyə Nazirliyinin müəyyən etdiyi formalara əsasən göstərilən tibbi xidmətlərin, o cümlədən müayinə, cərrahi əməliyyatlar və digər xidmətlərin sayı, hər bir xidmət üzrə əmək xərclərinin həcmi müəyyənləşdirilməli, zərurət yarandığı hallarda mütəxəssis dəvət edilməlidir. Ona görədə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3994/2023 nömrəli qərarından verilmiş apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin təmin olunmasını xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəmə kollegiyasına elektron qaydada ərizə ünvanlayaraq, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası ilə İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, cavabdeh tərəfindən kollegiyaya ünvanlanmış ərizə və ona əlavə olunmuş 31 oktyabr 2023-cü il tarixli **********177662 nömrəli qərardan görünür ki, İddiaçı MMC (VÖEN **********) üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqında” 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2023 tarixli **********175296 nömrəli qərarı ləğv edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə bağlı yeni inzibati akt qəbul edilmiş, nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1, 67.3-cü maddələrinə əsasən, q ə r a r a a l d ı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar