Məhkəmə qərarları › İş №2-1(104)-81/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-81/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-81/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2314/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Tibbi Sosial Ekspert Kommisiyasının müayinə nəticələrinə dair məlumatlarından görünür ki, İddiaçı xx.xx.2012-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-ci il tarixlərdə “Keçirilmiş neyroinfeksiyanın davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya. Ensefalopatiya Vegeto damar paroksizmaları müşayiət olunan qıcolma tutmaları (ayda 5-6 dəfə) Ateno nevrotik sindrom. İnfeksion Allergik forma. Bronxial astma xəstəliyi. Venusiya fazası obstruktiv (XBT kodu-İ68.8)) diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

2. xx.xx.2021-ci il tarixdə Əsas diaqnoz F07.0 – Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin zədələnməsinəticəsində şəxsiyyətin üzvi mənşəli pozuntusu, tez-tez verən qıcolma tutmaları (ayda 5-6 dəfə). Şəxsiyyət dəyişkənliyi ilə; Ağırlaşma => F07.8 – Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş beynin zədələnməsi nəticəsində şəxsiyyətin üzvi mənşəli pozuntusu, tez-tez baş verən qıcolma tutmaları (ayda 5-6 dəfə). Şəxsiyyət dəyişkənliyi ilə. 2-ci qrup əlildir; Yanaşı xəstəliklər => G09 – Mərkəzi sinir sisteminin iltihaboi xəstəliklərinin nəticələri, Keçirilmiş neyroinfeksiyanın davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya. Ensefalopatiya Vegeto damar paroksizmaları müşayiət olunan qıcolma tutmaları (ayda 5-6 dəfə) diaqnozu ilə göndərişin natamam doldurulması (səbəb: əsas diaqnozu təsdiqləyən, müvafiq köməkçi diaqnostik müayinələri tam aparılmayıb. Dəqiqləşdirilsin) səbəbi ilə, xx.xx.2021-ci il tarixdə eyni diaqnoz ilə əlavə müalicəyə ehtiyacın olması (səbəb: əlillik təyin etmək üçün stasionar müalicə yetərli deyil) səbəbi ilə, xx.xx.2021-ci il tarixdə eyni diaqnoz ilə tam reabilitasiya olması (səbəb: reabilitasiya qərarı qəbul edilmişdir) səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.

3. X1 xx.xx.2021-ci il tarixli, 0479003AAASQ nömrəli və xx.xx.2021-ci il tarixli 0479003AAATH nömrəli göndərişlərində İddiaçı təyin edilmiş diaqnozlar - Əsas diaqnoz => F07.0 – Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin zədələnməsi nəticəsində şəxsiyyətin üzvi mənşəli pozuntusu, tez-tez verən qıcolma tutmaları (ayda 5-6 dəfə). Şəxsiyyət dəyişkənliyi ilə; Ağırlaşma => F07.8 – Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş beynin zədələnməsi nəticəsində şəxsiyyətin üzvi mənşəli pozuntusu, tez-tez baş verən qıcolma tutmaları (ayda 5-6 dəfə). Şəxsiyyət dəyişkənliyi ilə. 2-ci qrup əlildir; Yanaşı xəstəliklər => G09 – Mərkəzi sinir sisteminin iltihaboi xəstəliklərinin nəticələri, Keçirilmiş neyroinfeksiyanın davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya. Ensefalopatiya Vegeto damar paroksizmaları müşayiət olunan qıcolma tutmaları (ayda 5-6 dəfə) kimi qeyd edilmişdir.

4. Tibbi Sosial Ekspert Kommisiyasının müayinə nəticələrinə dair məlumatına əsasən xx.xx.2021-ci il tarixdə, xxxxxxx0009 nömrəli aktla İddiaçı təkrar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. 2.2.25.etiologiyasından asılı olmayaraq şəxsiyyətin dəyişməsi və ya dərketmə qabiliyyətinin azalması (F 0.6). Diaqnozun mətni:- F 07.0 üzvü mənşəli şəxsiyyət pozğunluğu, Baş beyinin zədələnməsi nəticəsində şəxsiyyətin üzvi mənşəli pozuntusu, tez-tez baş verən qıcolma tutmaları (ayda 5-6 dəfə) Şəxsiyyət dəyişkənliyi ilə. Ağırlaşma => F07.8 – Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş beynin zədələnməsi nəticəsində şəxsiyyətin üzvi mənşəli pozuntusu, tez-tez baş verən qıcolma tutmaları (ayda 5-6 dəfə). Şəxsiyyət dəyişkənliyi ilə. 2-ci qrup əlildir; Yanaşı xəstəliklər => G09 – Mərkəzi sinir sisteminin iltihaboi xəstəliklərinin nəticələri, Keçirilmiş neyroinfeksiyanın davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya. Ensefalopatiya Vegeto damar paroksizmaları müşayiət olunan qıcolma tutmaları (ayda 5-6 dəfə).

5. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 04 noyabr 2023-cü il tarixli, 3-17-4/3-3-18577/2023 nömrəli qərarı ilə anamnestik məlumatlar, əyani müayinə və təqdim edilmiş sənədlərə əsasən İddiaçı Allhyar oğlunda aşkarlanmadığından Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarı dəyişdirilərək “Tam reabilitasiya olunmasına dair” qərar qəbul edilmişdir.

6. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinin 29 noyabr 2024-cü il tarixli, 3-17-4/2-31334/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Agentliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan yoxlamalar zamanı vətəndaş İddiaçı Agentliyin xx.xx.2021-ci il tarixli, **********0 nömrəli müayinə protokoluna əsaslanaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin olunduğu qeyd olunsa da, əslində həmin siyahıda şəxsin adının olmadığı aşkar olunmuşdur. Bundan sonra qeyd edilən uyğunsuzluğun müəyyən edilməsi məqsədə ilə Agentlik tərəfindən şəxs barəsində inzibati icraat başlanılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən vətəndaşın ünvanına xx.xx.2022-ci il tarixli, **********3 nömrəli bildiriş məktubu gündərilərək xx.xx.2022-ci il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin müayinədə iştirak etmədiyindən mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Lakin qərardan narazı olan vətəndaş müraciəti əsasında xx.xx.2023-cü il tarixində 08 nömrəli Tibbi-sosial ekspert komissiyasının eksperthəkimləri tərəfindən əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar dəyişdirilərək xx.xx.2021-ci il tarixindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Qeyd edək ki, vətəndaşa dair aparılmış xx.xx.2021-ci il tarixli tam reabilitasiya olması barədə qərar hazırda qüvvədədir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 10 ildən çox ardıcıl (fasiləsiz) 2-ci qrup əlil olmasının nəzərə alınaraq əlilliyinin dayandığı xx.xx.2022-ci il tarixdən müddətsiz əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdən 2-ci qrup əlil hesab edilərək hər il ardıcıl olaraq tibbi həkim komissiyasından keçməklə xx.xx.2022-ci il tarixədək əlil hesab edilmiş, müvafiq əmək pensiyası ilə təmin olunmuşdur. Əlilliyi xx.xx.2021-ci il tarixdən dayanmışdır, xx.xx.2021-ci il tarixdən əlilliyi 5 il müddətinə bərpa edildi. Hesab edir ki, əlilliyi dayandığı xx.xx.2022-cii l tarixdən bərpa olunmalıdır.

9. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin 3-17-4/3-3- 18577/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, X4 təyin olunmuş 3-cü dərəcəli müddətsiz əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2314/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının barəsində qəbul edilmiş cavabdehin 3-17-4/3-3-18577/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərarının əsaslılığı yoxlanılan zaman müəyyən edilmişdir ki, həmin qərar cavabdeh orqan tərəfindən inzibati icraat haqqında qanunun tələblərinə riayət edilmədən qəbul edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətinin məzmunu imtina qərarının məzmunu ilə eynilik təşkil edir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

15. İddiaçının vəkili (nümayəndəsi) Vəkil məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, cavabdehin qəbul etdiyi qərardan verilmiş şikayət üzrə buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə ərizə təmin edilmişdir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili (nümayəndəsi) izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı illərdir xəstəlikdən əziyyət çəkir və məhkəməyə gəlməyə imkanı yoxdur.

Tətbiq edilən hüquq:

18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik-xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olması. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. İşin hallarından məlum olur ki, iddiaçının sağlamlıq vəziyyəti dövlət tibb müəssisəsinin 0479003AABJM nömrəli göndərişi ilə əyani müayinə əsasında qiymətləndirilmiş və ona xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.25-ci bəndinə (etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06)) müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.

25. Bundan sonra cavabdeh əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı **********3 nömrəli məktub əsasında xx.xx.2022-ci il tarixində əyani müayinəyə dəvət edilmişdir. İddiaçı əyani müayinədə iştirak etmədiyindən mövcud sənədlər üzrə qiymətləndirmə aparılmış və nəticədə əlillik təyinatı barədə olan qərar ləğv edilmişdir. İddiaçının müraciəti əsasında akt tərtib edilmiş, daha sonra onun əyani müayinəsi keçirilmiş, yekunda cavabdehin 04 noyabr 2023-cü il tarixli, 3-17-4/3-3-18577/2023 nömrəli qərarı ilə anamnestik məlumatlar, əyani müayinə və təqdim edilmiş sənədlərə əsasən İddiaçı Allhyar oğlunda aşkarlanmadığından Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarı dəyişdirilərək “Tam reabilitasiya olunmasına dair” qərar qəbul edilmişdir.

26. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinin 29 noyabr 2024-cü il tarixli, 3-17-4/2-31334/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Agentliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan yoxlamalar zamanı vətəndaş İddiaçı Agentliyin xx.xx.2021-ci il tarixli, **********0 nömrəli müayinə protokoluna əsaslanaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin olunduğu qeyd olunsa da, əslində həmin siyahıda şəxsin adının olmadığı aşkar olunmuşdur. Bundan sonra qeyd edilən uyğunsuzluğun müəyyən edilməsi məqsədə ilə Agentlik tərəfindən şəxs barəsində inzibati icraat başlanılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən vətəndaşın ünvanına xx.xx.2022-ci il tarixli, **********3 nömrəli bildiriş məktubu gündərilərək xx.xx.2022-ci il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin müayinədə iştirak etmədiyindən mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Lakin qərardan narazı olan vətəndaş müraciəti əsasında xx.xx.2023-cü il tarixində 08 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar dəyişdirilərək xx.xx.2021-ci il tarixindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Qeyd edək ki, vətəndaşa dair aparılmış xx.xx.2021-ci il tarixli tam reabilitasiya olması barədə qərar hazırda qüvvədədir.

27. Göründüyü kimi iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmiş, 04 noyabr 2023-cü il tarixli, 3-17-4/3-3-18577/2023 nömrəli qərarla iddiaçıya müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsinə dair qərar dəyişdirilərək, barəsində “Tam reabilitasiya olunmasına dair” qərar qəbul edilmişdir.

28. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı cavabdehin 04 noyabr 2023-cü il tarixli, 3-17-4/3-3-18577/2023 nömrəli qərarının ləğvinə nail olmaq və ona təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsinə nail olmaqdır.

29. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir.

31. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir.

32. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 04 noyabr 2023-cü il tarixli, 3-17-4/3-3-18577/2023 nömrəli qərarında əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu ilə bağlı hər hansı bir qeyd aparılmamış, yalnız müxtəlif risk qruplarının araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq “əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

33. Məhkəmə tərkibi qeyd edir ki, şəxsin barəsində qəbul edilmiş əlverişsiz inzibati akt inzibati icraat aparılmaqla qəbul edilməli, əlillik əlamətinin müəyyən olunmamasını və əvvəlki qərarın düzgün qəbul edilməməsini təsdiq edən sübutlar toplanmaqla hüquqi qiymət verilməli idi. Belə ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.

34. Cavabdehin mövqeyinə görə xx.xx.2021-ci il tarixdə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmiş iddiaçının əlilliyinə şübhə yaradan hal əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılmasının olmasıdır. Lakin iddiaçıya təyin edilmiş müddətsiz əlilliyin ləğvinə dair qərarda heç bir əsaslandırılma və ya təyin edilmiş əlilliyin əsassız təyinatını təsdiq edəcək heç bir sübuta istinad olunmamış, heç bir əsaslandırılma qeyd edilməmişdir.

35. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi qeyd olunmuşdur.

36. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

37. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

39. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

40. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

41. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

42. Ekspertiza keçirilməsinə dair dəlilə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, inzibati orqanın əlilliyin ləğvinə yönələn hərəkətləri inzibati icraat haqqında qanunvericiliyin əsas prinsip və tələblərinə uyğun olmadığı aşkar olunduğundan hazırki iş üzrə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi istiqamətində araşdırılmanın aparılması zərurəti aradan qalxmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğundan ləğv edilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2314/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar