Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-824/2023 07.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3701/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. AA 488526 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X2 rayonundan məcburi köçkün düşmüşdür.
2. AZ-İ 888099 nömrəli Doğum haqqında şəhadətnamədən məlum olur ki, İddiaçı xx.xx.2004-cü il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında X12 qeyd edilmişdir.
3. Kəlbəcər rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı X3nın himayəsindədir.
4. Məhkəmənin Elektron İnformasiya Sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur, qeydiyyat ünvanı Kəlbəcər rayonu, Qamışlı kəndidir.
5. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2023cü il tarixli, 01/351 nömrəli məktubu ilə İddiaçı “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmiş, onunla əsaslandırılmışdır ki, atası məcburi köçkün statusuna malik olmadığından məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi imkan xaricindədir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, atası X6, X3dır. X3 ailə üzvləri ilə birlikdə Kəlbəcər rayon sakini kimi məcburi köçkün düşərək Gəncə şəhərində məskunlaşmış və hal-hazırda da Gəncə şəhərində yaşayır. Anası X2 rayonundan məcburi köçkün düşdüyü üçün qaçınlara və məcburi köçkünlərə şamil edilən bütün növ güzəştlərdən istifadə edir. Həmçinin, X3na məcburi köçkün statusunu təsdiq edən Seriya AA 488526 nömrəli vəsiqə verilmişdir. İddiaçı 2022-ci ildə X14 tərəfindən təşkil edilmiş imtahanda keçid balı toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsinə tələbə kimi qəbul olunduqdan sonra ona təhsil haqqı ödəməkdən azad olunmağı üçün məcburi köçkün statusu almaq zərurəti yarandığından Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Komitənin xx.xx.2023-cü il tarixli, 01/351 nömrəli məktubu ilə, atasının məcburi köçkün statusunun olmaması əsas gətirilərək müraciətindən imtina edilmişdir. İddiaçı cavabdeh inzibati orqanın qeyd olunan imtinasını qanunsuz və əsassız hesab edir
8. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli 3-36/2- 2345/2023 nömrəli məktuba əlavə edilmiş iddia ərizəsinə etirazda bildirilmişdir ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası X1 Federasiyası vətəndaşıdır və 2007-2023-cü illəri əhatə edən məcburi köçkünlər haqqında elektron məlumat bazasında X4 məxsus məcburi köçkün statusunu təsdiq edən vəsiqə aşkar edilməmişdir. İddiaçı X3 isə ünvan 3i ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildirilir ki, X12 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malikdir. İddiaçının atası X6 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından, o cümlədən Rusiya Federasiyası vətəndaşı olduğu üçün yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş ərazi olmadığından, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3701/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəfin izahatlarını qiymətləndirib hesab etmişdir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, sözügedən Qaydaların 4.1.6-ci bəndində əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlarla məhdudlaşdırılmışdır. Başqa sözlə, ataları məcburi köçkün olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, anaları məcburi köçkün olan uşaqların bu hüquqları məhdudlaşdırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası X1 Federasiyası vətəndaşıdır və 2007-2023-cü illəri əhatə edən məcburi köçkünlər haqqında elektron məlumat bazasında X4 məxsus məcburi köçkün statusunu təsdiq edən vəsiqə aşkar edilməmişdir. İddiaçı X3 isə ünvan 3i ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildirilir ki, X12 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malikdir. İddiaçının atası X6 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından, o cümlədən Rusiya Federasiyası vətəndaşı olduğu üçün yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş ərazi olmadığından, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
14. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ-V hissələri: Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
16. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun:
1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.
12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.
Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə” ... Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir;
17. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının: 2-ci bəndinə əsasən Qanunun 1-ci maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi həyata keçirir. 18.Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 1.1. “Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: …. 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; (9 sentyabr 2013-cü il tarixli 2 nömrəli Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Qərarı ( Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Qərarı (X15 Reyestrinin qeydiyyat nömrəsi **********0002, X15 Reyestrinə daxil edildiyi tarix 11 sentyabr 2013-cü il) ilə 4.1.6-cı bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 4.1.6. Valideynlərindən hər ikisi “məcburi köçkün” statusuna malik olan və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, atası X6, X3dır. İddiaçının valideynləri arasında nikah olmadığına görə doğum haqqında akt qeydində atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır, həmçinin iddiaçı tək ananın himayəsindədir. İddiaçının anası məcburi köçkün olmaqla məcburi köçkün vəsiqəsinə malikdir. İddiaçının atası X6 isə məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından, həmçinin Rusiya Federasiyası vətəndaşı olduğu üçün cavabdeh müvafiq vəsiqəni verməkdən imtina etmişdir.
22. Birinci instansiya məhkəməsi iddiaçıya məcburi köçkün vəsiqəsinin verilməməsinin kostitusion hüquq olan bərabərlik hüququnu pozduğuna əsaslanaraq iddia tələbini əsaslı hesab etmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, işdə olan sübutlara əsasən iddiaçının məcburi köçkün statuslu anasının himayəsində və Kəlbəcər rayonu qeydiyyatında olması işin mübahisəsiz halıdır.
24. Cavabdeh orqanın imtina və apellyasiya şikayətinin əsası kimi yalnız “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə istinad edilmişdir. Qeyd olunan maddi hüquq nomasına əsasən “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir.
24. Qaydaların istinad edilən bəndinə görə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə- 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olan şəxslərə verilir.
25. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, sözügedən Qaydaların 4.1.6-ci bəndində əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlarla məhdudlaşdırılmışdır. Başqa sözlə, ataları məcburi köçkün olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, anaları məcburi köçkün olan uşaqların bu hüquqları məhdudlaşdırılmışdır.
26. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
27. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
28. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı).
29. Məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır.
30. İkinci şərtə münasibətdə (hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan) məhkəmə kollegiyası qeyd edir ki, hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Başqa sözlə, Qaydalar “məcburi köçkün” statusunun verilməsi üçün Qanunla nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.
31. Beləliklə, iddiaçının anası Kəlbəcər rayonundan məcburi köçkün olduğundan, həmçinin onun rəsmi nikahı olmadığından, iddiaçının anasının malik olduğu “məcburi köçkün” statusunun iddiaçıya da şamil olunmaması iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da onun məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3701/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.