Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-84/2025 07.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-259/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan fiziki şəxs haqqında məlumatın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmişdir.
2. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış “Riskli əməliyyatların araşdırılması barədə” məktubun surətindən görünür ki, vergi ödəyicisinin apardığı əməliyyatların riskli hesab edilməsinə səbəb onun tərəfindən 16.02-xx.xx.2023cü il tarixdə təqdim olunan mallar - 71100,2 manat məbləğində “Qum, çınqıl qarışığı, qum, qırma daş, çınqıl, duz” malların vergi ödəyicisinin alışında və idxalında müəyyən edilməmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə barədə” 05 may 2023-cü il tarixli, **********012100 nömrəli qərarından görünür ki, vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********012100 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, o, sahibkar (fiziki şəxs) kimi xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə apardığı 71.100,2 manat dəyərində idxal-ixrac əməliyyatlarında uyğunsuzluq olması motivi ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsi onu vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 05 may 2023-cü il tarixli, **********012100 nömrəli qərar qəbul etmişdir. Cavabdeh İdarə həmin qərarda onda olan mal çeşidlərindən fərqli mal çeşidlərinin aşkar edilməsi, bəzi malların vergi ödəyicisi kimi onun qalığında olmaması, vergidən yayınmağı, vergi üstünlüyü əldə etməyi ittihamı ilə o, riskli vergi ödəyicisi hesab edərkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69, 12.2.70 və 23.2.82-ci maddələri ilə yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1-ci bəndlərinə istinad etmişdir. Onun göstərdiyi hüquq normalarına onun etirazı yoxdur, lakin onun apardığı əməliyyatlar tamamilə qanuni olmaqla, cavabdeh idarənin istinad etdiyi hüquq normalarının təsiri altına düşmür. Onun apardığı əməliyyatlarda, ümumiyyətlə onun fəaliyyətində vergidən yayınma halı mövcud deyil. Cavabdeh idarənin qərarı konkret və dəqiq deyil, ümumidir. Həmin qərardan əvvəl cavabdeh İdarənin ona yazdığı “Riskli əməliyyatlar aparılması barədə” tarixsiz məktubda söhbət qum-çınqıl qarışığı, qum, qırma daş, çınqıl, texniki duz barədə olduğundan, o hesab edir ki, 05 may 2023-cü il tarixli, **********012100 nömrəli qərar 71.100,2 manat dəyərində olan həmin mallar üzrə əməliyyatla bağlıdır. Halbuki həmin malların içərisində olan bütün çeşidlər qalıq mallar olmuş və bu barədə Ərazi Vergilər Baş İdarəsində 134.000 manat mal qalığın olması, 2021-ci ilin sonrakı dövrlərində silinməməsi, sonrakı dövrlərdə realizasiya olunacağı, dövriyyəyə cəlb ediləcəyi haqda cavabdeh idarəyə 2 il əvvəl xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir. Bu barədə o, cavabdeh idarəyə təkrarən xx.xx.2023-cü il tarixli ərizə yazıb göstərmişdir ki, il ərzində daxilolma olmamış, 63.204,25 manatlıq mal satılandan sonra mal qalığı 70.975 manat, ilin sonuna isə 43.121,56 manat olmuşdur. Bundan başqa, o bildirmişdir ki, 2021-ci ildə ona avans gəlir vergisi, üstəlik qanuna zidd olaraq 2021-ci ilin birinci rübünə görə 2.680 manat hesablamışlar. Bir vergi ödəyicisinə gəlirdən 2 cür vergi hesablanması məsələsinə aydınlıq gətirilməsini xahiş etmişdir. Reaksiya verilmədiyi üçün xx.xx.2021-ci il tarixli məktubla o cavabdeh idarədən qanunsuz hesablanmış 2.680 manatın ləğv edilməsini, şəxsi vərəqədən çıxarılmasını tələb etmişdir. Riskli vergi ödəyicisi sayılmağına etiraz kimi o, cavabdeh idarəyə göndərdiyi xx.xx.2023-cü il tarixli məktubda son əməliyyatını açıqlamış, avtomobillə xidmətin 11.100 manat olmasını, 450 kubmetr qırma daşın, 7450 kubmetr qum-çınqıl qarışığının, 1314 kubmetr çınqılın, 12,5 ton texniki duzun özünə məxsus **-DE-***, **- DE-***, **-ZA-*** nömrəli yük avtomaşınlarında daşınmasını, həm də lazım olduqca mülkiyyətçisi olduğu "xxxx" ASC-nin texnikalarından istifadə etməyini, yanacaq daşıma avtomaşını ilə “MAQRO” şirkətinə daşıma xidməti göstərməyini bildirmişdir. Buna baxmayaraq, bilmədiyi səbəbdən cavabdeh İdarə ona qarşı haqsızlığa başlayıb, yuxarıda göstərilən mallara, yəni qırma daşa, çınqıla, qum-çınqıl qarışığına və texniki duza dair yanlış nəticə çıxarıb, “vergi ödəyicisinin alışında və idxalında müəyyən edilmir” epiteti ilə onlara dair apardığı əməliyyatı riskli hesab etmiş, sənədlər və imkanı barədə faktiki hallara tam uyğun olaraq verdiyi izahata məhəl qoymayıb, apardığı əməliyyatın dəyərinin ödənilməsinə imkan verməmişdir. O bəzi başqa vergi ödəyiciləri kimi, Gəncə şəhərində, çayın kənarından, Gəncə şəhərindəki tikinti işləri ilə əlaqədar olaraq, qazıntı materiallarının aparılıb töküldüyü zibilxanadan qazıntı materialllarını toplayaraq, öz drabilkasına gətirmişdir. Drabilkasına gətirdiyi qazıntı materiallarını əzərək, həmin materialdan qum, torpaq, çınqıl və s. çeşidlərə ayıraraq elektron qaimə ilə müvafiq təşkilatlara satmışdır. Vergi əməkdaşları ondan zibillikdən topladığı qazıntı materiallarına görə, haradan almağı barədə qaimə tələb etmişlər, lakin onun qazıntı materiallarını topladığı zibilliyin yiyəsi olmadığı üçün, heç kimə qaimə verilmir. O, vergi əməkdaşlarına hər vaxtı mal, materialını haradan götürdüyünü əyani şəkildə göstərə bilər. Hətta 12 saylı ƏVBİ-nin əməkdaşları etibarnamə əsasında idarə etdiyi Zil avtomobili ilə “Maqro” şirkəti ilə müqavilə bağlayaraq, Nəqliyyat Departamentinə dövlət rüsumu ödəyərək, fərqlənmə nişanı alaraq xidmət göstərdiyi “Maqro” şirkətinə onun “riskli vergi ödəyiciyisi” haqda qərəzli məktub yazmışlar. Yəni öz texnikası ilə Nəqliyyat Departamentindən fərqlənmə nişanı alıb xidmət göstərdiyi halda vergi əməkdaşları qanunsuz olaraq, ona ikili vergi hesablamalarına baxmayaraq, hətta onun riskli vergi ödəyicisi olmağı kimi qərar qəbul ediblər. Cavabdeh İdarə şikayət etdiyi bu qərarı qəbul etdikdən dərhal sonra təmasda olduğu müəssislərə (vergi ödəyicilərinə) məktular yazaraq onun imicinə zərbə vurmuş, həm də xidmətinin dəyərinin ödənilməsinə imkan verməmişdir. Odur ki, o, bu iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır.
6. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2024-cü il tarixli, 2- 1(114)-259/2024 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 05 may 2023-cü il tarixli, **********012100 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 05 may 2023-cü il tarixli, **********012100 nömrəli qərarının qanuniliyinin yoxlanılmasıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 05 may 2023-cü il tarixli, **********012100 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. 12 saylı ƏVBİ tərəfindən iddiaçıya göndərilmiş “Riskli əməliyyatların araşdırılması barədə” məktubun surətindən görünür ki, iddiaçının apardığı əməliyyatların riskli hesab edilməsinə səbəb onun tərəfindən 16.02-xx.xx.2023-cü il tarixdə təqdim olunan mallar - 71100,2 manat məbləğində “Qum, çınqıl qarışığı, qum, qırma daş, çınqıl, duz” vergi ödəyicisinin alışında və idxalında müəyyən edilməmişdir. Məhkəmə maddi hüquq normalarını işin faktiki hallarına tətbiq edərək qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən qərar qanunveriliciyin tələblərinə əməl edilməklə qəbul edilmişdir.
8. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, vergi ödəyicisi İddiaçı 2019-cu ildən vergilər dairəsinə verilən hesabatda mal-material qalığının dəyəri 134000 manat olmuşdur və həmin qalığı da o satmışdır. Bu halı təsdiq edən vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamədir ki, oradan müəyyən olunur ki, hesabat ilinin sonuna 0 (sıfır) manat göstərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ödəyici 134000 manatlıq malını realizə etdiyini özü qəbul etmişdir. 2022-ci il üçün ödəyici tərəfindən bəyannamə təqdim edilməmişdir. 2023-cü ilin 1-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində (vergi ödəyicisinin özü təqdim etdiyi bəyannamədir) 2023-cü ilin 1-ci rübünün 1-ci ayı ərzində təqdim edilmiş malların (işlərin, xidmətlərin) və əmlakın dəyəri 2800 manat, 2-ci ayı üzrə 45545,90 manat, 3-cü ayı üzrə 31054,30 manat, rüb ərzində təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi-79400,20 manat təşkil etmişdir. Hesabat-axtarış məlumat sistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 71100,20 manat məbləğində “Qum çınqıl qarışığı,qum, qırmadaş, çınqıl, duz” təqdim edilmişdir. Lakin qeyd olunan mallar vergi ödəyicisinin alışında və idxalında öz əksini tapmamışdır. Belə ki, xx.xx.2021-xx.xx.2023-cü il tarixdə hesabat-axtarış sistemindən əldə edilmiş məlumata əsasən vergi ödəyicisi tərəfindən təbii qaz alındığı və reysqabağı texniki xidmət göstərildiyi müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən 2020, 2021, 2022 və 2023-cü illərə əsasən qum, çınqıl, şeben, qırmadaş olmaqla bir sıra inşaat malları, o cümlədən sement, armatur, eyni zamanda duz və s. təqdim edildiyi müəyyən edilmiş, araşdırma nəticəsində həmin malların alışına, o cümlədən idxalına dair hər hansı sənəd müəyyən edilməmişdir. Göründüyü kimi, təqdim edilən növdə malların əldə edilməsinə dair heç bir sənəd yoxdur.
9. Bu səbəbdən vergi orqanı vergi ödəyicisini Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli Qərarına əsasən, riskli vergi ödəyicisi hesab etmişdir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, iddiaçının iddia ərizəsində göstərmiş olduğu halları o, məhkəmə iclasında sübuta yetirə bilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(114)-259/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsində yazılır ki, 2020, 2021, 2022 və 2023cü illərə əsasən qum, çınqıl, şeben, qırmadaş olmaqla bir sıra inşaat malları, o cümlədən sement, armatur, eyni zamanda duz və s. təqdim edildiyi müəyyən edilmiş, araşdırma nəticəsində həmin malların alışına, o cümlədən idxalına dair hər hansı bir sənəd müəyyən edilməmişdir. Dərhal başda qeyd edir ki, iddia ərizəsində qeyd etmişdir ki, o, istehsalçı kimi istehsal etdiyi məhsulların xammalını Gəncə şəhərində çayın və şəhərin tikintisi ilə əlaqədar olaraq qazıntı materiallarının aparıb töküldüyü zibilxanadan toplayaraq onlardan qum, torpaq, çınqıl və sair istehsal etmişdir. Bundan başqa qeyd edir ki, cavabdeh orqan 12 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaya yazdığı etirazda vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilmə səbəbi ilə onu riskli vergi ödəyicisi kimi qələmə verməyə çalışsa da, vergi orqanının bu mülahizəsi tamamilə əsassızdır və anlaşılan deyil. Belə ki, onun zibilxanadan əldə etdiyi tullantı materiallarının emalından qum, daş, çınqıl və sair alınması təbiidir və həmin tullantı məhsularına uyğun da məhsul istehsal olunmuşdur. Vergi orqanının arqumenti o zaman haqlı olardı ki, idxal etdiyi mal X2 əsasən elektrik avadanlıqları ola-ola satdığı mal e-qaimədə fərqli göstərilə, yəni mebel avadanlıqları ola, bu zaman Vergi orqanı haqlı olardı. Bundan başqa işin xüsusi ilə mühüm digər bir halı da ondan ibarətdir ki, vergi orqanı həmişəki kimi yenə fərziyyəyə əsaslanaraq xx.xx.2021–xx.xx.2023-cü il tarixdə hesabat-axtarış sistemindən əldə edilmiş məlumata əsasən onun təbii qaz aldığını aşkar edərək həmin qazdan istifadə edib mal istehsal etdiyini iddia etmişdir. Bu isə tamamilə fərziyyədir və buna əsaslanmaq absurddur və yolverilməzdir. Maddənin dispozitiv şərtinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilmiş olsun. Hazırki mübahisəyə nəzər salınarkən məlum olur ki, onun istehsal etdiyi daş, qum, çınqıl kimi məhsullarının istehsalı üçün tullantı materialları xammal ola bilər. Vergi orqanı isə ondan tələb edir ki, zibilxanadan elektron qaimə al və təqdim et. Məhkəmə tərəfindən maddi hüquq normasının pozulması onda ifadə olunmuşdur ki, maddənin dispozisiyasında qeyd edilir ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar aparılarsa vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilməlidir, o isə başqa əməliyyatı pərdələmək niyyəti ilə heç bir əməliyyat aparmamışdır. İstinad olunan prosessual normanın tələbinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hesab edir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmamış, işə yalnız cavabdehin təqdim etdiyi sənədlərə istinadən baxaraq qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi etirazında göstərmişdir ki, iddiaçı istehsalçı kimi istehsal etdiyi məhsulların xammalını Gəncə şəhərində, çayın və şəhərin tikintisi ilə əlaqədar olaraq qazıntı materiallarının aparıb töküldüyü zibilxanadan topladığını, onlardan qum, torpaq, çınqıl və sair istehsal etdiyini, bu səbəbdən də həmin malların alışı ilə bağlı heç bir sənədinin olmadığını qeyd etmişdir. Bununla bağlı bildirirlər ki, vergi ödəyicisi tərəfindən 12 saylı Ərazi Vergilər Baş İdarəsinə yazılmış xx.xx.2023-cü il tarixli, **********002900 nömrəli məktubda qeyd olunmuşdur ki, “2019-cu ildən vergilər idarəsinə verdiyim hesabatda mal-material qalığının dəyəri 134000 manat olmuşdur. Həmin göstərilən qalığı da satmışam.” Göründüyü kimi hazırda vergi ödəyicisi tərəfindən bütün mallar realizə olunmuşdur. Həmçinin iddiaçı qeyd edir ki, 2021-ci ildə ona avans gəlir vergisi, üstəlik qanuna zidd olaraq 2021-ci ilin birinci rübünə görə 2.680 manat sadələşdirilmiş vergi hesablamışlar. Vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli, **********664100 №-li müraciətinə cavab olaraq vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, **********871000 №-li məktubda qeyd olunmuşdur ki, 2021-ci ilin İ rübü üzrə Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən hesablanmış vergi məbləği azaldılmışdır. Vergi ödəyicisinə hesablanmış sadələşdirilmiş vergi məbləği vergi ödəyicisinin ərizəsinə əsasən hesablanmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə vergi orqanına ünvanlanmış ərizəsində onun sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınması barədə xahişi vergi orqanı tərəfindən nəzərə alınmış və 2021-ci il üzrə sadələşdirilmiş vergi mükəlləfiyyəti aktivləşdirilmişdir. 2021-ci ilin 1-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin 1 №-li əlavəsində cəmi aktivlər: hesabat dövrünün əvvəlinə 134000, dövr ərzində daxil olmuşdur manatla 134000, təqdim edilmişdir manatla 134000, silinmişdir 134000, hesabat dövrünün sonuna 0 manat qalıq göstərilmişdir. Göründüyü kimi vergi ödəyicisinin 134000 manatlıq malı realizə olunmuş hesabat dövrünün sonuna 0 manat göstərilmişdir. Həmçinin yuxarıda qeyd etdikləri xx.xx.2023-cü il tarixli, **********002900 nömrəli məktubda da ödəyici 134000 manatlıq malını realizə etdiyini özü qəbul etmişdir. 2022-ci ildə bəyannamə təqdim edilməmişdir. 2023-cü ilin 1-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində (vergi ödəyicisinin özü təqdim etdiyi bəyannamədir) 2023-cü ilin 1-ci rübünün 1-ci ayı ərzində təqdim edilmiş malların (işlərin, xidmətlərin) və əmlakın dəyəri-2800 manat, 2-ci ayı üzrə 45545,90 manat, 3-cü ayı üzrə 31054,30 manat, rüb ərzində təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi-79400,20 manat təşkil etmişdir. Hesabat-axtarış məlumat sistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək 71100,20 manat məbləğində “Qum çınqıl qarışığı, qum, qırmadaş, çınqıl, duz” təqdim edilmişdir. Lakin qeyd olunan mallar vergi ödəyicisinin alışında və idxalında öz əksini tapmamışdır. (2021-2023-cü illər üzrə alış və satış eqaimələr barədə hesabat əlavə edilir) Belə ki, xx.xx.2021-xx.xx.2023-cü il tarixdə hesabataxtarış sistemindən əldə edilmiş məlumata əsasən vergi ödəyicisi tərəfindən təbii qaz alındığı və reysqabağı texniki xidmət göstərildiyi müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən 2020, 2021, 2022 və 2023-cü illərdə əsasən qum, çınqıl, şeben, qırmadaş olmaqla bir sıra inşaat malları, o cümlədən sement, armatur, eyni zamanda duz və s. təqdim edildiyi müəyyən edilmiş, araşdırma nəticəsində həmin malların alışına, o cümlədən idxalına dair hər hansı sənəd müəyyən edilməmişdir. Göründüyü kimi təqdim edilən növdə malların əldə edilməsinə dair heç bir sənəd yoxdur. Bu da Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli Qərarının 2.1.1 və 3.1.1-ci maddələrinin tələblərini pozur. Belə ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Bundan əlavə “Tullantılar” haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən xammal, material, yarımfabrikat, digər əşya və ya məmulatların, habelə malların (məhsulların) istifadəsi nəticəsində əmələ gəlmiş tullantılar üzərində mülkiyyət hüququ onları əmələ gətirən mənbələrin mülkiyyətçisinə məxsusdur. Tullantılar üzərində mülkiyyət hüququ tullantıların özgəninkiləşdirilməsi haqqında alğı-satqı, mübadilə, bağışlama müqaviləsi və ya digər sövdələşmə əsasında başqa şəxsə verilə bilər. Maddənin də tələbindən aydın olduğu kimi, iddiaçı həmin tullantıların ordan götürülməsi, daşınması, onlardan özünün iddia etdiyi kimi istehsal məqsədilə istifadə edilməsi ilə bağlı hər hansı müqavilə təqdim etməmişdir. İddiaçının digər bir dəlili xx.xx.2021-xx.xx.2023-cü il tarixdə cavabdehin hesabat-axtarış sistemindən əldə edilmiş məlumatına əsasən təbii qaz alındığı, həmin qazdan istifadə edərək mal istehsal etməsini iddia etməsi ilə bağlı olmuşdur. Bununla bağlı bildirirlər ki, xx.xx.2021-xx.xx.2023-cü il tarixdə hesabat-axtarış sistemindən əldə edilmiş məlumata əsasən vergi ödəyicisi tərəfindən təbii qaz alındığı və reysqabağı texniki xidmət göstərildiyi müəyyən edilmişdir. Cavabdeh orqan iddiaçının qeyd etdiyi şəkildə təbii qazdan istehsal məqsədilə və ya hər hansı digər məqsədlə istifadə etməsini qeyd etmir, sadəcə satışında formalaşan malların alışında öz əksini tapmamasını vurğulayır. Qeyd olunan dövr ərzində iddiaçı tərəfindən yalnız təbii qaz alındığı və ona yalnız reysqabağı texniki xidmət göstərilməsinə baxmayaraq, o satışında qum, çınqıl, şeben, qırmadaş, olmaqla bir sıra inşaat malları, o cümlədən sement, armatur, eyni zamanda duz və.s təqdim etdiyi müəyyən olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən 2020, 2021, 2022 və 2023-cü illərdə əsasən qum, çınqıl, şeben, qırmadaş olmaqla bir sıra inşaat malları, o cümlədən sement, armatur, eyni zamanda duz və.s təqdim edildiyi müəyyən edilmiş, araşdırma nəticəsində həmin malların alışına, o cümlədən idxalına dair hər hansı sənəd müəyyən edilməmişdir. Göründüyü kimi, təqdim edilən növdə malların əldə edilməsinə dair heç bir sənəd yoxdur. Bu da Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli Qərarının 2.1.1 və 3.1.1-ci maddələrinin tələblərini pozur. Belə ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. 12 saylı Ərazi Vergilər Baş İdarəsində uçotda olan İddiaçı (VÕEN: **********) təsərrüfat subyektinə yerində baxış keçirilməsi, mövcud işçilər haqqında məlumat, əmək müqavilələri, nəzarət kassa aparatının göstəriciləri, mal qalığı barədə məlumat həmçinin foto çəkilişləri edilərək malın adı, miqdarı, vahidinin qiyməti, məbləği, cəmi məbləği qeyd edilməklə malların siyahısı barədə AKT tərtib edilməsi, vergi ödəyicisinin gəlirlərini təsdiq edən təsdiqedici sənədlər əlavə edilməklə geniş izahat məktubunun vergi orqanına təqdim olunmasını təmin etmək və nəticəsi barədə məlumatın verilməsi tapşırılmışdır. Aparılmış araşdırma zamanı İddiaçı (VÖEN: **********) xx.xx.2021-ci il tarixli **********735100 saylı fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə ərizə ilə fəaliyyətinin dayandırdığı, uçot baza məlumatlarına əsasən aktiv təsərrüfat subyektinin olmadığı səbəbindən təsərrüfat subyektinə baxış həyata keçirilməsi mümkün olmamışdır. Aşkar edilmiş faktlarla bağlı vergi ödəyicisinə xx.xx.2023cü il tarixli, **********642200 nömrəli məktub göndərilmiş, vergi ödəyicisi buna qarşılıq olaraq hər hansı əsaslandırıcı fakt, izahat və ya sənəd təqdim etməmiş (edə bilməmiş) və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.02.82-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli Qərarına əsasən vergi ödəyicisi riskli əməliyyat aparan vergi ödəyicisi hesab edilməklə vergi orqanı tərəfindən yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli, **********012100 nömrəli Qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən 16.02-xx.xx.2023-cü il tarixdə 71100,2 manat məbləğində “Qum çınqıl qarışığı, qum, qırmadaş, çınqıl, duz” təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışında və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyatlar riskli hesab edilir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1 yarımbəndinə uyğan olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə.
13. Sadalananlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-259/2024 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
20. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. İPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
22. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
23. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
24. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
25. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
26. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
27. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
28. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
29. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür.
30. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.
31. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığı üçün birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.
33. Birinci instansiya məhkəməsinin qərarının ləğvini və iddianın təmin edilməsini şərtləndirən əsaslar aşağıdakılardır.
34. İşdən görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına yönəlmişdir.
35. Qeyd edilməlidir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, **********012100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarı ilə iddiaçı tərəfindən 16.02-xx.xx.2023-cü il tarixdə 71100,2 manat məbləğində təqdim edilmiş “Qum çınqıl qarışığı, qum, qırmadaş, çınqıl, duz” malları iddiaçının alışında və idxalında müəyyən edilmədiyi üçün riskli vergi ödəyicisi hesab edilmişdir.
36. Məhkəmə kollegiyası “Riskli vergi ödəyicisi” konsepsiyasına ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması və ya vergi ödəyicisi tərəfindən riskli əməliyyatın aparılması mötəbər sübutlarla öz təsdiqinin tapması zəruridir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1-ci bəndində riskli vergi ödəyicisi hesab olunmanın meyarları (bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda); aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər).
38. İstinad olunan Meyarların 3.1-ci bəndində isə riskli əməliyyat hesab olunan əməliyyatlar təsbit edilmişdir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi (3.1.1) və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). (3.1.2)
39. Yuxarıda qeyd olunan qanunvericilik normalarında riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları dəqiq göstərilmişdir. Hazırki işdə isə cavabdeh inzibati orqanın yuxarıda qeyd edilmiş qərarın müvafiq müddəlarına istinad etdiyi halların heç biri müəyyən olunmur. Cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 və 3.1.1-ci bəndlərinə istinad etsə də, hansı halların mövcudluğuna görə həmin maddi hüquq normalarına istinad etməsi müəyyən deyildir. Cavabdeh həmin halların mövcud olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçının riskli vergi ödəyicisi hesab olunması üçün cavabdehin qərarında göstərdiyi risk meyarlarına cavab verməsi iş materialları ilə müəyyən olunmur.
40. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, hüquqi təhlükəsizlik prinsipinin tələbləri baxımından şəxsin hüquqları və qanunla qorunan maraqları sferasına yalnız qanun əsasında və ya ən azından qanunda nəzərdə tutulmuş göndərici normaya uyğun olaraq qəbul edilmiş institusional əsas üzərindən müdaxilə edilə bilər. Hazırkı mübahisəyə münasibətdə cavabdehin davranışının qanuni və ya institusional əsasının mövcud olduğu müəyyən olunmur.
41. Bununla yanaşı məhkəmə kollegiyasının qənaətinə görə, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır.
42. Belə ki, hazırki iş üzrə cavabdeh orqan ehtimallara əsaslanaraq iddiaçının “qum çınqıl qarışığı, qum, qırmadaş, çınqıl, duz” mallarını almasını və ya idxal etməsini əsaslı sübutlarla təsdiq edərək qərar qəbul etməmiş, qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
43. Vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq alınıb-alınmaması halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicinin təsdiqedici sənədlərlə almadığı malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan şəxs barəsində vergi öhdəliyinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir.
44. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
45. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
46. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
47. Beləliklə qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir.
48. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-259/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 05 may 2023-cü il tarixli, **********012100 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.