Məhkəmə qərarları › İş №2-1(104)-824/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-824/2024

26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-824/2024 26.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-56/2024 saylı qərarından şikayət verilməsi üçün cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus uçurulmuş obyektin 25.000 manat dəyərini ödəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə cavabdehin əsl cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti ilə əvəz edilməsinə dair ərizə ilə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(114)- 1237/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş və cavadeh qismində Gəncə şəhər İcra Hakimiyyəti tanınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-56/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Gəncə şəhər İcra Hakimiyyətindən 25.000 (iyirmi beş min) manat pulun tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-56/2024 saylı qərarını tam ləğv edərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyərək, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, qərardan cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Ona görə də apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin həmin normalar üzrə yoxlanılmasını ehtiva edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, apellyasiya şikayəti İPM-nin 85.1ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən, birinci instansiya məhkəməsinin qərarından şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materialında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, birinci instansiya məhkəməsinin 2-1(114)-56/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı elektron imza ilə təsdiq edilməklə xx.xx.2024-cü il tarixdə cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından başlanır. Bu halda qərardan şikayət verilməsi üçün müəyyən olunmuş müddətin axımı da təqdim edildiyi xx.xx.2024-cü il tarixdən başlanmışdır. Lakin cavabdeh qərardan şikayəti müddət ötürməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Həmçinin bundan sonra Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-56/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, 2-1(114)-56/2024 saylı qərar icra edilməsi üçün elektron kabinet vasitəsilə Gəncə Şəhər İcra Hakimiyyətinə təqdim edilmişdir. Bu hal, yəni müddətin ötürülməsi apellyasiya şikayətinin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Çünki, Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Məhkəmə kollegiyası müddətin bərpa olunması barədə ərizənin düzgün həlli üçün müddətlərlə bağlı bəzi məsələlərin daha aydın izah olunması üçün Azərbaycan Respublikası İPM-nin müddəaları ilə yanaşı ona zidd olmayan hissədə Mülki Prosessual Məcəlləsinin normalarına da istinad edilməsini mümkün və məqsədəuyğun sayır. Çünki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsində deyilir ki, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 81.1-ci maddəsinə görə İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-lə müəyyən olunmuş ümumi qaydaya görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (MPM-nin 128.1 və 130.1-ci maddələri). Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin məzmunundan göründüyü kimi, bu norma ilə müəyyən olunmuş şikayət vermə müddətinin axımı məhkəmə qərarının tam formada təqdim olunduğu gündən başlanır. Qanunvericilik şikayət verilməsi mümkün olan məhkəmə aktlarının təqdim edilməsi qaydasını da dəqiq müəyyən etmişdir və müddətin axımının başlanmasını müəyyən etmək üçün bu müddəalar da nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası İPM-nin 20.1-ci maddəsinin tələbinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-nin 75.3-cü maddəsinin tələbinə əsasən məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir (Azərbaycan Respublikası İPM-nin 20.3-cü maddəsi) . Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Belə ki, birinci instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-56/2024 saylı qərarı xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən məhz həmin andan iddiaçının qərardan şikayət vermək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 23.1-ci maddəsində də müddətin axımına aid tələblər müəyyən edilərək göstərilir ki, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, həmin qərarda ondan şikayət verilməsi qaydası, müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı tam və aydın şəkildə göstərilmişdir. Bu halda, cavabdehin qərardan apellyasiya şikayəti verməsi müddətinin axımı xx.xx.2024-cü il tarixdə başlanmış və xx.xx.2024-cü il tarixdə qurtarmışdır. Lakin qanunvericilik şəxsin ona verilmiş hüquqdan qanunla müəyyən edilmiş müddətdə üzrlü səbəbdən istifadə edə bilmədiyi halda, ona bu hüquqdan yararlanmaq üçün əlavə imkan da yaradır. Bu imkan prosessual müddətin bərpası qaydasında təmin olunur. Cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, texniki səbəblərdən tərəflərindən e-məhkəmə şəxsi kabinetə daxil ola bilmədiklərindən Gəncə İnzibati Məhkəməsinin qərarını ala bilməmişlər. Bununla bağlı tərəflərindən birinci instansiya məhkəməsinə müraciət edilərək qərarın mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi və ya poçt vasitəsilə göndərilməsi xahiş olunmuşdur. Gəncə İnzibati Məhkəməsi tərəfindən həmin qərar poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə göndərilmiş, xx.xx.2024-cü il tarixdə isə Gəncə İcra Hakimiyyətinə daxil olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən müddətin ötürülməsinin üzrlü hesab edilməsinə əsas verəcək mötəbər sübut təqdim edilməmiş və dəlilləri formal xarakter daşıyır və ötürülmüş prosessual müddətin bərpası üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Müddətin bərpa edilməsi üçün üzrlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, şikayət vermək üçün müəyyən olunmuş müddətdə, şəxsin şikayət verməsinə yönələn hərəkətləri etməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Lakin cavabdeh buraxılmış müddətin üzrlü hesab olunmasına əsas verən hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Yalnız formal mülahizələrə əsaslanmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qərardan apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və şikayəti qəbul etməkdən imtina olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-56/2024 saylı qərardadından cavabdeh Gəncə İcra Hakimiyyəti tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayəti qəbul etməkdən imtina olunsun. Qərardaddan 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar