Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-84/2023 13.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “ünvanlı sosial yardımın təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1760/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildirişdən görünür ki, İddiaçı adına **********74, **********73, **********72, **********75 dövlət qeydiyyatı nömrəli “Torpaq sahəsi” əmlaklarını ərizə məlumatlarında qeyd etməmiş, bu səbəb(lər)ə görə ünvanlı sosial yardımın verilməsindən imtina edilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-889 nömrəli Dövlət aktından görünür ki, Xanlar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 12 saylı qərarı ilə 1.89 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X3 və ailə üzvlərinə (X2 və digərləri) verilmiş, sahə 4 müxtəlif ərazidə yerləşmişdir. AZ-İ 365318 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, X6 və İddiaçı arasındakı nikah Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Doğum haqqında şəhadətnamələrdən görünür ki, iddiaçının iki azyaşlı (X4 və X7) uşağı var. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********80 nömrəli məktubda bildirilir ki, Məmmədova (Rüstəmova) Gülnar Gündüz qızının və onun digər altı nəfər ailə üzvlərinin adların Göygöl rayonu, Balçılı kəndində yerləşən 1.89 ha torpaq sahəsinə dair JM-889, KOD 50804018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının tərtib edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanlı sosial yardım təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1995-ci ildə anadan olmuş, iki azyaşlı övladı var, nikahı pozulmuş və uşaqlar onun himayəsində qalmışdır. Yalnız bir uşağın saxlanması üçün 150 manat alimentin tutulması müəyyən edilmişdir. Heç bir yerdə işləmir, yaşamağa evi yoxdur. Ünvanlı sosial yardım almaq üçün müraciət etsə də, adına 4 yerdə daşınmaz əmlak mövcud olduğundan imtina edilmişdir. Lakin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsindən verilən arayışda onun və digər ailə üzvlərinin adlarına Göygöl rayonu, Balçılı kəndində yerləşən 1,89 ha torpaq sahəsinin olduğu bildirilmişdir. Qeyd edilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı pay torpaqlarıdır. Bu torpaqların mövcudluğu ünvanlı sosial yarqım almaq hüququnu istisna etmir. Həmçinin, bu torpaq sahəsi ЈM 889, KOD 50804018 dövlət qeydiyyatı ilə qeydiyyata alınmışdır. Lakin bu dövlət qeydiyyatı ona ünvanlanan imtina bildirişində qeyd edilən dövlət qeydiyyatlı torpaq sahələri ilə eyniyyət təşkil etmir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1760/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, “Torpağa Mülkiyyət hüququna dair” JN-889 nömrəli Dövlət Aktı ilə verilmiş 1.89 ha torpaq sahəsinin plan-cizgisindən görünür ki, bir sahə ayrı-ayrı dörd yerdən verilmişdir və buna görə cavabdeh əsassız olaraq dörd fərqli mülkiyyət sənədi tələb edir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən cavabdeh orqanın imtinası əsassız olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. İddiaçı VEMTAS vasitəsilə müxtəlif tarixlərdə müraciətlər etmişdir. Sonuncu xx.xx.2022 tarixli, **********88002 nömrəli müraciətinə əsasən sosial yardımın təyin olunması aşağıdakı səbəblərdən mümkün olmamışdır: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən əldə edilən məlumata əsasən ailə üzvü İddiaçı adına **********74, **********73, **********72, **********75 dövlət qeydiyyatı nömrəli torpaq sahələri- əmlakın qeyd edilməməsi. Göründüyü kimi, ünvanlı sosial yardımın təyin edilməsinin mümkün olmaması səbəbi iddiaçının ərizə-bəyannaməyə məlumatların düzgün daxil etməməsidir. VEMTAS ərizəbəyannamədə göstərilən məlumatları bir sıra dövlət orqanının elektron bazasında yerləşdirilən məlumatlarla uyğunluğunu yoxlayır. Bu səbəbdən iddiaçıya VEMTAS tərəfindən verilmiş imtina cavabı qanunauyğun hesab edilməlidir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, ailəsinin maddi imkanı olduqca ağırdır və himayəsində iki azyaşlı uşağı var. Bu səbəbdən də işləməyə imkanı yoxdur. Adına olan torpaq sahəsinin harda yerləşməsini bilmir və həmin torpaq sahəsindən məlumatı olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun: 1.0.5-ci maddəsinə əsasən, aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir; 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər; 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur; 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir; 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır; 7.2-ci maddəsinə əsasən, ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1dən etibarən 1 il müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının: 2.1-ci bəndinə əsasən, ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir; 2.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. 2.2.1. şəxsiyyəti təsdiq edən sənəd (müraciət kağız üzərində olduqda); 2.2.2. təmsilçilik barədə ərizə (notariat orqanı tərəfindən təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir) (1 nömrəli əlavə); 2.2.3. ərizə-bəyannamə (2 nömrəli əlavə). 2.6-cı bəndinə əsasən, elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş (3 nömrəli əlavə) 3 (üç) gün müddətində göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır; 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2-ci bəndinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.7-ci bəndinə əsasən, aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hakimin məruzəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsinə dair düzgün nəticəyə gəlinmişdir. İşin hallarından göründüyü kimi İddiaçı ona və ailəsinə ünvanlı sosial yardım təyin edilməsi məqsədi ilə müvafiq inzibati orqana müraciət etmiş, lakin müraciətin təmin olunmasından imtina edilmişdir. İnzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsası müraciət müəllifinin adına torpaq sahələrinin olmasına dair müvafiq məlumatların ərizə-bəyənnaməyə daxil edilməməsidir. Belə ki, “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” bildirişdə imtinanın əsası kimi “Azərbaycan Respublikası ƏMDK-dən əldə edilən məlumata əsasən ailə üzvü İddiaçı adına **********74 dövlət qeydiyyat nömrəli torpaq sahəsinin, **********73 dövlət qeydiyyat nömrəli torpaq sahəsinin, **********72 dövlət qeydiyyat nömrəli torpaq sahəsinin, **********75 dövlət qeydiyyat nömrəli torpaq sahəsinin əmlak kimi məlumatlarının qeyd edilməməsi” göstərilmişdir. İş materiallarına əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 14 dekabr 2021-ci il tarixli, **********40 nömrəli iddiaçının müraciətinə cavab olaraq təqdim edilən ərizəsində qeyd olunmuşdur ki, İddiaçı və onun ailə üzvlərinin adlarına Göygöl rayonu, Balçılı kəndində yerləşən 1,89 ha torpaq sahəsinə dair tərtib edilmiş JN 889 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı vardır. Həmçinin, JN 889, KOD 50804018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında hazırki tələb üzrə iddiaçı ilə eyni zamanda 6 ailə üzvlərinin birgə mülkiyyətinə 1,89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi əks olunmuşdur. Məhkəmə kollegiyası torpaq sahələrinin qeydiyyatı və mövcudluğu ilə bağlı qeyd edir ki, iddiaçının adına birgə mülkiyyətdə bir torpaq sahəsinin olması işin mübahisəsiz halıdır. Lakin, JN 889 KOD 50804018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə yalnız bir sahədə-Göygöl rayonu, Balçılı kəndində yerləşən torpaq sahəsi üzərində iddiaçının da olduğu paylı mülkiyyətçilərin hüquqları qeydiyyata alına bilər. Bu zaman cavabdeh inzibati orqanın elektron imtina bildirişində qeyd edilən 4 ayrı-ayrı dövlət qeydiyyatlı torpaq sahəsinin olması halı əsaslı deyildir və qeyd edilən torpaq sahələrinin mövcudluğuna dair hər hansı hüquqi və ya faktiki əsas inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən inzibati orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların imtinanın əsaslarını tənzimləyən 3-cü bəndində əks olunan 3.7.1. və 3.7.7. maddələrinin hazırki halda tətbiqi də əsassızdır. Belə ki, maddi normaların məzmunundan da göründüyü kimi uyğunsuzluğun aşkar olunması, 2 və daha artıq olan eyni təyinatlı daşınmaz əmlakın mövcudluğu ünvanlı sosial yardımın təyinindən imtina əsası kimi müəyyən edilmişdir. Hazırki halda isə iddiaçının adına yalnız bir təyinatlı- kənd təsərrüfatı təyinatlı yalnız bir, habelə, xüsusi olaraq vurğulanmalıdır ki, birgə mülkiyyət mövcuddur. Bu hal isə özlüyündə uyğunsuzluq kimi qiymətləndirilməməlidir. Bundan başqa iddiaçının 2 və ya daha artıq eyni təyinatla daşınmaz əmlakın mövcudluğu zamanı məlumatın daxil edilməsi öhdəliyi müəyyən edilmişdir və hazırki iş üzrə məlumatın daxil edilməməsi uyğunsuzluq kimi qiymətləndirilməməlidir. Bundan başqa işdə olan sənədlərdən göründüyü kimi iddiaçının himayəsində iki azyaşlı uşaq vardır və cari dövrdə o, hər hansı əmək fəaliyyəti ilə məşğul deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şəxsin hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə tərkibi hesab edir ki, ünvanlı sosial yardımın təyini ilə bağlı iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən qərar formasında inzibati akt qəbul edilməli idi. Yazılı formada inzibati aktın qəbul edilməli olması “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının tələblərindən irəli gəlir. “İnzibati icraat haqqında” Qanunun 5 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.1.-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin Qaydaların 3.8-ci maddəsinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. İşin hallarından görünür ki, cavabdeh iddiaçının müraciəti əsasında inzibati akt – qərar qəbul etməli olduğu halda etməmiş, ona yalnız bildirişlə cavab vermişdir. Cavabdeh həmçinin “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə riayət etməyərək qəbul etməli olduğu inzibati aktın əsaslandırılmasını da həyata keçirməmişdir. Cavabdehin iddiaçıya ünvanladığı bildiriş formal baxımdan yazılı inzibati aktın rekvizitlərinə (“İnzibati icraat haqqında” Qanunun 59-cu maddəsi) cavab verməməklə yanaşı, həmin bildirişdə hər hansı əsaslandırmaya da yer verilməmiş, inzibati orqan nəyə görə iddiaçının tələbini təmin etmədiyini faktiki və hüquqi hallara istinadla əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş sosial təminat hüququ konstitusion hüquqdur və inzibati orqan belə bir hüququn reallaşdırılmasına müdaxilə edirsə, bunun hansı hüquqi və faktiki hallarını əsaslandırmalıdır. Yuxarıda da göstərildiyi kimi cavabdehin imtina bildirişində hər hansı əsaslandırma olmadığı üçün imtinanın faktiki və hüquqi halları qeyri-müəyyəndir. Bundan başqa adıçəkilən Qaydalarda VEMTAS tərəfindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərarın (6 nömrəli əlavə) forma və məzmunu da müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslıdır, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1760/2022 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-84/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-84/2023
13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver