Məhkəmə qərarları › İş №2-1(104)-83/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-83/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-83/2023 26.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1512/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı “iddianın dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının qeyd olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1512/2022 saylı qərarı ilə (hakim Z.Quliyev) iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşa görə pensiyaya çıxmaq hüququ 2022-ci ilin yanvar ayının 11-də yaranmışdır. Həmin vaxtı o, yaşa görə pensiyaya çıxmaq üçün lazım olan sənədlərini, eləcə də 10 iyul 2017-ci ildən hal-hazıra kimi Goranboy rayonunda ********** nömrəli VÖEN əsasında Qazax magistral X6 xətt baxıcısı kimi əmək haqqını özündə əks etdirən Azərbaycan Beynəlxalq Bankından aldığı çıxarışı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edərək mövcud qanunvericiliyin tələbinə görə 01 iyul 2018-ci il tarixə kimi fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olduğuna görə ona yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan imtina vermişdir. Həmin imtinada göstərilir ki, “fərdi hesabınızın sığorta hisəsində xx.xx.2018-ci ilədək pensiya kapitalı qeydə alınmadığından sizə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1.1-ci maddəsini tətbiq etməklə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliklə mümkün olmadığını bildiririk”. Cavabdeh orqanın əməkdaşları bildirir ki, işlədiyin müəssisə əmək haqqından DSMF-yə sosial ödəniş etməyib. Bu hal ona aydın deyildir. Əmək haqqı almışdırsa, sosial ödənişləri müəssisə özü vaxtında ödəməli idi. Qeyd edir ki, iddiaçı hələ SSRİ dövründə 1974-cü ilin sentyabr ayından, 1975-ci ilin may ayına kimi X2 fəhlə işləmiş, 1975-ci ilin may ayından, 1977-ci ilin may ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. 1978-ci ilin avqust ayından, 1983-cü ilə kimi X2 usta köməkçisi, 1983-cü ildən, 1988-ci ilə kimi Goranboy rayonunun Dəliməmmədli şəhərində Taxıl Tədarükü məntəqəsində çilingər, 1988-ci ildən, 1999-cu il tarixə kimi kənd təsərrüfatı tədarükü və satışı ilə məşğul olan "Afaq" kooperativində mühasib işləmişdir. 10 iyul 2017-ci ildən hal-hazıra kimi Goranboy rayonunda ********** nömrəli VÖEN əsasında Qazax magistral X6 xətt baxıcısı işləyir. Əmək kitabçasını naməlum şəraitdə itirdiyinə görə cavadehə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun həmin imtinasını qanunsuz və əsassiz hesab edir. Belə ki, həmin imtina ilə onun Konstitusiyada təsbit olunmuş yaşa görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17.03.201-ci il tarixli, **********8 nömrəli məktubuna əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. - Azərbaycan Beynəlxalq Bankının Gəncə filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli iddiaçının hesabdan çıxarışa əsasən xx.xx.2018-ci il tarixdən 200 manat pul vəsaiti DSMF Goranboy şöbəsinin hesabına ödənilmişdir. - SOCAR “Qaz İxrac” İdarəsinin xx.xx.2022-ci il tarixli DOCAR**********30490075X00157 nömrəli məktubunda qeyd olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək xidmət haqqı ödənilmişdir. Ödənilən xidmət haqqından heç bir tutulma aparılmamışdır. - 12 saylı Ərazi vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********294900 nömrəli məktubuna əsasən iddiaçı xx.xx.2018-ci il tarixdə 200 manat, xx.xx.2018-ci il tarixdə 16 manat, xx.xx.2019-cu il tarixdə 27,3 manat, xx.xx.2019-cu il tarixdə 22 manat, xx.xx.2019cu il tarixdə 108 manat, xx.xx.2019-cu il tarixdə 40 manat, xx.xx.2020-ci il tarixdə 63 manat, xx.xx.2020- ci il tarixdə 62 manat, xx.xx.2020-ci il tarixdə 139 manat, xx.xx.2020-ci il tarixdə 21 manat, xx.xx.2020-ci il tarixdə 23 manat məcburi dövlət sosial sığorta haqları ödəmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17.03.201-ci il tarixli, **********8 nömrəli məktubuna əsasən Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Birbaşa daxil olan ödənişlərin uçotu) altsistemindən əldə edilən məlumatlarda iddiaçı tərəfindən 2017-ci ilin İİİ-İV, 2018-ci ilin İ-İİ rübləri üzrə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər aşkar edilməmişdir. “MEİS”-in “Sığorta (Hesabat)” altsistemindən əldə edilən məlumatlara əsasən iddiaçı tərəfindən 2017-ci ilin İV, 2018-ci ilin İ, İİ rübləri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabat”larda onun məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin rüb ərzində xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 43 nömrəli arxiv arayışında iddiaçının işə girmə və işdən azad edilməsi barədə məlumatlar, xx.xx.2022-ci il tarixli, 15 nömrəli arayışında isə aldığı əmək haqların məbləği əks olunmuşdur. - Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 36 nömrəli məktubunda qeyd olunur ki, Goranboy rayon Dəliməmmədli şəhər Taxıl Tədarük məntəqəsinin və “Afaq” kooperativinin şəxsi heyət üzrə əmr və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Goranboy Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - Goranboy Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, C-534 nömrəli məktubuna əsasən 1988-1999-cu illərdə kənd təsərrüfatı tədarükü və satışı ilə məşğul olan “Afaq” kooperativinin fəaliyyət göstərib-göstərməməsi, habelə fəaliyyəti barədə Goranboy Rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. - NZ ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Yuxarıda qeyd olunanlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuzdur. Belə ki, o, 10 iyul 2017-ci il tarixdən. hal-hazıra kimi Goranboy rayonunda ********** nömrəli VOEN əsasında Qazax magistral X6 xətt baxıcısı kimi işləyərkən Qazax magistral X9 hər ay ona əmək haqqı ödəmiş və onun əmək haqqından sığortaya ödəniləcək pulu onun əmək haqqından tutmuşdur. İşlədiyi müəssisə tərəfindən sığortaya pul ödənilməsini o bilə bilməzdi, bu həmin müəssisənin mühasibatlığının işidir. Burada onun heç bir günahı yoxdur. Məhkəmə qərar qəbul edərkən bu xüsusata düzgün hüquqi qiymət verməmiş, nəticədə cavabdehin xeyrinə qərar qəbul etmişdir. Bu göstərdiklərinə görə də, iddiaçı kimi hesab edir ki, məhkəmə iddianın təmin edilməməsi barədə qanunsuz qərar qəbul etmişdir. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və qərarın ləğv edilməklə iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər Verilmiş iddia mümkün iddiadır. Bu orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 14.1.3-cü maddəsinə əsasən inzibati orqan kimi müəyyən olunmuşdur. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı X4 xx.xx.1945-ci il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur. İddiaçıya 1995-ci il tarixdə 50 yaşında yeraltı işlərdə işlədiyi üçün güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. İddiaçı pensiya məbləğinin yenidən hesablanması ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə ərizə ilə müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdə **********6 nömrəli məktubla bildirilmişdir ki, onun ümumi 31 il sığorta stajı nəzərə alınaraq 212,13 manat pensiya hesablanaraq ödənilir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 22.1.1-ci maddəsinin tətbiqi ilə bağlıdır. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsi Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1- dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006- cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: - iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; - Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; - fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni 11 yanvar 2022-ci il tarixdə yaranmışdır. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuş, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. İddiaçı iddia edir ki, o, 2017-ci ilin iyul ayından əmək fəaliyyəti ilə məşğul olmuş, həmin tarixdən məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borc 2018-ci ilin oktyabr ayında ödənilmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaların 3.1-ci bəndinə əsasən qeyrikommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. 7.2-ci bəndinə əsasən Sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Beynəlxalq Bankı ASC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı adına olan AZ07İBAZ******************** hesab üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlər öz hesabı vasitəsilə aparılmışdır. “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu” Qaydaların 2.4-cü bəndinə əsasən Təsərrüfat subyekti olmayan sığortaedənlər olduqları (hüquqi ünvan) ərazi üzrə DSMF orqanlarında uçota durmalıdırlar. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən yalnız 2018-ci ilin oktyabr ayından etibarən məcburi dövlət sığorta haqqı ödənilmişdir. Bu hal iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmamasına dəlalət edir. Beləliklə də, göründüyü kimi iddiaçı iddia ərizəsində 1974-1999-cu illərdə müxtəlif müəssisələrdə işlədiyini, lakin əmək kitabçasını naməlum şəraitdə itirdiyi üçün inzibati orqana təqdim edə bilmədiyini qeyd etmiş, həmin illərdə işlədiyini təsdiq edəcək hər hansı başqa sənəd təqdim etməmişdir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan minimum pensiya kapitalı (34560 manat) mövcud deyildir. İddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı movcud deyildir. İddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin hesabdan çıxarışı iddiaçının xidmət müqaviləsinə əsasən xidmət haqqı (muzd) aldığını təsdiq etsə də, iddiaçının sosial sığorta haqqı ödədiyini təsdiq etmir. Məhkəmə kollegiyasının araşdırması zamanı qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1512/2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar