Məhkəmə qərarları › İş №2-1(104)-808/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-808/2024

25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-808/2024 25.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1, üçüncü şəxs X5 iştirakları ilə, «sərəncamın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-149/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. Tərtər Rayon Xalq Deputatları Sovetinin 31 may 1995-ci il tarixli 5 saylı qərarı ilə Çaylı kəndi ərazisindən 35 hektar torpaq sahəsinin “Nizami” X7 verilməsi qərara alınmışdır.

2. Б 000103 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət Aktına əsasən, Tərtər Rayon Xalq Deputatları Soveti tərəfindən 31 may 1995-ci il tarixli 5 saylı qərarı üzrə Çaylı kəndi ərazisindən cizgidə göstərilən sərhəd daxilində 35 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq mülkiyyətçisinə, sahibinə və daimi istifadəçisi “Nizami” X7 verilmişdir. Akt torpağa mülkiyyət, sahiblik və daimi istifadəhüququna dair dövlət aktları kitabında 17 sayda qeydiyyatdan keçirilmişdir.

3. 25 aprel 1995-ci il tarixli 1 saylı yığıncaqla “Nizami” X9 təsis edilmiş və Cavabdeh başçısının 19 iyul 1995-ci il tarixli 87 nömrəli Sərəncamı ilə qeydə alınmışdır. Lakin sonrakı müddət ərzində fermer təsərrüfatı öz fəaliyyəti ilə bağlı mövcud qanunvericiliyin tələblərinə əsasən heç bir dövlət orqanına məlumat verməmişdir (Cavabdeh başçısının Aparatının 24 aprel 2024-cü il tarixli, 5-78/2-A-18-038/2024 nömrəli məktubu).

4. Tərtər rayonunda “Nizami” X9 2016-cı ildə fəaliyyətə başlamış və 2018-ci ilin dekabr ayında rayonun Hacıqərvənd kəndində yaşayan X10 tərəfindən 5 il müddətinə fəaliyyəti dayandırılmışdır. Həmçinin, “Nizami” X2 istifadəsində dövlət mülkiyyətində olan torpaq sahəsi yoxdur. Lakin Cavabdeh başçısının 22 sentyabr 2008-ci il tarixli 43 nömrəli sərəncamı ilə Tərtər şəhəri ərazisində yerləşən dövlət mülkiyyətində olan 8.0 (səkkiz) hektar torpaq sahəsi 25 il müddətinə X6, 16 aprel 2019-cu il tarixli 49 nömrəli sərəncamı ilə Çaylı kəndi ərazisində yerləşən 35.0 (otuz beş) hektar dövlət mülkiyyətində olan torpaq sahəsi 10 il müddətinə X5 icarəsinə verilmiş və hazırda torpaq sahələri həmin şəxslər tərəfindən istifadə olunur (Cavabdeh başçısının Aparatının 27 sentyabr 2022-ci il tarixli, 1663 nömrəli Tərtər RPŞ-nin istintaq qurumuna ünvanladığı məktub).

5. Cavabdeh başçısının 16 aprel 2019-cu il tarixli 49 nömrəli sərəncamı ilə Tərtər rayonunun Çaylı kəndi ərazisində yerləşən 35.0 (otuz beş) hektar dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 10 il müddətinə X5 icarəsinə verilmişdir.

6. 16 aprel 2019-cu il tarixli 13 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, Cavabdeh başçısının 16 aprel 2019-cu il tarixli 49 nömrəli sərəncamı əsasında 35 ha dövlət mülkiyyətində olan torpaq sahəsi əkinçilik məqsədi üçün 10 il müddətinə X5 icarəsinə verilmişdir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 02 may 2023-cü il tarixli, **********834500 nömrəli məktubundan görünür ki, məlumat-uçot bazasına əsasən, “Nizami” X9 – 2016” Məhdud Məsuliyyətli Cəmiyyəti qanuni təmsilçisi X11 olmaqla xx.xx.2016-cı il tarixdə ********** saylı VÖEN ilə vergi ödəyicisi olaraq dövlət qeydiyyatına alınmışdır.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 iyul 2023-cü il tarixli, **********969200 nömrəli məktubundan görünür ki, məlumat-uçot bazasına əsasən, X11 tərəfindən xx.xx.2016-cı il tarixdə ********** saylı VÖEN ilə “Nizami” X9 – 2016” adlı MMC vergi uçotuna alınmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fəaliyyəti dayandırılmışdır. Bundan başqa, “Nizami” X9 – 2016” MMC hər hansı digər müəssisənin hüquqi varisi deyildir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ailə üzvlərinin birgə vəsaiti ilə yaradılmış "Nizami" X2 başçısı əvvəlcə mərhum atası X13 olmuş, 2016-cı ildə atasının vəfatından sonra anası X8 adına rəsmləşdirilməsinə qərar verilmişdir. İddiaçı qeyd edir ki, atasının vəfatından sonra qardaşı (üçüncü şəxs) X1 sənədlərlə torpaq sahəsindən istifadə hüququna dair "Çıxarış" almışdır. O, hesab edir ki, 35,0 ha torpaq sahəsi üzərində X5 10 il müddətində hüquqlarının qeydə alınmasına dair dövlət reyesterində aparılmış qeyd va onun əsasında verilmiş çıxarış ləğv edilməlidir.

11. İddiaçı xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbi üzrə Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 49 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmənin icraatına qəbul edilmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-149/2024 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi əsl Cavabdeh ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixli, 2-1(114)-149/2024 saylı qərardadı ilə iş üzrə X11 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.

13. İddiaçı həmçinin xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmaq üçün prosessual müddətin bərpa edilməsi barədə Gəncə İnzibati Məhkəməsinə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, hüquqlarının pozulduğunu bildiyi andan polis və digər hüquq mühafizə orqanlarına müraciət etmiş və lazımı sənədləri əldə etmək üçün iş üzrə cavabdehə və digər aidiyyati qurumlara rəsmi sorğular vermiş, sərəncamın ləğvi üçün qanunla müəyyən olunmuş prosessual müddəti ötürməmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-149/2024 nömrəli qərardadı ilə (hakim E.Axundov) buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edlməmiş, iddia tələbi mümkün sayılmamışdır.

15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cavabdeh tərəfidən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 5-78/2-811/2024 saylı məktubundan görünür ki, Cavabdeh başçısının 16 aprel 2019- cu il tarixli 49 nömrəli sərəncamı ilə Tərtər rayonunun Çaylı kəndi ərazisində yerləşən 35.0 (otuz beş) hektar dövlət mülkiyyətində olan torpaq sahəsi 10 il müddətinə X5 icarəsinə verilmişdir. Həmin sərəncam verilərkən "Nizami" X2 təsisçisi İddiaçı olmadığı üçün ona rəsmi məlumat verilməmişdir. Lakin İddiaçı sonradan həmin sərəncamdan məlumatı olmuş və Cavabdehnə müxtəlif vaxtlarda, xüsusilədə 2023-cü ildə Cavabdeh başçısının 16 aprel 2019-cu il tarixli 49 nömrəli sərəncamının ləğv edilərək qardaşı X5 icarəsində olan 35.0 (otuz beş) hektar torpaq sahəsinin "Nizami" X2 İcarəsinə verilməsi ilə bağlı müraciətləri olmuşdur. İddiaçı bütün müraciətlərinə Cavabdeh tərəfindən rəsmi qaydada cavab verilmişdir. Həmçinin bildirilmişdir ki, İddiaçı 2023-cü ildə Cavabdeh başçısının 16 aprel 2019-cu il tarixli 49 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Gəncə İnzibati Məhkəməsində 2- 1(114)-2400/2023 nömrəli inzibali işə baxılmışdır. Həmçinin, İddiaçı 16 aprel 2019-cu il tarixli 49 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı Cavabdehnə qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış, məhkəmə iclasında iddia ərizəsinə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 2400/2023, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, iş üzrə icraat xitam verilmişdir. Bu hal da sübut edir ki, iddiaçının hal-hazırda mübahisələndirdiyi sərəncamdan xəbəri olmuşdur. Xəbərdar olmasına baxmayaraq iddiaçı sözügedən sərəncamı – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-149/2024 nömrəli qərardadının ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilərək iddianın mümkün hesab olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təkil edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, İddiaçı 2016-cı ilədək “Nizami” X7 rəhbərlik etmiş Rəşid Abbasovun oğludur və həmin torpaq sahəsi iddiaçı tərəfindən vərəsəlik qaydasında qəbul edilmişdir. İddiaçı həm də torpaq sahəsi verilən MMC-nin təsisçilərindəndir.

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, hər biri ayrı-ayrılıqda təmin olunmamasını xahiş etdilər.

21. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X11 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, atası Rəşid Abbasov 2016-cı ildə ölmüşdür və həmin vaxta qədər təsərrüfata subsidiyalar verilmiş, həmçinin vergi ödənilmişdir. Bundan sonra “Nizami” X2 fəaliyyəti dayandırılmış və o, “Nizami” X9-2016-nı qeydiyyata aldırmaqla təsis etmişdir. Hazırda torpaq sahəsi onun icarəsindədir və faktiki olaraq illərdir istifadə edir.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 25.0. İnzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər: 25.0.1. fiziki və ya hüquqi şəxslər; 26.2. Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. 31.1. İnzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

24. İşin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

25. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

26. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması, iddianın düzgün cavabdehə qarşı qaldırılması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

27. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13-cü maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

28. İşin faktiki hallarından müəyyən edilir ki, 25 aprel 1995-ci il tarixli 1 saylı yığıncaqla “Nizami” X9 təsis edilmiş və Cavabdeh başçısının 19 iyul 1995-ci il tarixli 87 nömrəli sərəncamı ilə qeydə alınmış, lakin sonrakı müddət ərzində fermer təsərrüfatı öz fəaliyyəti ilə bağlı mövcud qanunvericiliyin tələblərinə əsasən heç bir dövlət orqanına məlumat verməmişdir. Bundan sonra, 16 aprel 2019-cu il tarixli 13 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə (Cavabdeh başçısının 16 aprel 2019-cu il tarixli 49 nömrəli Sərəncamına əsasən), Cavabdeh başçısının 16 aprel 2019-cu il tarixli 49 nömrəli sərəncamı əsasında 35 ha dövlət mülkiyyətində olan torpaq sahəsi əkinçilik məqsədi üçün 10 il müddətinə X5 icarəsinə verilmişdir.

29. İddiaçı Cavabdehnə müxtəlif vaxtlarda müraciətlər ünvanlayaraq Cavabdeh başçısının 16 aprel 2019-cu il tarixli 49 nömrəli sərəncamının ləğv edilərək, qardaşı X5 icarəsində olan 35.0 (otuz beş) hektar torpaq sahəsinin "Nizami" X2 icarəsinə verilməsini tələb etsə də, cavabdeh tərəfindən müraciətlərin müsbət icrasından imtina edilmişdir.

30. Bundan sonra iddiaçı hazırki tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş, sonuncu tərəfindən iddia mümkün sayılmamış və onunla əsaslandırılmışdır ki, iddiaçının hal-hazırda mübahisələndirdiyi sərəncamdan xəbəri olmasına baxmayaraq, sözügedən sərəncamı – inzibati aktı qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır və qeyd edir ki, məhkəmə İPM-in 12 və 58-ci maddələrinin tələblərinə riayət etməklə obyektiv araşdırmanı həyata keçirməmiş, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək hüququnun olub-olmamasını aydınlaşdırmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hazırda mübahisələndirilən 35 ha torpaq sahəsi Tərtər Rayon Xalq Deputatları Sovetinin 31 may 1995-ci il tarixli 5 saylı qərarı ilə həmin torpaq sahəsinin “Nizami” X7 verilməsi qərara alınmış, Б 000103 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir.

32. Göründüyü kimi, mübahisəli torpaq sahəsi Tərtər Rayon Xalq Deputatları Sovetinin 31 may 1995-ci il tarixli 5 saylı qərarı ilə “Nizami” X7 verilməsinə baxmayaraq, məhkəmədə iddia fiziki şəxs X12 tərəfindən qaldırılmışdır, cavabdehin hazırda mübahisələndirilən 16 aprel 2019-cu il tarixli 49 nömrəli sərəncamı ilə hüquqlarının pozulması ehtimal edilən subyekt “Nizami” X3.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxslərin məhkəmə icraatında iştirak etmək hüququnun olması Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 25.0.1-ci maddəsində öz əksini tapmışdır. Həmçinin həmin Məcəllənin 26.2-ci və 31.1-ci maddələrində hüquqi şəxslərin adından prosessual hərəkətlərin həyata keçirilməsi hüququna malik olan şəxslərin dairəsi müəyyən edilmişdir.

34. Belə olan halda hazırki iş üzrə iddia İddiaçı tərəfindən deyil, məhz “Nizami” X9 tərəfindən qaldırılmalı idi. Qeyd olunan halı nəzərə almayan birinci instansiya məhkəməsi iddiaçıya “İddiaçı əsl iddiaçı “Nizami” X9 ilə əvəz olunmasına dair dəqiqləşdirilmiş iddia ərizəsinin təqdim edilməsinin təklif olunması barədə” sərəncam təqdim etməklə hüquqi yardım etməmişdir.

35. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar.

36. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarı 3.1, 3.2, 3.3, 3.5. bəndləri)

37. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 48.1-ci maddəsində isə deyilir ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

38. Göründüyü kimi, İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın düzgün iddiaçı tərəfindən qaldırılmaması halını aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

40. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər.

41. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

42. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu addımlar atılmamış, iddiaçıya bu hissədə yardım edilməmişdir.

43. Həmçinin məhkəmə kollegiyası iddiaçının apellyasiya mərhələsində əsl iddiaçı ilə əvəz edilməsini məqsədəmüvafiq hesab etmir.

44. Belə ki, İPM-nin 81.3-cü maddəsində göstərilmişdir ki, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.

45. Odur ki, işə yenidən baxılan zaman iddiaçıya “İddiaçı əsl iddiaçı “Nizami” X9 ilə əvəz olunmasına dair dəqiqləşdirilmiş iddia ərizəsinin təqdim edilməsinin təklif olunması barədə” sərəncam təqdim edilməli, qeyd olunan hüquqi şəxsin qeydiyyatdan keçibkeçməməsi, başqa sözlə hüquq qabiliyyətinin olması araşdırılmalı, bundan sonra iddia ərizəsinə hüquqi qiymət verilməlidir.

Nəticəvi hissə:

46. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-149/2024 nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar