Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-82/2025 24.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3049/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Cavabdeh 18 noyabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim etdiyi sənədlər hüquqi əsas vermədiyi üçün (döyüşlərdə iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər yoxdur) ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki birinci icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1991-1992-ci illərdə Kərkicahan özünümüdafiə batalyonunda erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak etmiş və döyüşlər zamanı xəsarətlər almışdır. Həmin dövrdə aldığı xəsarətlər yüngül olduğundan xəstəxanaya müraciət etməmişdir. Buna baxmayaraq onun özünümüdafiə batalyonunda döyüşlərdə iştirakını keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının adlı siyahısında 157-ci sırada adının olması bir daha təsdiq edir. O, “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1611/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərarı ilə (hakim X16) iddia təmin edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Xocalı rayon İcra Hakimiyyəti başçısı və Xocalı rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş “Keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının ümumi adlı siyahısı” ilə iddiaçının həqiqətən 1991-1992-ci illərdə özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etdiyi təsdiq edilir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsindəki birinci icraat Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2- 1(104)-392/2023 nömrəli qərardadı ilə (hakimlər İsgəndərova Aygül Vulqar qızı (məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlu) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1611/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus səlahiyyətdir. Belə olan halda işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır c) birinci instansiya məhkəməsindəki ikinci icraat İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3049/2023 saylı, 13 iyul 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3049/2023 saylı, 07 avqust 2023-cü il tarixli qərarı ilə (hakim X4) iddia təmin edilmiş, iddiaçı X6 “müharibə veteranı”adı və vəsiqənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Xocalı rayon İcra Hakimiyyəti başçısı və Xocalı rayon Polis şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş «Keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının ümumi adlı siyahısı» ilə təsdiq olunur ki, İddiaçı həqiqətən 1991-1992-ci illərdə özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Bu hal “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq bəndinin tələblərinə əsasən iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsi üçün əsasdır. Beləliklə, iddia təmin edilməli və iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ç) apellyasiya instansiya məhkəməsindəki ikinci icraat Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2024-cü il tarixli, 2-1(104)-100/2024 nömrəli qərarı ilə (hakimlər X7 (məruzəçi), X11 və X3) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3049/2023 saylı, 07 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. d) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1895/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (X1 (məruzəçi), X13 və X23) cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2024-cü il tarixli, 2-1(104)-100/2024 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Gəncə İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(114)-3049/2023 saylı qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3049/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, YuxarıƏskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Gəncə İnzibati Məhkəməsi qərar qəbul edərkən təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış və nəticədə qanunvericiliyin tələblərinə uyğun olmayan qərar qəbul etmişdir. Belə ki, Xocalı Rayon İcra Hakimiyyəti başçısı və Xocalı rayon Polis şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş “Keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının ümumi adlı siyahısı’na əsasən, İddiaçı Kərəm oğlu 1991-1992-ci illərdə özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etməsi göstərilmişdir. X22 Məhkəməsi nəzərə almamışdır ki, şəxsə müharibə veteranı statusu verilməsi üçün yalnız yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar deyil, siyahı ilə yanaşı döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Məhkəmə icraatı zamanı döyüşlərdə sübut edən sənədlər mövcud olmamış və məhkəmə bu sübutların aşkar olunmasında heç bir təşəbbüs göstərməmişdir. Həmçinin yuxarıda adıçəkilən siyahının mötəbərliyinin yoxlanılması ilə əlaqədar məhkəmə heç bir araşdırma aparmamış və bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərini pozmuşdur. Habelə, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ‘Azərbaycan Respublikası Silahlı Qüvvələrin yarandığı gündən döyüş bölgələrində olan hərbi hissələrin siyahısı qovluğu”nda “816 saylı Şuşa batalyonu” mövcud olmuşdur. Qovluğun adından görünür ki, 816 saylı Şuşa batalyonu hərbiləşdirilmiş dəstədir (hərbi hissədir) və belə olan halda bu iş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi olmalıdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Prosessual məsələlər İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbin bildirməmişlər. Məhkəmə kollegiyası onların iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılovvə Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının hüquqi marağı və ondan irəli gələn tələbi müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, Xocalı rayon İcra Hakimiyyəti başçısı və Xocalı rayon Polis şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş «Keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının ümumi adlı siyahısı» ilə təsdiq olunur ki, İddiaçı həqiqətən 1991-1992-ci illərdə özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə əsasən şəxsə müharibə veteranı adı verilməsi üçün şərtlər: 1. döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmalı 2. Bu hallar müvafiq sübutlarla təsdiq edilməlidir. Qeyd edilənlər onu deməyə əsas verir ki, müharibə veteranı adının verilə bilməsi üçün şəxsin döyüş əməliyyatlarında iştirak etməsi faktı tam sübuta yetirilməlidir. Baxılan mübahisəyə münasibətdə iddiaçı əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Lakin iş üzrə materiallardan iddiaçı tərəfindən bu halları təsdiq edən müvafiq sübutların təqdim edildiyi müəyyən olunmamışdır. Xocalı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş “Keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının” ümumi adlı siyahısında iddiaçının adı 157-ci sırada qeyd edilsə də bu onun döyüş əməliyyatlarında iştirak etdiyini deməyə əsas vermir. Belə ki, həmin siyahıda sadəcə olaraq adlar sadalanmış, siyahıda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilməmişdir. İş üzrə kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iş materiallarına istinad edən məhkəmə kollegiyası bir xüsusata da növbəti apellyasiya baxışı zamanı diqqət yetirilməsini məqsədə müvafiq hesab edir. Belə ki, iş materiallarında olan siyahı “Keçmiş 816 saylı Şuşa batalyonunun İV Kərkicahan rotasının” ümumi adlı siyahısı kimi adlandırılmış, Xocalı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışda isə iddiaçının döyüş əməliyyatlarında iştirakının Xocalı rayon “Özünümüdafiə Batalyonu”nun döyüşçülərinin siyahısı ilə təsdiq edildiyi göstərilmişdir. Növbəti apellyasiya baxışı zamanı bu iki fərqli adlarda olan siyahının eyni siyahı olub olmaması aydınlaşdırılmalı və buna uyğun olaraq müvafiq hüquqi qiymət verilməlidir. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Xocalı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında 3 siyahı mövcuddur: 1. Xocalı Rayon İcra Hakimiyyətinin başçısı E.Məmmədov və Xocalı Rayon Polis Şöbəsinin rəisi polis mayoru C.O.Mədətov tərəfindən təsdiq edilmiş "Keçmiş 816 saylı Şuşa Batalyonunun İV Kərkicahan Rotasının ümumi adlı siyahısı", 2. Xocalı Rayon İcra Hakimiyyətinin başçısı E.Məmmədov və Xocalı Rayon Polis Şöbəsinin rəisi polis mayoru C.O.Mədətov tərəfindən təsdiq edilmiş "Xocalı rayonu, Kərkicahan qəsəbəsi üzrə könüllülərin ümumi adlı siyahısı", 3. "12 fevral 1988-ci ildən 26 fevral 1992-ci ilə qədər erməni silahlı qüvvələrinə qarşı keçirilmiş hərbi əməliyyatlarda və Xocalı şəhərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş Xocalı Ərazi Özünümüdafiə dəstələrinin üzvlərinin siyahısı". İddiaçı adı "Xocalı rayonu, Kərkicahan qəsəbəsi üzrə könüllülərin ümumi adlı siyahı" da 157-ci sırada qeyd edilmiş, lakin Rayon İcra Hakimiyyətində onun hərbi döyüşlərdə iştirakını təsdiq edən hər hansı sənəd mövcud deyil. Göründüyü kimi İddiaçı adı yalnız "Xocalı rayonu, Kərkicahan qəsəbəsi üzrə könüllülərin ümumi adlı siyahı" da 157-ci sırada qeyd edilmişdir. Bundan başqa məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Şuşa Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Şuşa Rayon İcra Hakimiyyətində mövcud olan siyahıda İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsinə dair məlumat yoxdur. Bundan əlavə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Xocalı rayonu Kərkicahan qəsəbəsi üzrə könüllülərin ümumi adlı siyahısı”nda adları qeyd olunan şəxslərdən X9 (xx.xx.2007-ci il tarixdə), X2 (xx.xx.2008-ci il tarixdə), X5 (xx.xx.2008-ci il tarixdə) və sairlərinə “müharibə veteranı” statusu verilmişdir. Həmin şəxslərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli, 422 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilsin. Göründüyü kimi 28 sentyabr 2018-ci il tarixli dəyişiklikdən sonra Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) verilir. Bu da onu deməyə əsas verir ki, iddiaçı da hazırki tələblə 28 sentyabr 2018-ci il tarixli dəyişiklikdən əvvəl məhkəməyə müraciət etsə idi, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahı, yəni Xocalı Rayon İcra Hakimiyyətinin Başçısı və Xocalı Rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş "Xocalı rayonu, Kərkicahan qəsəbəsi üzrə könüllülərin ümumi adlı siyahısı” iddia tələbinin təmin olunması üçün yetərli sübut hesab oluna bilərdi. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan sübutetmə vəzifəsi ilkin olaraq iddiaçının üzərinə düşür. Hazırki iş üzrə əsas sübut isə Xocalı Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq edilmiş Xocalı rayonu, Kərkicahan qəsəbəsi üzrə könüllülərin ümumi adlı siyahının 157-ci sırasında adının qeyd edilməsidir. Məhkəmə kollegiyası həmin sübutlara hüquqi qiymət verərək hesab edir ki, müvafiq arayış iddiaçının döyüş əməliyyatlarında iştirakını sübut edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, arayışın məzmunundan da aydın olur ki, arayışı verən Xocalı Rayon İcra Hakimiyyətinin Başçısı da iddiaçının döyüşlərdə iştirak etməsini onun adının yuxarıda qeyd edilən siyahıda olması ilə əsaslandırmışdır. Lakin iddiaçının istinad etdiyi sübutlar qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının döyüşlərdə iştirak etməsi halını təsdiq etmədiyindən iddia tələbinin təmin olunması üçün iş üzrə əhəmiyyətli halları tam təsdiq edən sübut kimi hüquqi əhəmiyyətə malik deyil. Həmçinin iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1895/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 36-cı bəndində də qeyd edilmişdir ki, iş materiallarında iddiaçının həqiqətən də döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edən hər hansı sübut mövcud deyildir. Xocalı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş “Keçmiş 816 saylı Şuşa batolyonunun İV Kərkicahan rotasının” ümumi adlı siyahısında iddiaçının adı 157-ci sırada qeyd edilsə də (iş vər 5-7), bu onun döyüş əməliyyatlarında iştirak etdiyini deməyə əsas vermir. Belə ki, həmin siyahıda sadəcə olaraq adlar sadalanmış, siyahıda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası bildirir ki, iş üzrə əhəmiyyətli halların müəyyən edilməsi üçün əlavə olaraq müvafiq sorğularla müraciət edilsə də, müsbət nəticə əldə edilməmiş və iddiaçının tələbinin təmin edilməsi üçün əsas verən hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahı, həmçinin siyahı ilə birlikdə döyüşlərdə iştirakı sübut edən başqa sənədlər olmalıdır. Lakin iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilməmişdir. Bu baxımdan iddiaçıya müharibə veteran adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur Beləliklə apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3049/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-82/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-82/2025
24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver