Məhkəmə qərarları › İş №2-1(104)-833/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-833/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-833/2023 15.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, “Torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılması, giriş-çıxış qapısının qoyulmasına maneənin qadağan edilməsi, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-173/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Naftalan şəhəri, H.Z.Tağıyev küçəsi, 11A ünvanında yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Naftalan şəhər bələdiyyəsinin adına qeydiyyata alınmışdır.

2. xx.xx.2017-ci il tarixli, AN-İ№0599376 nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Naftalan şəhər bələdiyyəsi müvafiq çıxarışla mülkiyyətində olan, Naftalan şəhəri, H.Z.Tağıyev küçəsi, 11A ünvanda yerləşən 0.05 ha torpaq sahəsini X1, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Naftalan şəhəri, H.Z.Tağıyev küçəsi, 11A ünvanında yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X8 adına qeydiyyata alınmışdır.

3. xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X14 müvafiq çıxarışla mülkiyyətində olan, Naftalan şəhəri, H.Z.Tağıyev küçəsi, 11A ünvanda yerləşən 0.05 ha torpaq sahəsini İddiaçı satmışdır.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Naftalan şəhəri, H.Z.Tağıyev küçəsi, 11A ünvanında yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.

5. Cavabdeh 141 nömrəli, 29 ilyul 2022-ci il tarixli məktubunda qeyd olunur ki, mübahisəli torpaq sahəsi 0,10 ha olmaqla X2 istifadəsində zəbt həyətyanı torpaq sahəsi olduğu üçün 2017-ci ildə Naftalan bələdiyyəsi tərəfindən övladı X4 və nəvəsi X8 adına rəsmiləşdirilmişdir. Hər iki vətəndaşın adına rəsmiləşdirilmiş həyətyanı torpaq sahəsi eyni olduğuna görə bir giriş hissəsi olmuşdur. İddiaçı həmin torpaq sahəsinin 0,05 ha hissəsini alqı-satqı yolu ilə 2022-ci ildə X6 almışdır.

6. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 3-35/2-3670/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan, Naftalan şəhəri, X12 küçəsi 11A ünvanda yerləşən torpaq sahəsinin olduğu ərazidə abadlıq işlərinin aparılmasını, çoxsaylı ağacların əkilməsini və şəhərin ümumi görünüşünün pozulmasını nəzərə alaraq, sözügedən ünvanda yerləşən torpaq sahəsindən Koroğlu küçəsinə gedişgəliş (çıxış) yolunun açılması məqsədəuyğun hesab edilmir.

7. Məhkəmə Ekspertizası Mərkəzinin 10/2184 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan, Naftalan şəhəri, X12 küçəsi 11A ünvanda yerləşən torpaq sahəsindən Naftalan şəhəri, Koroğlu küçəsinə gediş-gəliş (çıxış) yolunun açılması məqsədəmüvafiq hesab edilməmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində qeyd olunur ki, Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS) əsasən Naftalan şəhəri X12 küçəsi ilə Naftalan şəhəri Koroğlu küçəsi eyni küçə deyildir.

9. Cavabdeh 13 dekabr 2023-cü il tarixli, 5-4/2-355/1/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Naftalan şəhərində Koroğlu küçəsində istinad divarı 2010-cu ildə inşa edilmişdir. İddiaçı sözügedən torpaq sahəsini 2022-ci ildə X6 almış və həmin torpaq sahəsi H.Z.Tağıyev küçəsində yerləşir.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə ünvan 4 ünvanda yerləşən 0.05 ha ölçüdə olan həyətyanı torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılmasına və öz vəsaiti hesabına giriş-çıxış qapısının qoyulmasına maneənin qadağan edilməsi, vurulmuş ziyana görə 5000 (beş min) manat kompensasiyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri, X12 küçəsində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ilə 24 iyun 2022-ci il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam olaraq xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. A №760420 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədin ikinci səhifəsində torpaq sahəsinin kadastr göstəriciləri, koordinatları, qonşu nöqtələri,döngə nöqtələri arasında məsafələr, torpaq sahəsinin qonşu sərhədləri tam göstərilmişdir. Həmin səhifədə tərtib edilmiş rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışdan görünür ki, onun mülkiyyətində olan həyətyanı torpaq sahəsi, sağdan, soldan və arxadan qonşu həyətyanı torpaq sahələri ilə əhatə olunmuşdur. Rəqəmli (elektron) kadastr xəritəsindən göründüyü kimi, mülkiyyətində olan həyətyanı torpaq sahəsinin küçəyə bir çıxışı olduğu üçün iddiaçı həmin yerdən həyətə giriş-çıxış qapısı açmışdır. Lakin, onun xəbəri olmadan cavadeh onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinə müdaxilə edərək düzəltdirdiyi giriş-çıxış daravazasını və hördürdüyü divarı uçuraraq ona 5000 (beş min) manat maddı ziyan vurmuşdur. Bu gün də ona icazə vermir ki, giriş-çıxış daravazanı bərpa etsin. Təqdim edilən şəkillərdən də görünür ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin giriş-çıxış qapısı və divarı sökülərək yararsız vəziyyətə salınmışdır. Bu barədə iddiaçı cavabdehə ərizə ilə müraciət etsə də bu günə kimi ərizəsinə cavab ala bilməmişdir, ona görə də məhkəməyə müraciət edir.

12. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair etiraz ərizəsində qeyd olunmuşdur ki, Naftalan şəhəri, X13 küçəsi, 11 A ünvanında yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən qeydiyyata alınmışdır. İddiaçı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi tamamilə əsassızdır. Belə ki, qeyd olunan ünvandakı torpaq sahəsi 0.10 ha olmaqla X2 istifadəsində zəbt həyətyanı torpaq sahəsi olduğu üçün 2017-ci ildə Naftalan Bələdiyyəsi tərəfindən övladı X4 və nəvəsi X8 adına rəsmiləşdirilmişdir. Hər iki vətəndaşın adına rəsmiləşdirilmiş torpaq sahəsinin əvvəlki istifadəçisi eyni olduğu üçün torpaq sahəsinin də X13 Küçəsinə giriş hissəsi olmuşdur. 2018-ci ilin may ayında torpaq sahəsinin istifadəçisi tərəfindən Naftalan şəhəri Koroğlu (əvvəlki Dədə Qorqud) küçəsindəki istinad divarı sökülərək özbaşına olaraq giriş-çıxış qapısı açılmışdır. Cavabdeh tərəfindən giriş-çıxış qapısının götürülməsi və istinad divarının əvvəlki vəziyyətə gətirilməsi mülkiyyətçiyə bildirilmiş və mülkiyyətçi tərəfindən divar bərpa edilmişdir. İddiaçı alğı-satqı yolu ilə qeyd olunan torpaq sahəsini xx.xx.2022-ci il tarixdə almışdır və ona Cavabdeh tərəfindən heç bir ziyan vurulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2015-ci il tarixli 355 nömrəli Qərarı ilə “Naftalan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair” Naftalan şəhərinin Baş planı” təsdiq edilmişdir. İddiaçı iddia ərizəsində göstərdiyi torpaq sahəsinin olduğu ərazidən Naftalan şəhəri Koroğlu (əvvəlki Dədə Qorqud) küçəsinə şəhərin Baş planına əsasən heç bir giriş-çıxış nəzərdə tutulmamışdır. Həmçinin həmin ərazidə çoxillik şam ağacları olduğundan torpaq sahəsindən həmin hissəyə giriş-çıxış qapısının qoyulması mövcud yaşıllıqlara ziyan vurulması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 175.1 -ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. İddiaçı mülkiyyətindəki torpaq sahəsinə daha əvvəl şəhərin X13 küçəsindən giriş olduğundan o qonşudan həmin hissədən ona yol verilməsini tələb etməlidir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-173/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, « torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılmasına və giriş-çıxış qapısının qoyulmasına maneənin qadağan edilməsi” hissəsi ilə bağlı müvafiq ekspert rəyi və müvafiq icra hakimiyyəti orqanının məktubu ilə müəyyən olunur ki, sözügedən ünvanda yerləşən torpaq sahəsindən Koroğlu küçəsinə gediş-gəliş (çıxış) yolunun açılması məqsədəuyğun deyildir. Bundan başqa, «vurulmuş ziyana görə 5000 (beş min) manat kompensasiyanın ödənilməsi» hissəsi ilə bağlı iddiaçı torpaq sahəsini 2022-ci ildə alqısatqı yolu ilə əldə edərək, mülkiyyət hüququ qazanmışdır, həmin sahədə isə söküntü işləri tərəflərin hər ikisinin izahatı ilə müəyyən edilmişdir ki, 2018-ci ildə baş vermişdir. Odur ki, iddiaçı mülkiyyətində olmayan torpaq sahəsində tikilinin sökülməsi ilə bağlı kompensasiya tələb etməkdə haqlı deyildir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-173/2023 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi iddia tələbinin dəlillərini müzakirə etmədən, yalnız mötəbər olmayan ekspert rəyinə və müvafiq qurumun məktubuna əsaslanaraq torpaq sahəsinə guya başqasına aid hasarlanmış yerdən gedişgəliş yolunun açılması kimi müzakirə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə etiraz ərizəsi daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

18. İddiaçının nümayəndəsi (vəkili) X7 məhkəmə kollegiyasının iclasında iddia ərizəsi və apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən izahat verdi, əlavə olaraq bildirdi ki, X12 11A ünvanında olan torpaq sahəsini iddiaçı alqı-satqı müqaviləsi əsasında almış, 2022-ci il tarixdə hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda torpaq sahəsinin çıxışı yoxdur və iddiaçı Koroğlu küçəsinə çıxışın açılmasını xahiş edir.

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X10 iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçının tələb etdiyi giriş-çıxış yolu ümumiyyətlə olmamışdır və iddiaçının torpaq sahəsinin ünvanı X12 11A-dır. Koroğlu küçəsində 2010-cu ildən istinad divarı inşa edilmişdir və həmin küçəyə qeyd olunan torpaq sahəsindən heç bir çıxış olmamışdır. İddiaçının aldığı X12 11A və X12 11 ünvanlarında yerləşən torpaq sahələri hər biri 5 sot olmaqla bir ailənin olmuşdur. Sonradan iddiaçı yalnız X12 11A ünvanında yerləşən torpaq sahəsini almışdır.

Tətbiq edilən hüquq:

20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.

23. Hazırki iddia tələbi üç hissədən: gediş-gəliş yolunun açılması; giriş-çıxış qapısının qoyulmasına maneənin qadağan edilməsi və kompensasiyanın ödənilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələblərinin əsaslılığı yoxlanılmış təmin edilməməmişdir. İddiaçı tərəfindən məhkəmənin qərarı mübahisələndirilməklə ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə tərəfindən tələbin mümkünlük şərtləri yoxlanılmadan əsaslılığı araşdırılmışdır.

25. Halbuki işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

27. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

28. İlkin olaraq məhkəmə kollegiyası hazırki tələb üzrə iddiaçının subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir.

29. Belə ki, iş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Naftalan şəhəri, H.Z.Tağıyev küçəsi, 11A ünvanında yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X8 adına qeydiyyata alınmışdır.

30. xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X14 müvafiq çıxarışla mülkiyyətində olan, Naftalan şəhəri, H.Z.Tağıyev küçəsi, 11A ünvanda yerləşən 0.05 ha torpaq sahəsini İddiaçı satmış, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Naftalan şəhəri, H.Z.Tağıyev küçəsi, 11A ünvanında yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.

31. Cavabdeh 141 nömrəli, 29 ilyul 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi 0,10 ha olmaqla X2 istifadəsində zəbt həyətyanı torpaq sahəsi olduğu üçün 2017-ci ildə Naftalan bələdiyyəsi tərəfindən övladı X4 və nəvəsi X8 adına rəsmiləşdirilmişdir. Hər iki vətəndaşın adına rəsmiləşdirilmiş həyətyanı torpaq sahəsi eyni olduğuna görə bir giriş hissəsi olmuşdur. İddiaçı həmin torpaq sahəsinin 0,05 ha hissəsini alqı-satqı yolu ilə 2022-ci ildə X6 almışdır.

32. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ünvan 6 ünvan üzrə torpaq sahəsi ilkin mülkiyyətçi Kamil Həsənliyə satılmış, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən sonuncu həmin torpaq sahəsini İddiaçı satmış, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına qeydiyyata alınmışdır.

33. İddiaçı ilkin mülkiyyətçidən torpaq sahəsini alan zaman torpaq sahəsinin ünvanı ünvan 7ışı və ya hər hansı bir bağlılığı olmamışdır.

34. Başqa sözlə, torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanarkən torpaq sahəsi ətrafında məskunlaşma, tikinti işləri və hazırda açılması tələb olunan istinad divarı artıq mövcud olmuş, alıcı əldə etdiyi torpaq sahəsinin yerləşim yeri və digər xüsusiyyətlərini bilərəkdən onu mülkiyyətinə qəbul etmişdir.

35. Belə ki, Cavabdeh 13 dekabr 2023-cü il tarixli, 5-4/2-355/1/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Naftalan şəhərində Koroğlu küçəsində istinad divarı 2010-cu ildə inşa edilmişdir. İddiaçı sözügedən torpaq sahəsini 2022-ci ildə X6 almış və həmin torpaq sahəsi H.Z.Tağıyev küçəsində yerləşir.

36. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində qeyd olunur ki, Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS) əsasən Naftalan şəhəri X12 küçəsi ilə Naftalan şəhəri Koroğlu küçəsi eyni küçə deyildir.

37. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsi Naftalan şəhəri, H.Z.Tağıyev küçəsi, 11A ünvanında yerləşir və həmin küçə ünvan 8ki tələbin mahiyyəti isə Koroğlu küçəsinə çıxışa maneələrin aradan qaldırılmasıdır.

38. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi H.Z.Tağıyev küçəsi 11A ünvanında yerləşir, iddiaçı həmin torpaq sahəsini yuxarıda qeyd olunan vəziyyətdə qəbul etmişdir və onun Naftalan şəhəri, Koroğlu küçəsinə hər hansı gözlənilən və ya ilkin hüquqları mövcud olmamışdır.

39. “Kompensasiyanın ödənilməsi” hissəsinə qiymət verərkən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı torpaq sahəsini xx.xx.2022-ci ildə satın almış və mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. Müvafiq abadlıq işlərindən irəli gələrək söküntü 2018-ci il tarixdə həyata keçirilmiş və bu hal hər iki tərəfin izahatları ilə təsdiqlənmişdir.

40. Odur ki, mülkiyyət hüququ və bundan irəli gələn əsaslı mənafelərinə xələl gəlmədiyindən iddiaçının iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir bu isə iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi anlamına gəlir.

41. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-173/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar