Məhkəmə qərarları › İş №2-1(104)-847/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-847/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-847/2023 20.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 3177/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci ildən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz 61-80 faiz əlillik təyinatı aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək müddətli, xx.xx.2014-cü ildən xx.xx.2021-ci ilədək Müdafiə Nazirliyinin tərkibində bir çox hərbi hissələrdə xidmət etmişdir. Xidmətinin çox hissəsi düşmənlə təmas xəttində olan hərbi hissələrdə keçirmişdir. Vətən Müharibəsi zamanı döyüşlərdə fəal iştirak etmiş, ağır yaralanmışdır. xx.xx.2022-ci ildə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Vətən Müharibəsi zamanı Ali Baş Komandan tərəfindən “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Vətən Müharibəsində aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik şəhadətnaməsi verilmişdir. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra bir çox tibbmüəssisələrində uzun müddət müayinə və müalicə olunmuş, hal-hazırda da müalicələri davam edir. Tibb müəssiəsinin göndərişi əsasında 3 dəfə əlillik təyinatına imtina edilmiş, axrıncı dəfə xx.xx.2022-də ona müddətsiz əlillik təyin edilmiş, lakin əlilliyın səbəbi, dərəcəsi və faizi göstərilməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə əlillik altsistemdən əlillik haqqında arayışı çıxarış edərkən ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona müddətsiz əlillik təyinatı aparılmış, lakin əlilliyin səbəbi, dərəcəsi və faizi göstərilməmişdir. Cavabdehin ona müddətsiz əlillik təyin edilməsi, lakin səbəbi, faizi və dərəcəsi göstərilməməsi ilə razı deyil. Belə ki, Tibb müəssiəsinin göndərişlərində və səhhətində olan xəstəliklərə əsasən ona 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 61-80 faiz əlillik əlillik təyin edilməlidir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı AR MN MHHK tərəfindən 26 may 2021-ci il tarixli 13355 nömrəli şəhadətnamə verilmişdir, həmin şəhadətnamədə “postmiokarditik kardioskleroz, ürək ritminin tez-tez təkrarlananmədəcik ekstrasistoliyası tipli davamlı pozumlaması ilə, 1-ci funksionla sinif ürək çatışmazlığı. İnsulindən aslı olmayan şəkərli diabet tip 2, yüngül dərəcə subkompensasiya mərhələsində. 1-ci dərəcəli alimentar-konstitusional pylənmə, BÇİ-31.1.vegetativ damar distoniyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” kimi və “barotravma nəticəsində (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitüinin hər iki qulaqda 4 m məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstəliyin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı nevroloji statusda hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri müəyyən edilməmişdir. Kəllə-beyin sinirləri norma daxilindədir. Romberq vəziyyətdə dayanıqlıdır, eşitmə cihazı olmadan ünsiyyətə qoşulmuşdur. Əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər müşahidə olunmamışdır. Nəticədə “diaqnoz əlillik əlaməti təyin etmir” barərə qərar qəbul edilmişdir. Təkrar müayinə və qiymətləndirilmələr 08 dekabr 2021, 07 iyun 2022, 05 oktyabr 2022, 07 dekabr 2022-ci il tarixlərdə keçirilmiş, şəxsə diaqnozu əlillik əlaməti təyin edilməməsi barərə qərar qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3177/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə iddiaçının subyektiv hüququnun olub-olmamasını müəyyən edilməlidir. İddia ərizəsində tələb iki hissədən ibarətdir: 1. Müddətsiz əlilliyin təyin edilməsi 2. “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar” səbəbi ilə əlillik təyin edilməsi. Tələbin yuxarıda qeyd edilmiş hissələrinin tələb edilməsi üçün ilkin olaraq iddiaçıya əlillik dərəcəsi təyinatı aparılmalıdır. İddiaçının tələbinin əsası kimi qeyd etdiyi “xx.xx.2023-cü il tarixdə əlillik altsistemdən əlillik haqqında arayışından çıxarışda cavabdeh tərəfindən ona müddətsiz əlillik təyinatı aparılması, lakin əlilliyin səbəbi, dərəcəsi və faizinin göstərilməməsi” faktı sistemdə mövcud olan texniki qüsur səbəbindən baş vermişdir. Göründüyü kimi iddiaçıya əlillik təyin edilməsindən imtina edildiyi halda “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar” səbəbi ilə müddətsiz əlilliyin təyin edilməsi mümkün hesab edilmir. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək şikayətinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, hüquqi marağı ona 07 dekabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlilliyin təyin olunması barədə qərar qəbul edilməsidir. Lakin məhkəmə iddia tələbinin mümkün sayılmamasına dair qərar qəbul edərkən ona iddia tələbini dəqiqləşdirilməsini təklif etməmiş, əlillik təyin olunmaması əsası ilə iddianı mümkün saymamışdır. İddiaçı həmçinin məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 07 dekabr 2022-ci il tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qərardad ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4, və 2.1ci bəndləri). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.3, 3.4, 3.5 bəndləri). İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 07 dekabr 2022-ci il tarixli, **********4 nömrəli qərarı ilə 24 nəfərin, habelə İddiaçı əlillik vəziyyəti qiymətləndirilmiş, diaqnoz əlillik təyin edilməsinə əsas verməməsi səbəbindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 04 oktyabr 2023-cü il tarixli, 3- 17-4/2-26268/2023 nömrəli məktubunda qeyd edilir ki, e-sosial platformasında əlillik təyinatı ilə bağlı imtina alan vətəndaşların şəxsi kabinetlərində “əlillik müddəti” bölümündə “müddətsiz” qeydinin düşməsi sistemdə mövcud olan texniki qüsur səbəbi ilə əks olunmaqda idi və vətəndaş İddiaçı tərəfindən təqdim olunmuş sənədlərin sistemdən çıxarıldığı dövr qeyd edilmiş problemin davam etdiyi müddəti əhatə etmişdir. Belə ki, bu problem daha öncədən aşkarlanmış və aradan qaldırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 27 noyabr 2023-cü il tarixli, 3-17-1/2-27-7302/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı pensiya təyin edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Əlilliyin qiymətləndirilməsinə dair altsistemdən çıxarışdan görünür ki, 15 noyabr 2022-ci il tarixdə İddiaçı əlilliyi qiymətləndirilərək diaqnoz əlillik təyin edilməsi əsas verməməsi səbəbindən imtina edilmişdir. Göründüyü kimi hazırki tələb üzrə İddiaçı əlillik təyin edilməsi barədə cavabdeh inzibati orqan tərəfindən qiymətləndirilmələr aparılmış, sonuncu qiymətləndirilmə 07 dekabr 2022-ci il olmaqla diaqnozun əlillik təyininə əsas verməməsi səbəbindən bundan imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının inzibati orqan tərəfindən hüquqi marağının təmin edilməməsi halına qiymət verməmiş, yalnız məhkəmədə baxılan iddia tələbi üzrədekabr 2022-ci ildə iddiaçıya əlilliyin ümumiyyətlə təyin edilməməsi və bu səbəbdən inzibati mübahisənin olmaması əsası ilə iddia tələbini mümkün saymamışdır. Məhkəmə tərkibi hesab edir ki, prosessual qanunvericiliyin tələbi baxımından, iddiaçı yanlış iddia növü ilə məhkəməyə müraciət etdikdə belə onun münasibi ilə əvəz olunmasını təklif etmək, bu barədə iddiaçıya yardım etmək məhkəmənin vəzifəsidir. Hazırki işdə birinci instansiya məhkəməsi tərəfindən bu məqsədlə iddiaçıya yardım olunması müəyyən edilmir. Məhkəmənin iddiaçının dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırması barədə işdə hər hansı sübut mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu İPMin 13-cü maddəsinin hansı instansiya məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən apellyasiya məhkəmələrinə apellyasiya icraatı ilə yanaşı, bir sıra kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarınsy 3.5-ci bəndində qeyd edilmişdir ki, “apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddianı qeyrimümkün hesab edərkən İPM-nin yuxarıda göstərilən normalarını düzgün tətbiq etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3177/2023 nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar